Ölkə turizmini gəlirli sahəyə necə çevirməli? 

 

Azərbaycan dünya bazarına rəqabətqabiliyyətli turizm məhsulu təqdim edə bilər... Mövcud potensialımız buna əsas verir.

 

Gərgin günlərindən sonra istirahət hər kəsin ürəyincədir. Amma bu gün çoxumuz bu istəyimizi gerçəkləşdirməkdən kənarda qalmışıq. Öz ölkəmizdə istirahət edə bilməməyimizin səbəbləri isə bəllidir. Buna mane olan əsas amil ölkə əhalisinin aldığı məvaciblərlə uyğunlaşmayan turizm xidmətləridir. Bəs xarici turistlər Azərbaycanda bizim yararlana bilmədiyimiz xidmətlərdən istifadəyə nə qədər meyl edir?

 

1 turist = 1000 ABŞ dolları

 

Azərbaycan Turizm İnstitutunun (ATU) kafedra müdiri, dosent Bahadur Bilalov deyir ki, ölkəyə daha çox turist axını yay mövsümündə müşahidə edilir. Bir turistin Azərbaycan büdcəsinə verə biləcəyi səmərə isə dəqiq bəlli deyil: "Ümumdünya Ticarət Təşkilatının hesablamalarına görə, gəlmə turistlər orta hesabla 1000 ABŞ dolları vəsait xərcləyirlər. Bu zaman təkcə oteldə qalma haqları deyil, turistin ölkədə olarkən xərclədiyi bütün vəsait-suvenirlər, sənaye və ərzaq malları alınması, nəqliyyatdan istifadə, əyləncə və s. nəzərə alınır. Bu, Satellit hesablama adlanır. Təəssüf ki, ölkəmizdə belə hesablanma aparılmır. Amma beynəlxalq təcrübəyə əsasən deyə bilərik ki, gələn turistlərin hər biri orta hesabla 1000 ABŞ dollar pul xərcləyir".

"Turizm.az" kompaniyasının rəhbəri Murad Kərəmov da Azərbaycana əsasən MDB ölkələrindən və qonşu İrandan daha çox turist gəldiyini deyir: "İlin yay mövsümündə-iyun, iyul, avqust aylarında turistlərin gəlişi daha çox müşahidə olunur. Bundan başqa, yaz tətilində İrandan Novruz bayramı ərəfəsində gələn turistlər çox olur". Gələnlərin xərclədiklərini isə müəyyənləşdirmək qeyri-mümkündür: "Bunu demək çətindir. Çünki işgüzar məqsədlə Azərbaycana səfər edən turistlər üçün şirkətimiz maksimum otel rezervasiyası və aeroport transferi xidmətlərinin satışını edə bilir. Bu növ turistlər əlavə xidmətlərdən çox nadir hallarda istifadə edir".

 

Bələdçilər qəhətə çıxıb

 

Amma hər şey turistin ölkədə nə qədər xərcləyəcəyi ilə deyil, turistin olduğu ölkədən hansı təəssüratlarla ayrılması ilə ölçülür. Bu təəssüratların yaranmasında isə ilk rolu ölkənin mədəni irsi, iqtisadiyyatı və tarixinin təbliği işinə cavabdeh olan ekskursiya rəhbəri oynayır. Turizm mütəxəssisləri hesab edirlər ki, bu məqsədlə lazımi səviyyədə tərtib olunmayan mətnlərdə əksər hallarda ölkə tarixi təhrif olunur. Kafedra müdiri də təsdiqləyir ki, hazırda Azərbaycan turizminin ən böyük problemi peşəkar bələdçilərin-ekskursiya rəhbərlərinin və bələdçi tərcüməçilərin çatışmazlığıdır: "Bunun nəticəsidir ki, hər hansı bir dil bildiyinə görə təcrübəsiz adamlar turistlərlə işləməyə cəlb ediliriər. Bu isə haqlı olaraq gələn turistlərin narazılığına səbəb olur. Nəinki ölkə tarixi, ölkədə gedən iqtisadi-siyasi proseslərdən də xəbərləri olmadığından turistlər tərəfindən verilən sualları cavablandırmaqda aciz qalırlar. Mütəxəssislər yaxşı bilirlər ki, turizmdə "ekskursiya rəhbərinin çantası" anlamı var". Yəni marşrut və gediləcək bütün obyektlər haqqında həmin çantada məlumatlar olmalıdır: "Sovetlər birliyi zamanı mətnlər Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən hazırlanırdı. Fikrimcə, bu çox ciddi bir məsələ olduğundan Mədəniyyət və Turizm Nazirliyi alimlərdən ibarət bir komissiya yaratmalı, mövcud marşrutlar üzrə ekskursiya mətnləri hazırlanmalıdır. Ölkədə bələdçi və bələdçi-tərcüməçilərin akkreditasiya keçirilməlidir. Akkreditasiyadan keçənlərə xüsusi vəsiqə təqdim edilməlidir". Bundan sonra isə turist qrupuna vəsiqəsi olmadan ekskursiya xidmətinin göstərilməsi qadağan edilməlidir: "Qadağanı pozanlar ciddi cəzalandırılmalıdır. Bu üsul Ukraynada hələ ötən əsrin 90-cı illərindən tətbiq edilir".

