Buraxılış imtahanları
necə gedir?
İmtahanlarda üzrlü səbəbdən
iştirak etməyənlər
iyunun 25-dək Bakıda
müəyyən edilmiş
məktəblərdə mərkəzləşdirilmiş
qaydada imtahan verəcəklər
Artıq dünəndən
etibarən ölkəmizin
ümumtəhsil məktəblərinin
IX və XI siniflərində
buraxılış imtahanlarına
start verilib. İlk imtahanlar əvvəlcədən
təyin olunmuş qrafikə əsasən, Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı,
Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı,
Zaqatala və Qobustan rayonlarında aparılıb. Təhsil Nazirliyinin mətbuat
xidmətindən bildirilib
ki, XI siniflər üzrə 54 imtahan mərkəzində 16681 şagird
imtahan verib.
İmtahan ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılıb: ”Qeyd olunan bölgələr üzrə ötən tədris illərində attestat ala bilməyən
1874 nəfər XI sinif
məzunu da bu gün 18 imtahan mərkəzində imtahan
verib. İyunun 4-də
isə həmin rayonların ümumtəhsil
məktəblərinin IX siniflərində
təhsil alan
25586 şagird 57 imtahan
mərkəzində ana
dili və riyaziyyat fənlərindən
imtahan verəcək”.
Nazirlikdən bildirilib
ki, XI sinif şagirdləri buraxılış
imtahanlarına şəxsiyyəti
təsdiq edən sənəd əsasında
buraxılırlar: ”Sagirdlərin imtahanlara mobil telefon, dərslik və digər vasitələr gətirməsinə icazə
verilmir. Amma kalkulyatordan istifadə
etmələrinə icazə
verilir”.
Xəstələnənlər üçün xüsusi
imtahan
İmtahanlara gəlincə,
orta təhsil pilləsi üzrə buraxılış
imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya,
biologiya, coğrafiya və xarici dil fənlərindən
aparılır. İmtahan test suallarının sayı isə
120-dir. Bu sualların 25-i ana dili və ədəbiyyat (o
cümlədən, 17-si Azərbaycan dilinə, 8-i ədəbiyyata),
25-i riyaziyyata (o cümlədən, 17-si riyaziyyat, cəbr, cəbr
və analizin başlanğıcına, 8-i isə həndəsə
fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin
hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin
hər birinə isə 10-u aiddir. Əsas təhsil pilləsi
üzrə buraxılış imtahanı isə ana dili və
riyaziyyat fənlərindən keçirilir. İmtahan test
suallarının sayı 50-dir. Bu sualların 25-i ana dilinə,
25-i isə riyaziyyata (o cümlədən, 17-si cəbr, 8-i isə
həndəsə fənninə) aiddir. Orta təhsil pilləsi
üzrə buraxılış imtahanlarının
aparılmasına 3 saat, əsas təhsil pilləsi üzrə
buraxılış imtahanlarının aparılmasına 1,5
saat vaxt ayrılır. İmtahanda qiymətləndirmə hər
bir fənn üzrə ayrılıqda aparılır. Hər
bir fənn üzrə sualların 20 faizinə müsbət
cavab verən şagirdin biliyi 3 (kafi) qiymətləndirilir. Məsələn,
ana dili və riyaziyyat fənlərinin hər birindən olan 25
sualın 5-nə (yəni, 20 faizinə) düzgün cavab verən
şagirdin nəticəsi 3 (kafi) olur. Şagird Azərbaycan
tarixi və xarici dil fənlərinin hər birinə aid olan 15
sualın 20 faizinə, yəni 3-nə düzgün cavab verdikdə,
o, 3 (kafi) qiymət alır. Digər (fizika, kimya, biologiya və
coğrafiya) fənlərin hər birinə aid 10 sualın 2-ni
(yəni, 20 faizini) düzgün cavablandıran şagirdin
biliyi 3 (kafi) qiymətləndirilir. Bütün fənlərdən
müsbət illik, həmçinin bir-üç fəndən
qeyri-kafi illik qiyməti olan IX sinif şagirdləri əsas təhsil
kursu üzrə imtahanlara buraxılırlar. Əvvəlki dərs
ilində biliyi qiymətləndirilmədiyi üçün
imtahanlara buraxılmayan XI sinif, peşə liseylərinin III
kurs şagirdləri, habelə müxtəlif səbəblərdən
əsas və ya orta təhsil pilləsini vaxtında başa
vura bilməyən və buraxılış imtahanı verərək
müvafiq təhsil sənədi almaq istəyən şəxslər
ekstern yolu ilə imtahanlara buraxılırlar. Qaydalara görə,
üzrlü səbəblərdən imtahanda iştirak edə
bilməyən IX və XI sinif, həmçinin peşə
liseylərinin III kurs şagirdlərinin məsələsinə
rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin),
müvafiq hallarda ümumtəhsil məktəbi və peşə
liseyinin təqdimatı əsasında, fərdi qaydada Təhsil
Nazirliyində baxılır. İmtahanda üzrlü səbəbdən
iştirak etməməsi təsdiqlənən şagirdlər,
o cümlədən, imtahan zamanı xəstələnən
şagirdlər iyunun 25-dək Bakı şəhərində
müəyyən edilmiş məktəblərdə mərkəzləşdirilmiş
qaydada imtahan verirlər.
