“İnformasiya cəmiyyəti daha intellektual cəmiyyətdir”
Rasim Əliquliyev: “Yalnız informasiya cəmiyyəti
fiziki imkanlarından asılı olmayaraq hər bir kəsin əsas
hüquq və azadlıqlarını təmin etmək
iqtidarındadır”
Yüksək sürətlə
inkişaf edən müasir İKT-nin yaratdığı
imkanlar, bunun nəticəsində sosial, iqtisadi, hüquqi, mədəni
sahələrdə baş verən dəyişikliklər yeni
reallıqlar yaradır, yeni ictimai münasibətlər –
informasiya cəmiyyəti
formalaşdırır. Dünyanın qabaqcıl, tərəqqipərvər
dövlətləri bu prosesi planlı, məqsədyönlü
şəkildə həyata keçirirlər. Azərbaycan da
bu prosesdə öncüllər sırasındadır.
AMEA İnformasiya
Texnologiyaları İnstitunun direktoru, AMEA-nın müxbir
üzvü, professor Rasim Əliquliyevlə müsahibəmiz də
bu sahədə görülən işlər barədədir:
- Azərbaycanda informasiya cəmiyyəti
quruculuğu sahəsində hansı işlər
görülür?
- Ölkəmizdə
informasiya cəmiyyəti quruculuğu dövlətin əsas
prioritetlərindən biri kimi uğurla davam etdirilir. Ölkəmizdə
bu siyasətin əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulub. 2000-ci ilin sentyabr ayında BMT tərəfindən
keçirilən minilliyin sammitində bütün dünya
ölkələrinin 2015-ci ilə qədər öz milli
inkişaf strategiyalarında informasiya-kommunikasiya
texnologiyaları üzrə müvafiq sənəd qəbul etmələri
tövsiyə olundu. Azərbaycan bu məsələyə
çevik reaksiya verən ölkələrdən biri oldu.
2002-ci ildə Heydər Əliyev Azərbaycan
Respublikasının İnkişafı naminə İnformasiya
və Kommunikasiya Texnologiyaları üzrə Milli
Strategiyanın (2003-2012-ci illər) hazırlanması
haqqında Fərman imzaladı. Cəmi bir ildən sonra belə
bir strategiya hazırlanaraq prezidentin imzası ilə təsdiqləndi.
İnformasiya cəmiyyətində insanlara dair əvvəllər
zərurət duyulmayan yeni tələblər meydana
çıxır. Yəni informasiya cəmiyyətində
yaşayıb fəaliyyət göstərmək, bu cəmiyyətin
tamhüquqlu üzvü olmaq, yeni keyfiyyətli vətəndaşına
çevrilmək üçün insanlardan yeni bilik,
bacarıq və vərdişlər tələb olunur. Əvvəlki
cəmiyyətlərdən fərqli olaraq informasiya cəmiyyəti
daha intellektual cəmiyyətdir. Aqrar cəmiyyətdə fiziki
qüvvə, əl alətləri, sənaye cəmiyyətində
mexaniki qurğular, dəzgahlar, maşınlar əsas əmək
alətləri idi, informasiya cəmiyyətində isə
onları kompyuter, kommunikasiya sistemləri və İnternet əvəz
edir. Əvvəlki cəmiyyətlərdə insanların
fiziki imkanlarına, sosial mənsubiyyətinə görə
onlar arasında fərqlər qoyulurdu. İnformasiya cəmiyyətində
isə bütün bu məhdudiyyətlər aradan
qaldırılır.
Çünki informasiya cəmiyyətinin əsas əmək
aləti olan kompyuterdə fiziki imkanlarından, sosial mənsubiyyətindən
asılı olmadan hər bir kəsin işləyə bilməsi
üçün texniki imkanlar yaranacaqdır. İnformasiya cəmiyyətində
hər bir kəs informasiya və bilik yaratmaq, onlardan maneəsiz
istifadə etmək, onları mübadilə etmək, yaymaq
imkanına malik olacaqdır. Yalnız informasiya cəmiyyəti
fiziki imkanlarından asılı olmayaraq hər bir kəsin əsas
hüquq və azadlıqlarını təmin etmək
iqtidarındadır.
- Bu işdə təhsil
sisteminin üzərinə hansı məsuliyyət
düşür?
- Bütün bunlara nail olmaq
üçün təhsil sisteminin üzərinə
böyük məsuliyyət düşür. Müasir təhsil
sisteminin qarşısında insanlarda informasiya mədəniyyətini
formalaşdırmaq və inkişaf etdirmək, elektron vətəndaş
yetişdirmək kimi mühüm vəzifə dayanır.
