“Yanımızdakı əqrəb tullanıb bizi çalmaq istəyirdi” 

 

Rasim Balayev: “Öz-özümə demişəm ki, bu nədir, heç nədən başı çıxmayan insan sənə göstəriş verir, qalırsan belə. . .”

 

Xalq artisti Rasim Balayev lent.az-ın “Persona” rubrikasının qonağı olub. Aktyor ömür yolundan, həyatda üzləşdiyi ağrı-acılardan, sənətin çətinliklərindən və şirinliklərindən danışıb. Müsahibəni ixtisarla təqdim edirik.

- Rasim Balayevin günləri necə keçir?

- Gündəlik işə gəlirəm, Kinematoqrafçılar İttifaqında müəyyən tədbirlərimiz olur. Qabaqkı kimi o qədər çəkiliş yoxdur. Düzdür, bu yaxınlarda bir filim olmalıdır, orada çəkilişə hazırlaşıram. Amma vaxt olub ki, ildə 3 filmə çəkilmişəm. Bu gün o cür yüklənmə yoxdur. Məişət qayğıları, ev... Gündəlik yaşam tərzim budur. Fikirləşirəm ki, əvvəlki kimi 3 filmə çəkilməyin, burdan ora, oradan bura getməyin, qaçmağın mən öhdəsindən də gələ bilmərəm, yorularam. O cavanlıq idi, insanda müəyyən bir dövr idi, o da keçib getdi. Xüsusi, fərqli həyat tərzi yaşamıram.

- Elə qaynar həyatdan sonra indiki həyatınızı darıxdırıcı sayırsınız?

- Bir az darıxdırıcıdır. Amma onun müqabilində özümə müəyyən iş tapıram. Dəniz qırağına gedir, gəzişirəm. Nəvələrlə də məşğul oluram. O da bu dövrdə bir məşğuliyyətdir. Belə.

- Oynadığınız rollardan taleyi, xarakteri sizə bənzəyən olubmu, hansısa bir bənzərlik görürsünüz?

- Əsasən klassik rollar oynamışam. Düzdür, müasirlərimi də oynamışam. Mənimlə taleyi, yaşam tərzi, xarakteri uyğun gələn adam olmayıb. Tamam başqa adamam. Mən deyə bilmərəm, yaxın dostlarım, ünsiyyətdə olan adamlar məni xarakterizə edə bilər.

- Məsələn, Rasim Balayev nə qədər Babək kimi sərt, Nəsimi kimi…

- Mən onlar kimi ola bilmərəm. Məsələn, ola bilsin ki, Nəsimi prinsipiallığı, yaxud Babəkin qəhrəmanlığı bir insan kimi məndə yoxdur. Fikirləşirəm ki, onlar edən hərəkətləri mən edə bilmərəm. Mən o igidliyi, qəhrəmanlığı, ölümün üzünə dik baxmağı onlar kimi edə bilmərəm. Mən tamam başqa adamam.

- Elə bir rol var ki, o rolu oynamağı arzulayırsınız?

- Kinoda konkret ssenari yazılır, bilinmir də 2 il sonra hansı əsər çəkiləcək. Çünki ssenari konkret yazılır, qəbul olunur və o ssenariyə uyğun rejissor aktyorlar axtarır. Məni tanıdıqları üçün əvvəldən deyirlər ki, filan bir ssenari var, orada sənin rolun var. Vaxtilə məni də çox yoxlayırdılar. Bir rola 4-5 namizəd olurdu. Bədii Şura ona baxır, qiymət verirdi. O rola kim daha uyğundur, 15-20 nəfərin fikri ilə həmin rola o şəxsi təsdiq edirdilər. Bu gün elə şey yoxdur. Ona görə də əvvəlcədən demək olmur ki, hansı rolu oynayacağam. Ssenari yazılır, qəbul olunur və rejissor o rollara uyğun əvvəl xarici görkəm, sonra aktyorluq qabiliyyəti etibarı ilə sınaq çəkilişləri aparır. Nəhayət, 1 nəfəri seçir, təsdiq edirlər.