"Turizm.az" rəhbəri də şirkətin hal-hazırda bu sahədə çox problemlərlə üzləşdiyini deyir: "Cəmi Azərbaycanda hal-hazırda bu sahədə normal işləyən maksimum 10-15 nəfər olar, ya olmaz. övbəti mövsümdə Azərbaycan Turizm İnstitutundan 30 nəfərə yaxın tələbə seçib bu sahə üzrə ixtisaslaşdırmaq fikrindəyik. Ekskursiya rəhbərləri kimi biz əsasən Turizm İnformasiya Mərkəzinin tur rəhbərlərindən istifadə edirik. Mətnləri isə onlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən mənbələrdən götürüblər".

 

Əvvəl evin içi...

 

Turizm sektorunun problemləri bununla da bitmir. B.Bilalovun sözlərinə görə, otel mehmanxanalarda xidmət ürəkaçan deyil: "Bir neçə mehmanxananı çıxmaqla, demək olar ki, xidmətlər dünya standartlarından xeyli geridədir. Ölkəmizdə mehmanxana qiymətləri ilə xidmət səviyyəsi tərs mütanasibdir. Qiymətlər həddindən artıq baha, xidmət keyfiyyəti isə həddindən artıq aşağıdır".

Bakıda fəaliyyət göstərən müasir tələblərə cavab verən otellərin azlığı, xüsusən 2 3 ulduzlu otellərə ehtiyac məsələsi hələki həllini tapmayıb. Kafedra müdiri deyir ki, əslində, bu məsələdə bələdiyyələr fəallıq göstərməli, öz ərazilərində belə mehmanxanaların tikilməsində maraqlı olmalıdırlar: "Torpaq satmaqla məşğul olmaqdansa, mehmanxana inşa edib daimi gəlir əldə etmək daha faydalı olar. Bir ki, əsas məsələ mehmanxanaların 2-3 ulduzlu olmasında deyil, onların ucuz qiymətə yüksək keyfiyyətli xidmət göstərməsindədir. Mehmanxanalarda olduğu kimi, turizm sektorunun digər sahələrində xidmətlərin səviyyəsi qənaətbəxş deyil. Xeyli vaxtdır ki, bəzi ali məktəblərimizdə turizm sektoru üçün kadr hazırlığı aparılır". 2006-cı ildən bu işə Azərbaycan Turizm İnstitutu da qoşulub: "Mənim fikrimcə, turizm sektorunun ehtiyacları nəzərə alaraq Peşə Texniki məktəblərin sayı artırılmalıdır. Yəni barmen, ofisiant bu kimi işlərdə çalışmaq üçün bakalavr dərəcəsi almağa ehtiyac yoxdur. Məsələnin çətinliyi ondan ibarətdir ki, xidmət personalı hazırlayacaq kadrlarımız çatışmır. Təcili olaraq bu məsələ həllini tapmalıdır".

