Heydər Əliyev Fondunun dəstəyi ilə "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində festival keçirilir 

 

Xalq gəzintisinə çevriləcək festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işlərinə tamaşa etmək, iş prosesini izləmək və onun iştirakçısı olmaq mümkündür.

Heydər Əliyev Fondunun dəstəyi ilə xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədilə cümə axşamı "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində Qala festivalı keçirilir.

Bu barədə Fondun məlumatında deyilir. Festivala qatılan tamaşaçılar Abşeronda ən qədim insan məskənlərindən biri hesab olunan Qalada tarixi keçmişə səyahət etmək imkanı əldə edirlər. Beş min il tarixi olan qəsəbədə III minillikdən başlayaraq XX əsrə qədər tarixi olan kurqanlar, sərdabələr, yaşayış evləri, məqbərələr, məscidlər, hamamlar, qədim qəsrin qalıqları movcuddur. Vaxtı ilə Qalada salınmış məhəllələrdən bir neçəsi bu günədək qorunub saxlanılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə yardılan açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey kompleksində yerli tarixi və mədəni abidələrlə yanaşı, Abşeron rayonunda aşkar edilən digər arxeoloji tapıntılar yer alır. Muzey kompleksində eramızdan əvvəl III-II minilliklərə aid yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub. Tamaşaçılar iki hektar ərazisi olan muzey kompleksində qayaüstü rəsmlər, qavaldaşı, bu dövrü əhatə edən keramika, məişət və bəzək əşyaları, silah və sikkələrlə tanış olacaq, ibtidai yaşayış sahələrini, müxtəlif emalatxanaları gəzmək şansı əldə edəcəklər.

Xalq gəzintisinə çevriləcək festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işlərinə tamaşa etmək, iş prosesini izləmək və onun iştirakçısı olmaq mümkündür. Festivalda qədim etnik adət-ənənələri əks etdirən yarış və mərasimlərin keçirilməsi, kəndirbaz və pəhləvanların yarışması nəzərdə tutulur.

Festival günü tərəvəz, gül, ədviyyat, şirniyyat, quş satışı bazarını gəzmək, təzə bişmiş un məmulatları ilə yanaşı, bal nümunələrinin dadına baxmaq olar. Qurulmuş çadırlarda tamaşaçılara qədim ənənələrlə hazırlanmış yemək və çay süfrələri təklif olunur.

Cümə günü həmçinin Heydər Əliyev Fondu və "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin birgə layihəsi əsasında "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda tullantıların idarə olunması layihəsinə start verilir. Layihə qoruq ərazisində tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulmasını nəzərdə tutur.

"Qala festivalı daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Yeni nəslin fiziki, intellektual, mənəvi sağlamlığına daim diqqət yetirən Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan və şəxsiyyətin inkişafına, Vətənə, xalqımızın milli irsinə yönələn iki masaüstü oyunun - "Gənc intellektual" və "Şirvanşahların yüksəlişi" oyunlarının festival günündə təqdimatı olacaq. Müasir oyun texnologiyalarından səmərəli istifadə olunmuş bu layihə ilk milli-iqtisadi oyun kimi yeniyetmələrin intellektual bacarığı ilə yanaşı, xalqımızın tarix və mədəniyyətinə marağın artmasına, emosional yaddaşın, bədii düşüncənin, yaradıcılıq qabiliyyətinin inkişafına şərait yaradır", - Fondun məlumatında deyilir.

"Şirvanşahların yüksəlişi" tarixi-iqtisadi oyunu IX-XIII əsr Azərbaycan şəhərlərinə əyləncəli səyahət təklif edir. Saray çəkişmələri, yadelli işğalçılara qarşı mübarizələr, təbii fəlakətlər oyunçuların darıxmasına imkan verməyəcək və tarixi bələdçiyə çevrilən oyunu daha maraqlı edəcək. 

 

 

Kaspi. -2010. – 4 iyun. –S.16.