Dünyanı uşaqlara verək
Sabahkı Azərbaycanın qurucuları olacaq uşaqlara
qayğı, mərhəmət hamının üzərinə
düşən vəzifədir
1 İyun - Uşaqların
Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun
1-də BMT Baş Assambleyası tərəfindən təşkil
olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq
hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər
səslənib və elə həmin tədbirdə də 1
iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr
etmək qərara alınıb. Bundan sonra iyunun 1-i
Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə
düşüb. Dünyanın əksər ölkələrində
olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
2009-cu ilin ölkəmizdə
"Uşaq ili" elan olunması uşaqlara diqqət və
qayğının bariz nümunəsidir. İl ərzində
onların sağlamlığı, təhsilə cəlb
olunması, incəsənətə maraqlarının
artması və s. üçün müxtəlif layihələr
həyata keçirilib. Ölkəmizdə kimsəsiz
uşaqlar dövlətin qayğısı ilə əhatələnib.
Uşaqların hamisi
Heydər Əliyev Fondu
uşaqların diqqət və qayğı ilə hərtərəfli
əhatələnməsi üçün müxtəlif
proqramlar həyata keçirir. Fondun prezidenti Mehriban Əliyeva
bildirib ki, rəhbərlik etdiyi Fondun fəaliyyətinin əsas
istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin
müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə
- uşaq evləri və internatlardakı uşaqlara və
yeniyetmələrə, qaçqın və məcburi
köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərə
mübtəla olan uşaqlara yardım göstərilməsi ilə
bağlıdır. Fondun fəaliyyət göstərdiyi
qısa müddət ərzində bu sahədə çox
iş görülüb - uşaq evləri və internat məktəblərin
şagirdləri arasında "Mən uşaqları sevirəm"
mövzusunda rəsm müsabiqəsi keçirilib, Bilik
günü ilə əlaqədar
qaçqın-köçkün uşaqlarına məktəb
ləvazimatı verilib. Eləcə də Fondun, Azərbaycan
Diabet Cəmiyyətinin və Danimarkanın "Novo
Nordisk" şirkətinin təşkilatçılığı
ilə "Diabetlə xəstələnmiş uşaqlara daha
çox qayğı" layihəsi gerçəkləşdirilib,
"Talassemiyasız həyat naminə" layihəsi yerinə
yetirilib və bu layihə çərçivəsində
ixtisaslaşdırılmış mərkəz, qan bankı
yaradılıb. Proqram çərçivəsində
"İnfotek" ictimai birliyi zəif görən uşaqlar
üçün bir sıra məktəbləri Brayl əlifbası
olan monitorlu kompyuterlə təmin etməyi, habelə dərslikləri,
bədii ədəbiyyat əsərlərini Azərbaycan dilində
səsləndirmək üçün kompyuter proqramları
yaradılmasını planlaşdırır.
Heydər Əliyev Fondu tərəfindən
mütəmadi olaraq uşaq evlərində, məktəblərdə
və s. yerlərdə uşaqlarla görüşlər
keçirir, onların problemləri ilə maraqlanır, sosial
müdafiəsinin gücləndirilməsi üçün
mühüm addımlar atılır.
Qayğı
Nizami rayon 1 saylı uşaq evində uşaqların doğrudan da dövlət qayğısı ilə yüksək səviyyədə əhatələndiyinin şahidi olmaq mümkündür. Təxminən 1960-cı illərdə yaranan uşaq evi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Demək olar ki, burada uşaqlar üçün hər cür şərait yaradılıb. Uşaq evinin direktoru Nərminə Zöhrabovanın bildirdiyinə görə, hətta uşaq evinin balansında Şüvəlanda yay istirahətləri üçün bağ da mövcuddur. Uşaqların yay aylarında istirahət etdikləri həmin bağ Mehriban xanımın təşəbbüsü ilə qaydaya salınıb.
