Biomüxtəlifliyin qorunmasına dair “Qəbələ bəyannaməsi” imzalanıb 

 

Hüseyn Bağırov: «Artıq ölkələrin əksəriyyəti ekologiya sahəsində problemlərin həlli üçün vahid bir mövqe nümayiş etdirirlər»

 

Təbiətə ciddi antropogen təsirlər, ekoloji geoloji dəyişikliklər şəraitində bioloji müxtəlifliyin mühafizəsi, səmərəli istifadəsi ilə bağlı problemlər qlobal səciyyə daşıyaraq dövlətlərin birgə əməkdaşlığı qarşılıqlı fəaliyyəti nəticəsində aradan qaldırıla bilər. Bu sözləri Qəbələdə keçirilən «Biomüxtəliflik üzrə Avropa Regionunun Nazirlər Konfransı»nda Ekologiya təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir dünyadaYaşıl hərəkat”ın getdikcə aktuallaşmağa başladığını, ətraf mühitlə bağlı məsələlərin ön plana keçdiyini bildirib: «Biomüxtəlifliklə bağlı məsələlərin müzakirəsində regionların, qitələrin öz mövqelərini dəqiqləşdirməsi, platformasını müəyyənləşdirməsi üçün belə görüşlərə tez-tez ehtiyac olur. Bundan əvvəlki tədbirlər təsdiqləyir ki, artıq ölkələrin əksəriyyəti ekologiya sahəsində problemlərin həlli üçün vahid bir mövqe nümayiş etdirirlər. Bu baxımdan, birgə toplanmağı məqsədəuyğun saydıq”.

 

Biomüxtəlifliyin qorunması üçün ekosistem yanaşması

 

Nazirin sözlərinə görə, son zamanlar aydın olub ki, biomüxtəlifliyin qorunması ekosistem yanaşması tələb edir. Müəyyən əraziləri sadəcə mühafizə altına almağı biz artıq öyrənmişik. Amma zamanla ayrı-ayrı ölkələrin iqtisadiyyatında problemlər yarananda belə mühafizə olunan ərazilər ətrafda durumu bir az çətinləşən, gəlirləri az olan əhalinin basqılarına məruz qalır. Deməli,  bütövlükdə ekosistem yanaşması olmalıdır ki, insanlar öz iqtisadiyyatlarını, həyatlarını ətraf mühitə dost fəaliyyəti hesabına qura bilsinlər. Burada iqtisadiyyatdan da, ayrı-ayrı ölkələrin əməkdaşlığından da, mühafizənin təbiətlə əlbir qurulmasından da söhbət gedir. Məhz buna görə Azərbaycanda bundan əvvəlki kimi sırf mühafizə olunan ərazilər deyil, milli parklar yaradılır. Onlar da cəmiyyətə, insanlara açıq olur, qonşu ərazilərlə inteqrasiyalı şəraitdə fəaliyyət göstərir”.

 

Torpaqların qoyun problemi

 

Problemlərə gəlincə, nazir Azərbaycanda biomüxtəlifliyə bir neçə amilin təsir etdiyini bildirib. Ən əsası isə iqtisadiyyatın cəmi bir seqmentinin güclü təsiri - mal-qaranın həddən artıq otarılmasıdır: ”Bunu etiraf etmək lazımdır. Yarımköçəri maldarlıq kənd təsərrüfatının içindəki maldarlığın bir növüdür. Ferma metodu ilə insan 5-10 hektarlıq öz ərazisində əkib-becərir öz heyvanlarını tövlədə bəsləyərək bazara çıxarır. Belə olan halda isə mal-qara böyük ərazilərdə torpaqdan istədiyi kimi istifadə edir, tapdalayır s. Onu idarə edən çobanın təhsil səviyyəsi,  dünyagörüşü, baxışları, təbiətlə münasibətləri elə o səviyyədə qalır. Azərbaycanda minlərlə, yüz minlərlə çoban itləri müşahidə olunur”.

 

Ekologiya dəbi

 

H.Bağırov bu yaxınlarda qışlaqlarda vəziyyətin yoxlanıldığını da deyib: «Elə rayonlar var ki, qışlaqda bir hektarda 2-3, bəzi tükənmiş torpaqlarda isə 1 qoyun saxlamaq olduğu halda, orada saxlanılan qoyunların sayı 40-45-ə çatır. Yəni belə yerlərdə torpaq artıq dözmür, səhralaşma gedir. Səhralaşma öz-özlüyündə problemdir, amma onun əks tərəfi o deməkdir ki, həmin ərazilərdə olan bioloji növlər, bitki növləri, canlılar yox olur. Nəticədə ancaq kasadlaımış, bərəkətini itirmiş torpaq qalır. Bizim əsas problemimiz budur. Onun da həlli bir tərəfdən yenə də iqtisadiyyata bağlıdır”. Nazir hesab edir ki, kənd təsərrüfatında yeni yanaşmalar, ferma metodu ilə fəaliyyət göstərənlərə təşviq, dövlət ehtiyat fondu sayılan torpaqlardan istifadəyə tədricən daha sərt məhdudiyyətlərin qoyulması lazımdır: ”Çünki bizim araşdırmamız təkcə həddindən artıq, torpağın gücü çatmayan qədər heyvan otarılması faktını üzə çıxarmadı. Həm də onu üzə çıxardı ki, həmin torpaqların 3 faizini hansısa kiçik ehtiyaclar üçün əkib-becərmək olar. Amma orada elə yerlər var ki, torpağın 25-30-40- faizi şum altındadır, onların dözümü yoxdur, bu torpaqlar əsasən dəmyədir”. H.Bağırovun fikrincə, mühafizə olunan ərazilər iqtisadi tədbirlərlə yanaşı, fərqli, çevik mühafizə metodları tətbiq olunmaqla, artmalı, əhalinin məsələyə münasibəti dəyişməli, “Yaşıl təfəkkür” hökm sürməyə başlamalıdır:Eyni zamanda da, ekologiyanın özünün iqtisadiyyatı olmalıdır. Hesab edirəm ki, bu düzgün yanaşmadır. Məsələn, “yaşıl texnologiyalar” üzərində qurulan biznes olarsa, tutaq ki, çirkab sularının yarandığı yerdə emal texnologiyaları olarsa, bunun istifadəçiləri də çox olar, çirkab suları ətrafa yayılmaz, hər bir evdə, kənddə quyu qazılmaz, amma kiçik bioloji qurğu alınıb qoyular. Bu dəb olar. Çünki iqtisadiyyat özü bunu təşviq edər”.     

