«Jurnalistə ev verilməsi təcrübəsi
yoxdursa, onu biz yaradaq»
İradə Tuncay: «Jurnalist toylarda oxuyub oynamaqla pul qazana
bilmir. Biz iynə ilə gor qazırıq. Əsil
jurnalistlər Azərbaycanın ziyalı təbəqəsi
içərisində ən kasıb olanlardır»
Milli mətbuatımızın
135 illik yubileyi ərəfəsində “Həmkar”
rubrikamızın növbəti qonağı - “Ədalət”
qəzetinin baş redaktoru İradə Tuncaydır. İradə
xanım qəzetimizə müsahibəsində milli mətbuatımızın
keçmişi və bu günü haqqında
danışdı. Mətbuatımızda
yaşanan problemlərdən, jurnalistlərin sosial vəziyyətindən,
qarşıdan gözlənən ümidlərdən söhbət
açdı.
Ağır zəhmət
- Milli mətbuatımızın
135 illik yubileyinə hansı ümidlərlə gedirik?
- Əgər
söhbət konkret jurnalistlərdən gedirsə, demək
jurnalistlərin bu bayramdan umduqları nəsə var. Haqlı
ya haqsız – hamı nəsə gözləyir. Aralarında
135 illik bir tarixi içindən keçirənlər var – nələr
olub, nələr yaşamışıq və nələr
yaşayacağıq. Mətbuat
sözünün elə bir ağırlığı var ki,
bu bizim üçün ümummilli bayram olmalıdır.
Mənim şəxsi fikrim belədir ki, hər
bir bayramı məsələn, Novruz, Qurban, Ramazan
bayramlarını necə qarşılayırıqsa mətbuatın
bayramını da elə qarşılamalıyıq. Mətbuat hər zaman xalqın içinə milli, mənəvi
mühiti formalaşdıran bir məqsədlə daxil olub.
Azərbaycan mətbuatı çiynində çox
ağırlıqlar daşıyıb. Mətbuat
yarananda ölkəmiz çar Rusiyasının demək olar
ki, bir müstəmləkəsi idi. Bu
müstəmləkənin içində hətta, məktəblərdə
öz dilində danışmayan bir millət öz dilində
qəzet açırdı. Çalışırdı
ki, bu müstəmləkə mühitinin içində bir
şüur, milli mənlik formalaşdırsın. Təsəvvür edin, biz neçə ildir ki,
müstəqilliyimizə qovuşmuşuq, amma hələ də
milli mənliyin, dövlətçilik təfəkkürünün
formalaşmasının mübarizəsini apara-apara gedirik.
Bu, çox ağır yükdür. Mən elə fikirləşirəm ki, müstəqilliyə
gedən yolumuzu formalaşdıran həmişə mətbuat
olub. Ona görə də deyirəm ki, Azərbaycan
mətbuatının bayramı həm də ümummilli
bayramdır. Mən hər kəsi də mətbuatın
ağırlığını dərk etməyə
çağırıram!
- Belə bir fikir səslənir:
“Cəmiyyətin bütün sahələri cəmiyyəti əks
etdirmək baxımından onun güzgüsüdür”. Bu fikri mətbuatımıza aid etsək, real mənzərə
necədir?
- Çox xaotik,
qarışıqdır. Bir tərəfdə
işıq var, bir tərəfdə qaranlıqdır. Bu durumdan bir qədər narahatam. Hər yerindən duran qəzet aça bilir. Bu, çox qorxulu bir prosesdir və onu hər kəsin
ixtiyarına vermək olmaz. Bu proses çox böyük
nəzarət altında olmalıdır. Mən
bu prosesdən qorxuram. Ancaq son vaxtlar Mətbuat
Şurasının “reket” qəzetlərlə işi nəticəsində
bu proses bir qədər sınmağa başlayıb. Ümidvaram ki, qurum bu problemin qarşısını
alacaq. Bu gün jurnalist deyəndə
xüsusən qadınlara birtəhər baxırlar. Mən bəzən bu münasibətdən
utanıram. Amma onlar əslində bizim mətbuata
pərçim olunublar. Bu, adamda xəcalət
hissi yaradır. O günü arzulayıram ki, mətbuatdan
əxlaqsız, mənəviyyatsız adamlar təmizlənsinlər.