Yalnız elektron vətəndaş ozünü informasiya cəmiyyətinin
tamhüquqlu üzvü kimi hiss edə, elektron hökumətlə
səmərəli surətdə qarşılıqlı əlaqədə
ola bilər. Bütün bunları nəzərə alan
dünyanın sivil dövlətləri qarşılarına vətəndaşlarını
informasiya cəmiyyətinə hazırlamaq, elektron vətəndaş
formalaşdırmaq məqsədi qoyublar. Çünki elektron
hökumət şəraitində dövlət hər bir sahədə
öz vətəndaşları ilə münasibət
qurmalıdır. Hakimiyyətlə vətəndaşlar
arasında artıq yeni virtual mühit formalaşır. Yəni
vətəndaş veb saytlara müraciət edir, məlumat
alır və məlumat verir. Yeni reallıq ortaya
çıxır. Dilindən, dinindən, irqindən, sosial mənsubiyyətindən,
yaşından, cinsindən, fiziki vəziyyətindən
asılı olmayaraq insanlar kompyuter ilə
qarşılıqlı əlaqədə olmalıdır.
Hazırda ölkəmizdə də informasiya cəmiyyətinin
qurulması çərçivəsində insanların bu cəmiyyətə
hazırlanması əsas məsələlər
sırasındadır. Bu məsələnin həlli istiqamətində
bir sıra mühüm işlər görülür. O
cümlədən kompyuterləşmənin intensivləşdirilməsi,
İnternetin infrastrukturunun yaradılması, inkişaf etdirilməsi,
digər tərəfdən, elektron ATS-lərin qurulması, Azərbaycanın
bütün ərazisinin bu rabitə infrastrukturu vasitəsilə
əhatə olunması istiqamətində tədbirlər həyata
keçirilir. Şimali Amerikada və Avropada əmək
bazarının vəziyyətini xarakterizə edən son
proqnozlara görə, yaxın zamanlarda İKT mütəxəssislərinə
tələbat daha yüksək olacaq. Ona görə də tərəqqipərvər
dövlətlər öz təhsil sistemlərində, insan
resurslarının hazırlanması üzrə siyasətlərində
İKT-yə prioritet sahə kimi xüsusi diqqət yetirirlər.
- “Elektron Azərbaycan”
Dövlət Proqramının icrası üçün kadr
potensialı yetərlidirmi?
- Bu sahədə mütəxəssislərin
hazırlanması məsələsi də bu gün prioritet məsələlər
sırasındadır. İnformasiya cəmiyyətinin kadr
bazasının tələbatını müəyyənləşdirmək,
monitorinqini aparmaq və problemləri müəyyənləşdirərək
həlli yollarını tapmaq məqsədi ilə biliklər
iqtisadiyyatının, yeni intellektual iqtisadiyyatın
formalaşdırılması sahəsində xüsusi
kadrların hazırlanması nəzərdə tutulub. Belə
ki, ölkəmizdə informasiya cəmiyyəti quruculuğu
prosesində texnoloji, iqtisadi, siyasi, hüquqi və digər problemlərin
həll olunmasında kadr çatışmazlığı nəzərə
çarpır. Prezident İlham
Əliyev məhz bu faktoru əsas götürərək “Azərbaycan
gənclərinin xaricdə təhsil alması haqqında”
Dövlət Proqramını qəbul etmiş və
respublikada informasiya cəmiyyətinin kadrlarla təmin
olunmasına şərait yaratmışdır. Müvafiq
Dövlət Proqramına uyğun olaraq azərbaycanlı gənclər
dünyanın qabaqcıl ali təhsil ocaqlarında müasir
İKT sahəsi üzrə yüksək ixtisaslara yiyələnərək,
yaxın gələcəkdə ölkəmizdəki informasiya
cəmiyyəti quruculuğu prosesində fəal iştirak etmək
imkanı qazanacaqlar. Azərbaycanda İKT üzrə
kadrların hazırlanmasında, informasiya cəmiyyətinin vətəndaşlarının
yetişdirilməsində AMEA İnformasiya Texnologiyaları
İnstitutu da yaxından iştirak edərək bu işə
öz töhfəsini verməkdədir. Bundan başqa, AMEA
İnformasiya Texnologiyaları İnstitutu innovativ təşəbbüs
irəli sürüb. Bu təşəbbüsə əsasən,
2008-ci ildən başlayaraq, AMEA İnformasiya Texnologiyaları
İnstitutu və Bakı Dövlət Universitetinin
“Jurnalistika” fakültəsi tərəfindən bu fakültənin
tələbələrinə “İnformasiya cəmiyyətinin əsasları”
fənni tədris edilir. Azərbaycanın təhsil sistemində
ilk dəfə tədris olunan bu kursun birinci dinləyiciləri
kimi gələcək jurnalistlərin seçilməsi təsadüfi
deyildir. Belə ki, digər peşə sahiblərindən fərqli
olaraq, jurnalistlər ideologiyanı mənimsəməklə
kifayətlənmir, onun fəal təbliğatçısına
çevrilirlər. Azərbaycanda aparılan təhsil siyasəti,
informasiya cəmiyyətinin qurulması istiqamətində həyata
keçirilən dövlət proqramları artıq öz
müsbət nəticəsini verməkdədir. Bütün bu
tədbirlər ölkəmizdə perspektivli İKT
kadrlarının hazırlanmasının əsasını təşkil
edir. Müvafiq kadrlar yaxın gələcəkdə ölkəmizin
sosial-iqtisadi inkişafında, informasiya cəmiyyəti
quruculuğunda mühüm rol oynayacaqlar.
