Yaşıloğurluq 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllaşdırdığı yerləri qorumaqda acizdir. Əkilən ağaclar oğurlanır, bəzi ərazilərdə isə yaşayış məntəqələrinin sakinləri tərəfindən yaşıllıq zolaqlarına mal-qara buraxılır

 

Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması ilə bağlı sərəncamdan artıq xeyli vaxt ötür. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) 3,5 milyon manat vəsait də ayrılıb.

Aparılan işlərin əsas məqsədi isə yolların mühafizə zolaqlarının yaşıllaşdırılması ilə yanaşı, onların külək və su erroziyasından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması, yolların estetik görünüşünün yaxşılaşdırılmasıdır. ETSN yanında Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin baş mütəxəssisi Xosrov Kərimli işlərin üç yaşıllaşdırma müəssisəsi tərəfindən aparıldığını deyir. Bu müəssisələr qeyri-meşə fondu torpaqlarında, magistral avtomobil yollarında, torpaq mühafizə zolaqlarının kənarlarında yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması ilə yanaşı, salınmış yaşıllıqların mühafizəsinə də nəzarət edir.

 

"Xəzri" küləyi suvarmanın intensivliyini azaldır

 

 X.Kərimlinin sözlərinə görə, qısa müddət ərzində 1 saylı Yaşıllaşdırma Müəssisəsi tərəfindən Bakı-Ələt-Hacıqabul magistral yolu ətrafında 112 hektarda 172 min ədəddən artıq ağac və kollar əkilib. Əkilən ağacları su ilə təmin etmək üçün mərkəzləşdirilmiş suvarma şəbəkələri qurulub və ölkədə ilk dəfə damcılı suvarma texnologiyasından istifadə olunub. Belə ki, damcı suvarma sisteminin tətbiq olunması su itkisinə yol verməməklə bərabər, torpaqların şoranlaşmasının da qarşısını alacaq. Bu sistemin tətbiqi suvarmaya qat-qat az vəsaitin sərf edilməsi və ağacların bitmə faizinin yüksək olması hesabına qoyulmuş vəsaitin qısa müddətə qaytarılmasını təmin edəcək: "Bu suvarma sisteminin hesabına yüzə yüz bitiş əldə etmək mümkün olub. Cari ilin payız əkinində orada əlavə olaraq 2 hektar ərazidə də əkililər aparmışıq".

2 saylı Yaşıllaşdırma müəssisəsi tərəfindən isə Zığ-Heydər Əliyev adına Beynəlxalq Hava limanı istiqamətində 196 hektarda 200 minə qədər ağac əkilib: "Bu ağaclara normal qulluq edilir, suvarılır. Amma məsələ ondadır ki, Abşeron bitkiçilik üçün o qədər də əlverişli zona deyil". Belə ki, yarımadanın iqlim şəraiti quraqlığı ilə seçilir. Ona görə də Abşeron və Qobustan çöllərində daha çox quraqlığa davamlı, torpaq şəraitinə az tələbkar ağac və kol cinsləri seçilib əkilməlidir: "Təbii ki, yol kənarlarına baxanda daha çox şam və zeytun ağaclarına rast gəlmək olar. Əsasən bu tinglərin əkilməsi üstünlük təşkil edir. Nəzərə almaq lazımdır ki, "Xəzri" küləyi suvarmanın intensivliyini azaldır. "Xəzri" küləyi suyun buxarlandırılmasına imkan verdiyi üçün, həm də Abşeron isti zona olduğundan suvarmanın intensivliyi aşağı düşür. Bu baxımdan, yarımadada əkilmək üçün susuzluğa davamlı bitkilərin seçilməsi əsas məqsəd kimi götürülür. Nazirlik bölgənin coğrafi şəraitini və iqlim xüsusiyyətlərini nəzərə alaraq ərazidə yerli cinslərdən olan ağacların əkilməsini həyata keçirir. Amma yol kənarında Qərbi Avropadan gətirilmiş bitkilərdən də istifadə olunur. Amma bunlar elə də çox sayda deyil. Daha çox yerli bitkilərə diqqət yetiririk".

 

1 hektar yaşıllıq 20 ton toza qarşı

 

 X.Kərimli Zığ-Heydər Əliyev adına Beynəlxalq Hava limanı istiqamətində isə yerli ağaclarla yanaşı, bir çox tinglərdən istifadə olunduğunu deyir: "Bu ərazidə üçiynəli lələk, Lənkəran akasiyası, şam, hətta badam və bir neçə əlavə kollara da üstünlük verilir. Günəşli yamacında da xeyli yaşıllaşdırma aparmışıq".