Yekun qiymət düsturu
Nazirlikdən o da qeyd
edilib ki, şagirdlərin attestatına yazılacaq yekun qiymət,
yəni IX və XI siniflərin, peşə liseylərinin III
kurs şagirdlərinin imtahan aparılan fənlərdən
yekun qiymətləri nazirliyin müəyyən etdiyi
müvafiq düstur üzrə çıxarılır: ”Təhsil
sənədinə yazılacaq yekun qiymət şagirdin fənn
üzrə əsas təhsil pilləsi üçün IX, orta
təhsil pilləsi üçün XI sinifdə yoxlama
imtahanının nəticələri, IX siniflərdə VIII və
IX, XI siniflərdə X və XI siniflərin, peşə liseylərinin
II-III kurs şagirdlərinin illik qiymətləri və
buraxılış imtahanı qiymətləri əsasında
hesablanır”. Qaydalara əsasən, əsas və orta təhsil
pilləsi üzrə yoxlama imtahanında üzrsüz səbəbdən
iştirak etməyən şagirdlərin imtahan fənləri
üzrə yekun qiymətləri çıxarılarkən
yoxlama imtahanının nəticəsi "0"
(sıfır) qəbul edilir. Şagird yoxlama imtahanında
üzrlü səbəbdən iştirak etmədiyi halda, onun
imtahan fənləri üzrə yekun qiymətləri
çıxarılarkən imtahanda aldığı qiymət
həm də yoxlama imtahanının qiyməti hesab olunur. İmtahanda
üzrlü səbəbdən iştirak etmədiyi barədə
şagirdin imtahan başlanan müddətədək təhsil
aldığı məktəbə müvafiq sənəd təqdim
etməsi zəruridir.
Mobil telefon nəticələri sıfıra endirəcək
Bundan başqa, mobil
telefondan istifadə etdikləri üçün imtahandan kənarlaşdırılan
şagirdlərin də nəticələri "0"
(sıfır) qəbul edilir. İmtahan cavab kartı ilə
düzgün rəftar etməyən şagirdlərin nəticələri
isə oxuyucu qurğu tərəfindən
oxunmadığına görə ləğv edilir.
Qurumdan qeyd edilib ki, əsas
təhsil kursu üzrə şəhadətnaməsinə
yazılacaq qiymətləri 2 (qeyri-kafi) olan IX sinif şagirdləri
cari dərs ilində sentyabr ayının 2-dən 12-dək
olan müddətdə nazirlik tərəfindən müəyyən
olunmuş məktəblərdə mərkəzləşdirilmiş
qaydada payız imtahanları verirlər. Bununla bağlı
onların oxuduqları məktəblərin rəhbərlərinə
müraciət etmələri və yerli təhsili idarəetmə
orqanları tərəfindən müvafiq sənədlərin
hazırlanması və vaxtında Təhsil Nazirliyinə təqdim
edilməsi vacibdir. Üzrlü səbəbdən payız
imtahanında iştirak etməyən IX sinif şagirdləri
sentyabrın 20-dək nazirliyin müəyyən etdiyi məktəbdə
mərkəzləşdirilmiş qaydada payız imtahanları
verirlər. Üzrsüz səbəbdən payız
imtahanına gəlməyən şagirdlər təkrar sinifdə
saxlanılırlar. Yoxlama və ya buraxılış
imtahanlarının birindən müsbət qiymət
almış şagirdlərin imtahan fənləri üzrə
attestata yazılacaq yekun qiyməti müvəffəq ola bilər.
İmtahanlarda iştirakı vacib olmayanlar
Növbəti imtahanlara
gəlincə, ümumtəhsil məktəblərində orta
təhsil pilləsi üzrə buraxılış
imtahanları iyunun 7-də aparılacaq. Bu imtahanlar Gəncə,
Mingəçevir və Naftalan şəhərləri,
Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir,
Tərtər, Tovuz və Yevlax rayonlarında keçiriləcək.
Bundan başqa, Ağdam və Füzuli rayonlarının
işğal olunmamış ərazilərində yerləşən
ümumtəhsil məktəblərində orta təhsil kursu
üzrə buraxılış imtahanı da 7 iyunda keçiriləcək.
Bu rayonların işğal altında olan ərazilərinə
aid olan və digər məcburi köçkün
rayonlarının ümumtəhsil məktəblərində
buraxılış imtahanları məskunlaşdıqları
şəhər və rayonların ümumtəhsil məktəbləri
üçün bu əmrlə müəyyənləşdirilmiş
tarixdə keçiriləcək. Ümumtəhsil məktəblərində
əsas təhsil kursu üzrə növbəti
buraxılış imtahanları isə iyunun 8-də
başlayacaq. İmtahanların Gəncə, Mingəçevir
və Naftalan şəhərləri, Ağstafa, Bərdə,
Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy,
Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər,
Tovuz və Yevlax rayonlarında aparılması nəzərdə
tutulur. Ağdam və Füzuli rayonlarının işğal
olunmamış ərazilərində yerləşən
ümumtəhsil məktəblərində əsas təhsil
kursu üzrə buraxılış imtahanı da bu tarixdə
keçiriləcək. Bu rayonların işğal altında
olan ərazilərinə aid olan və digər məcburi
köçkün rayonlarının ümumtəhsil məktəblərində
buraxılış imtahanları məskunlaşdıqları
şəhər və rayonların ümumtəhsil məktəbləri
üçün bu əmrlə müəyyənləşdirilmiş
tarixdə keçiriləcək. Bu imtahanlarda iştirakı
vacib olmayan məzunlar da var. Belə ki, respublika fənn
olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif
beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman
yarışlarında müvəffəqiyyət əldə
etmiş buraxılış siniflərinin şagirdlərinin
imtahanlardan azad olunurlar.
Qeyd edək ki,
2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil
məktəblərinin buraxılış (XI, XII) siniflərini
104037 şagird bitirəcək. Bu il Bakı şəhərindəki
324 orta ümumtəhsil məktəbini isə 23 minə
yaxın XI sinif, 37 minə yaxın IX sinif şagirdi bitirəcək.
Həqiqət
İsabalayeva
Kaspi. -2010. -4 iyun. – S.6.