“Əsas məsələ
təbii fəlakətlə
bağlı dəymiş
zərərlərin obyektiv
qiymətləndirilməsidir”
Ziyad Səmədzadə
2010-cu ilin dövlət
büdcəsinə baxılarkən
əsas diqqətin bu sahəyə yönəldiləcəyini deyir
Milli Məclisin yaz sessiyası başa çatsa da, deputatlar iyun ayında növbədənkənar
sessiya çağırıblar. Artıq sessiyada
müzakirə ediləcək
məsələlərdən biri məlumdur. Parlament çoxdandır gözlənilən
Hərbi Doktrina layihəsini müzakirəyə
çıxarmağa hazırlaşır.
İyunda keçirilməsi nəzərdə tutulan növbədənkənar sessiyada
2010-cu ilin dövlət
büdcəsinə dəyişikliklər
edilməsi ilə bağlı məsələ
də müzakirəyə
çıxarıla bilər.
Bununla bağlı suallarımızı Milli
Məclisin İqtisadiyyat
komitəsinin sədri
Ziyad Səmədzadəyə
ünvanladıq.
- Ziyad müəllim, maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında 2010-cu ilin büdcəsinə dəyişikliklərin istisna olunmadığını bildirib. Siz bu barədə nə düşünürsünüz?
- Əvvəla qeyd edim ki, Azərbaycan iqtisadiyyatında dinamik sürət, inkişaf güclənməkdədir. İlin birinci rübü də artıq müsbət meyillərdən xəbər verir. Büdcə daxilolmalarında da müsbət meyillər var. Dövlət büdcəsi profisitlə icra olunmaqdadır. Eyni zamanda, bildiyiniz kimi, ölkədə son günlər yaranmış təbii fəlakətlə əlaqədar olaraq çox ciddi işlər görülür. Bu təbii fəlakətin vurduğu zərərin miqdarı hazırda müəyyənləşdirilir. Həmçinin qeyd edim ki, sözügedən təbii fəlakət zonasında yaşayan əhalinin istər sosial müdafiəsini gücləndirmək, istərsə yeni işlər aparmaq üçün baş nazirin sədrliyi ilə müvafiq Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası da çox güman ki, təbii fəlakət zonasında baş verənləri köklü surətdə təhlil edəcək və bu baxımdan, görünür, bir sıra istiqamətlərdə də əlavə vəsaitlərə ehtiyac yaranacaq. Təbii, bu vəsaitləri də təcili surətdə ayırmaq lazımdır ki, dəymiş zərərlərin nəticələrini tezliklə aradan qaldırmaq mümkün olsun. Yəni belə demək mümkündürsə, həm kompensasiyaların ödənilməsi, həm risklərin gələcəkdə ortadan qaldırılması ilə əlaqədar olaraq məsələlər həll olunur. Hesab edirəm ki, bunlar – büdcəyə dəyişikliklərin nəzərdə tutulması da düşünülmüş addımlardır. Yəni büdcəyə dəyişikliklər elə-belə nəyinsə xatirinə edilmir. Reallığı obyektiv qiymətləndirən ölkə başçısı, Azərbaycan hökuməti yəqin ki, 2010-cu il üçün təsdiq edilmiş büdcə parametrlərində dəyişikliklər edəcək...
- Bu yöndə parlamentə konkret təkliflər daxil olubmu?
- Təkliflər daxil olmayıb, amma hazırda yəqin ki, hesablamalar aparılır. Bildiyiniz kimi, təbii fəlakət bölgəsində Dövlət Komissiyası işləyir və öz hesablamalarını aparır. Bu baxımdan, yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.
- Büdcəyə dəyişikliklər edilərsə, bu həm də dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqlarının, eyni zamanda, pensiyaların artımına gətirib çıxara bilərmi?
- Onsuz da əmək
haqları bu il ərzində artacaq. Bunu cənab prezident özü bəyan edib. Ancaq bu gün əsas məsələ təbii fəlakətlə
bağlı dəymiş
zərərlərin obyektiv
qiymətləndirilməsi məsələsidir.
Böyük bir fəlakət
baş verib. Bu, təbiət fəlakətidir.
Dünyanın bütün ölkələrində,
demək olar ki, bu cür
təbii fəlakətlərə
rast gəlmək mümkündür. Ancaq Azərbaycan
hökuməti bütün
bu çətinliklərə
baxmayaraq, öz büdcəsinə dəyişiklik
etməyi nəzərdə
tutur. Düzünü desəm, mən
indiyədək mətbuatda
rast gəlməmişəm
ki, hansısa ölkə öz büdcəsinə yenidən
baxmaq istəyir.
