"Xalqımın qarşısında xəcalətli deyiləm" 

 

Habil Əliyev: "Mən Azərbaycan musiqisində tamam ayrı bir yol qoymuşam. Bunu heç kəs bacarmayıb. Bütün musiqiçilər həmin yoldan istifadə ediblər"

 

Ötən həftə Ağdaşda səfərdə olan prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən və Habil Əliyevin adını daşıyan musiqi məktəbi ilə tanış olarkən sənətkara xoş sözlərini bildirib: "Siz buna layiqsiniz. Siz çox etmisiniz, indi gərək biz edək, sizin fəaliyyətinizi layiqincə qiymətləndirək".

Kamanın həzin, iniltili səsi varlığımıza hakim kəsilir, bizi ovsunlayır. Milyonlara doğma olan bu sehrli, cazibədar səs doğma yurdumuzu tərənnüm edir. Habil çalır... Kamanın səsi oynaq ləpələr kimi cilvələnir, billur çeşmələr kimi qaynayır, coşur, çağlayır. Biz nəfəsimizi belə dərmədən onu dinləyirik. O, bizi uzaq keçmişimizə aparır. Biz bu ifada Azərbaycan təbiətinin ətrini duyur, meşələrin, suların, quşların pıçıltısını eşidirik. "Segah"ın, "Rahab"ın, "Dügah"ın, "Şüştər"in, "Habil Segahı"nın, "Habil Dilkəşi"nin həzin səsi bizi uzaq xatirələrin yaxın qonağı edir:

- 30-cu illərdə məşhur aktyor Əhməd Ağdamski bizim evdə kirayədə qalırdı. O, Ağdamdakı musiqi məktəbində müəllim işləyirdi. Ona görə də bizim evimizdə tez-tez musiqiçilər toplaşar, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, tarda, kamanda çalardılar. Mən də uşaq marağı ilə onların yanından çəkilməz, söhbətlərini dinləyərdi. Neçə dəfə tarın xoşuma gəldiyini Əhməd Ağdamskiyə demək istəsəm də, ürək eləməmişdim. Axırda fikrimi anam Nisəxanıma dedim. Anam da təkidimi görüb məni musiqi məktəbinə gətirdi. Bir neçə gün tar sinifində məşğul oldum. Ancaq tarı sinəmdə çox saxlaya bilmirdim, biləklərim sızıldadığından tarı kamança ilə əvəz etdilər.

Habil musiqi qabiliyyəti ilə yoldaşlarından seçilirdi. O, pionerlər evində fəaliyyət göstərən rəqs dərnəyinə də yazılmışdı. Tezliklə ansamblın əsas heyətinə keçmiş, hətta 1943-cü ildə Bakıda keçirilən baxış-müsabiqədə mükafat da almışdı. Sonralar o, rəqs ansamblından uzaqlaşır və qohum-əqrəbanın tənəsinə baxmayaraq pedaqoji məktəbdə də təhsilini yarımçıq qoyur.

"Həyət-bacamızda çalanda bir də görərdim ki, qonşudan bir ağı səsi gəldi. Sən demə, qara məktub gəlib ora. İki dəfə də bu xəbər bizim qapımızı döydü. Onda mən təzə-təzə muğamları çalmağa başlamışdım. Odur ki, o ağılar, o faciə mənim sənətimə çökdü. O yanğı oradan başladı. Mən bu gün də oynaq, ritmik şeyləri sevmirəm. Lirika qanıma uşaqlıqdan çöküb.

Kədər də həqiqətdir! Yalandan ağlayıb-ağlatmaq, yanmaq və ürəklərə təsir etmək olmaz. Kədəri dərk eləmək çətindir. Dərk edib həyat eşqilə, sabaha, insanlara inamla dinləyiciyə çatdırmaq isə sənətkarlıqdır. Əgər sənətkar qəmi məharətlə verirsə, ürəkləri ehtizaza gətirirsə, deməli, insanın arzuları kədəri məğlub edib. Sənət kədərin fövqündə durub" - deyə danışır sənətkar.

