Teymur Rəcəbov: “Psixoloqa ehtiyacım var” 

 

«Çox xoşbəxtəm ki, məni bütün azarkeşlər, ölkəm, dövlətim dəstəkləyir. Çox xoşbəxtəm ki, iddiaçıların görüşündə iştirak etmək və yüksək nəticələr göstərmək imkanım var»

 

Dünya şahmat tacına iddiaçıların turnirində Azərbaycanı ilk dəfə təmsil etmək hüququ qazanan Teymur Rəcəbovun Lent.az-a eksklüziv müsahibəsini təqdim edirik

 

- Rusiyanın Həştərxan şəhərində başa çatan FİDE Qran-prisində uğurlu çıxış edərək, ölkəmizi dünya çempionluğuna iddiaçıların turnirində təmsil etmək hüququ qazandınız. Hansı hissləri keçirirsiniz?

- Yalnız xoş hisslər keçirirəm. Bu, FİDE “Qran-pri”sinin həlledici mərhələsi idi. Prinsipcə, öz nəticəmdən çox məmnun olduğumu deyə bilərəm. Bakıda keçiriləcək iddiaçıların turniri üçün respublikamıza təşkilatçı payından əlavə, daha bir yer qazandıra bildim və ölkəmizi bu yarışda təmsil etmək hüququ qazandım. İddiaçıların turnirində Azərbaycanın iki şahmatçısının iştirakı, fikrimcə, həm özüm, həm də ölkə şahmatsevərləri üçün böyük nailiyyətdir.

- Son yarış zamanı hər hansı çətinlik hiss edirdiniz?

- Bu, çətin və əsəb tələb edən turnir idi. Amma normal, xüsusi problem olmadan keçdi. Bir neçə çətin görüşüm olsa da, turniri yaxşı nəticə ilə başa vura bildim.

- Həştərxan turnirində daha iki azərbaycanlı şahmatçı – Şəhriyar Məmmədyarovla Vüqar Həşimov da çıxış edirdi. Onlar daha irəli çıxmağınız üçün Sizə hansısa formada kömək etdilər?

- Əlbəttə, yox. Düzdür, onların hamısı ilə çox yaxşı münasibətlərim var. Amma turnir şəxsi xarakter daşıyırdı. Buna görə də şəxsi yarışlarda biz bir-birimizə rəqib oluruq. Azərbaycan yığmasında çıxış etdikdə isə bir komandada yer alırıq və ölkəmizə böyük uğur qazandırmaq naminə mübarizə aparırıq. Şəxsi yarışlarda hər kəs özünə cavabdehdir və hər kəs bir-biri ilə rəqabət aparır.

- Sizcə, bu uğurun təməli nə vaxt qoyulub?

- Fikrimcə, bu, Qran-pri seriyalarından başlayıb. Hamı belə nüfuzlu turnirlərə yaxşı hazırlaşır. Məhz belə yarışlara ciddi yanaşmaq və yaxşı nəticə, yaxşı oyun nümayiş etdirmək lazımdır. Çox xoşbəxtəm ki, həqiqətən də FİDE Qran-prisinin əvvəlki və son mərhələlərində uğurlu çıxış etməyə, öz mövqeyimi qorumağa və iddiaçıların turnirinə ölkəmizdən ikinci vəsiqəni qazanmağa nail oldum. Ümumilikdə isə bütün bunlar şahmat növündə görülən işlərin nəticəsi sayıram.

- Əvvəllər elə vaxtlar olurdu ki, oyunlarınızda stabillik müşahidə olunmurdu. Amma bu ildən tempi artırdığınız nəzərə çarpır. Bunun sirri nədədir?

