“Kino mənzilini dəyişib” 

 

Rasim Balayev: «Hərdən fikirləşirəm, nə qədər ki, canım salamatdır, çəkilmək lazımdır»

 

Onun kinoya öz baxışı, öz yanaşması var. Ömrünün 35 ildən çoxunu kinoya həsr edən Xalq artisti Rasim Balayevin kinematoqrafiya ilə bağlı söhbətlərində həmişə bir nostalji hiss olunur. Bu, onun yaşıdı olan kino adamları kimi içində yaşatdığı xiffətdir – kinomuzun intibah dövrünün xiffəti. Bununla belə, aktyor ümidini də üzmür. Baxımlı filmlərin çəkiləcəyinə, tamaşaçı kütləsinin kinoteatrlara axınına, zamanın öz sənətkarını yetişdirəcəyinə... inanır.

Aktyorla söhbətimizdə özünüz də bunun şahidi olacaqsınız.

 

Əvəzolunmaz adam

 

- Bu həftə mərhum rejissor Rasim Ocaqovun filmlərinin həftəsi keçirilir. Siz onun bir neçə filmlərində çəkilmisiniz. Rasim Ocaqovun rejissor dəst-xəttinə uyğunlaşmaq sizin üçün rahat idimi?

- Rasim Ocaqov Azərbaycanın ən görkəmli rejissorlarından biridir. O, milli kino tarixində öz dəsti-xətti olan, yaratdığı əsərlərlə uzun müddət Azərbaycan tamaşaçısının qəlbində yaşayan sənətkardır. Rasim Ocaqov çox ciddi, intizamlı, ədalətli adam idi. Azərbaycanın bir neçə ustad sənətkarları olub, mən deyərdim ki, onların içərisində əsil vətəndaş sənətkarlardan biri də Rasim Ocaqov idi. Çox xoşbəxtəm ki, onun 4 filmində çəkilmişəm. Rollarımın bəzisi əsas, bəzisi isə epizodik rollar olub. Rasim Ocaqov kinonu dərindən bilən, sevən bir sənətkar idi. Aramızda yaş fərqinə baxmayaraq, onunla dostluğumuz da var idi. Hələ lap ilk dəfədən, o, operator kimi məni «Ömrün ilk günü» filminə çəkib. Ondan sonra Rasim Ocaqova «Qatır Məmməd» filmini verdilər, mən də orada çəkildim. O vaxtdan biz dostluq edirdik və axırıncı illərdə də bir yerdə işləyirdik.

 

Rasim Ocaqov axır illər Azərbaycan kinosunun xiffətini edirdi

 

- Rasim Ocaqovun belə bir fikri var idi: “Kino insanları tərbiyə edə bilməz, yalnız onlara emosional təsir göstərə bilər”. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı.

- Rasim Ocaqov elə bir adam olub ki, öz fikirlərində haqlı idi... Düzdür, insanları kino ilə tərbiyə etmək bir az absurddur. Amma kino ilə müəyyən hadisələri göstərib, filmlərdəki süjet xəttilə insanlara müəyyən bir ibrət dərsi vermək mümkündür və bu olub. Vaxtilə kompyuter, internet olmayanda biz əsas filmlərə baxır, çoxlu kitablar oxuyurduq. İnsanın formalaşmasında bu amillərin müəyyən rolu var. İpə-sapa yatmayan bir uşağı götürüb kino ilə tərbiyə etmək mümkün deyil. Tərbiyə, nizam-intizam çox incə şeydir. Bu insanın qanında, genində olmalıdır. Amma sənət əsəri, belə deyək, hər hansı bir kino, sənət, musiqinin gözəlliyi insanda müəyyən bir xoş əhval-ruhiyyə oyadıb onu xeyirxahlığa, düşünməyə, müəyyən gözəl hisslər vermək qabiliyyətinə malikdir. Bir adamı kinoya göndərib, onun  tərbiyəli adam kimi zaldan çıxmasına inanmaq  əlbəttə ki, mümkün deyil.

- Sizcə bugünkü kinematoqrafiyada Rasim Ocaqov kimi rejissorlar yetişirmi?