Uşaq evində 3 yaşından 17 yaşınadək, ümumilikdə respublikanın hər yerindən 120 uşaq saxlanılır. N.Zöhrabovanın dediyinə görə, onlar əsasən təbəqələrə bölünmüş - imtina edilmiş, müvəqqəti (məhkəmə qərarı ilə gələn uşaqlar), imkansızlıq və s. səbəblərdən gələn uşaqlardır. Onların çoxunu oğlanlar təşkil edir. 17 yaşdan sonra onlar üçün müstəqil həyat başlayır. Uşaq evi sonra da onların taleyinə biganə qalmır. Məsələn, 17 yaşı burada tamam olan qızlar üçün ilk dəfə olaraq Mehriban xanımın təşəbbüsü ilə müvəqqəti yaşayış binası tikilib.
"Uşaq evindəki uşaqlar 220 saylı liseydə oxuyurlar. Boş vaxtlarında onların mədəni istirahətləri təşkil edilir - teatrlara, konsertlərə, gəzintilərə gedirlər. Bir neçə ildir ki, uşaqlar hər il İzmirdə keçirilən çocuq bayramı festivalında iştirak edir və müəyyən uğurlar qazanırlar. Uşaqlar, həmçinin Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən bütün tədbirlərdə, idman yarışlarında iştirak edirlər. Uşaqlar həmçinin kompyuter, bədii toxuma, xalçaçılıq, bədii gimnastika, milli və bal rəqsləri dərnəklərində məşğul olurlar. Bu dərnəklər elə uşaq evinin öz təşəbbüsü ilə açılıb. “Çalışmışıq ki, uşaqları hərtərəfli əhatələndirək. Hər şey mədəniyyətdən başlayır. Burada uşaqlar cəmiyyətə hazırlanır. Qapalı müəssisə olsa da, uşaqlar qapalı saxlanmır. Bu günün tələblərinə uyğun tərbiyə olunurlar" - deyə uşaq evinin direktoru bildirib.
Həyəcan təbili
Bu gün dünyanın hər yerində mərhəmət və qayğıya ən çox ehtiyacı olan yenə də uşaqlardır. Bir çox ölkədə uşaqların müdafiəsi üçün qanunlar mövcuddur. Ancaq reallıq budur ki, bir çox ölkə hətta özü təyin etdiyi standartları belə həyata keçirmir. Mütəxəssislər iddia edirlər ki, uşaqlarla bağlı heç bir mühüm sənəd onların hüquqlarının tam qoruyucusuna çevrilə bilməyib. Uşaqların atılması, dilənçi kökünə salınması, aldadılması, ələbaxımlığa öyrədilməsi, satılması, diləndirilməsi halları mövcuddur.
Təəssüf ki, uşaqların müdafiəsi ilə bağlı problemlər bizim ölkəmizdə də yetərincədir. Rəsmi dairələrdə uşaqlarla bağlı problemlərin mövcudluğu inkar olunsa da, faktlar kifayət qədərdir.
Bu gün ölkəmizin 2000-dən çox sakini uşaq evlərində yaşayır və belə sığınacaqlar artıq çatışmır. Uşaqlar atılır, məktəbdən yayınır, ailəyə kömək etmək problemi ilə üzləşir... Respublikamızda küçə uşaqları problemi hələ də həll olunmayıb. Keçid dövrünün sosial bəlası kimi meydana çıxan problem Ermənistanın təcavüzü nəticəsində daha kəskin xarakter alıb.
“Bu uşaqların əksəriyyəti təkcə özünə yox, həm də ailələrinə kömək edir. Onların bəzilərinin, ümumiyyətlə, ailəsi yoxdur, bəziləri ögey analıq və ya atalıq, bəziləri də natamam ailə əlindən didərgin düşənlərdir. Araşdırmalar nəticəsində məlum olub ki, uşaqların evdən qaçmasının əsas səbəbi ailələrin nikahının pozulmasıdır. Atanın ölümü isə əksər ailələri maddi çətinliklə üzləşdirir. Evdar qadın olan ana öz uşağını internata göndərməyə məcbur olur. Sorğular nəticəsində məlum olub ki, atanın ölümü ucbatından yarımçıq ailələrdən internatda məskunlaşan uşaqlar (38 faiz) təşkil edir. Bu uşaqların bəzilərinin atası həbsxanada (4 faiz), yaxud ruhi xəstəxanada (0,6 faiz) müalicə olunurlar” – deyə nəzəri təcrübələr aparan və özündə peşəkar psixoloqları birləşdirən Psixoloji Mərkəzin rəhbəri Svetlana Məcidova bildirir. Psixoloqun sözlərinə görə, bu problemi həll etmək üçün heç də həyatın yaxşı şərtlərini gözləmək lazım deyil: “Hazırda zaman bizim əleyhimizə işləyir. Küçə şəraitində bütöv bir nəsil böyüyür. Özgə uşaqlar yoxdur. Əgər hər birimiz onların taleyinə biganə olmasaq, kimsəsiz uşaqlar üçün nə isə etsək, onların taleləri ilə gələcəklərinə kömək etmiş olarıq".
