“Əbədi sülh
yalnız kompromisdədir”
ATƏT sədri Kanat
Saudbayev hesab edir ki, münaqişənin
həllinin sülh yoluna nativ yoxdur
ATƏT-ə sədrliyi həyata
keçirən Qazaxıstan xarici işlər naziri Kanat
Saudbayev «Böyük söhbət» layihəsi çərçivəsində
MDB və Baltikyanı ölkələrdən olan jurnalistlər
üçün iyulun 7-də mətbuat konfransı
keçirib. Mətbuat konfransının mətni
«Qazaxıstan-media» informasiya mərkəzindən
qəzetimizə göndərilib.
Ölkəsinin ATƏT-ə sədr kimi məqsəd
və hədəflərinin
nədən ibarət
olması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, təşkilatın
reytinqinin qaldırılması
onların qarşısında
duran ümdə məsələdir: «Əsas
prioritetlər təşkilatın
gündəliyində duran
məsələlərin reallaşması,
ATƏT-in prinsip və
standartlarının Vankuverdən
Vladivostoka kimi həyata keçməsi, yeni geosiyasi və geoiqtisadi reallıqlarda ATƏT-in effektivliyinin
artırılması, bütün
üzv dövlətlərlə
iş birliyi qurmaqdır». Nazir bildirib ki, ATƏT
qarşısında duran əsas geopolitik
çağırış təşkilat daxilindəki ziddiyyətlərin
aradan qaldırılmasıdır. Onun qənaətincə,
bunlar ATƏT-ə zəiflik və qeyri-effektivlik gətirir.
ATƏT-ə sədrlik edən qazaxıstanlı nazir “dondurulmuş” münaqişələrlə də bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, hazırda ATƏT zonasında bir sıra həllini tapmayan münaqişələr var: Kosovo, Dnestryanı bölgə, Dağlıq Qarabağ, gürcü-abxaz və gürcü-osetin münaqişələri. «Bu münaqişələr millətlərarası ziddiyyətlər və bir vaxtlar birgə yaşadıqları dövlətin dağılmasından sonra yaranıb. Onların həlli çərçivəsində ATƏT-in iştirakı ilə «5+2» (Dnestryanı), Cenevrə müzakirələri (gürcü-osetin, gürcü-abxaz) və Minsk qrupu (Dağlıq Qarabağ) danışıqlar formatı fəaliyyət göstərir. Ənənəyə uyğun olaraq ilin əvvəlindən mən ATƏT-in fəaliyyətdə olan sədri kimi prosesə cəlb olunmuşam. Mənim tərəfimdən həlli uzanan münaqişələr üzrə xüsusi nümayəndə təyin edilib. Bu, səfir Bolat Nurqlaliyevdir. O, münaqişələrdə iştirak edən maraqlı tərəflərlə daima müzakirələr aparır. ATƏT-in münaqişələrin həllində digər təşkilatlardan fərqi ondadır ki, bizim münaqişəli vəziyyətlərin həlli və aradan qaldırılmasında mandat və ekspertizamız, neytral və şəffaf proqramımız var. ATƏT maraqlı tərəflərin iştirak etdiyi danışıqlar prosesinin unikal forması kimi qalır»-deyə qazaxıstanlı nazir bildirib. O təəssüf hissi ilə vurğulayıb ki, ATƏT hərdən lazım olan nəticələr əldə etmək iqtidarında olmur: «Çünki təşkilat BMT-dən fərqli olaraq məsləhətverici orqandır. Söhbət hərbi kontingentin yerləşdirilməsi, hərbi sanksiyaların tətbiqindən gedir. Bildiyiniz kimi, ATƏT-də qərarlar konsensus əsasında qəbul edilir. Bu isə münaqişənin həllinin uzanmasına səbəb olur. Cənubi Qafqazda 2008-ci ilin avqustunda yaşanan böhran münaqişənin “dondurulmuş” vəziyyətdən çıxarılması təhlükəsini yaratdı. ATƏT-in münaqişələrin aradan qaldırılması potensialı çox ciddi şəkildə şübhə altına alındı».
