Azərbaycan təhsili dünya təhsil sisteminə necə inteqrasiyasiya edir? 

 

Azərbaycan təhsilinin beynəlxalq miqyasda ciddi uğurlar əldə etdiyini də qeyd edən ekspertlərin fikrincə, gənclərimizin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirir

 

Qloballaşan dünyada ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə ölçülür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu isə elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən, onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Mövcud intellektual potensialın zənginləşdirilməsi Azərbaycanda da aktuallığını saxlayır. Məhz bu səbəbdən 2005-ci ilin mayından Azərbaycan Vahid Avropa Ali Təhsil Məkanının yaradılmasını nəzərdə tutan Boloniya prosesinə qoşulub. Bu, Azərbaycanın təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha səmərəli inteqrasiyasına geniş imkanlar yaradır. Boloniya prosesi çərçivəsində 2010-cu ilədək regionda Vahid Ali Təhsil Məkanının yaradılması prosesinin başa çatdırılmasının planlaşdırıldığını nəzərə alsaq, qarşıdakı müddətdə ölkədə ali təhsil sahəsində fundamental dəyişikliklərin aparılması zərurəti yaranır.

 

ALİ TƏHSİL SİSTEMİNİN XARİCİ VƏTƏNDAŞLAR ÜÇÜN CƏLBEDİCİLİYİ ARTACAQ

 

Avropanın 45 ölkəsini əhatə edən Boloniya prosesinin hazırda Azərbaycanın ali təhsil sistemində də tətbiqi ilə bağlı ciddi addımlar atılır. Hazırda ölkənin bir çox ali təhsil müəssisəsində, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetində kredit sisteminin tətbiqi həyata keçirilir. Bəs proses respublikanın ali təhsilinə nə verəcək? Təhsil naziri Misir Mərdanov hesab edir ki, ilk növbədə təhsilin məzmunu aparıcı ölkələrin universitetlərinin tələblərinə uyğunlaşdırılacaq, xarici ölkə mütəxəssis və alimlərinin respublikanın ali məktəblərinə cəlb olunma imkanları genişlənəcək. Bundan başqa, hər bir tələbə üçün fərdi təhsil trayektoriyası müəyyənləşdirilməklə ali təhsilin demokratikləşdirilməsinə nail olunacaq. Tələbə və müəllimlərin mobilliyi təmin ediləcək, ölkənin ali təhsil sistemi xarici ölkə vətəndaşları üçün daha cəlbedici olacaq. Nazirin fikrincə, ali məktəblərimizin diplomları Avropa ali məktəblərinin diplomlarına uyğunlaşacaq, beynəlxalq tələblərə müvafiq meyarlar müəyyənləşdirilməklə ali təhsilin keyfiyyəti yüksələcək, respublikada hazırlanan mütəxəssislər beynəlxalq aləmdə rəqabətə davamlı olacaq. Bu sistemə keçidlə hər bir tələbə ayrı-ayrı fənlərdən ali məktəbin imkanları daxilində müəllimi seçmək hüququna malik olur. Bu da müəllim-tələbə münasibətlərinin daha səmərəli qurulmasına xidmət etməklə bu günədək mövcud olan neqativ halların qarşısını ala bilər.

 

SİSTEMƏ KEÇİD ÇƏTİNLİKLƏR DƏ YARADIR

 

Amma bütün bu üstünlüklərə baxmayaraq, təhsil naziri ali məktəblərdə kredit sisteminə keçidlə bağlı çox ciddi çətinliklərlə üzləşdiklərini bildirib. Eksperimentlər zamanı rast gəlinən ən ciddi problem isə ali məktəb tələbələrinin, müəllimlərin və valideynlərin geniş maarifləndirilməsi, bu işə hazırlanması işinin təşkili ilə bağlı olub. Digər çətinliklər isə eksperiment aparılan istiqamətlər üzrə dövlət təhsil standartlarının və buna müvafiq tədris planlarının kredit vahidləri əsasında yenidən hazırlanması, müəllimlərin dərs yükünün kredit vahidlərinə uyğun müəyyənləşdirilməsi, eksperiment aparılan müddətdə tədris prosesini təmin edən normativ sənədlərin hazırlanması və tətbiqi ilə bağlı idi. Məhz həmin vəzifələrin yerinə yetirilməsi, ali məktəblərimizdə kredit sisteminin tətbiqi ilə bağlı vahid qaydaların hazırlanması və buna müvafiq normativ sənədlərin işlənməsi məqsədilə Təhsil Nazirliyində ali məktəb mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb. İşçi qrup tərəfindən kredit sisteminin tətbiqi üzrə bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib. Eləcə də "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə" hazırlanıb və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. Bu əsasnaməyə müvafiq olaraq isə ali məktəblərin profilinə uyğun əsasnamə, tədris planı, müəllimlərin işçi tədris planları, tələbələrin fərdi və işçi tədris planları hazırlanıb təsdiq olunub.