- Bunu belə izah edərdim: Son iki ildə əsas məqsədim iddiaçıların görüşünə düşməkdən ibarət idi. Buna görə də qalan turnirlərə xüsusi “stavka” etmirdim. Çalışırdım ki, sadəcə, oyunumda tam şahmat xarakterli sınaqlar aparım, güclənim və başqa məqamları nəzərdən keçirim. Ona görə də hansısa turniri qələbə ilə başa vurmağa can atmırdım. Daha çox Qran-pridə uğurla çıxış etməyə çalışırdım ki, iddiaçıların görüşünə vəsiqə qazana bilim. Çünki şahmatda ən yüksək ad çempionluqdur və bunun uğrunda mübarizə aparmaq hər şeydən vacibdir. Elə vəzifəm də bundan ibarət idi. Artıq bu, baş verib. Eyni zamanda milli komandaya maksimum güc sərf edirdim. Bu iki əsas məqsədi yerinə yetirmək mümkün oldu. Biz komandalararası Avropa çempionatını qazandıq. Dünya çempionatını yaxşı başa vurmağa nail olmasaq da, prinsipcə, layiqli çıxış etdik. Gələcəkdə də yaxşı oynamağa çalışacağam. Amma əsas məqsədim iddiaçıların turniri olacaq.

- İddiaçıların turnirində çıxış etmək dünya çempionluğuna doğru böyük addım sayılır. Bəs dünya çempionu olmaq Sizin üçün nə dərəcədə realdır?

- Təbii ki, bunun üçün müəyyən işlər görülməlidir. Həm oyun, həm də psixoloji baxımdan. Bütün bu məsələlər üzərində işləyəcək, çalışacağam. Çünki bu böyük məqsəddir, mənim bütün həyatımın, respublikamızın bütün insanlarının arzusudur - bizim də dünya çempionumuz olsun, ölkəmiz ən yüksək şahmat titulu əldə etsin. Bunun üçün hər şeyi edəcəyəm. Bütün qüvvəmi qoyacağam. Çox xoşbəxtəm ki, məni bütün azarkeşlər, ölkəm, dövlətim dəstəkləyir. Çox xoşbəxtəm ki, iddiaçıların görüşündə iştirak etmək və yüksək nəticələr göstərmək imkanım var. Bu, hamımız üçün nəhəng nailiyyətdir. Fikrimcə, bu, ölkəmizin bütün şahmatsevərləri üçün böyük sevincdir. Elə özüm üçün də...

- Siz dövlət səviyyəsində dəstəkləndiyinizi bildirdiniz. Elə isə dünya şahmat tacını ölkəmizə gətirməyiniz istiqamətində hansı işlərin aparılması nəzərdə tutulub?

- Təbii. Ölkəmizdə şahmata göstərilən dəstək böyükdür. Prezident İlham Əliyev şahmatla faktiki olaraq, bilavasitə məşğul olur. Bütün şahmatçılarımıza çox kömək edir. Komandalararası Avropa çempionatının qalibi olarkən, yığmamızı qəbul edib. Azərbaycanda şahmatın inkişafı istiqamətində dövlət proqramı qəbul olunub. Azərbaycan Şahmat Federasiyası da başda Elman Rüstəmov olmaqla şahmatçıların bütün problemləri ilə məşğul olur və s. Təbii ki, qeyd etdiyiniz məsələ ətrafında müəyyən danışıqlarımız olacaq. Əlbəttə, iddiaçıların görüşündən dünya çempionluğu matçına vəsiqə, daha sonra isə şahmat tacını qazanmağa çalışacağıq. Fikrimcə, bu istiqamətdə bütün addımlar atılacaq. Yəqin ki, çoxlu müzakirələr aparılacaq, necə çalışmağı, titulu qazanmaq üçün hansı konkret addımların atılmasının gərəkliyini nəzərdə tutan proqram tərtib olunacaq. Məncə, birbaşa Azərbaycan Şahmat Federasiyası və mütəxəssislərlə bir çox komponentlər: psixologiya, məşqçi, komanda, heyət, təlim-məşq toplantıları zamanı konkret hansı işlərin görülməsi və s. ciddi müzakirə olunacaq.