- Rasim Ocaqov kimi olmaq qətiyyən mümkün deyil. Qabaq belə bir söz vardı – əvəzolunmaz adam yoxdur. Əvəzolunmaz adam var. Rasim Ocaqovun özünəməxsusluğu, öz dünyagörüşü, öz baxışı, öz düşüncə tərzi vardı. Yəni, bundan sonra Rasim Ocaqov olmayacaq. İndi gənclərin hansının istedadlı, hansının istedadsız olduğunu bilmirəm. Hələlik, adamın gözünə qabarıq dəyən adamları görə bilmirəm. Amma yəqin ki, yetişməlidir. Çünki qanunauyğunluq var – zaman öz sənətkarını yetişdirir. Ola bilsin ki, bəzən müəyyən sənət növlərində bir az durğunluq olur, obyektiv və subyektiv səbəblər üzündən bir az tənəzzül baş verir. Bu da yəqin ki, müvəqqətidir. Tarixdə belə hallar baş verir. İncəsənətin bütün növlərində bu cür hadisələrə rast gəlmək mümkündür. Məsələn, bir neçə il bundan əvvəl muğam sənəti ölkəmizdə arxa plana keçmişdi. Bildiyiniz kimi, indi muğam sənətinə yüksək diqqət və qayğı göstərilir. İstedadların yetişməsi üçün şərait yaradılır. Bu çox amillərlə bağlıdır. Mən inanıram ki, zaman öz sənətkarını yetişdirəcək. Ancaq bütün hallarda Rasim Ocaqov olmaq mümkün deyil.

 

Deməzdim ki, kino ölür

 

- Məşhur rus rejissoru Andrey Kançalovskinin belə bir fikri var: «Kino ölüb, ancaq özünü yalandan sağ göstərir». Bu pessimist fikir Rasim Ocaqovun kino ilə bağlı yuxarıda qeyd etdiyiniz  xiffəti ilə səsləşmirmi?

- Fikir mübadiləsi bəzən insanın ənval-ruhiyyəsindən də asılı olur. Hərdən mənim özümdə də elə fikirlər oyanır: «Daha bəsdir, neylədin, elədin». Amma hərdən də fikirləşirəm, yox, nə qədər ki, canım salamatdır, çəkilmək lazımdır. Kinomuzun 100 ildən çox tarixi var. Düzdür, müəyyən dövr olur ki, bəzi şeylər qabağa keçir, kino arxada qalır. Ola bilsin ki, o təsir qüvvəsi, tamaşaçıya təsir imkanları əvvəlki kimi deyil. Əvvəllər yay və qış kinoteatrları insanlarla dolu olardı. Tamaşaçılar bütün filmləri əzbər bilirdi. Amma bu gün çox filmlər çəkilir,  tamaşaçılar isə ondan xəbərsizdir. Bu gün televiziyadan seriallara baxırlar. Kinoteatrlara gedən yoxdur. Kino mənzilini dəyişib. Filmlər əvvəl kinoteatrlarda göstərilirdisə, indi bu missiyanı efir, disklər, kasetlər yerinə yetirir.

Bilmirəm, bu zamanın, dövrün tələbidirmi? Amma bütün bunlara baxmayaraq, mən kinonun ölməsi fikri ilə razı deyiləm. Bu sənət bir şəkildən başqa bir şəklə düşə bilər. Teatrda da bu cür hallar baş verib. Məsələn, 30-50-ci illərdə oynanılan tamaşalar tamaşaçıya başqa cür təsir edirdi. İnsanlar teatrdan hansı əhval-ruhiyyə ilə çıxırdılar. Ancaq bu gün tamaşalar həmənki effekti vermir. Deməli, teatrda da bir islahat lazımdır. Rusiya teatrlarında bu yeniliklər hiss olunur və bu tamaşaçıları cəlb edir. Ancaq bizim teatrlarda o cür islahatları apara bilmirlər. Ona görə də insanlar teatra getmir. Ya formada, ya da məzmunda tamaşaçının qəbul edə biləcəyi yeniliklər olmalıdır. İnkişaf gedir, ancaq görünür sənət  bir qədər geri qalır. Gərək sənət öndə olsun. Ona görə də mən deməzdim ki, kino ölür. Ola bilsin ki, o, xəstələnir, zəifləyir, özünü yaxşı hiss etmir, amma özünə gələndə sözünü deyə bilir. Kino öz funksiyasını dayandırmayıb, davam edir.