 

Sistemləşdirilmiş pilot məlumat bazasının yaradılması davam edir

 

Nazir Azərbaycanda son illər təbiətin mühafizəsi sahəsində çox ciddi tədbirlərin aparıldığını da deyib: ”2004-cü ildən etibarən ETSN və Avropa Şurasının Katibliyi arasında Zümrüd Şəbəkəsi pilot layihəsi üzrə imzalanmış müqaviləyə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin düzgün nisbətini əks etdirən sistemləşdirilmiş pilot məlumat bazasının yaradılması nəzərdə tutulub və davamlı olaraq icra olunmaqdadır.  Son illər xüsusi mühafizə olunan təbiət əraziləri sahəsində görülən işlər ekosistem yanaşmaya əsaslanaraq aparıldığından davamlı nətijələr  əldə olunub, respublikanın bütün əsas ekosistemləri konservasiya altına alınıb. Ekosistemlərin bütövlüyünün qorunması və bu zaman yerli icmaların hüquqlarının pozulmayaraq, əksinə onların təbiəti mühafizə tədbirlərinə cəlb olunması vacib amil olmaqla tərəfimizdən müxtəlif tədbirlərlə dəstəklənir və stimullaşdırılır”.

Onun sözlərinə görə, meşələrin mühafizəsi, bərpası və yeni meşəliklərin salınması sahəsində göstəricilər durmadan artmaqdadır: «Təkcə son 3 il ərzində 32211 hektar ərazidə meşəbərpa işləri aparılıb. Sevindirici haldır ki, son 15 ildə meşə ilə örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara çatdırılıb ki, bu da respublikanın meşə ilə örtülü ərazilərin 11,4%-dən 11,8%-dək artması deməkdir”.

Nazir dünya üçün narahatedici əsas problemlərdən olan iqlim dəyişməsinə də toxunub: ”Respublikanın iri şəhərlərində atmosfer havasının çirklənməsində avtomaşınların payı 80%-dən çoxdur. Atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üçün iyul ayının 1-dən etibarən Avro-2 standartlarına keçidlə başa çatıb. Yaxın zamanlarda yeni neft-qaz emalı kompleksinin tikilməsi nəticəsində Azərbaycanda istehsal olunacaq yanacaq-sürtkü materialları Avro-5 standartlarına cavab verəcək ki, bu da növbəti addım olaraq Avro-3 və Avro-4 mərhələlərini adlayaraq birdəfəlik Avro-5 standartlarına keçməyə imkan yaradacaq. Sevindirici haldır ki, bir sıra ekoloji problemlərin həlli və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi zamanı  ölkədə  fəaliyyət göstərən aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatları vahid məramla və koordinasiya olunmuş halda çıxış edir. Bu da öz növbəsində bu və digər məsələlər üzrə davamlı nəticələrin əldə olunmasına səbəb olur”.

Nazir konfransın bioloji müxtəlifliyin mühafizəsi sahəsində bütün tərəfdaş ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə ümid etdiyini də vurğulayıb.

 

İtkilərlə mənfəət müqayisə olunmalıdır

 

Tədbirə telekonfransla qoşulan BMT-nin Ətraf Mühit Proqramının Yaşıl Təsərrüfat üzrə qrup rəhbəri, Ekosistem və Biomüxtəliflik Təşəbbüslərinin İqtisadiyyatı üzrə təlim rəhbəri Pavan Sudkev deyib ki, təbiətdən insanların düzgün istifadəsi çox çətindir: ”İstehsalın azaldılması ilə itkilər və biomüxtəlifliyin qorunması nəticəsində əldə olunan mənfəət müqayisə olunmalı və tarazlıq yaradılmalıdr. Əks halda, iqtisadiyyatın inkişafı üstünlük təşkil edər. Nəticədə biomüxtəlifliyə ciddi ziyan dəyər”.

BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru Kristof Buvye isə biomüxtəlifliyə qoyulan sərmayələrin iqtisadiyyatın inkişafına müsbət təsir etdiyini bildirib. Onun sözlərinə görə, ekosistemlərin lazımi səviyyədə qorunmaması fəlakətlərə gətirib çıxarır. Biomüxtəlifliyə qoyulan sərmayə ilə iqtisadiyyatın inkişafını müqayisə edən K.Buvye deyib ki, təcrübədə biomüxtəlifliyə 34 milyard dollar xərc qoyulub, 5 trilyon dollar gəlir götürülüb. 

Tədbirə telekonfransla qoşulan BMT-nin Biomüxtəliflik Konvensiyasının icraçı katibi Əhməd Coqlafın müraciətindən sonra konfrans 3 dəyirmi masada müzakirələrlə davam etdirilib. Konfransın yekunu olaraq isə “Qəbələ bəyannaməsi” imzalanıb.

 

 

Həqiqət İsabalayeva

 

Kaspi. -2010. – 8 iyul. –S.6.