- Psixoloji hazırlıqdan söz düşmüşkən, bilirik ki, Harri Kasparov Anatoli Karpovla dünya şahmat tacı uğrunda görüş zamanı psixoloq Tofiq Dadaşovun xidmətindən yararlanıb. Bu təcrübədən Sizin görüşlərinizdə də yararlanmaq gündəmdədir?

- Bəli, müzakirə olunur. Amma bu zaman bir çox komponentlər üzərində düşünməli olacağıq. FİDE Qran-prisi bir neçə gün öncə başa çatdığından, hələ bu məsələni heç kim ciddi müzakirə etməyib. İddiaçıların görüşündə yer və birbaşa məqsəd varsa, bu məsələ müzakirə olunacaq və həllini tapacaq. Bəli, məncə, həm özümə, həm də komandamıza psixoloq lazımdır və yaxın vaxtlarda bu məsələni həll edəcəyik.

- Teymur Rəcəbovun şəxsi məşqçiyə ehtiyacı var?

- Mənim bu məsələ ilə bağlı öz baxışlarım mövcuddur. Müəyyən sınaqçı-tərəfdaşlar var. Amma oyunumu gücləndirmək üçün məşqçi ilə yox, öz üzərimdə işləyirəm.

- İddiaçıların turnirinin Bakıda keçirilməsi nəzərdə tutulub. Lakin Ermənistan şahmatçısı Levon Aronyan ölkəmizə gəlmək istəmir...

- Bəli, özü Bakıda oynamayacağı barədə rəsmi açıqlama verib. Hər halda gəlməyə razılıq verməyib. Çox güman ki, iddiaçıların turnirinin ikinci hissəsində çıxış edəcək. Yəni, turnirin bir hissəsi Bakıda, ikinci hissəsi isə digər ölkədə keçiriləcək. Düzü, mən iddiaçıların turnirinin təşkilinə dair bütün detallarla tanış deyiləm. Bunu federasiyamızdan soruşsanız, yaxşı olar. Çünki turnirin detalları texniki xarakterlidir və mənim səlahiyyətimdə deyil. Əgər güclülər Aronyanla düşsələr, yəqin ki, Bakıda oynamayacaqlar. Amma fikrimcə, belə olmayacaq. FİDE-nin iddiaçıların görüşünə dair xüsusi qaydalarına əsasən, mən ilk matçımda ya norveçli Maqnus Karlsen, ya da rusiyalı Vladimir Kramniklə rəqib olacağam. Turnirin ikinci hissəsinin təşkili Levon Aronyanın Bakıya gəlməyəcəyi ilə əlaqədardır. Ona görə də bu, başqa yerdə baş tutacaq. Harada olacağı isə ən yaxın vaxtlarda dəqiqləşəcək. Bu isə şahmatçılara yox, federasiyaya aid məsələdir.

- Bəs bu halda Siz Bakıda, yoxsa digər şəhərdə oynayacaqsınız?

- Çox güman ki, Bakıda oynayacağam. Amma mən və ya ikinci şahmatçımız Aronyanla düşsək, başqa şəhərdə çıxış edəcəyik. Bu, püşkatmanın nəticəsindən asılı olacaq.

- Sizcə, Levon Aronyanın Bakıya gəlmək istəməməsi üçün bir əsas var?

- Bu, ona aid məsələdir və özü də qərar verməlidir. Mən onun müsahibəsini oxumuşam. Aronyan deyib ki, Bakıda çıxış edərkən, ətrafdan təzyiq hiss etmək istəmir. Təzyiq dedikdə isə daim mühafizəçilər arasında olmasını və nəyinsə baş verəcəyindən ehtiyatlanmasını nəzərdə tutur. Hər halda onun izahını belə başa düşdüm. Aronyanın açıqlamalarını şərh etmək isə mənim işim deyil.