Əzizbəyov metrosundan Beynəlxalq Hava Limanına qədər olan magistral yol ətrafında işlərin aparılması isə 3 saylı Yaşıllaşdırma Müəssisəsinin öhdəsinə düşür. Burada da artıq 100 minə qədər yeni ağac əkilib və yaşıllıqlar salınıb: "Yaşıllaşdırma ona görə aparılır ki, 1 hektar yaşıl ərazi il ərzində 20 tona qədər toz toplayır. Yəni havanı mexaniki qarışıqlardan təmizləyir, eyni vaxtda da səs-küyü 20-30 faiz azaldır. Bundan başqa, yaşıllıq arxitektura elementlərinin qabarıqlığını üzə çıxarır". Belə ki, 2010-2013-cü ilə qədər Azərbaycanın magistral yollarının abadlaşdırılması və yaşıllaşdırılması ilə yanaşı, eyni zamanda, onların arxitektura elementlərinə uyğunlaşdırılması da nəzərdə tutulur: "Əzizbəyov metrosundan Beynəlxalq Hava Limanına qədər olan avtomobil yolu ətrafında bunları görmək olar. Məqsəd yalnız iqlimə uyğun seçilmiş ağac və kollarla yaşıllaşdırma işlərini aparmaq deyil. Burada müasir dizayna uyğun ağacların-Avropa ağaclarının seçilməsinə üstünlük verilir. Son illər Xətai və Heydər Əliyev prospektlərində leylandi adlı bitkilər əkilib".

X.Kərimlinin sözlərinə görə, vaxtilə pərakəndə halda olan Binə ticarət mərkəzinin yerində də hazırda torpaq hamarlama işləri aparılır: "86 hektar ərazidə artıq yaşıllaşdırma işləri tamamlanıb. Burada milli ornamentlərə uyğun olaraq yolboyu ay-ulduz, paxlava və s. müxtəlif formalı çiçək kompozisiyaları təşkil olunub. Hətta şaquli yaşıllaşdırmadan da istifadə edilib".

 

Əkilən ağaclar oğurlanır

 

Amma işlərin gedişi zamanı bəzi problemlərlə də üzləşilir. Belə ki, əkilən ağacların oğurlanması və bəzi ərazilərdə yaşayış məntəqələrinin sakinləri tərəfindən yaşıllıq zolaqlarına mal-qara buraxılması halları müşahidə olunur. Bu isə əlavə çətinliklər yaradır: "Bitkiləri əkməklə iş məhdudlaşmır. Onları mühafizə etmək, saxlamaqda müxtəlif ciddi çətinliklərə də rast gəlinir. Məsələn, yol kənarında kompozisiyada bir bitki çatışmayanda, məhv olanda, sıradan çıxanda o saat hiss olunur. Burada da əhalinin ekoloji maarifləndirilməsi məsələsinə diqqət yetirilməli və bizə kömək edilməlidir". ETSN rəsmisinin sözlərinə görə, insanların təbiətə düzgün münasibəti formalaşmalıdır: "Ekoetik baxışla bağlı bir qədər çətinliklərimiz olur. Məsələn, bilərəkdənmi, ya bilməyərəkdən Avropadan gətirilmiş həmişəyaşıl ağac yerindən çıxarılır. Hesab edirik ki, bu problemlərlə təkcə ETSN deyil, bütün əhali məşğul olmalıdır. Çünki ekoloji problem dünyanın ən qlobal problemidir. İnsanların təbiətə düzgün münasibətinin formalaşmasında maarifçilik məsələsinə diqqət yetirilməlidir. Oğurlanan ağacların sayı 1-də olsa, 10-da olsa, yenə çoxdur. Biz bununla bağlı müvafiq orqanlara müraciət etmişik. Hətta nəticələr olub".

 

Quruyanlar daha çox köçürülən ağaclardır

 

Ümumiyyətlə, son bir il ərzində yarım milyona qədər ağac əkilib. X.Kərimli deyir ki, qarşıda təxminən elə bu sayda ağac əkilməsi nəzərdə tutulur: "Amma burada torpaq sahələrinin seçilməsi, torpaq hamarlama, qazma işlərinin yerinə yetirilməsi kimi bir çox özəl çətinlik ola bilər. Ağac əkini əcasən payız yaz mövsümlərində aparılır. O zamana qədər yəqin ki, bunlar da həll ediləcək".

Əkilən ağacların bitmə göstəricilərinə gəlincə, ETSN rəsmisi vəziyyətin bu sahədə pis olmadığını deyir. Belə ki, 1 saylı Yaşıllaşdırma Müəssisəsi tərəfindən əkilən ağaclar arasında bitməyənlər çox cüzi rəqəmlə ölçülə bilər: "Bəlkə sıfır tamla ölçüləcək qədər ağaclar quruya bilər. Quruyanlar əsasən köçürülən ağaclardır. Burada ağaclar suvarma sistemi ilə suvarılır, işçilər tərəfindən ağaclara qulluq edilir. Hesab edirəm ki, burada artıq yüzə yüz bitiş əldə olunur. İki il ərzində 172 mindən 10 mindən az bitki yeri doldurmaq məqsədi ilə istifadə olunub. Bu da normal haldır. Hansı ki, burada 20-30 faizdən söhbət gedə bilərdi. Burada hətta 5 faizlə ölçülə biləcək quruma halları baş verib. Bu da baş verən təbii fəlakətlərlə bağlıdır. Məlumdur ki, bu ilin sentyabr ayında leysan yağışları yağdı ağacların qurumasında da məhz bu amil özünü göstərdi".  Ümumiyyətlə, meşəçilikdə ağacların bitişi üzrə 40 faizdən yuxarı nəticə yaxşı kimi qəbul edilir. 50 faizi ötən nəticə isə çox əla göstərici sayılır.

 

 

Həqiqət 

 

Kaspi. -2010. – 18 fevral. – S.8.