"İlahi qüvvə məni sınmağa qoymadı"
Alim Qasımov:
"Xanəndə öncə
özü, daha sonra tamaşaçı üçün oxuduğunu
dərk etməlidir"
Səsi ilə xarüqələr
yaratmaqda davam edən Xalq artisti Alim Qasımovun ilk dəfə
rok oxuması dinləyicilərində təəccüb
yaratdı. "İlahi" mahnısı ilə səsindəki
ilahi qüvvəni bu yanrda da göstərən xanəndə əslində
çox əziyyət çəkib. Dinləyicilərin
hazır məhsul kimi qəbul etdikləri kiçik dini əsər
müəyyən tərəddüdən sonra yaranıb. Rokun
öhdəsindən gələ bilməyəcəyini
düşünən xanəndə keçirdiyi narahatlığın
səsinə təsir edəcəyindən ehtiyat edib. Lakin
heç birimizin görə bilmədiyi ilahi qüvvə bu dəfə
də Alim Qasımovun köməyinə çatıb. Hətta
onun "Azan"la başladığı "İlahi"
mahnısı xanəndənin kiçik gəzişmələri
ilə musiqili əsərə çevrilib. Beləliklə, o,
rokla muğamın sintezini mükəmməl şəkildə
musiqi tarixinə həkk edib. Xanəndə ilə söhbətimizdə
o, daha bir maraqlı xəbəri bizimlə
bölüşdü. Dedi ki, tezliklə mahnının efir
versiyası hazırlanacaq. Klipin müqəddəs yerlərdən
birində çəkilməsi gözlənilir:
- Mahnının müəllifləri
Kamal müəllim və Baba Vəziroğlu, eyni zamanda çəkiliş
heyəti bu qənaətə gəliblər ki, klip
Naxçıvandakı Əshabü-Kəfdə
ekranlaşdırılsın. Qeyd edim ki, "Azan"ı bu
şəkildə səsləndirmək çoxdankı arzum
olub. Dini mövzuda yazılmış mahnı ilə bunu reallığa
çevirə bildim. Mahnını oxuyana qədər
keçirdiyim hissləri indi çəkiliş ərəfəsində
yaşayıram. Çünki "İlahi"nin adı ilə
bağlı olan hər bir söz mənim ruhuma hopur və
orada musiqiyə qovuşur. Mənim ifa etdiyim hər bir
muğam və mahnıda ilahidən bir kəramət var. Mənim
səsimi səslərdən ayıran güc budur.
- Alim Qasımovun səsindəki
ilahi güc vergidir, yoxsa illərlə yığılan zəhmətin
bəhrəsi?
- Bunların hər ikisi var.
İllərlə sənətdə külüng vuran xanəndələr
olub. Lakin onlardan çoxunun adı tarixdə qalmayıb. Tamaşaçının
kiçik qəlbinə yol tapmaq böyük zəhmət tələb
edir. Vaxtilə fəhlə işləyən,
sürücülük edən bəndənizin bəxti gətirdi.
Sükan arxasında özüm üçün yanğı
ilə oxuduğum muğamlarımız bir gün dünya səhnələrində
eşidildi, böyük kütlənin qəlbinə yol
açdı. Bu, İlahidən gələn bir xoşbəxtlik
nəğməsidir və hər gün gözəgörünməzin
hüzurunda bunu zümzümə edirəm.
- Nə vaxtsa
naşükürlük edib, sənətdən yorulduğunuzu
özünüz üçün etiraf etmisiniz?
- Mən sənətdə
çox yüksəkdə olanlara can atmışam. Amma etiraf
etməliyəm ki, insanda naşükürlük hissi nə
vaxtsa yaranır, bir növ biganələşirik. Lakin bu mənə
o qədər də doğma hisslər deyil. Mənim yerdə
oturmağım, Alimsayaq oxumağım tənqid hədəfinə
çevriləndə, içimdəki Tanrı sevgisi ilə
baş-başa qalmışdım. İlahi qüvvə məni
sınmağa qoymadı. Yoxsa mən bu gün lent
yazılarında dinlənirdim.