Düzdür, “Nəsimi” filmi mənim ilk böyük işim olduğu üçün çox yoxlandım, çox məşq oldu. Bəzən soruşurlar ki, oynadığınız rollardan hansı sizə daha əzizdir, deyirəm ki, rolların hamısı əzizdir, onları yaşamışam, pis-yaxşı nail olub-olmamışam, o başqa şeydir. Epizod rola da ciddi yanaşmışam, çünki o da bir insandır və onun da taleyini oynamaq lazımdır. Amma Nəsimi mənim üçün bir vəsiqə verib, yaşıl işıq yandırıb. Yaxşı yadımdadır ki, “Nəsimi” filmindən sonra mən SSRİ məkanında sınaq çəkilişləri olmadan çoxlu rola dəvət aldım. Deyirdilər ki, bizdə filan əsər var, təsdiqlənmisiniz, xahiş edirik ki, gəlin. Düzü, mən həmişə ciddi yanaşırdım, deyirdim ki, ssenari ilə tanış olmalıyam, bilməliyəm ki, kimi oynayıram. Amma indi bilinmir. Məsələn, indi bir film var, ona çəkiləcəyəm. Ona görə də bığ saxlamışam. Amma gələn il hansı iş olacaq, bilinmir. Düzdür, ABŞ-da, yaxud Rusiyada məşhur kino ulduzları var, məxsusi aktyor üçün rol yazırlar.

- Aktyor olmaq, bu sənətə gəlmək fikrinə necə düşmüsünüz?

- Bu, birdən-birə məndə yaranmayıb. Filmlərə baxdım, mənim 12-14 yaşım olanda o vaxt bizdə televizor yox idi. Bizim evdə televizor 1962-1963-cü illərdə, mənim 15 yaşımda oldu. Onda da televizor necə idi? Bir konsert, bir kino verirdilər, çünki televiziya təzə yaranmışdı. Biz əsasən, kinolara baxırdıq. Orta məktəbdə oxuduğumuz uşaqlarla kinoya baxmağa gedirdik. Ola bilsin ki, eyni maraqla baxırdıq, onlarda yox, amma mənim içimdə o sənətə bir meyl əmələ gəlirdi. Sonra yavaş-yavaş bədii qiraət, ədəbiyyat dərsində şeir deməklə fərqləndim. Deyilənə görə, diksiyama, səsimə görə məndə yaxşı alınırdı. Məktəbdə radio qovşağı vardı, uzun tənəffüslərdə verilişlər hazırlayırdıq. Bayramlarda, valideyn iclasında səhnəciklər düzəldirdik. Lap əlaçı olmasam da, mən həm də orta məktəbdə çox yaxşı oxumuşam. 9-10-cu siniflərdə ədəbiyyata, sənətə meylim olduğu üçün dəqiq elmlərə o qədər fikir vermədim. Çünki qərara almışdım ki, aktyor olacağam. 9-10-cu sinifdən sonra aktyorların həyatı barədə, romanlar, ədəbiyyat oxumağa başladım. Evdə istəmirdilər və inanmırdılar da ki, bu instituta qəbul olacağam. Evdə yol pulu verdilər, gəlib qohum evində düşdüm, imtahan verib qəbul oldum. Qəbul kağızını aparanda məəttəl qaldılar.

- Ailəniz necə bir ailə idi?

- Atam partiya sovet işçisi olub, “raykom”da işləyib. Rəhmətə gedəndə İcraiyyə Komitəsində katib işləyirdi. Anam cavanlığında kolxozda işləyib, “staxanovçu”, yaxşı pambıq yığan olub. Sonra da evdar qadın olub.

- Ali məktəbə qəbul olanda sevinmədilər?