- Hazırda sizin institutda
çalışan əməkdaşlar üçün
hansı şərait yaradılıb?
- İnstitutda 250-yə
yaxın əməkdaş çalışır.
İnstitutun əsas fəaliyyət istiqamətləri elmi-tədqiqat,
tədris fəaliyyəti, internet xidmətləri, veb
saytların formalaşdırılması, multimediya
texnologiyaları, kompyuter xidmətlərindən ibarətdir.
Bizim institutda həm elmi fəaliyyət, həm də onun tətbiqi
üçün imkanlar var. İKT struktur və mahiyyət
baxımından digər elmi tədqiqat qurumlarından fərqlənir.
İlk növbədə, qarşımıza qoyulan problemlərə
məsuliyyətlə yanaşırıq. Elmi fəaliyyətin
özünün əsas hədəfi olmalıdır. O hədəf
müəyyən olmasa, heç nəyə nail olmaq olmaz. İnstitutda bütün əməkdaşların
gördüyü işlərin
mükafatlandırılması sistemi mövcuddur. Bizim
institutda əldə olunmuş biliklərin, insanların
qabiliyyətlərinin kommersiya əsasları ilə
reallaşdırılması, cəmiyyətə xeyir verməsi, mütəxəssislərin biliklərinin
reallaşdırılması üçün hər cür
şərait yaradılıb. İnsanların iqtisadi gəlirləri
onların intellektual əməyi sayəsində
qazanılır. Bunun vasitəsilə əmtəə, istehsal
və təkrar istehsal yaradılır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illər
ərzində elmin inkişafına dair Milli Strategiya”nın əsas
hədəflərindən biri də məhz ölkəmizdə
biliklər iqtisadiyyatını formalaşdırmaqdan ibarətdir.
Bu gün həll edilməli olan əsas məsələlərdən
biri alimin iqtisadi cəhətdən təminatı, onun biliyinin
əmtəələşdirilməsi məsələsidir.
Bunun üçün də əsas məqsədlərdən
biri əldə edilən elmi məhsulları, nailiyyətləri
maraqlı tərəflərə lazımı şəkildə təqdim etməkdən ibarətdir.
Bu da innovativ fəaliyyətin istiqamətlərindən biridir.
Rəqabətli mühitdə əldə edilən nailiyyətlər,
məhsullar haqqında bazarı məlumatlandırmaq
lazımdır ki, potensial müştəriləri cəlb etmək,
müvafiq bazarı formalaşdırmaq mümkün olsun.
- İKT-nin tətbiqində
dünya ölkələrindən geridə
qaldığımız məqamlar varmı?
- Bu sahədə mütləq
olaraq hansısa bir dövlət irəlidə deyil. Dünyada
bu proses 2000-ci ilin başlanğıcından etibarən fəal
şəkildə həyata keçirilməyə
başlanıb. O cümlədən Azərbaycanda da bu proseslərə
son illərdə start verilib. BMT dünya ölkələrində
informasiya cəmiyyətinin qurulması ilə bağlı
müəyyən qərarlar qəbul edib, ölkələr
qarşısında müəyyən öhdəliklər
qoyub. Azərbaycan da bu ideologiyaları qəbul edib və bu sahədə
inkişaf gedir. Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində
əldə olunan nailiyyətlər eyni zamanda, İKT-yə də
aiddir. Azərbaycanın inkişaf tempi dünyanın
bütün monitorinq qrupları tərəfindən yüksək
qiymətləndirilir. Biz mövqeyimizi böyük sürətlə
yaxşılaşdırırıq. Ölkəmiz nəinki
öz daxilində bu işlərlə məşğuldur, eyni
zamanda, regional layihələrin təşəbbüskarıdır.
Məsələn, yaxın illərdə Azərbaycanın Yer
ətrafı orbitdə öz süni peyki olacaq. Kosmik sənayenin
inkişafı ölkənin yeni imkanlar əsasında tərəqqisinə
və idarə olunmasına şərait yaradacaq. Biz Qərbə
çox yüksək sürətli informasiya kanalları ilə
çıxmalıyıq. Bu, tək bizim deyil, bütün
Şərq ölkələrinin istəyidir. Ona görə də
Malayziyadan başlayaraq, Qərb ölkələrinə qədər
super-informasiya magistralının çəkilişi məsələsi
ilə bağlı müzakirələr gedir. Bu, Azərbaycan
Prezidentinin təşəbbüsüdür və BMT tərəfindən
buna dəstək verilir. Bütün bunlar Azərbaycanın həm
regionda aparıcı bir dövlətə, həm də Qərblə
Şərq arasındakı super-informasiya magistralının
tranzit dövlətinə çevrilməsinə gətirib
çıxaracaq.
Məhərrəmova Təranə
Kaspi. -2010. -23 fevral. - S.8.