"Azərbaycanın nə rəsmi dini, nə də rəsmi təriqəti var" 

 

Hidayət Orucov: “Azərbaycanda vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır, lakin dini ekstremizmin, dini dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir”

 

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun Milli.Az xəbər portalına müsahibəsi

 

- Son zamanlar İslamın Azərbaycan üçün qeyri-ənənəvi sayılan nurçuluq və vəhhabilik kimi təriqətləri cəmiyyətdə xeyli aktivləşib. Bunun səbəbi nədir? Onları himayə edən xüsusi dairələr varmı?

- Mən ölkədəki dini durumun təriqətlərin və dini cərəyanların fəaliyyəti fonunda analiz edilməsini doğru saymıram. Hesab edirəm ki, bu sahəyə kompleks yanaşılmalı və ümumi məqamlar qeyd edilməlidir. Bu baxımdan deyə bilərəm ki, bu gün ölkədə dini durum sabit və normaldır. Çünki dövlət vətəndaşlarının vicdan azadlığını tam şəkildə təmin edir və dini durumu nəzarətdə saxlayır. Bunun nəticəsidir ki, bu sahədə ciddi problem yoxdur, əksinə, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, mövcud tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın gücləndirilməsi, dini dözümsüzlük və qarşıdurma meyillərinin qarşısının alınması məqsədilə mühüm tədbirlər həyata keçirilir.

O ki qaldı təriqətlərə, bir daha bildirirəm, dövlətimiz təriqətlərüstü siyasət yeridir və Azərbaycan Respublikasının nə rəsmi dini, nə də rəsmi təriqəti var. Amma dövlət vətəndaşlarının vicdan azadlığını təmin etdiyi üçün hər kəsin seçiminə hörmətlə yanaşır. Birmənalı şəkildə bəyan edirəm ki, hansısa təriqət və ya təriqət mənsubları dövlət üçün problem yaradacaq gücdə deyil. Çünki dövlət Azərbaycan xalqının iradəsini ifadə edir və heç bir qüvvə bu iradəyə qarşı çıxa bilməz.

Qeyri-ənənəvi təriqətlərin yayılmasına gəlincə, mövcud vəziyyət heç də bəzilərinin düşündüyü və iddia etdiyi kimi deyil. Doğrudur, indiyədək bu sahədə maddi amillərdən, insanların sosial problemlərindən istifadə edilməsi halları müşahidə olunub. Bu gün də belə hallara rast gəlmək mümkündür. Lakin bu cür halların qarşısının alınması məqsədilə konkret tədbirlər həyata keçirilir və təhlillər göstərir ki, zaman keçdikcə qeyri-ənənəvi təriqətlərin və dinlərin təbliğat imkanları zəifləyir.

- Bu təriqətlərin qarşısı alınmalıdırmı?

- Mən məsələnin bu cür qoyulmasını məqbul saymıram. Çünki hər kəs əqidəsində və seçimində azaddır. Dövlət vətəndaşına münasibətini onun dini əqidəsinə və ya mənsub olduğu təriqətə görə müəyyənləşdirmir. Bu məsələdə yeganə meyar qanundur. Yəni dövlət qanunlara əməl edən bütün vətəndaşlarına, o cümlədən təriqət mənsublarına da hörmətlə yanaşır. Əks təqdirdə isə hansı təriqətə mənsubluğundan asılı olmayaraq, qanunu pozanlar məsuliyyətə cəlb edilir.

 - Azərbaycanda qeyri-ənənəvi dinlərə qulluq edənlərin sayı barədə nə deyə bilərsiniz? Onlar əsasən hansı bölgələri əhatə edir?