- Yox, o qədər sevinmədilər. İstəmirdilər, aktyor olum. Amma mane də olmadılar. Bir var ki, istəməyəsən, deyəsən ki, yox, bizim nəsildən artist-filan çıxmayacaq. Belə şey olmadı. Dedilər ki, tarix fakültəsinə, hüquqa sənəd ver. Mən o vaxt çox yaxşı hazırlaşmışdım, hələ orta məktəbdə ali məktəb kitablarından oxuyurdum. Bu fakültələrə qəbul olmağa potensial imkanım vardı. Amma həvəsim aktyorluğa oldu. Sonra mən tələbə vaxtı radioda, televiziyada çıxış edəndə yavaş-yavaş fəxr etməyə başladılar. Valideynlərimə zəng edirdilər ki, oğluna baxırsanmı?! Hiss edirdim ki, yavaş-yavaş mənimlə barışırlar, inanırlar ki, yaxşı sənətçi olacağam.

- Sənətə gəldiyinizə görə peşmançılıq keçirdiyiniz anlar olubmu?

- Peşmançılıq keçirdiyim anlar olub. Müəyyən müstəqil sənətlər var. Məsələn, bəstəkar, yazıçı. Bu insanlar müstəqildir, gecə, yaxud gündüz işləyir, 1 gün keçəndən sonra oturub oxuyur, cırıb, təzədən yazır, yaxud xoşuna gəlir, davam etdirir. Bizim sənətə gəlincə, məsələn, mən bir neçə rol oynamışam. Kiminsə dəvətindən asılıyam. Məni dəvət etməyə də bilərlər. Deyə bilmərəm ki, mənə rol ver, xahiş edirəm. Bir növ asılı sənətdir. Düzdür, bu sənətin özündə müəyyən müstəqillik də, yaradıcılıq da var. Amma dediyim sənətlərdən fərqli olaraq bir az asılılıq var. Bəzən hamı öz planları barədə danışır, aktyor danışa bilmir. Axı bilmirsən ki, sabah kim səni nə vaxt və hansı filmə dəvət edəcək.

Düzdür, çox olmayıb, amma bəzən səbatsız, yerində olmayan rejissorla işləmişəm. Öz-özümə demişəm ki, bu nədir, gəlmisən, heç nədən başı çıxmayan insan sənə göstəriş verir, qalırsan belə. Yaxud çətin anlar olub, ac-susuz, Qobustanda çölün düzündə. Demişəm ki, camaat oturub gül kimi şəraitdə, kabinetdə, məktəbdə dərsini deyir, bu nə sənətdir, tozun-torpağın, əqrəbin yanında. Baxırdıq ki, yanımızda bir əqrəb tullanıb bizi vurmaq istəyir. Bu hisslər məndə olub, amma ötəri, tez keçib. Axı bu sənətin şirinliyi də var! Həmişə məndən sonra gələn aktyorlara, sayılan adamlara deyirdim ki, çox göydən getməyin. Ümumiyyətlə, sadə insanları çox sevirəm. Deyirdim ki, siz heç kimdən artıq deyilsiniz, sənətə görə sizə hörmət edirlər və bunun qədrini bilmək lazımdır. Bəzən uğurdan baş gicəllənmələr də olur. Adam küçəyə çıxır, ictimai yerə gedir, hamı salam verir. Bəzi adamlar bundan çaşır. Gərək çaşmayasan. Bu uğurlar normal adamı daha məsuliyyətli edir. Çünki sənin hər hərəkətinə, necə oturub-durduğuna göz qoyurlar. Ona görə sənətin şirinlikləri də var. Hər yerdə diqqətdəsən, bu da var. Bu, çəkilən əziyyətləri silib aparır.

Təsəvvür et ki, “Babək” filmində 50 dərəcə istinin altında, atın üzərində durmuşam, bədənimdə 14 kiloqramlıq ağır paltar. Rejissorun komandasını gözləyirik ki, indi hücuma keçəcəyik. Bir də görürsən ki, fişəng atdılar, 300 atlı tərpəndik. Sonra bir də fişəng atdılar ki, yox, dayanın. Təzədən qayıdırsan. O adamlar təzədən qayıdıb yerini alınca xeyli vaxt keçir. İsti, qan-tər gedir, saqqal, bığ... Belə çətinliklər də var. Ancaq o iş yaxşı alınırsa, xoş hisslər çəkilən əzabı silib süpürür.