İnstitut rəsmisi hesab edir ki, daxili xarici turizmin inkişafına mane olan əsas problem Azərbaycanda təqdim edilən turizm məhsularının hədsiz baha olmasıdır. Turizm məhsulunu təşkil edən xidmətlərin (mehmanxana, nəqliyyat qidalanma, bələdçi) həddindən baha olması ümumi turizm məhsulunun bahalanması ilə nəticələnir: "Bu səbəbdən , ölkəmizə səfər etməyə marağı olan potensial turistlər qiymətlərin ucuz olduğu qonşu ölkələri seçirlər. Maraqlıdır ki, nefti olmayan qonşu ölkələrdə xaricə uçan təyyarə biletlərinin bizim ölkədən ucuz olmasının səbəbini "AZAL" rəhbərliyi şərh edə bilərmi?"

M.Kərəmov ölkənin turizm sahəsində problemlərin mövcudluğunu deyir: "Sadəcə qisaca deyə bilərəm ki, gəlmə turizm-incoming üçün Azərbaycan hələ hazır deyil. Mən deyərdim ki, hələ gəlmə turizm yox, daxili turizm üzərində çox işləmək lazımdır. Hələ ki, öz vətəndaşlarımızın tələbinə yetərincə cavab verə bilmirik".

 

Problem var, həlli yolunu göstərin...

 

Amma vəziyyətdən çıxış yolları da var. "Fikrimcə, mədəniyyət turizm nazirinin başçılığı ilə əlaqədar nazirlik, komitə təşkilatların ikinci şəxslərinin, turizm mütəxəssislərinin daxil olduğu Turizm Şurası formalaşdırılmalıdır"- deyən kafedra müdiri hesab edir ki, şuranın toplantılarında turizmin inkişafına səbəb ola biləcək məsələlər operativ həll edilməlidir. Bundan başqa, turizm sektorunda çalışacaq aşağı orta pillə mütəxəssislərinin hazırlanması sürətləndirilməlidir. Təcili olaraq kadr hazırlığı ilə məşğul olacaq mütəxəssislərin hazırlanması, xarici ölkələrdə ixtisasartırma kurslarından keçməsi məsələsi həll edilməlidir. Ölkədəki avtomobil yollarında göstərici nişanların quraşdırılması həll edilməli, magistral yolların kənarlarında ət satışına qadağa qoyulmalı, yol kənarlarında sanitariya qovşaqları tikilməlidir.

B.Bilalov ümumilikdə dünya üzrə turizm sektorunun rentabelli fəaliyyət hesab edildiyini bildirir: "Mütəxəssislərin hesablamalarına görə, 1998-ci ildən dünya turizm sənayesi öz inkişaf tempinə gəlirliliyinə görə bütün biznes sahələrini üstələyir. Bu baxımdan, ölkə turizmini rentabelli hesab etmək olar. Amma bu sahədə inhisarlaşmaya imkan verilməməlidir. Çox təəssüf ki, son dövrdə Azərbaycanın turizm sektorunda inhisarlaşma meyili güclənib".

M.Kərəmov da turizmin inkişafına əngəl olan problemlərin aradan qaldırılmasını vacib sayır: "Aviadaşımalar sahəsində qapımız bütün aviaşirkətlərə açıq olmalıdır ki, Azərbaycana Azərbaycandan çarter uçuşları şərtləri yüngülləşsin. Ölkəyə giriş vizasının əldə olunması yüngülləşdirilməlidir. Məsələn Dubay. Vizanı biz heç bir maneə olmadan elektron formada alırıq. Dünya şöhrətli otel şəbəkələrinə Bakı digər şəhərlərimizin qapıları açılmalıdır ki, rəqabət şəraiti formalaşsın qiymət obyektiv yol ilə tənzimlənsin. Ancaq bu şərtlər təmin olunarsa, Azərbaycan bir turizm məhsulu kimi dünya bazarında rəqabətqabiliyyətli ola bilər. Ölkənin buna çox böyük potensialı da var".

Problemlərin həlli və icrasının gecikməsi isə özünü çox gözlətməyəcək. Bizi qiymətləri və xidmətləri ilə ürküdən yerli turizmin xarici qonaqların da azlığından əziyyət çəkməsi qaçılmaz olacaq.

 

 

İsabalayeva Həqiqət

 

Kaspi. -2010. – 24 fevral. – S.9.