- Repertuar üzərində
çox işləyirsiniz deyə mükəmməl
alınır, yoxsa, səhnədəki improvizələr
repertuarı mükəmməlləşdirir?
- Mən böyük və
kiçikliyindən asılı olmayaraq, səhnənin məsuliyyətini
həmişə hiss etmişəm. Konsertim oldu-olmadı daima
məni müşayiət edən qrupla məşq
otağıma çəkilir, saatlarla oradan
çıxmıram. Hərdən uşaqların işi olur və
gedir, axşama kimi özümə qapılıb, yeni nəsə
öyrənirəm. Əgər evdəkilərin müdaxiləsi
olmasa, orada gecələyər və zamanın keçdiyindən
xəbərsiz olaram. Hər bir ifada bir gözəllik var. Əgər
pərdə arxasında oxuduqlarım lentə
köçürülsəydi, daha mükəmməl ifalar
üzə çıxardı.
- Niyə
köçürmürsünüz?
- Bunu bilərəkdən
etmirəm. Çünki o zaman mənə elə bir vəh gəlir
ki, orada texnikanın və ya hansısa bir şeyin olması məni
narahat edir.
- Bir az əvvəl qeyd
etdiyiniz kimi, sizin muğam mizanlarını özünəməxsus
tərzdə dəyişməniz, stuldan yerə düşməyiniz
böyük kütlənin tənqid hədəfində idi. Səsinizdə
Allah vergisinin olduğu şübhəsizdir. Bəs, stuldan yerə
düşmək ideyası haradan yarandı?
- Əvvəla onu qeyd edim ki,
əgər insanda istedad varsa, istəyir stulda, istəyir də
yerdə, göydə otursun, lap dəlilik etsin, dəxli yoxdur,
insanların qəlbində onun həmişə yeri olacaq. Mənə
gəlincə, qastrollara təzə-təzə gedirdik. Lakin mən
üçlüklə konsert verəndə, daima
özümü narahat hiss edirdim. Açıq şəkildə
söyləsəm, ifa zamanı yerimdə qurcalanır, sanki
stuldan durub yerdə oturmaq istəyirdim. Bir gün Səmərqəndə
konsertə getdik. Orada maraqlı səhnə quruluşu
görmüşdüm. Qərara gəldim ki, mən də
yerdə oturub oxuyum. Çox vaxt məşqlərimi yerdə
bardaş quraraq edirdim. Lakin səhnədə bunun imkansız
olduğunu bilirdim. Səmərqəndəki
çıxışımızdan sonra qəti şəkildə
çıxışlarımı bu şəkildə davam
etdirəcəyimi söylədim. Əvəllər bu,
musiqiçilər üçün çətin olsa da,
sonradan alışdılar.
- Xanəndəni
tamaşaçısı qarşısında köləlikdən
çıxartdığını iddia edən Alim Qasımov
bunu stuldan düşməyi ilə sübut etdi, yoxsa...
- Bunu sadəcə, ifamla
göstərə bildim. Yəni xanəndə səhnədə
öncə özü, daha sonra tamaşaçı
üçün oxuduğunu dərk etməlidir. Repertuarı
tez oxuyub qurtarıb, baş əyib getmək şərt deyil.
Mən özümün həzm edə bildiyim ifanı onlara
çatdırıram.
- Onda sizi sufi, dərviş
kimi təqdim edənlər haqlıdırlar?
- Yox, mən nə sufiyəm,
nə də dərviş. Bir az azadlığı sevən adamam. Bu xasiyyəti də hərə bir yerə yozur.
- 6 nəvəniz
var, aralarında artıq bu sənətə
can atanı varmı?
- Hərəsi
üçün bir qaval almışam, ritmi tutub
"çalırlar". Onu deyə bilərəm ki, məcburiyyət olmayacaq. Hansı ağlaya-ağlaya gəlib
deyəcək ki, oxumaq istəyirəm, onu da dəstəkləyəcəm.
Xədicə
Kaspi. -2010. – 17 fevral. –S.12.