- Həyatınızda falçıya müraciət etdiyiniz, ünsiyyətdə olduğunuz anlar olubmu?

- Olub. Mən institutu qurtarmışdım. Azərbaycan Dövlət Dram Teatrına getmək istədim, götürmədilər. Tədris Teatrında qaldım, sonra mənə saat hesabı dərs verdilər. Lakin bu, məni qane etmirdi. Çox ruhdan düşmüşdüm. Bir dostum vardı, rəhmətliyin qardaşı itkin düşmüşdü. Qardaşı əsgərliyə getmişdi, nə ölüsü, nə dirisi bilinirdi. Dostum qardaşı ilə bağlı SSRİ Müdafiə Nazirliyinə müraciət etdi. Nə qədər çalışdı, bir məlumat öyrənə bilmədi. Günlərin birində mənə dedi ki, sirkin yanında bir baxıcı var, mənimlə ora gedək, tək getmək istəmirəm. Ora adətən qadınlar gəlirdi. Razılaşdım. Getdik, gördük ki, orada çoxlu qadın var, gözləyir. O, qolları şikəst bir qadın idi, kartla fala baxırdı, qızı da kömək edirdi. Adı Dusya idi, azərbaycanlı deyildi, deyəsən, yəhudi idi, qarışığı vardı. Birdən 1 nəfər gəldi. Bizi növbədən kənar içəri keçirdi. Dedi ki, qadınlar bura çox gəlir, kişilər çox az gəlir, kişilər gələndə növbəsiz olur. İçəri keçdik. Dostum dərdini dedi. Qadın da o yana, bu yana baxdı, dedi ki, naməlumdur, qardaşınızı axtarmayın, o adamı siz görməyəcəksiniz, ölməyib, siz də onu görməyəcəksiniz. Birdən qadın qayıtdı ki, cavan oğlan, sən nəyə baxdırmaq istəyirsən? Mənim o zaman 21-22 yaşım vardı. Əvvəl fikrim yox idi, sonra dedim ki, mənə də baxın. Kartı açdı. Mən o vaxt kirayədə qalırdım, perspektivim bəlli deyildi. Az qalırdım ki, rayona çıxıb gedəm, klubda, mədəniyyət şöbəsində bir işdə işləyəm. Çünki görürdüm ki, perspektiv yoxdur. Belə bir anda bu qadın karta baxdı. Mənə 3 şey dedi. Mən o vaxt heç ev növbəsinə götürməmişdilər. Sovet vaxtı insanı növbəyə götürür, 10-15 ildən sonra ev verirdilər. Qadın dedi ki, bu yaxınlarda evim olacaq. Təbii ki, buna inanmadım. Sonra dedi ki, siz çox məşhur adam olacaqsız. Buna da inanmadım ki, işim-gücüm yox, necə məşhur adam olacağam. Sonra da dedi ki, çox əziz adamınızı itirəcəksiniz. Çıxıb gəldik. Üstündən 4-5 ay keçəndən sonra qəfil atamı itirdim, ürəyi dayandı. 1 il sonra məni “Nəsimi” filminə çağırdılar. O filmə çəkildim və mənə dərhal ev verdilər. “Nəsimi” filmindən sonra məşhur adam oldum. Fikirləşdim ki, bu qadının dedikləri düz çıxdı. Həyatımda birinci və axırıncı dəfə falçı ilə bağlı belə bir şey olub, ondan sonra heç kimə müraciət etməmişəm.

- Övladlarınızın, nəvələrinizin bu sənəti davam etdirmələrini arzulamısınız?

- Yox. Belə bir arzu ürəyimdən keçməyib. Çünki elə məşəqqətlər, əziyyətlər çəkmişəm ki, bunu uşaqlarımın çəkməsini istəməmişəm.

 

 

Ramiz Mikayıloğlu 

 

Kaspi. -2010. – 1 iyul. – S.12.