 

İki həyat

 

- Müsahibələrinizin birində demisiniz ki: «Bu gün kinoda mənim istədiklərim yoxdur». Sizin istədikləriniz nədir ki?

- Mənim istədiyim gözəl əsərlər və dolğun obrazlardır. Ancaq bu gün təqdim olunan əsərləri oxuyuram, elə bir dolğunluq yoxdur.

- «Əgər bu gün kinoya gəlsəydim, heç bir uğur qazana bilməzdim». Bu fikirləriniz çox ümidsiz səslənmirmi?

- Doğrudan da bu gün mən kinoya gəlib mənasız, simasız çəkilən filmlərdə özümü göstərə bilməzdim. Mən elə əsərlərdə çəkildim ki, orada tamam başqa ab-hava vardı. Bu gün isə həmin ab-hava yoxdur. Hesab edin ki, bu gün 22-23 yaşım var və mən kinoya gəlmişəm. Elə bir əsər yoxdur ki, mən orada çəkiləm və həmin filmlə də Azərbaycana səs düşə. Ona görə də fikirləşirəm ki, bu gün sənətə gəlsəydim, elə də diqqət cəlb edən sənət adamı olmazdım. - Bu gün çəkilən filmlərin məhdud tamaşaçı auditoriyasının olması onların kinoteatrlarda nümayiş olunmaması ilə bağlıdır?

- O filmlərin heç məhdud bir tamaşaçı auditoriyası da yoxdur. Filmlər çəkilir və 5-6 nəfər o filmi qəbul edib rəfə qoyur. Arabir kimsə təşəbbüs göstərib 1-2 dəfə televiziyaya çıxmasın nail olur. Ancaq geniş tamaşaçı kütləsinin o filmlərdən xəbəri olmur. İndi tamaşaçılarda da fərq var. Əgər tamaşaçı bu gün maraqlanmırsa, qəhrəmanların ekran həlli onlara maraqlı deyilsə, neyləmək olar? Bu gün tamaşaçı üçün bunun fərqi yoxdur. Bütün bunların dərin sosioloji tədqiqatlara ehtiyacı var. Mən bu sahədə mütəxəssis olmadığım üçün dəqiq bir söz deyə bilmirəm. Məncə insanların durumu, həyat tərzi, psixoloji yaşamı – bütün bunlar böyük önəm daşıyır. Ona görə də filmlər çəkilir və ən yaxşı film olsa belə, tamaşaçının marağına səbəb olmur. Araşdırmaq lazımdır ki, bu qədər pullar sərf edilir. Ancaq tamaşaçı filmləri sevmirsə, onda bu filmləri nə üçün çəkirlər?

- Son illər çəkilən «Hökmdarın taleyi», «Cavad xan», «40-cı qapı» və s. filmlər kinematoqrafik nöqteyi-nəzərdən sizi qane edirmi? Bu filmlərin bəziləri müəyyən festivallarda mükafatlar da qazanıb.

- Ola bilsin ki, festivalda hansısa mükafatı qazanırlar. Bu təqdirəlayiqdir. Ancaq bizim elə filmlərimiz olub ki, o hadisəyə çevrilib. Tamaşaçılar bu günə qədər həmin filmlərdən danışırlar. O nəsil ki, həmin filmlərlə böyüyüb, onlar o kinolarla yaşayıblar. Uğur o olur ki, film tamaşaçı qəlbinə yol tapsın. Mən festivalda hansısa bir roluma görə mükafat ala bilərəm. Amma ümumi film tamaşaçının qəlbinə yol tapmalıdır. Bu gün isə tamaşaçı ilə əlaqə yoxdur.

- Siz heç öz-özünüzə «Kino mənim həyatımdır» deyirsiniz?

- Yox… Mənim öz şəxsi həyatım var. Kino da həyatımın bir hissəsidir. 1973-cü ildən kino aləmindəyəm. Təbii ki, bu illərdə öz şəxsi həyatımla bərabər başqa adamların da həyatını yaşamışam. Elə vaxt olub ki, bir ildə üç filmə çəkilmişəm - ayrı-ayrı adamların həyatını oynamışam. Ona görə də həmişə deyirəm ki, mən həm şəxsi həyatımı, həm də oynadığım obrazların həyatını yaşamışam…

 

 

Təranə Məhərrəmova

 

Kaspi. -2010. – 3 iyun. – S.8.