 

BOLONİYA PROSESİNİN TƏTBİQİ İLƏ BAĞLI BİRMƏNALI FİKİR FORMALAŞMAYIB

 

 Boloniya prosesinin tətbiqini zəruri edən amillərlə yanaşı, bu gün adıçəkilən sistemin təhsilin keyfiyyətinə edəcəyi təsirə inam göstərməyənlər də az deyil. Təhsil naziri də narahatlıqla etiraf edir ki, Azərbaycanın ali məktəblərində Boloniya prosesinin tətbiqi ilə bağlı birmənalı fikir formalaşdıra bilməyiblər. "Məcbur deyil ki, bütün ölkələr Boloniya prosesinə qoşulsun. Bu, könüllü xarakter daşıyır. Amma Azərbaycanın Boloniya prosesinə qoşulmasına nazir artıq imza atıb" - deyən Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Abdulla Mehrabov hesab edir ki, Boloniya prosesi Azərbaycan üçün Avropa təhsil məkanına geniş yol açır. Boloniya prosesinin əsas məsələlərindən birinin ikisəviyyəli kadr hazırlığı - bakalavriat və magistratura olduğunu vurğulayan direktorun sözlərinə görə, digər məsələ kredit sistemi ilə təhsilin təşkil olunmasıdır: "Kredit sisteminin çoxlu üstünlükləri var. Yəni şagirdə və ya tələbəyə çox geniş hüquqlar verir. Belə ki, tələbə öyrəndiyi fənnin kreditini toplamaq imkanı əldə edir. Məcburi deyil ki, məsələn, ayın 5-də fizikadan imtahandır və o da imtahanda iştirak etsin. Əgər hazır deyilsə, tələbə imtahanda iştirak etməyə bilər. Yəni o, yalnız hazır olduğu vaxt imtahanda iştirak etməlidir. Hazırda bakalavriat 4 ildir, amma kredit sisteminə keçəndə qabiliyyətli tələbə onu 3 il müddətinə də verə bilər. Yəni 3 il müddətinə də həmin müəyyənləşdirilmiş məcburi krediti toplaya bilər". Tələbə imtahanı verə bilməzsə, onun yenidən həmin imtahanı vermək üçün vaxt qazandığını vurğulayan TPİ direktoru qeyd edib ki, tədris planının quruluşuna görə, hər tələbəyə semestrin başlanğıcında tədris planı verilir. Yəni bu tələbə birinci və ya ikinci semestrdə hansı fənlərdən kredit toplaya bilər? Seçim isə tələbənin öz üzərinə düşür. Tələbə hansı fəndən hazırdırsa, o fənndən də imtahan verə bilir.

 

HUMANIZM PRİNSİPİNİ REALLAŞDIRAN SİSTEM

 

 "Əgər tələbə bir fəndən həmin krediti yığa bilmədisə, o, yenidən özünün seçimi əsasında həmin fənnin mühazirələrində iştirak edə bilər" - deyən qurum rəhbərinin sözlərinə görə, Boloniyanın üstünlüklərindən biri də sinifdən-sinfə keçmə məsələsinin olmamasıdır. Semestr imtahanını verə bilməyən tələbə isə institutdan xaric edilmir: "Yəni sənin o təhsildə mobilliyin geniş tətbiq olunur. İkincisi, şagirdə, tələbəyə böyük üstünlüklər verilməklə onun şəxsiyyət kimi formalaşmasında, aldığı sənədin tanınmasında çox geniş imkanlar açır. Arzu edirəm ki, Azərbaycanda tezliklə bu proses bütün ali təhsil müəssisələrində bütün ixtisaslar üzrə həyata keçsin. Müasir tələblərə cavab verən təhsil sistemində humanizm deyilən prinsip var. Kredit sistemi o prinsipin həyata keçməsinə imkan yaradan sistemdir".

Boloniya prosesinə qoşulmaqla təhsilin keyfiyyətinin yüksəlməsinə gəlincə, A.Mehrabov təhsilin keyfiyyətinə çoxlu faktorların təsir etdiyini deyib. Bu faktorlardan biri də bilik və bacarıqların qiymətləndirilməsi ilə bağlıdır. "Boloniya sisteminin əsas məqsədlərindən biri bilik və bacarıqların qiymətləndirilməsinə yeni yanaşmanın irəli sürülməsidir" - deyən qurum rəhbərinin fikrincə, burada tədris prosesinin düzgün qurulması da əsas yer tutur. Belə ki, tədris prosesində əyani vəsaitlərdən istifadə edilməsi təhsilin keyfiyyətinə təsir göstərə bilir. Təhsil müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi, müasir tələblərə cavab verməsi də təhsilin keyfiyyətinin yüksəlməsinə cavab verir. Eləcə də humanizm prinsiplərindən geniş istifadə, müəllimin səriştəlik səviyyəsi də təhsilin keyfiyyət göstəricilərini yüksəltmək istiqamətində tətbiq olunan əsas faktorlardır.