- İslam və xristian dinlərinin xeyli sayda təriqəti var. Bu təriqətlərin böyük əksəriyyəti bizim üçün qeyri-ənənəvi sayılır. Çünki Azərbaycanda tarixən onların mənsubları yaşamayıb. Bununla belə, hazırda ölkədə bu təriqətlərin mənsublarına tez-tez rast gəlmək olar. Amma söhbət qeyri-ənənəvi dinlərdən gedirsə, onların mənsubları o qədər də çox deyil. Ümumiyyətlə, ölkədə bir neçə qeyri-ənənəvi din var ki, onların mənsublarının sayı çox azdır. Bu dinlərə etiqad edənlərə əsasən böyük şəhərlərdə rast gəlmək olar.

 

“Qeyri-ənənəvi təriqətlərin radikal qanadlarının ideologiyaları cəmiyyət üçün təhlükəlidir”

 

- Qeyri-ənənəvi təriqətlərin radikal qanadlarının ideologiyalarını necə qiymətləndirirsiniz? Onların cəmiyyətə, insanların fikirlərinə təsir imkanları varmı?

- Qeyri-ənənəvi təriqətlərin radikal qanadlarının ideologiyaları cəmiyyət üçün təhlükəlidir. Son dövrlər həyata keçirilən inzibati və maarifləndirmə tədbirləri nəticəsində ölkədə radikallıq meyilləri azalıb. Əvvəllər onlar cəmiyyətdə fikirlərini sərbəst yaya bilirdilərsə, hazırda bu kimi cəhdlər ölkə vətəndaşları tərəfindən etirazla qarşılanır. Davamlı profilaktik tədbirlər də sözsüz ki, öz bəhrəsini verir. Onların insanların fikirlərinə təsir imkanları xeyli zəiflədilib. Davamlı olaraq bu istiqamətdə monitorinqlər və maarifləndirmə işləri aparılır.

- Dini icmaların təkrar qeydiyyatından sonra kənarda qalan dini qurumlar tərəfindən sizə qarşı narazılıqlar yarandımı?

- Qanuna əsasən, dini icmalar yenidən qeydiyyatdan keçmək üçün 1 yanvar 2010-cu ilədək sənədlərini Dövlət Komitəsinə təqdim etməli idilər. Bu müddətdə sənədlərini təqdim etməyən dini qurumların qeydiyyatı Dövlət Komitəsinin müraciəti əsasında məhkəmə qaydasında ləğv edilə bilər. Dövlət Komitəsi Qanunda göstərilmiş vaxtı nəzərə alaraq, bütün lazımi tədbirləri gördü ki, yenidən qeydiyyat prosesi yubadılmadan başa çatsın.

İlk növbədə qanuna edilmiş əlavə və dəyişikliklərlə bağlı dini icmalar məlumatlandırıldı. Hətta əlavə və dəyişikliklərin, ümumiyyətlə, dövlət və din münasibətlərini tənzimləyən qanunvericilik bazasının geniş və hərtərəfli şərhi məqsədilə ölkənin bütün bölgələrini əhatə edən seminar-treninqlər keçirildi. Dövlət Komitəsi bu seminar-treninqləri 2007-ci ildən başlayıb və mütəmadi təşkil edir. “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edildikdən sonra həmin seminar-treninqlər bu məsələyə həsr olundu. Dini icmalar vaxtında məlumatlandırıldıqları üçün yenidən qeydiyyat prosesi sürətlə və intensiv həyata keçirildi. Üstəlik, lazımi sənədlərin hazırlanması məqsədilə onlara zəruri kömək göstərildi. Təbii ki, yerli icra hakimiyyəti orqanlarının da bu prosesdə böyük rolu var. Dövlət Komitəsi qeydiyyat prosesində onların imkanlarından maksimum istifadə etməyə çalışır. Çünki onların köməyi ilə dini icmaların sənədlərinin hazırlanması prosesi daha sürətlə gedir.