- Belə hallardan söz düşmüşkən, indiyədək şahmat oyunlarında “tualet qalmaqalı” kimi olay yaşanıb. Sizin də buna bənzər hallarla rastlaşdığınız vaxtlar olub?

- Xeyr, belə halla heç vaxt rastlaşmamışam. Düzü, bu, şahmatda nadir hadisədir və belə qalmaqallar yalnız dünya çempionluğu uğrunda matçda baş verir. Mən isə hələ dünya çempionluğu uğrunda görüşdə iştirak etmədiyim üçün belə qalmaqallarla üzləşməmişəm. Qaldı ki, Sofiyada bolqarıstanlı Veselin topalovla hindistanlı Vişvanatan Anand arasında şahmat tacı uğrunda keçirilən qarşılaşmalar tam sakit məcrada və qalmaqalsız ötüşüb.

- Yanvarda Türkiyədə keçirilmiş dünya çempionatında komandamızın daxilində münaqişələrin baş verdiyinə dair söz-söhbətlər dolaşır. Xüsusən, Sizinlə Vüqar Həşimov arasında xoşagəlməz halların yaşandığı bildirilir. Bu iddiaların əsası var?

- Vüqarla heç bir şəxsi problemim yoxdur. Normal münasibətlərimiz var. Bunu hamı deyir. Digər məsələləri isə şərh etmək hüququm yoxdur. Belə suallarla federasiyaya və ya Vüqarın özünə müraciət edə bilərsiniz. Mənim onunla şəxsi problemim yoxdur.

- Elə isə dünya çempionatında nə baş verdi ki, yığmamız Avropa çempionu kimi ümidləri doğrultmadı?

- Dünya çempionatı ciddi turnirdir. Orada bizim müəyyən problemlərimiz vardı. Bərabər səviyyədə keçən müəyyən sayda görüşlərimizdə məğlub olduq. Məncə, biz ilk 3-lükdə yer almağa layiq idik. Lakin buna nail ola bilmədik və 4-cü yeri tutduq. Fikrimcə, bu da yaxşı nəticədir. İstənilən halda, sentyabrda keçiriləcək şahmat olimpiadasına köklənmək lazımdır. Ümumilikdə, komandamızda hər şey normaldır, problem hiss etmirik, işlər qaydasındadır, bizə mane ola biləcək heç bir məqam yoxdur. Əsas məsələ odur ki, daim yaxşı komanda ruhu olsun, ümumi struktur, ümumi münasibətlər olsun. Hər bir turnirdə qalib gəlmək də mümkün deyil. Biz Avropa çempionu olduqdan təqribən bir ay sonra dünya çempionatı kimi çətin yarış başladı. Ola bilsin, kifayət qədər istirahət edə, dünya çempionatınadək lazımi səviyyədə bərpa ola bilmədik. Digər tərəfdən, Avropa çempionu olduqdan sonra bizə tam başqa cür yanaşmağa başladılar. Yəni, bizdən ehtiyatlanmağa, səliqəli oynamağa çalışdılar. Biz isə qələbə qazanmaq üçün risk etməli olduq. Qarşıda çoxlu komanda yarışımız var. Fikrimcə, Azərbaycan yığması parlaq komandadır və tezliklə, tarixdə iz buraxacaq komandaya çevriləcək. Məncə, hər şey normal olacaq.

- Sizin üçün kapitan Zurab Azmayparaşvili ilə işləmək necədir?

- Yaxşıdır. Mən onu çoxdan tanıyıram. Uzun müddətdir ki, yaxşı münasibətlərimiz var. Eləcə də komandamızdakı digər uşaqlar da onu yaxşı tanıyırlar. Şahmatla uzun müddət peşəkar səviyyədə məşğul olub və sonradan FİDE-də çalışmağa başlayıb. Hamımızın ona münasibəti yaxşıdır və hər hansı problem yoxdur.

 

 

Elşən Məmmədov 

 

Kaspi. -2010. – 1 iyun. –S.9.