60 yaşın zirvəsi 

 

Əsrlərin sınağından keçən xalq mahnıları, muğamları qorumağı özünə borc bilən sənətkarlardan biri də Xalq artisti, sevimli xanəndəmiz Ağaxan Abdullayevdir

 

Xalqın yaddaşı onun musiqisində qorunur. Hər mahnı bir insan qəlbinin tərcümanı olsa da, hər ifaçının səsi, nəfəsi ilə təzələnir, Allahın bəxş etdiyi ilahi bir avazla yenidən doğulub dilə gəlir bu nəğmələr. Xalqın adına yazılan nəğmələrdə hər kəs öz könül çırpıntılarını eşidə, öz ruhunu onlara köçürə bilir. Bu mahnılarda insanların zaman-zaman yaşadıqları ağrı-acılar da var, möhnət də, hicran da, sevgi də, fərəh də. Əsrlərin sınağından keçən bu mahnıları, muğamları qorumağı özünə borc bilənlərdən biri də Xalq artisti, sevimli xanəndəmiz Ağaxan Abdullayevdir.

Bu günlərdə görkəmli sənətkarın 60 yaşı tamam olur. Prezident İlham Əliyev milli musiqimizin ifasındakı xidmətlərinə görə xanəndəni "Şöhrət" ordeni ilə təltif edib. Heydər Əliyev Fondu isə yubiley münasibəti ilə xanəndənin musiqi albomunu nəşr etdirib. Nəşrdəki kompakt disklərdə toplanan musiqi nümunələri sənət hesabatı kimi xanəndənin yaradıcılıq yolunu parlaq əks etdirir.

Böyük sənətkar sənət gəldiyi günləri xatırlayanda ilk yadına düşən qulağını muğam sədasının oxşadığı vaxtlar olur. Muğamları ilk laylası adlandırır. Danışır ki, hər səhər yuxudan atasının oxuduğu həzin muğamların sədası ilə oyanıb. Eləcə də radioda səslənən muğam konsertlərini səbrsizliklə gözləyib. Bu səslər onu gözə görünməyən sirli bir aləmə aparırdı. Zaman keçdikcə uşaqlıq illərinin sönmək bilməyən marağı onun muğama olan əbədi sevgisinə çevrilib. Görkəmli xanəndə bu gün də muğam sənəti ilə yaşayır, nəfəs alır.

Ağaxan Abdullayev gənclərə örnək olan bir həyat yaşayıb. "Cabbar Qaryağdı, Xan əmi, Seyid Şuşinski, Yaqub Məmmədov kimi ustad sənətkarlar bu sənəti qoruyub saxlayaraq bizə təhvil veriblər. Böyük xanəndələr muğam sənətini necə qorumuşdularsa, mən də eləcə qoruyub saxlamağa çalışıram. Özümdən sonra gələn nəslə də muğamların sirrini elə öyrətməyə cəhd edirəm. Bizim sənətimiz xalq muğamlarını ifa etməkdir. Bu sənət ömrü boyu itib-batmayacaq. Çünki muğamlar xalqımızın dinidir, dilidir. Biz yüngül musiqi oxuyanların məclislərinə daxil olanda vallah bütün məclis əhli deyir ki, böyük sənətkarlar gəldi. Bu, bizə bəs edir"- deyə görkəmli xanəndə qürurla bildirir.

60 yaşın zirvəsinə çatsa da ürəyində yaş xofu yoxdur Ağaxan müəllimin. Səs də ki öz yerində: "İnsan yaşa dola bilər. Ancaq ürək qocalmır axı. Allah rəhmət eləsin Vahidi. Deyirdi ki, "Varam öz yarım ilə, necə əvvəl var idim". İnsan ölənə qədər ürəyi cavan qalır. Qocalmaq özü də Allahın bəxş elədiyi nemətdir. Ömür Allah payıdır. Mən çox xoşbəxt olardım ki, xəstəliksiz, şikəst olmadan qocalım. Belin əyilməyi də böyük nemətdir. İnsan neçə il yaşayır, yeyib-içir, gəzir, 80-90 yaşında da Allahın qarşısında əyilib ona "çox sağ ol" deməsin? Mən qocalacağım o günü də görmək istəyirəm. Cavanlığında qocalığını gözünün qabağına gətirməmək isə uzağı görə bilməmək nişanəsidir. Yaxşı deyiblər ki, ömrü hədər keçən cavanlığın mənasız, əzablı qocalığı olur".

Böyük sənətkar bu gün də ayıq-sayıqlıqla milli musiqimizin keşiyində durub. Onu yad çalarlardan, yabançı təsirlərdən qorumağa çalışır. Buna görə özünü xoşbəxt sayır: "Sənətimi yaşadıb xalqıma sevdirə bilirəmsə, bu mənim üçün böyük xoşbəxtlikdir. Əsl sənət saf su kimidir, ona qatılan yad çalarları sevmir".

Əsl sənət ondan şöhrət tramplini kimi istifadə etməyə çalışanları da sevmir. Aramsız dalğalar dənizə atılan yad cisimləri sahilə qovduğu kimi, zaman da hər şeyi saf-çürük edir. Xalqın yaddaşında isə yalnız sənət meyarlarına sədaqət göstərən Ağaxan Abdullayev kimi sənətkarlar yaşayır.

 

 

Təranə 

 

Kaspi. – 2010. – 20-22 fevral. – S.15.