Nazir Dağlıq Qarabağ münaqişəsinin həllinə Qazaxıstanın mövqeyinə də toxunub. Onun sözlərinə görə, Qazaxıstan münaqişə başlanan vaxtdan onun həllinə maraq göstərib. O, buna misal kimi prezident Nursultan Nazarbayevin Rusiya prezidenti Boris Yeltsinlə birgə Bakı və Yerevan arasında yaratdığı sülhyaratma missiyasını göstərdi. ATƏT-in hazırkı sədri bildirib ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələsi Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə əsas prioritet kimi nəzərdən keçirilir: «Qazaxıstan sülh və təhlükəsizliyin əldə olunması üçün aktiv vasitəçilik missiyası həyata keçirməyə hazırdır. Azərbaycan və Ermənistanla böyük tarixi əlaqələrə malik Qazaxıstan ATƏT-ə sədr ölkə kimi Bakı və Yerevan arasında inam və etibarın yaranmasına yaxından kömək edə bilər. Qazaxıstan münaqişənin həllinə böyük səy göstərir. Təsadüfi deyil ki, mənim təşkilata sədr kimi ilk səfərim məhz Azərbaycan və Ermənistana oldu. Hesab edirəm ki, kompromis əldə olunması üçün qərarın əldə olunması vaxtı yetişib. Münaqişənin həllini tapmaması regionda sabitliyə mənfi təsir göstərməklə yanaşı, regional layihələrin reallaşmasını da heçə endirir. Qafqaz qlobal proseslərdə, o cümlədən enerji təhlükəsizliyi məsələsində böyük rol oynayır. Xəzər nefti region boyu nəql edilir və investorlar üçün burada vəziyyətin sabit olması böyük əhəmiyyət kəsb edir. Münaqişənin baş verməsi onlara enerji daşıyıcılarının daşınması və onun dünya bazarına çıxarılması planlarına təsir edə bilər. Münaqişənin həllinin sülh yoluna nativ yoxdur və əbədi sülh yalnız kompromisdədir. Biz Minsk qrupunun sülhyaratma missiyasını dəstəkləyirik. Hesab edirik ki, Minsk qrupu danışıqlar prosesinin dinamikliyinin qorunub saxlanılmasında böyük rol oynayır. Çox vacibdir ki, həmsədr dövlətlər münaqişənin həllinə yaxından maraq göstərirlər. Bunu onların «Böyük iyirmiliy»in Kanadada keçirilən sammitində verdikləri bəyanat da sübut edir».
Nazir vurğulayıb ki, hazırda ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin iyulun 16-17-də Almatıda keçiriləcək qeyri-formal görüşünə ciddi hazırlıq gedir. Bu görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş görüşü olacaq.
Nazir gürcü-abxaz və gürcü-osetin münaqişəsinə də toxunub. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi kimi bu münaqişənin də sülh yolundan başqa həll variantı mövcud deyil.
Sonda Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı sualı cavablandıran K.Saudbayev Azərbaycan tərəfinin ATƏT və təşkilatın Bakı ofisi ilə konstruktiv əməkdaşlığından razılığını ifadə edib: «Azərbaycan demokratik dəyərlərin həyata keçməsində böyük yol keçib. Əminəm ki, rəsmi Bakı bu istiqamətdə müvafiq addımlar atacaq. Bununla bağlı demək istəyirəm ki, noyabrın 7-də keçiriləcək seçkilərdə ATƏT PA və ATƏT müşahidə missiyası iştirak edəcək. Xüsusi qeyd etmək istəyirəm ki, 2008-ci ildə keçirilən prezident seçkilərini müşahidə edən ATƏT missiyası ölkənizdə mühüm irəliləyişlər olduğunu bildirib. Rəsmi Bakı 2008-ci ilin iyununda AŞ-nin Venesiya Komissiyasının və ATƏT-in Seçki Məcəlləsinə dəyişikliklər edilməsi barədə tövsiyələrinə də əməl edilib. Eyni zamanda, 2008-ci ilin mayında «Sərbəst toplaşmaq haqqında» qanuna da edilən dəyişiklik beynəlxalq standartlara uyğun hesab edilib”.
Azər NURİYEV
Kaspi. – 2010. – 9 iyul. – S.5.