 

SİSTEMİN NÜANSLARINDAN BAŞ ÇIXARANLAR AZDIR

 

Azərbaycanın əməkdar müəllimi, təhsil üzrə ekspert Asif Cahangirovun sözlərinə görə, əksər ölkələr Boloniya prosesi çərçivəsində formalaşmış ideyaları artıq özlərinin milli qanunlarında əks etdiriblər: "Ali təhsili bitirmək haqqında milli diplomlarımız hətta qonşu ölkələrdə belə tanınmırdı. Bütün bu problemlər təhsil sahəsində avrointeqrasiya istiqamətində səylərin güclənməsinə gətirib çıxardı. Boloniya prosesinin əsas qaydaları Avropanın müxtəlif ölkələrində onilliklər boyu toplanan təcrübəyə əsaslanıb. Bu gün isə reallıq belədir ki, yalnız Təhsil Nazirliyinin işçiləri, müəllimlərin müəyyən hissəsi və ali məktəblərin rəhbər heyəti bu sistemin nüanslarından baş çıxarır. Kredit sistemi ölkənin ali məktəbində qəbul edilib, bu il isə bütün ali məktəbləri əhatə etməlidir".

Azərbaycan təhsilinin beynəlxalq miqyasda ciddi uğurlar əldə etdiyini də qeyd edən ekspertin fikrincə, gənclərimizin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirir: "Tanınmış xarici universitetlərdə azərbaycanlı gənclərin təhsil alması demokratiya yolunda mühüm islahatın başlanması kimi xarakterizə edilməlidir. Xaricdə təhsil alan tələbələr, onların valideynlərinin kimliyi barədə Təhsil Nazirliyinin saytında məlumatların yerləşdirilməsi də müsbət addımdır".

 

"BOLONIİYA PROSESİNƏ QOŞULMUŞUQ, LAKİN SÜRƏTİMİZ MƏNİ QANE ETMİR"

 

 "Avropada Boloniya prosesi və onun Azərbaycanda perspektivləri" kitabının müəllifi, tarixçi-alim İbrahim Əliyev hesab edir ki, Azərbaycan təhsil sistemində bir çox problemlər mövcuddur. Onun qənaətincə, tədris proqramları dəyişdirilməli, operativ, çevik bir proqram sistemi olmalıdır: "Bu prosesə qoşulmaq uzun bir fəaliyyətin nəticəsidir. 1991-ci ildə müstəqillik qazanandan sonra bizim təhsil sahəsində qlobal dəyişikliklər baş verdi. Azərbaycan düzgün olaraq Avropaya meyl götürdü, inteqrasiya xəttini tutdu. Düşünürəm ki, təhsil sahəsində Avropanın təcrübəsindən bəhrələnmək vacibdir. Amma Boloniya prosesi başqa mühitdə ortaya gətirilmiş bir təcrübədir. Onun mexaniki şəkildə Azərbaycana tətbiq edilməsi çox çətindir. Çünki bizim özümüzün tədris ənənələri var".

Tarixçi-alim təkliflərini də irəli sürür: "Nələri düzəltmək lazımdır ki, bu prosesin Azərbaycanda tətbiqini sürətləndirək? Biz Boloniya prosesinə qoşulmuşuq, lakin sürətimiz məni qane etmir. Bizə bu prosesə qoşulmaq hüququ verilib, amma təhsildəki problemlərimizi həll etmədən, onlarla yanaşı addımlaya biləcəyikmi?"

 

TƏHSİLİN DİQTƏ EDƏNİ MÜƏLLİM DEYİL, ONUN MÜŞTƏRİSİDİR

 

İ.Əliyev hesab edir ki, ən əsası, təhsilin fəlsəfəsi dəyişməlidir: "Boloniya prosesi sadəcə bir model deyil ki, onu gətirib Azərbaycanda tətbiq edəsən. Əgər əvvəllər təhsilin diqtə edənləri müəllimlər, yüksək inzibati strukturlar idisə, Avropa təhsil sisteminin əsasını tələbə yönümlü təhsilin tətbiq edilməsi təşkil edir. İndi təhsilin diqtə edəni müəllim deyil, onun müştərisidir. Müştəri isə tələbədir. O necə diqtə edirsə, elə də olacaq. Tələbənin diqtəsi ixtisas almaq və əmək bazarında öz yerini tutmaq, karyera qurmaqdır". Tarixçi-alim Boloniya prosesində təhsilin fasiləsizliyini də önə çəkib: "Burada tələbə 4 il deyil, 8-9 il təhsil ala bilər".

Ümumiyyətlə, dünya təcrübəsində kredit sisteminə müxtəlif yanaşmalar mövcuddur. Ayrı-ayrı ölkələrdə təhsilin məzmunu və təşkili formalarından asılı olaraq kredit sistemi müxtəlif formalarda tətbiq olunur. Amma mütəxəssislər hesab edirlər ki, yanaşmalar müxtəlif olsa da, yeganə məqsəd ali təhsildə demokratik prinsiplərin bərqərar olması və təhsilin keyfiyyətinin yüksəldilməsidir.

 

 

Nuriyev  Azər

 

Kaspi. -2010. -25 fevral. – S.8-9.