Lakin Azərbaycan hökuməti
təcili qabaqlayıcı
tədbirlər görmək,
gələcəkdə belə
hadisələrdən dəyən
zərəri minimuma endirmək üçün
büdcəyə baxmağı
nəzərdə tutur.
- Yeri gəlmişkən, iqtisadçı
deputat həmkarlarınız
dəfələrlə Büdcə
Məcəlləsinin hazırlanması
və qəbul olunması təklifi ilə çıxış
ediblər. Bu yöndə də hansısa addımların
atılması gözlənilirmi?
- Bilirsiniz,
hər bir məsələnin öz vaxtı var. Dünyanın
əksər ölkələrində
Büdcə Məcəlləsi
yoxdur. Büdcə sistemi ilə bağlı bu gün Azərbaycanın çox
kamil, təkmil qanunları var və o qanunlar bizə beynəlxalq standartlara uyğun büdcə tərtibatını
aparmağa imkan verir. Təbii ki, bütün qanunların bir sənəddə toplanması
vacib məsələdir,
amma bunun üçün də vaxt lazımdır, ayrı-ayrı qanunların
fəaliyyət mexanizmini
dərindən araşdırmaq
gərəkdir. Bir sözlə, bunları araşdırmalı, monitorinq,
ümumiləşdirmələr etməli və son qərar verməliyik. Yəni bu baxımdan
mən gələcəkdə
belə bir məcəllənin qəbulunu
da istisna etmirəm.
- Millət
vəkilləri tərəfindən
həm də “Maliyyə nəzarəti haqqında” qanunun qəbul olunması yönündə israrlı
təklif və tələblər səslənməkdədir...
- “Maliyyə
nəzarəti haqqında”
da qanunun qəbulu vacib məsələlərdəndir. İndi mən dəqiq deyə bilmərəm, bu məsələ qanun şəklində öz həllini tapacaq və ya qəbul
edilmiş qanunlara dəyişikliklər olunacaq.
Ancaq onu dəqiq bilirəm ki, bu yöndə
əlimizdə kifayət
qədər hüquqi
mexanizm var. “Hesablama Palatası haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət
satınalmaları haqqında”
qanun var, həmçinin bu yöndə digər icra mexanizmləri ortalıqdadır. Təbii
ki, biz təzədən
yeni orqanlar yaratmaq fikrində deyilik. Bizim fikrimiz ondan ibarətdir ki, qəbul edilmiş qanunların şəffaflığı
təmin edilsin. Heç şübhəsiz,
maliyyə vəsaitlərinin
istifadə edilməsi
ilə əlaqədar
zaman-zaman ortaya müəyyən məsələlər
çıxır. Hesablama
Palatası hər il büdcə ilə bağlı geniş rəy verir və sair.
Ancaq mən hələlik qəbul edilməsi gözlənilən
“Maliyyə nəzarəti
haqqında” qanunun strukturunu özüm üçün müəyyən
edə bilməmişəm.
Ya gərək qanunlar yığışıb
bir yerdə olsun, ya da
yeni qanun qəbul edilsin. Bununla yanaşı, bir daha qeyd
edirəm, bu gün Hesablama Palatasının əlində
kifayət qədər
səlahiyyət var ki, istənilən dövlət müəssisəsini,
büdcədən maliyyələşən
təşkilatı yoxlasın,
öz təkliflərini
versin, bu təklifləri inzibati orqanlara göndərsin, iş açılsın və sair. Demək
istəyirəm ki, maliyyə şəffaflığının,
büdcə şəffaflığının
təmin edilməsi istiqamətində çox
böyük işlər
görülür. Hər
halda bu məsələ barədə
gələcəkdə düşünmək
olar. Lakin Büdcə Məcəlləsinin
qəbuluna ehtiyac var. Bunun üçün də gərək müəyyən hazırlıq
işləri aparılsın.
Bir neçə qanunu bir məcəllədə
birləşdirib ortaya
çıxarmaq üçün
gərək biz həmin
qanunların fəaliyyət
mexanizmlərini ümumiləşdirək
ki, nəyə nail olduq. Məsələn, “Büdcə sistemi haqqında” qanunla biz nəyə nail olduq? Əgər bizim büdcə sisteminin tərkibində nöqsanlar
varsa, gəlin ilk növbədə bunları
müəyyənləşdirək. Sistem elə qurulub ki, parlament
qəbul edən kimi, hökumət, Maliyyə Nazirliyi qısa müddət ərzində büdcə
parametrlərini yerlərə
çatdırır. Qısa
müddət ərzində
vəsaitlər açılır.
Hər rüb hesabatlar aparılır. Yəni bizim kifayət qədər mexanizmimiz var...
İlham Quliyev
Kaspi. -2010. – 2 iyun. –S.4.