- Bu prosesin tənzimlənməsində
cəmiyyətin hansı rolu ola bilər?
- Cəmiyyət özü
onlara müqavimət göstərməlidir. Hər kəsi
öz yerində oturtmaq, kimin kim olduğunu
ayırd eləmək lazımdır. Əgər
mən jurnalistəmsə, bir başqası da hansı yollasa gəlib
pərçim olunubsa, bizim aramızda bir fərq
qoyulmalıdır. Jurnalist
sözünü çox hörmətdən salıblar.
Jurnalistlər dünyada ictimai mühiti, fikri dəyişə
bilən adamlardır. Ona görə də
hər birimiz buna qarşı çıxmalıyıq. Bir də çox arzulayıram ki, insanlar özləri
bizim zəhmətimizə qiymət versinlər. Biz kimin üçün yazırıq? Düzdür, bu gün də çox hörmətli
mətbu orqanlar, gözəl qələm sahibləri var.
Onların hamısını alqışlayır və zəhmətləri
qarşısında baş əyirəm. Çox
ağır zəhmətdir.
- Sənətini hədsiz məhəbbətlə
sevən, onun fanatı olan adamlar bütün sahələrdə
var. Amma sizə elə gəlmirmi ki, həddən artıq
fanatlığın dövrü keçib?
- Mənə elə gəlir
ki, insan hardadırsa, istər ailədə olsun, istər
işdə - nə iş görürsə, onu sevmək
lazımdır. Sevgisiz heç nə yoxdur.
Mənim məqsədim gedib kimdənsə 5
manat qopartmaq deyil. Əgər Allah mənə
yazmaq qabiliyyətini veribsə, deməli, mən bu işi sevməliyəm.
Ümumiyyətlə, cəmiyyətə nifrət
aşılamaq olmaz.
Kasıb təbəqə
- Bəs bu gün ciddi mətbuatın
cəmiyyətdə nüfuzu yetərincədirmi?
- Mənə elə gəlir
ki, hə. . . Hər halda
fikirləşirsən ki, bir yazını yazmısan, onun əks-sədası
var. Sənin yazılarını gözləyirlər, “nə
üçün yazmırsan”- deyə qorxurlar. Mən özüm çox yaxşı oxucuyam.
Azərbaycan mətbuatında üzdə olan qəzetləri
mümkün qədər izləməyə
çalışıram. O adamların da zəhmətinə
çox böyük hörmətlə yanaşıram. Jurnalist sözünün çəkisini
hamının şüuruna yeritmək lazımdır. Jurnalist əməyinin çəkisini, bu
sözün dəyərini yenidən qaytarmaq lazımdır.
Deyək ki, Azərbaycanda 3500 qəzet qeydiyyatdan
keçib. Amma bu gün cəmiyyətdə ictimai fikrə
təsir edən, oxucusu olan, öz yerini tutan 15-20 qəzet ola bilər. Onun yazarları da
özünün nüfuzunu, hörmətini qoruyur. Nə qədər ağır zəhmətlə
yaşasa da, özünü aşağı səviyyəyə
salmır. Biz iynə ilə gor
qazırıq. Amma əməyimiz müqabilində
qəpik-quruş qazanırıq. Əsil
jurnalistlər Azərbaycanın ziyalı təbəqəsi
içərisində ən kasıb olanlarıdır.
- Sizcə bu gün qələmin
gücü ilə cəmiyyətdə nəyisə dəyişdirmək
mümkündürmü?
