95 ilin möcüzəsi 

 

Akademik İsmayıl İbrahimov: “Müharibədə olanda da, Kommunist Partiyasının qurultaylarında da atamın Məkkədən gətizdirdiyi "Quran" həmişə yanımda olub”

 

O, həmişə iş başındadır. Tükənməz enerji ilə çalışdığı və bütün həyatını həsr etdiyi işinə çox bağlıdır. İstirahətindən, dincliyindən kəsir, gecəsini gündüzünə qatır. Bir guşəyə çəkilməyi, rahat həyatı sevmədiyini deyir. İnsanlarla ünsiyyətdə olmağı, gözəl işlər görməyi daha üstün tutur. Ürəyinin tükənməz hərarətini həmişəki kimi adamlara, xüsusən uşaqlara verməyə tələsir. Seçdiyi yola bütün varlığıyla inanıb, elə bu inam və cəfakeşliklə də istədiyinə nail olub. Azərbaycan elminə zaman keçsə də dəyərini itirməyəcək sanballı töhvələr verib, təhsilimizə elə onun adını öz pozulmaz səhifələrində əbədiləşdirən dəyərli kitablar bəxş edib, davamçılarını yetişdirib. Həyatının mənası sayılan bu işlər onun ömrünün məğzini çox dəqiq ifadə edir.

Müsahibimiz görkəmli ictimai-siyasi xadim, Dövlət mükafatı laureatı, Sosialit Əməyi Qəhrəmanı, Respublika Uşaq Fondunun sədri, akademik İsmayıl İbrahimovdur.

- Hər bir yaş insanın özü qarşısında hesabatıdır. Hamıya örnək ola bilən uzun və mənalı bir ömür yaşamısınız. 95 yaş sizin üçün nə deməkdir?

- 95 il mənim üçün möcüzədir. Bu il dekabrın 31-də 95 yaşım tamam olacaq. Məndən sonra indiki akademiklərdən 90 yaşında olanları yoxdur. Bizim akademiklərdən Ulyanişev 96 yaşında, Qambay Əlizadə 95 yaşında dünyasını dəyişib. Üçüncüsü mənəm. Mənim həyatım çox gərgin başlayıb. Demək olar ki, 60 yaşıma çatandan sonra müstəqil yaşamağa başlamışıq. 1947-ci ildə Məryəm xanımla ailə qurmuşuq. Onunla ailə qurandan sonra 60-cı ilə qədər həyatımız çox gərgin keçib. 2 yaşımda atamı itirmişəm. Savadsız qadın olan anam iki uşaqla tək qalıb.

Qardaşım məndən 10 yaş böyük idi. O işləyib ailəmizə kömək edirdi. Sonra qardaşım Bakıya təhsil almağa getdi və bizi də öz yanına gətirdi. Tələbə qardaşımın himayəsində yaşadıq. Sənaye Texnikumuna daxil oldum. Texnikumu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna, indiki Neft Akademiyasına göndərildim. Bütün bunlar kasıb, yoxsul, ağır həyat keçirən bir gəncin həyat yolu idi. İndi həyatıma nəzər salanda görürəm ki, 95 yaşımda təminatlı həyat yaşayıram. Akademiyanın həqiqi üzvü, Prezidentin fərdi təqaüdçüsüyəm. Dövlət təqaüdü alıram. İnsani nöqteyi-nəzərdən yanaşsam, evdə otura bilərəm. Amma mən evdə oturmuram. İnformatika Problemləri İnstitutunda və Kibernetika İnstitutunda elmi məsləhətçi işləyirəm. Hər iki institutdan əmək haqqı alıram. 22 ildir ki, Respublika Uşaq Fondunun ictimai əsaslar üzrə sədriyəm. Oradan əmək haqqı almıram. Hər ay Fonda 200-300 manat pul xərcləyirəm. Ona görə 95 yaşımı çox razılıqla hiss edirəm. Bu da cəmiyyətin mənə olan diqqətidir. Məhz bu diqqətin nəticəsidir ki, bu yaşda asudə olaraq yaşayır, ailəmi saxlayıram. İki oğlum elmlər doktoru, qızım fəlsəfə doktorudur. Böyük oğlum Aydın Türkiyədə, kiçik oğlum Akif isə Amerikada professor kimi çalışır. Qızım Ləman fəlsəfə doktorudur. 5 nəvəm, 4 nəticəm var. İş də gedir, həyat da.

 

HƏYAT DƏRSLƏRİ

 

- Uzun illərin təcrübəsinə əsasən necə deyərdiniz: Həyat nədir?