Müharibədən sonra gənc Habil Bakıya gəlir. O vaxtlar Tələt Bakıxanov, Hafis Mirzəliyev, Fərhad Dadaşov kimi kamançaçalanlarımız vardı. Onlar Nefton Qriqoryan, Vaqo Merkuryan, Boris Kerepyan kimi kamançaçalanlardan Azərbaycan muğamlarını öyrənir və çalırdılar. Habil isə rayondan gələndə muğamları bilirdi. Gənc Habil öz çalğısı ilə kamanı ermənilərin əlindən almağa müvəffəq olur.

Filarmoniyaya ocaq kimi baxırdı Habil Əliyev. Soltan Hacıbəyov onu Filarmoniyaya qəbul edir. İlk rəsmi iş yeri Filarmoniyanın səhnəsindən başlayır. Xan Şuşinski, Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Sara Qədimova, Əbülfət Əliyev, Qurban Pirimov, Allahyar Cavanşirov, Hacı Məmmədov kimi görkəmli sənətkarlarla səhnəyə çıxır. "O sənətkarlardan sonra bu gün oxuyanlardan heç kimə qulaq asa bilmirəm. 3-4 nəfərə qulaq asırdım, onlar da qocaldılar... O oxuyanlar ki, onlara qulaq asırdım, onlar üçün çalırdım, onlar getdilər. Bir daha qayıdıb gəlməyəcəklər. Mən özüm gedəcəyəm onların yanına".

Habil müəllim deyir ki, hər bir sənətkar, musiqiçi gərək ilk növbədə əsl vətəndaş olsun. Onun üçün Vətəndən şirin heç bir şey yoxdur. Deyir ki, əsl sənətkarın ürəyində millət, Vətən, xalq sevgisi olmasa onun sənəti də o qədər yüksək ola bilməz. "Siz inanın, həmişə nə görmüşəmsə onu çalmışam. Mən yaxşı şeylərin arasından yara-yara keçib özümə dərd, ağrı-acı axtarmışam. O da hələ var... Sənətkar bu ağrı-acını yaşamalı və öz sənətində yaşatmalıdır".

Habil müəllim kimi dünyagörmüş sənətkarlar heç vaxt keçmişlərindən ayrıla bilmirlər. Nədən danışırlarsa, söhbətlərinin bir ucu yenə də keçmişə bağlanır.

- Dünənə qədər oturub-durduğum uşaqlar, o həyət-baca hamısı kino lenti kimi gəlir keçir gözümün qabağından. Elə bilirəm ki, hələ də həmin uşağam. Amma ayağa duranda hiss edirəm ki, yox, o deyiləm, qocalmışam. Dizlərim ağrıyır, yatmağım, iştiham pisləşib. Yoxsa mən o ruhdan düşməmişəm. Hesabat verəsi olsam uşaqlığımdan bu günüməcən çox qalın bir kitab yazılar. O qədər xatirələr, o qədər işlər olub ki... Ancaq onu bilirəm ki, xalqımızın qarşısında xəcalətli deyiləm. Mən kamança çalmışam. Fikrət Qocanın bir şeri var: "Sən hansı sahədə olsaydın elə Habil olardın".

Habil Əliyev Azərbaycan musiqisini dünyanın hər yerində tanıdıb.

Bütün kamançaçalanlar onu özlərinə müəllim hesab edirlər. Musiqi sənətimizdə Habil Əliyev məktəbi formalaşıb. Televiziya auditoriyası, səhnə, xalq qarşısında açıq çıxışlar zamanı onun çalğısından görüb-götürənlərin sayı-hesabı yoxdur. "Mən Azərbaycan musiqisində tamam ayrı bir yol qoymuşam. Bunu heç kəs bacarmayıb. Bütün musiqiçilər həmin yoldan istifadə ediblər" - deyə Habil Əliyev haqlı olaraq bildirir.

Görkəmli sənətkar xalqın məhəbbətini qazanmaqla yanaşı dövlətimiz tərəfindən də layiqli qiymətini alıb. Ölkənin ən ali mükafatlarına layiq görülüb. Ötən həftə Ağdaşda səfərdə olan prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən və Habil Əliyevin adını daşıyan musiqi məktəbi ilə tanış olarkən sənətkara xoş sözlərini bildirib: "Siz buna layiqsiniz. Siz çox etmisiniz, indi gərək biz edək, sizin fəaliyyətinizi layiqincə qiymətləndirək".

 

 

Təranə 

 

Kaspi. -2010. – 19 fevral. – S.13.