“Qarabağ problemi yalnız Azərbaycanın
gücü ilə həll edilə bilməz”
Mübariz Qurbanlı: “Təcavüzkara lazımi səviyyədə
sanksiyalar tətbiq olunmalıdır”
Bu il yanvarın 1-dən ATƏT-ə
sədrlik etməyə başlayan Qazaxıstan
"dondurulmuş münaqişələr"in həllinə
xüsusi diqqət yetirir. Təşkilatın fəaliyyətdə
olan yeni sədri, Qazaxıstanın xarici işlər naziri
Kanat Saudabayev bugünlərdə regiona səfəri çərçivəsində
ilk olaraq Azərbaycanda olub və bu səfərin yekunları
ilə bağlı keçirdiyi mətbuat konfransında
bildirib ki, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin
həllində dönüş ili olacaq. Yeni Azərbaycan
Partiyasının icra katibinin müavini, millət vəkili
Mübariz Qurbanlı isə hesab edir ki, Dağlıq
Qarabağ münaqişəsi bir dövlətin iradəsi ilə
həll edilə bilməz.
- Mübariz müəllim, necə
hesab edirsiniz, ATƏT-ə Qazaxıstanın sədrlik etməsi
Dağlıq Qarabağ münaqişəsinin həllində
müsbət irəliləyişlərə gətirib
çıxara bilərmi?
- Təbii ki, sədrliyin
Qazaxıstanda olması bizim üçün olduqca önəmlidir.
Qazaxıstan bizə dost, qardaş, həm də müsəlman
ölkəsidir. Amma gəlin realist olaq və hər şeyə
olduğu kimi qiymət verməyə çalışaq. Şəxsən
mən düşünmürəm ki, Qazaxıstanın ATƏT-ə
sədrliyi dövründə Qarabağ
danışıqlarında hansısa bir
sıçrayış olsun. Çünki bu proses ATƏT sədrinin
nəzarətində deyil. Bu prosesə ATƏT-in Minsk qrupu nəzarət
edir. Düzdür, formal olaraq ATƏT-in sədri bu təşkilat
çərçivəsində formalaşdırılan
qurumlara, komitələrə rəhbərlik edir. Amma sədr
qurumların fəaliyyətinə təsir imkanlarına malik
deyil. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrliyində
üç ölkə var ki, onlar BMT Təhlükəsizlik
Şurasında veto hüququna malikdirlər. Belə olan şəraitdə
ATƏT-in rotasiya qaydasında müvəqqəti sədrliyini
götürmüş ölkənin nümayəndəsinin
regiona səfərləri tanışlıq, münaqişə
ilə bağlı hansısa bir mövqe ortaya qoymaqdan
uzağa gedə bilməyəcək. Düzdür, istər-istəməz
ATƏT-in sədrliyində olan ölkənin nümayəndəsinin
səfərləri münaqişə ilə bağlı
danışıqlara impuls verə bilər. Amma sədr ölkənin
danışıqlar masasında olan mövzuya, bu və ya digər
layihələrə təsir etmək imkanları bir o qədər
də böyük deyil.
- Qazaxıstanın xarici
işlər naziri səfəri zamanı bildirib ki, ATƏT-ə
sədrlikləri müddətində Qarabağ münaqişəsinin
həllində müəyyən irəliləyişlərin
olması mümkündür. Sizcə, ATƏT-in fəaliyyətdə
olan sədri bu fikirləri söyləməklə nəyə
ümid edir?
- ATƏT-ə sədrlik edən
ölkələrin nümayəndələrinin hamısı
sədrlik dövrlərində münaqişənin həllinə
ümid etdiklərini bəyan ediblər. Bu da diplomatik etiketə
uyğun səsləndirilən növbəti fikirlərdən
biridir. Hazırkı şəraitdə - Qazaxıstanın ATƏT-ə
sədrliyi dövründə onun təzyiqi və təsiri ilə
bu prosesin hansısa formada dəyişəcəyini
düşünmürəm. Bu prosesə ATƏT-in sədri
olan ölkənin təsir etmək imkanları məhduddur. Çünki
Dağlıq Qarabağ münaqişəsi daha böyük
dövlətlərin nəzarətindədir. Əslində,
Dağlıq Qarabağ münaqişəsini bir ay ərzində
həll etmək mümkündür. Bunun üçün BMT
Təhlükəsizlik Şurasının daimi üzvü olan
üç ölkənin - ABŞ, Rusiya və Fransanın
üçü də eyni zamanda Ermənistana açıq təzyiq
göstərməlidirlər. Lakin təəssüf ki, biz hələlik
bunu görmürük.
- Ümumiyyətlə, necə
hesab edirsiniz, Qarabağ münaqişəsi ilə
bağlı proseslərin sonu hara doğru gedir? Sizcə, bu il
münaqişənin həllində hansısa irəliləyişin
baş verməsi mümkündürmü?
- Düşünürəm
ki, danışıqların getməsi müsbət haldır
və son vaxtlarda bu proses daha intensiv xarakter alıb. Bu gün
Qarabağ mövzusu Ermənistan-Türkiyə sərhəd
açılımı kontekstində qabarıq şəkildə
üzə çıxıb. Təsadüfi deyil ki, ABŞ
dövlət katibi Hillari Klinton Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğanla Qətərin paytaxtı Dohada bir saatdan
artıq davam edən söhbəti zamanı bir sıra məsələlər,
o cümlədən Ermənistan-Türkiyə sərhəd
açılımı məsələsini, Qarabağ
münaqişəsini müzakirə edib. Bunlar təsadüfi
sayıla bilməz. Belə demək mümkünsə,
münaqişənin həlli ilə bağlı Moskva, Paris,
Vaşinqton, Ankara, hətta Tehran çərçivəsində
bir intensivlik var. Bu intensivliyin olması müsbətdir.
Çünki biz ədalətli tərəf olduğumuza,
mövqeyimizin beynəlxalq hüquq normalarına uyğun gəldiyinə
görə məsələnin gündəmdə qalmasında
maraqlıyıq. Danışıqların sürətlə
getməsi isə təcavüzkara olan münasibətlə
bağlıdır. Ermənistan Azərbaycanın 17 min kvadrat
kilometr ərazisini işğal edib. İşğal olunmuş
ərazilər yalnız Dağlıq Qarabağ və ona
bitişik olan torpaqlar deyil. Eyni zamanda, Azərbaycanın Qazax
rayonunda, Naxçıvan Muxtar Respublikasında da işğal
olunmuş ərazilər var. Təcavüzkar yerində
oturdurmalı, ona lazımi səviyyədə sanksiyalar tətbiq
olunmalıdır. Bunlar edildikdə, əlbəttə ki,
münaqişənin həllində inqilabi
sıçrayış baş verə bilər. Amma biz hələlik
bu addımları görmürük. Bu baxımdan
münaqişənin həlli ilə bağlı hər
hansı optimist proqnoz da yanlış ola bilər. Hər halda
bu gün yalnız 2010-cu il ərzində Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı
danışıqların daha intensiv xarakter
alacağını söyləmək olar.
Quliyev İlham
Kaspi. -2010. – 20-22 fevral. – S.5.