- Həyatı çox gözəl keçdiyim üçün deyə bilərəm ki, həyat gözəldir. Mən sovet dövründə böyümüşəm. Kommunist Partiyasının üzvü olmuşam. 1941-ci ildə institutu qurtarıb mühəndis işləməyə başladım. Bir aydan sonra isə müharibə başladı. Neftçilərə dərs dediyim üçün məni hərbi xidmətə aparmırdılar. Yoldaşlarımın hamısının müharibəyə yollandığını görüb mən də könüllü hərbi xidmətə yollandım. Ali təhsilli olduğumuz üçün bizi hərbi akademiyalara oxumağa apardılar. Leninqradda 3 ay oxuyandan sonra kiçik leytenant rütbəsi ilə cəbhəyə yolladılar. 1945-ci ilin may ayına qədər cəbhədə olmuşam. Cəbhədə mənim üçün ağır olsa da, şanlı günlər yarandı. Döyüş şəraitində aldığım praktik biliklər avtomatika üzrə mütəxəssis kimi mənə çox kömək etdi. İlyarımlıq bir müddət ərzində taqım komandiri vəzifəsindən əlahiddə hissə-rabitə batalyonunun komandiri vəzifəsinə yüksəldim. Zabit kimi fəaliyyətimi təltif etdilər. Cəbhədə aldığım əmək haqqının bir hissəsini anama göndərirdim. Həm cəbhədə döyüşmüşəm, həm də işləmişəm. Müharibənin ağırlığını hamı kimi mən də hiss etmişəm. Bu, təbii çətinlik idi. O illər həyatımın qızıl səhifələridir. Müharibə qurtarandan sonra məni hərbi xidmətdən buraxmaq istəmirdilər. Daha bir il qalmağa məcbur oldum.

- Bəs müharibədən qayıdandan sonra nə etdiniz?

- Qayıdandan sonra mənə çoxlu vəzifələr təklif etdilər. Onların heç birini qəbul etmədim. Azərbaycan Sənaye İnstitutunda baş laborant vəzifəsində işləməyə başladım. Çətinliyim o olub ki, baş laborant işləyən vaxt Məryəm xanımla ailə qurub evlənmişəm. O, tələbə idi, pulumuz da yox idi. Ona görə deyə bilmərəm ki, bu şəraitdə biz yüngül yaşamışıq. Bu çətinlik həyat çətinliyi idi. Ancaq mənəvi çətinlik çəkməmişəm. Başqa yollarla əmək haqqı qazanmamışam. Daha sonra assistent, baş müəllim, dosent, professor - bu pillələrin hamısını keçərək kafedra müdiri olmuşam. Neftçıxarma və neft emalı, neft-kimya və kimya sənayesində, energetikada ölçmə, nəzarət və avtomatlaşdırma mənim elmi axtarış sahələrim idi. İnstitut ilk partiya komitəsi katibinin müavini, institut partiya komitəsinin katibi seçildim. 1960-cı ildə isə məni institutun rektoru təyin etdilər. Bu vəzifədə 10 il işləyəndən sonra Heydər Əliyev məni respublika Nazirlər Sovetinin sədr müavini işləməyə dəvət etdi. Bu iş ürəyimdən olmasa da, onun təklifindən imtina edə bilmədim. Respublikanın vəziyyəti mürəkkəb idi. Bu sahədə lazım olduğumu başa düşdüm. 8 il bu vəzifədə işlədim. Sonra Heydər Əliyevə müraciət etdim ki, məni bu işdən azad etsin. Yenidən instituta qayıtdım. 1978-ci ildə təzədən institutun rektoru işləməyə başladım. Bu vəzifədə yenidən 10 il işlədim. 70 yaşımda məni Sosialist Əməyi Qəhrəmanı fəxri adına təltif etdilər. Bütün sovet dövründə cəmi 7 rektora Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Onlardan biri də mən idim. Qanuna görə, yalnız 65 yaşına qədər rektor işləmək olar. Mənim isə 73 yaşım var idi. Artıq bu yaşda rektorluqdan getməliydim. Həmin vaxt Moskvada Lenin adına Uşaq Fondu yaradılırdı. Heydər Əliyev şəxsən özü həmin fondun yaradılmasında iştirak edirdi. O, Kamran Bağırova zəng vurararaq "İsmayıl İbrahimov rektorluqdan gedəcək, Uşaq Fondunun Azərbaycan şöbəsinə İsmayıl İbrahimovu sədr təyin edək" deyir. Elə o vaxtdan bu fondda işləyirəm. İndiyə qədər heç kəs mənə deməyib ki, işin pisdir.

- Uşaqlara nə kömək edə bildiniz?

- Bütün rayonlarda öz şöbələrimizi yaratdıq. Yetim, xəstə, aztəminatlı ailələrin uşaqları üçün imkanlı adamlar və təşkilatlardan vəsait toplayırıq. Biz hər il yetim uşaqlar üçün məktəbli forması, dərs vəsaiti alırıq. Xəstə uşaqlara kömək edirik. Keçən il 2000 uşağı əhatə edən uşaqlar üçün keçirdiyimiz proqram çərçivəsində 350 min manat vəsait xərcləmişik.