- Bu, çox çətinliklə
olur. Amma bir vaxtlar var idi, bir sözlə kimlərinsə
taleyi həll olunurdu. Demirəm, elə
olsun, amma istəyirəm o mexanizm yaransın. İnsanlar şikayət edəndə bütün
instansiyaları gəzirlər, son ümid yeri kimi qəzetə,
televiziyaya üz tuturlar. Bu təfəkkür
hələ insanlarda qalır. Bizim əlimizdən
nə gəlir, biz yazırıq, ancaq o məmurun heç
tükü də tərpənmir. Amma
“reket” qəzetlər o qədər şantaj, böhtan
yazırlar ki, onlardan qorxurlar. Çünki
onların özləri də çirkab içindədirlər.
Bu proses qoşa qanaddır. Cəmiyyət də
təmizlənməlidir, onunla bərabər mətbuat aləmi
də.
Təcrübəni biz yaradaq
- Sizcə jurnalistə nə
stimul ola bilər?
- Hər bir vətəndaşı
bu gün nə stimullaşdırırsa, jurnalistin də
stimulu o ola bilər. Eyni zamanda
xalqının xoş güzəranı, dövlətinin
nüfuzunun artması, neqativ halların aradan
qaldırılması əsil jurnalist üçün stimul ola bilər.
- Bu gün jurnalistlərin
sosial problemləri rəsmi dairələrdə də etiraf
olunur və bu yöndə addımlar atıldığı
bildirilir. Necə bilirsiniz, jurnalistlərin əsas
sosial problemləri nədən ibarətdir?
- Jurnalist toylarda oxuyub
oynamaqla pul qazana bilmir. Mən Türkiyə mətbuatını
izləyirəm. Onların kiçik bir
köşə yazarı hər ay evinə bir ətək pul
aparır. Hörməti də öz yerində.
Bu, mütləq belə olmalıdır. Jurnalist səfil günündə yaşaya bilməz.
Mənim bu gün redaksiyada işçimin
elementar problemlərini təmin etmək imkanım yoxdur. Jurnalist üçün bu imkanları yaratmaq
lazımdır. Bunu etmək
mümkündür. Azad seçim olsun, qəzetini normal
sata, təbliğatı normal apara biləsən, vergidən
azad olunasan və s. Ümumiyyətlə, son vaxtlar KİV-ə
dəstək istiqamətində yaxşı proseslər gedir. KİV-ə Dəstək Fondunun yaradılması,
onun həyata keçirdiyi layihələr redaksiyalara
böyük yardımdır. Prezident qəzetlərin
vergilərdən azad edilməsi, borclarının
dondurulması ilə bağlı qərar verir. Bütün bunlar
yaxşıdır. Amma bunlar hələ
jurnalistlərin həyat səviyyəsini qaldırmağa kifayət
eləmir. Məsələn, jurnalistlər
üçün ev tikmək olar. Nə qədər tikililər var, onların
çoxu boşdur. Heç olmasa, uzun müddətli
kreditlə jurnalistlərə ev vermək
olar. İstedadlı bir jurnalist bəzən bu
cür problemlər üzündən mətbuatdan
uzaqlaşır. Adamın heyfi gəlir,
axı istedad hər gün yaranmır. Gəncin
içində də “mən bu sahədə daha çox
lazım idim, niyə məndən istifadə eləmədilər?”
– deyə bir qırıqlıq yaranır. Ağıllı insanlara istinad etmək və onlara
qiymət vermək lazımdır. Hər
şeyin təbliğatını da gülünc şəkildə
qurmaq olmaz. Gənc jurnalist ailələrinə
evlər verilsə, yaşayış minimumları təmin
olunsa, onlar hamısı can-başla, sədaqətlə Azərbaycan
dövlətinə qulluq edərlər. Biz
jurnalistə maksimum 250 manat əməkhaqqı verə bilirik.