Hazırda yenidən qeydiyyatla bağlı işlərin böyük bir hissəsini artıq başa çatdırmışıq. Hətta deyərdim ki, işin ən ağır hissəsi arxada qalıb. O ki qaldı yenidən qeydiyyatdan keçə bilməyən dini icmaların bizdən narazı qalmasına, mən buna təbii baxıram. Çünki onların günahı özlərində yox, başqalarında axtarmaları başadüşüləndir. Amma mən qətiyyətlə deyirəm ki, həmin dini icmaların yenidən dövlət qeydiyyatından keçməmələrinə görə Dövlət Komitəsi məsuliyyət daşımır.  

- Ötən il ölkəyə gətirilən qanunla qadağan olunmuş dini ədəbiyyatların sayında artım, yoxsa azalma qeydə alınıb?

- Son illər həyata keçirilən tədbirlər nəticəsində zərərli dini ədəbiyyatın ölkəyə idxalı və yayılması kəskin azalıb. 2009-cu ildə Dövlət Komitəsində 2332 adda dini təyinatlı ədəbiyyata baxılaraq, 380 adda zərərli kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Müxtəlif dövlət qurumları ilə bu istiqamətdə əməkdaşlıq daha da gücləndirilib və ardıcıl tədbirlər həyata keçirilib. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı olmadan ölkəyə dini ədəbiyyatın idxal edilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

“İndiyədək Azərbaycanda qanuni fəaliyyət göstərən heç bir məscid bağlanmayıb”

 

- Ötən illərdə fəaliyyəti dayandırılmış məscidlərin aqibəti necə olacaq?

- İndiyədək ölkədə qanuni fəaliyyət göstərən heç bir məscid bağlanmayıb. Əgər söhbət “Şəhidlər” və Nərimanov rayon “Cümə” məscidlərindən gedirsə, onların fəaliyyətinin dayandırılmasının səbəbi məlumdur. O ki qaldı dini icması qeydiyyata alınmamış məscidlərin fəaliyyətinə, bu məsələ qanunvericilikdə öz əksini tapıb. “Dini etiqad azadlığı haqqında” qanuna əsasən, dini icma yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilər. Bu isə o deməkdir ki, məscidlərdə fəaliyyət göstərməsi üçün dini icmalar mütləq dövlət qeydiyyatına alınmalıdırlar.

- Dini icmalar ictimai-siyasi proseslərdə iştirak edirlərmi?

- Verdiyiniz sualın bir qədər açılmasına ehtiyac duyuram. Demək istəyirəm ki, sualı müəyyən mənada iki hissəyə bölüb: “dini icmalar ictimai proseslərdə iştirak edirlərmi?” və “dini icmalar siyasi proseslərdə iştirak edirlərmi?” şəklində cavablandırsaq, daha məqsədəuyğun olar. Məsələ burasındadır ki, birinci suala müəyyən mənada müsbət cavab vermək mümkündür. Hətta qanunvericiliyimizdə bu məsələ ilə bağlı konkret müddəa da mövcuddur. “Dini etiqad azadlığı haqqında” qanunun beşinci maddəsində deyilir ki, dini qurumlar ictimai həyatda iştirak etmək, habelə, ictimai birliklərlə yanaşı, kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər. Hesab edirəm ki, bu və digər müddəalarda dini icmalara ictimai məsələlərlə bağlı fəaliyyətləri üçün geniş imkanlar tanınır. Etiqadından asılı olmayaraq, hər dini icmanın öz nizamnamələri çərçivəsində ictimai mühitdə digər bərabərhüquqlu qurumlar kimi aktiv və səmərəli fəaliyyət göstərmək sərbəstliyi yaradılıb. Bu məsələdə hər hansı məhdudiyyətdən söhbət gedə bilməz.

Sualın ikinci hissəsinə, yəni “dini icmalar siyasi proseslərdə iştirak edirlərmi?” tərəfinə gəldikdə isə bu məqamın da birmənalı şəkildə qanunlarımızda göstərildiyi kimi, yolverilməz olduğunu qeyd edirəm. Dini qurumlar nə siyasi partiyaların fəaliyyətində, nə də onlara maliyyə və digər yardımların göstərilməsində iştirak edə bilərlər. Ümumiyyətlə, dinin siyasiləşməsi müasir unitar prinsiplərlə və Azərbaycan Respublikasının tutduğu dünyəvi dövlətçilik siyasi xətti ilə ziddiyyət təşkil edir. Konstitusiyamızda yer alan “din dövlətdən ayrıdır” müddəasının fəlsəfi mahiyyəti məhz bu prizmadan konkret anlaşılmalıdır.