Psixoloji Mərkəzin I və X sinif şagirdlərinin valideynləri arasında keçirdiyi sorğunun nəticələri göstərir ki, 36 faiz məktəb yaşlı uşaq məktəbə getmir. Səbəb isə uşaqların özünü və ailələrini saxlamaq üçün işləməyə məcbur olmasıdır. Bu səbəbi uşaqlar da, valideynlər də göstərib. İkinci səbəb isə birbaşa müəllimlərlə yaranan problemlər və dərsliklərin əldə edilməsi ilə bağlı (15 faiz) çətinliklərdir. Uşağın aşağı intellektual imkanlarını nəzərə alan bəzi valideynlər (7,4 faiz) övladlarını təhsili davam etdirməyə məcbur etmirlər. Məktəb yaşlı uşaqların 10 faizi isə valideynlərinin təşəbbüsü ilə heç vaxt oxumayıblar. Əlbəttə, son iki səbəbi də ailənin maddi çətinliyi ilə əlaqələndirmək olar. Çünki uşağın məktəbə getməsi valideynlərə çox baha başa gəlir. Məktəbə getməməyin əsas səbəbi birmənalı şəkildə ailənin maddi təminatının çətin olmasıdır. Küçə uşaqları arasında məktəb yaşlı elə uşaqlar var ki, onlar, ümumiyyətlə, oxumağı və yazmağı bacarmırlar. O da məlum olub ki, küçədə işləyən uşaqlar öz arzuları ilə oranı özlərinə məkan seçirlər. Onları heç kəs məcbur etmir. Bu uşaqlar hər cür iş görməyə hazırdırlar. Onlar əsasən xırda ticarətlə, maşın yumaqla məşğul olur, marşrut taksilərdə sərnişin səsləyən və s. işləyirlər. İşə münasibət işin xüsusiyyətindən yox, əmək haqqından asılıdır. Bu uşaqların gündəlik qazancı yüksək də deyil. Qazandıqları pul isə əsasən ailənin yeməyinə və digər xırda-para ehtiyaclarına xərclənir. Buna baxmayaraq, onların hamısına küçədə işləmək xoş deyil. 70 faiz uşağın küçədə işləməyə əsas marağının səbəbi maddi maraqdır. İşin özünə maraq isə azdır. Küçədə işləmək istəməməyin səbəbi kimi isə fiziki və əxlaqi cəhətdən alçalmaq, iş şəraitinin pis olması, fiziki çətinlik, qazancın azlığı, ehtiyac üzündən işləmək, polislə problem və s. səbəblər göstərilib.
İş ondadır ki, əksər valideynlər uşaqlarının küçədə işləmələrinə pis yanaşmır. Çox az valideynin münasibəti isə mənfidir. Bu uşaqların əksəriyyəti valideynləri tərəfindən taleyin ümidinə buraxılan insanlardır. S.Məcidova narahatlıqla hamının dediyi sözü deyir: “Gəlin hamılıqla bu günün uşaqlarını, sabahın isə böyüklərini - Azərbaycanın qurucularını qayğıların, bəlaların əlindən qoparaq. Əgər biz bu gün Azərbaycanın sabahı naminə məsuliyyət hiss etmiriksə, deməli, keçmişimizə də arxa çeviririk. Gələcəyimiz olan uşaqlara qayğını, mərhəməti unutmaq cinayətdir. Dünyanı uşaqlara vermək lazımdır”.
Təranə Məhərrəmova
Kaspi. -2010. – 1 iyun. – S.8.