Bu pulla heç kommunal xərcləri ödəmək
mümkün deyil. Amma bunun müqabilində jurnalistin nə
qədər zəhməti var. İnsanlar sözə hörmət
etməyi, inamı öyrənsələr onda proses də
yoluna düşəcək.
- Bu yaxınlarda Mətbuat
Şurasının üzvlərindən biri qəzetimizə
müsahibəsində dedi ki, jurnalistlərin dövlət tərəfindən
evlə təmin olunması dünya təcrübəsində
yoxdur. Ancaq onlar kredit yolu ilə ev ala bilərlər.
Bizdə isə bu da mümkün deyil. Bu inamsızlıq nə ilə bağlıdır?
- Bu qeyri-sabitliklə
bağlıdır. Sabit bir sistem yaradılsa təbii
ki, jurnalistə də, başqa sahənin adamına da kredit
verilər. Əgər jurnalistə ev
verilməsi ilə bağlı belə bir təcrübə
yoxdursa, onu biz yaradaq. O adamlar ki, gedib oynayıb, oxumaqla pul
qazana bilmir, onlar sözlə çörəyini
çıxarmalıdır. Qoy bu təcrübəni
də biz yaradaq. Bundan utanmaq lazım deyil.
Əksinə fəxr etmək lazımdır ki,
Azərbaycan dövləti qüdrətlidir və öz vətəndaşlarına
belə təmənnasız yardımlar edir.
Həsəd
- Jurnalist peşəkarlığından
danışaq. Bu sahədə vəziyyət necədir?
- Bir qəzetin içində
hamıdan dahi publisist və ya yazıçı olmağı
tələb etmək olmaz. Qəzetin içində
xırda işlərlə məşğul olan və onun
simasını müəyyən edən insanlar var. Mətbuatımızda
çox güclü qələm sahibləri var, onlara dəstək
olmaq lazımdır.
- Yaxşı jurnalistikanın
açarı hardadır?
- Allahın verdiyi istedad,
ömür boyu öz üzərində işləmək,
oxumaq və öyrənmək. İnsan
doğulandan məzara qədər öyrənməlidir.
- Siz dünya
çapını izləyirsiniz. Həmkarlarınızın
iş prosesində ən çox həsəd
apardığınız nədir?
- Ən
çox texniki imkanlarına həsəd aparıram. Heç
cür deyə bilmərəm ki, Azərbaycanda söz
azadlığı yoxdur. Kim nə istəyir,
yaza bilir. «Literaturnaya qazeta» uşaqlıqdan
formalaşmağımda rol oynayan qəzet olduğu
üçün həmişə mənim üçün
etalon olub. İstərdim ki, mənim bölgə
müxbirlərim də o səviyyəli adamlar olsunlar.
Bölgələrdə məmurlar onlara işləməyə
imkan versin, hər hansı qaynar nöqtədən reportaj hazırlamaq
imkanımız olsun.
- Söhbətin əvvəlində
vurğuladınız ki, milli mətbuatımız çox
ağır dönəmlərdən keçib. Bəs
mətbuatımızın indiki mərhələsini necə
adlandırardınız?
- Mənə elə gəlir
ki, Azərbaycan mətbuatının bu günü çox
yaxşı mərhələdir. Ümid edirəm ki, bundan
sonra da çox gözəl günlər
yaşayacağıq! Onu da qeyd edim ki, iyulun 26-da
«Ədalət» qəzetinin 20 yaşı tamam olur. Bu qəzet Azərbaycanda çıxan ilk müstəqil
qəzetlərdən biri olub. Hər zaman
brend olaraq qəbul olunub. Enmə, qalxma
dövrləri də olub. İndi isə mənə
elə gəlir ki, qəzetdə ikinci həyat başlayıb.
Biz təkcə milli mətbuatın
bayramını deyil, həm də qəzetimizin yubileyini qeyd edəcəyik.
Təranə Məhərrəmova
Kaspi. -2010. – 1 iyul. – S.9.