- Müəyyən ictimai qurumlar, ekspertlər orta məktəblərdə ibtidai siniflərdən dini dərslərin tədris olunmasını təklif edirlər. Onların fikrincə, dini təhsil verilməsi fanatizmin qarşısını almağa kömək edər. Buna münasibətiniz necədir?

- Son zamanlar belə mahiyyətli suallar kütləvi informasiya vasitələrində tez-tez hallanır. Orta təhsil məktəblərində dini dərslərin tədrisinin mümkünlüyü müxtəlif aspektlərdən təhlil edilir, təkliflər verilir və s. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır. Azərbaycan dünyəvi dövlətdir və şəriət qanunları ilə idarə olunmur. Bu baxımdan orta məktəblərdə şəriət fənninin tədrisindən söhbət gedə bilməz. Amma bununla yanaşı, qanunvericilikdə göstərilir ki, dini-idraki, dini-fəlsəfi, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Artıq bu məsələ də öz həllini tapıb. Çünki orta təhsil məktəblərinin ibtidai siniflərində “Həyat bilgisi” adlı fənn tədris olunur və onun vasitəsilə şagirdlərə dinin əsasları, sadə dini bilgilər öyrədilir. Bu fənn vasitəsilə dini bilgilər dünyəvi tədris metodikasına əsaslanaraq pedaqoji ixtisaslı müəllimlər tərəfindən verilir. Bundan başqa, Azərbaycanda vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyatı öyrənə və dini təhsil ala bilərlər. Bununla bağlı müxtəlif orta ixtisas və ali dini tədris ocaqları fəaliyyət göstərir.

 

“Ölkədəki dini-etiqad azadlığından sui-istifadəyə yol verilə bilməz”

 

- Bir neçə ay əvvəl Bakıda bir qrup dindarın cəhd etdiyi aksiyanın məqsədi sizcə nədir və onun hansı ölkələrin və ya qüvvələrin dəstəyindən qaynaqlandığını düşünürsünüz?

- Yəqin söhbət cari ilin fevral ayında özlərini din təəssübkeşləri adlandıranların keçirdikləri aksiyadan gedir. Əvvəla qeyd edim ki, bu qeyri-qanuni aksiya ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin bəyanatı yayılıb, münasibət bildirilib. İslam peyğəmbərinin vəfatı gününü bəhanə edərək, din pərdəsi altında bir qrup şəxsin məqsədli şəkildə planlaşdırılmış formada, cəmiyyətdə qarşıdurma yaratmaq və tolerantlıq mühitini pozmaq istəməsi, daha doğrusu, buna cəhd göstərməsinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alındıqda, bu, bəzi kütləvi informasiya vasitələrində birmənalı təqdim edilmədi. Amma qeyd olunmalıdır ki, müəyyən dairələrin təsirinə düşən bu qrupun dindən sui-istifadə edib asayişi pozması, ictimai fikri çaşdırması qanunazidd hərəkətdir. Buna görə də həmin qanunsuz aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınıb.

Hesab edirəm ki, bu aksiyanın təşkilində xarici havadarların dırnaqarası xidmətləri də az deyil. Bu isə Azərbaycanda mövcud tolerant mühiti gözügötürməzlikdən irəli gəlir.

Azərbaycanda vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır, lakin dini ekstremizmin, dini dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq cəhdlərinə, xalqımızın yüzillər boyu formalaşmış tolerantlıq ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol verilə bilməz.

 

 

Anar Məmmədov 

 

Kapsi. -2010. – 4 iyun. – S.8.