Kiçik toyun “böyük” dərdi
Oğlan toyu, qız toyunda ev sahibləri borca-xərcə
düşür. Amma kiçik toyda bunların heç biri
olmur, uşağın bəylik paltarından başqa...
Ötən
yazılarımızda demək istədik ki, toy
mafiyasının qurduğu bu sxem nəhəng bir iqtisadi sistemdir,
biznes aparatıdır, pul qazanma mexanizmidir.
Bu
mexanizm saat kimi işləyir və minlərlə insanın
cibini doldurur: şadlıq evləri tikilir, onların
personalı, musiqiçiləri, ərzaq təminatçıları,
müğənnilər, ən əsası, sahibləri –
hamı burada həm hərfi, həm də məcazi mənada
qazan doldurur. Sadə insanlarsa toya ya bir sosial öhdəlik, ya
da qarşılıqlı borclaşma mexanizmi kimi baxırlar. Ya
fikirləşirlər ki, “getməsəm, olmaz”, ya da kimlərin
toyuna nə qədər pul saldıqlarına dair siyahılar
tuturlar ki, vaxtı çatanda verilən borclar geri
qayıtsın.
Bu mexanizm həm də
ona görə çox rəvan işləyə bilir ki, “milli
mentalitet” adlanan dəyərlər sistemindən tam dəstək
alır. Axı həmin dəyərlərə görə də
iki nəfərin sevişməsi və birgə
yaşayışı heç zaman onların şəxsi
işi ola bilməz - mütləq bütün nəsil işə
qarışmalı, ağsaqqal-ağbirçək
xeyir-duasından tutmuş, yengəliyə qədər
bütün milli institutlardan bir-bir keçilməlidir. Yəni
bu o deməkdir ki, hüzr və toy mərasimləri bizim nə
dərəcədə milli olmağımızın
barometridir. Onsuz da Azərbaycan toylarında millilikdən
çox az əlamət qalıb.
Əlbəttə,
övlad toyu valideynin illər boyu həsrətlə gözlədiyi
xoş məqamdır. Biz heç də demirik ki, toyda süfrə
açılmasın, qazan qaynamasın, qonaqlar ac qalsın,
musiqi səslənməsin, dərviş toyu olsun. Xeyr, qətiyyən.
Amma biz demirik ki, Azərbaycan toyda başlayıb, yasda
qurtarsın, toy və yas əhlinə bölünək.
Yəni vacibdirmi ki,
özümüzü gücə salaq? Varlılar,
imkanlılar belə təmtəraqlı məclisin birini yox, bəlkə
on beşini də dalbadal yola verə bilər. Amma
hamının bu cür təntənəyə gücü
çatmır axı. Sadəcə olaraq, imkanı olmayanlar da
oğul-qız yanında, qonaqlara görə, yaranacaq
söz-söhbəti nəzərə alıb
çalışır ki, onun da toy-düyünü
başqalarından seçilməsin. Belə olan halda haqlı
suallar ortaya cıxır: həm maddi, həm də mənəvi
cəhətdən insanlarımızın rifahına mənfi
təsir edən bugunkü toy mərasimlərimiz
üçün bu qədər xərc çəkmək kimə
lazımdır? Niyə toy mafiyası üçün işləyirsiniz?
Mənim əzizlərim, bir fikirləşin, getdiyiniz toydan
zövq almaq mümkündürmü? Sadəcə musiqi və
rəqs mənzərəsini xatırladım, söhbətimizi
sona verək.
Ötən il mənə
çox yaxın olan dostumun qardaşının toyunda
iştirak edirdim. Bəyi yaxından tanıyıram,
gözümüzün qabağında böyüyüb deyə
getmişdim. İnanın Allaha, həyatıma o qədər
nifrət etməmişdim. Yox, hər şey qaydasında idi.
Bircə musiqiçilərdən başqa. Tanınmış
triodur: 3 cavan, yarlı-yaraşıqlı, müasir
oğlanlardılar. Bu 3 nəfər toyun sonuna qədər
susmaq, kirimək bilmədilər. İlahi, insanın əsəblərini
nə qədər korlamaq olar? Dözmək mümkün deyil.
Ona görə deyirik ki,
indi toyxanalar yalnız xəlvətdə oxumağa gücü
çatanların ixtiyarındadır. Belələri necə gəldi
oxuyurlar, təki mahnının ritmi oynaq, sümüyə
düşən olsun, kimdir xırdalıqlara əhəmiyyət
verən. Daha yaxşı səs, zil səs, şirin avaz bir o
qədər də gərək deyil, ən önəmlisi, ara
mahnıları oxuyub, camaatı oynatmağı bacarmaqdır. Musiqi
mənəvi qidadır. Əzab vermək üsulu deyil.