 

TƏLƏBƏLƏRİMLƏ FƏXR EDİRƏM

 

 - Siz rektor işlədiyiniz dövrdə dünyanın hər yerindən Neft və Kimya İnstitunda tələbələr təhsil alırdı. İndi onlar keçmiş rektorlarını yada salırlarmı?

- Bizim institutda 80 ölkədən 10 minlərlə tələbə oxuyub. İlk dəfə 1961-ci ildə xarici tələbələrin Azərbaycana gəlib təhsil alması mənim rektorluğum dövründə olub. Ondan sonra rus dilində hazırlıq fakültəsi təşkil etdik. Ümumi kontingentimiz 1200 tələbədən ibarət oldu. Onlar üçün hər cür şərait yaratmağa başladım. İndi həmin tələbələrimlə fəxr edirəm. Anqolanın prezidenti Eduardo Duş Santoş bizim institutu qurtarıb. 2006-cı ilin oktyabr ayında ona məktub yazaraq 90 illiyim münasibətilə haqqımda film çəkildiyini bildirdim. Məktubda yazdım ki, xahiş edirəm qəbul edəsiniz, mən Anqolaya gəlim, siz də həmin filmdə danışasınız. Anqolanın Bakıda səfirliyi olmadığı üçün məktubu Moskvadakı səfirliyə göndərdim. Çox keçmədi ki, Moskvadan prezidentin məni dəvət etməsi barədə məktub gəldi. Nəvəmi və filmin yaradıcı heyətindən 3 nəfəri götürüb Anqolaya getdim. Prezidentlə görüşümüz yüksək səviyyədə keçdi. Orda 61 anqolalı tələbənin bizim institutu qurtardığını öyrəndim. Həmin tələbələrlə də görüşdüm. Onlar məni çox səmimi, mehribanlıqla qəbul etdilər. Azərbaycandan çox razılıqla danışırdılar. Keçmiş məzunlar hazırda neft sənayesində işləyirlər, mühəndisdirlər. Müəllimləri, dekanları onların yadında çox yaxşı qalıb. Hər bir müəllimi ayrı-ayrılıqda soruşurdular. Bu görüş məni çox sevindirdi. Çünki bu, tarixdir. Qabaqlar tez-tez xarici ölkələrdə konqreslərə, iclaslara gedirdim. İnstitutumuzu qurtaran tələbələr dərhal mənə yaxınlaşırdılar. İndi də evdən çıxıb maşına minmək istəyəndə küçədə mənə yaxınlaşıb "Siz rektor olan vaxtda institutu qurtarmışam, siz mənim müəllimim olmusunuz"- deyirlər. Mən bununla fəxr edirəm. Bu, mənim xoşbəxtliyimdir. İnstitut rektoru işlədiyim vaxtda 34 min mühəndisin diplomuna qol çəkmişəm.

 

 

AĞSAQQAL NƏSİHƏTİ

 

- Bir ağsaqqal kimi gənclərə nə tövsiyə edərdiniz?

- Əgər torpaqlarımızı azad etmək üçün doğrudan qurban verməliyiksə, bu qurbanı vermək lazımdır. Bu gün ürəyimi yandıran ən böyük fəlakət torpaqlarımızın işğalda olmasıdır. Bunu gənclər həyata keçirməlidir. Gənclərə birinci tövsiyəm ondan ibarətdir ki, torpağı işğaldan azad etməlidirlər. İkinci tövsiyəm təhsillə bağlıdır. Dövlətimiz gənclərin təhsili üçün bütün şəraiti yaradıb. Gənclərin bu şəraitdən istifadə etməmələri günahdır.

- Osman Sarıvəllinin məşhur bir misrası var: "Kim ki, yüz il yaşaması günah onun özündədir..." Sizcə ömür insanın öz əlindədir, yoxsa Allah qismətidir?

- Mənim anamın 8 uşağı dünyaya gəlib. Onlardan birincisi və axırıncısı qalıb. 6 uşaq bir yaşa çatmamış vəfat edib. Mən ailədə səkkizinci uşaq olmuşam. Mən dünyaya gələndə atam Məkkəyə gedən adamların birindən oradan "Quran" gətirməyi xahiş edib. Atamın niyyəti bu idi ki, axırıncı uşağı sağ qalsın. Həmin "Quran"ı o vaxtdan cibimdə gəzdirirəm. Müharibədə olanda da, Kommunist Partiyasının qurultaylarında da bu "Quran" həmişə yanımda olub. Mən, Allaha inanıram.

 

 

Məhərrəmova Təranə

 

Kaspi. -2010. – 27 fevral. – 1 mart. – S.5.