İndi manıslar musiqini də bizə zülm etmək
üçün istifadə edirlər. Hələ fonorqamla
oxuyub yarım saatına 4-5 min manat alan qulağı
sırğalıları demirəm. Guya tanınmış bir
müğənni gəlib fonoqramla iki mahnı oxumasa, toy
maraqsız keçəcək.
Bir az da ansamblar haqda. Müstəqillik
əldə etdiyimiz vaxtlarda biz ayıldıq ki, daha Simfonik
Orkestrin möhtəşəm ifaçılarını
toylarda görə bilməyəcəyik. Sovet vaxtında qeyd
edilən orkestrin əməkdaşlarını toya
çağırmaq dəb idi. 1990-91-ci illərdə
ayıldıq ki, bizim estradamız da, muğamımız da, məişətimiz
də, adət-ənənəmiz də toyda imiş! Burda isə
əsl musiqiyə yer yoxdur. Əsl musiqidə gitara, canlı
akustik zərb alətləri dəstgahı, klarnet, nağara,
tar, qaval olur. Bizdə bu işin çox asan həllini
tapıblar: sintezator! Özü müşayiət edən
sintezatorlar əslində, məişət alətidir- onda
balaca uşaqlar özləri üçün məzələnə
bilərlər. Bir sintezatorla hazırlanmış mahnını
normal ölkədə lentə yazdırmaq və ya bir
sintezatorun müşayiəti ilə səhnəyə
çıxmaq çox gülüncdür! Eşitdiyimə
görə, Siyavuş Kərimi və Nazpəri Dostəliyeva
Bakıda sintezatorların köməyi ilə lentə
aldıqları mahnıları Norveçdə göstərərkən,
norveçlilər "demo (qaralama, nümunə) kimi
yaxşıdır" deyiblər. Halbuki, demək olar ki, bizim
toy musiqimiz əslində demodan - qaralamadan ibarətdir. Beləliklə,
bir müğənni və sintezatordan ibarət ansambl
yarandı, oldu "Manıs dəstəsi". Onlarla məşq
etmək də lazım deyil - "manıslar" bütün
toy mahnılarını əzbər bilirlər. Sintezatora meyil
etmənin əsas səbəblərindən biri də mental tənbəlliyimiz
və yığılan paranın parçalanmadan qorumaqla
bağlı nəfsdir.
Mahnılara gəlincə, dad
yarımçıq əlindən deyiblər. Manıslar si
bemoldan sol majora elə keçirlər ki, adamın
ağzı açıq qalır. Və fikir vermisiniz,
bacardıqları qədər asta tempi sürətli tempə
çevirməyə çalışırlar. Təki
hamı atılıb-düşsün. Xüsusən də
“qardaş bu ceyranı hardan almısan?” qədər əxlaqsız
bir mahnını “Leyli can, Leyli” stili, tempi, forması bəlli
olmayan şıdırğı səs-küylə əvəz
etməyi ancaq manıslarımız bacara bilərlər.
Atalar sözüdür:
"Vayda ağlayarlar, toyda oynayarlar". Allah bunu deyənlərə
qəni-qəni rəhmət eləsin. Amma onlar bu günü
görsəydilər deyərdilər ki, məhz belə oynamaqdansa,
elə toyda da ağlamaq yaxşıdır. Oynamaq... Mənim əzizlərim,
bu oynamaq deyil, bu, faciədir. Birincisi, hamının eyni zamanda
oynaması dəhşətdir. Ikincisi, kimin necə gəldi
oynamasıdır. Mahnı dınqıldayırsa, mütləq
ayağa durub atılıb-düşmək lazımdır.
Üçüncüsü, yaşınıza görə əl
qaldırın. Vallahi-billahi, 50-55 yaşlarında
saçı-saqqalı ağarmış kişilərin «
İran təranələri”ni oynamasını görmək qədər
həyatı tükədən ikinci nəsnə
tanımıram. Nəhayət, dördüncü. Bəzi
şadlıq saraylarına xüsusi rəqqasələr dəvət
olunurlar. Hörmətli azərbaycanlılar, nəzərə
alın ki, bu, rəqqasədir və işinin peşəkarıdır.
Əgər meydanda o rəqs edirsə, vacib deyil ki, yarım
hektarlıq qarnınızı ona sürtə-sürtə
yırğalanasınız. Ayıbdır, kənardan baxanlar
var. Toy-düyündə hərə öz yerini, oturuşunu-duruşunu,
danışığını bilməli, söz və musiqi,
lap elə şıdırğı rəqslər də
gözəl bir vəhdət təşkil etməlidir.
Nəhayət, toylarla bağlı
sonuncu qeydim. Azərbaycan adətləri arasında ən tərbiyəsiz,
ən utanmaz adətlərdən biri kimi kiçik toyların
keçirilməsini görürəm. Yalnız Azərbaycanda
3 növ toy olur: oğlan toyu, qız toyu və kiçik toy.
Oğlan, qız toylarını başa düşdük, amma
kiçik toyun keçirilməsini anlaya bilmirəm ki, bilmirəm. Deyək ki, ailə quranların
insanları musiqili məclisdə bir araya toplamasına birtəhər
göz yumub dözmək olar. Bəs oğlunun sünnətinə
görə toyxana sifariş edib, səs-küylü məclis
quranlar nə fikirləşirlər? Kimsə oğlunu sünnət
edir, buna görə qohum-əqrəbanın zəhləsini
tökmək lazımdır?
Anlayıram ki, bu,
İslamın şərtidir, bunu etmək lazımdır, həta
amerikalılar bu mərasimi kütləviləşdirirlər,
Bibliyada, yəhudilərdə də bu adət olub. Bu haqda
saatlarla, günlərlə danışa bilərəm. Amma
heç kim demir ki, bu prosesi belə
açıb-ağardın, heç kim demir ki, sənin 3
oğlunun kiçik toyuna bir adam 3 dəfə gəlməlidir.
İnanın, bir dostumuz iki-üç ay öncə az
qalırdı ağlasın. Onların bir kəndçisi son
4 ildə dördüncü dəfə, dördüncü
oğluna kiçik toy edirdi və hər dəfə kəndçisi,
bizim dostumuzu toya çağırırdı. Bu həm də
soyğunçuluqdur.
Oğlan toyu, qız toyunda ev
sahibləri borca-xərcə düşür. Gəlin
paltarı, qızıl, maşın, kamera, yengə, daha nə
bilim nə... amma kiçik toyda bunların heç biri olmur,
uşağın bəylik paltarından başqa. Qalanları
toya zülmlə gələn qohum-qardaşın və bu
işə heç bir aidiyyəti olmayan, vaxtilə səhvən
uşağın atasına salam vermiş qonşunun, iş
yoldaşının, daha nə bilim hansı “bədbəxt”in
hesabına ödənilir.
Qələminə hörmət
etdiyim Aydın Xanın bir yazısı ilə fikirlərimi
tamamlayıram. Nəticəni özünüz
çıxarın: “Dünən zəng etmişəm Əmioğluya
(!), oğlunun sünnət toyudur! (Mikrofonu açıb
telefonu verdilər tamadaya (işə düşdük, vallah!)
- Mübarək olsun, Əmioğlu,
bağışla, vallah imkanım olmadı, iştirak edə
bilmədim və s.
Tamada həzin-həzin anladır qonaqlara
- sağ olsun, halal olsun neçə kilometrdən zənq vurub....
bir tuş
- Bir daha mübarək
olsun... böyük oğlan....
Əmoğlu nəsə
deyir (çəngəl-bıçaq (bağişlayın
qaşıq səslərindən eşidilmir)...
Tamada: Əmin oğlu
küsüb, deyir ki, mən də onun sünnətinə (???)
getmiyəcəm.
Mən gülməyimdə
olum, telefonu verdilər Əmioğlunun xanımına: -
Ömrün uzun olsun, Allah adını sansın (nə gözəl
sözlər), oğluna da, qızına da (îééé... íå ÌÎÃÓ!!!) qismət olsun!!!!” Bu da sizin üçün
bir tuş!!!
Bəli, toy – böyük bir
sistemdir; özünün qanunları, mexanizmləri,
şablonları var; kiməsə həmin şablondan
çıxmaq müyəssər olmur – bu, sistemə
qarşı üsyan deməkdir. Heç kimin
özünün istədiyi kimi toy etməsi mümkün deyil
– bütün ştamplar artıq hazırdır, sadəcə,
onların sizin də taleyinizə vurulması üçün
pulunuzu ödəyin və - Allah mübarək eləsin!
Bax belə. Həmişə qapınıza xeyir işlərə gələk. Amma siz Allah, mentalitet, abır-həya, qonum-qonşu nə deyər qalxanlarınızı özünüzə saxlayın. İyrənirəm bu yalançı sözlərdən...
Sənan
Kaspi. -2010. – 19 fevral. – S.8.