“Mahnı mənim üçün həyat, məhəbbət
deməkdir”
Bəstəkar Ruslan Səfəroğlu: «Hər bir
insanda məhəbbət hissləri var. Bu hisslər olmasa
heç nə yazmaq olmaz. Təbii ki, sözlər qəlbimə
yaxın olmasa, onlara mahnı yaza bilmərəm»
Bu həftədən
“Kaspi” qəzeti “Xəzər” telekanalında yenicə
yayımlanmağa başlayan “İncilər” verilişi ilə
birgə layihəyə start verir. Belə ki, verilişin
qonağı olacaq müxtəlif sənət
adamlarının müsahibələri, haqqında yazılar
efirdən əvvəl qəzetimizdə dərc olunacaq. Layihəmizin
ilk qonağı gənc bəstəkar Ruslan Səfəroğludur.
Yaxşı mahnının sirri
- Musiqi ilə
dostluğunuzun tarixi uşaqlıq illərindən
başlayıb?
- Musiqini
uşaqlıqdan sevmişəm. Qarmon, pianino
ifaçılığı üzrə musiqi təhsili
almışam. Valideynlərim bu sənətin arxasınca getməyimə
razı deyildilər. Onlar məni atelyedə dərzi kimi
işə düzəltdilər. Dərzilik sənətinə
yiyələnsəm də, işləməyə həvəsim
yox idi. Başa düşdüm ki, mənim həvəsim
yalnız musiqiyədir. Ona görə də yalnız bu sənətə
bağlanmağı qərara aldım. Sözün
düzü, o zaman mahnı yazanda heç bəstəkarlıq
haqqında düşünmürdüm. Sadəcə o
mahnıları kimlərəsə oxumaq üçün
verirdim. Bu sənətə bir növ hobbi kimi
yanaşırdım. Əvvəllər oranjemançı kimi
də fəaliyyət göstərmişəm. Məmmədbağır
Bağırzadə, Lütfiyar İmanov və başqa
tanınmış sənətkarlarla işləmişəm.
- Bəs bəstəkar
kimi ilk dəfə yazdığınız mahnını necə
üzə çıxardınız?
- Sözün
düzü, əvvəlcə mahnımı üzə
çıxarmağa utanırdım. Sonra mahnını bəstəkar
Eldar Mansurova göstərdim. Eldar müəllim mahnımı
bəyənib dedi ki, istedadlı oğlansan və bu sənətin
dalınca get. İndi də hansısa bir mahnı yazanda Eldar
müəllimlə məsləhətləşirəm. Daha
sonra tanınmış bəstəkar Nəriman Məmmədov
mənə öz tövsiyələrini verdi. Belə
tanınmış bəstəkarların rəylərindən
sonra məndə bu sənətə həvəs daha da
çoxaldı. Şair Nüsrət Kəsəmənlinin
sözlərinə yazdığım «Geri dön»
mahnısını müğənni Aynur Dadaşova oxudu.
Mahnı sevildi. Təvazökarlıqdan uzaq da olsa deyim ki, hara
gedirdimsə o mahnını eşidirdim. Daha sonra bir mahnım
müğənni Rəqsanənin ifasında səsləndi.
- Mahnı yazanda maddi qazanc
üçün onların yalnız
el şənliklərində oxunmasını nəzərdə
tuturdunuz, yoxsa daha geniş tamaşaçı auditoriyası
qazanmasına can atırdınız?
-Mən mahnını yazanda əvvəlcə
şeirin mətninə baxıram. Sözlərlə
- İndiyə qədər nə
qədər mahnı yazmısınız və hansı
müğənnilərin ifasında səslənib?
- Mahnılarımın
sayını bilmirəm. Amma müxtəlif müğənnilər
mənim mahnılarımı oxuyub. Son vaxtlar işimdə fəallıq
artıb, yəni daha çox mahnılar yazmışam. Məsələn,
Sona Vəliyevanın sözlərinə yazdığım
«Yollara yağış yağır» mahnısını
muğam müsabiqəsinin iştirakçısı Bəyimxanım
Mirzəyeva oxuyub. Bəyimxanım indiyə qədər Sona
xanımın sözlərinə yazılmış bir
neçə mahnımı oxuyub. Təkcə onu deyə bilərəm
ki, son illər yalnız Sona xanımın sözlərinə
mahnılar yazıram.
Qeyri-adilik
- Maraqlıdır, Sona xanımın
şeirlərində sizi cəlb edən nədir?
- Qeyri-adilik. Sona
xanımın şeirlərində elə sözlər, elə
fikirlər var ki, mən onlara başqa heç yerdə rast gəlməmişəm.
Məhəbbət, sevgi, həyat mövzusu əksər
şairlərin yaradıcılığında var. Ancaq
baxır ki, sən öz fikirlərini bu mövzuda necə təqdim
edirsən. Məni Sona xanımın
yaradıcılığında cəlb edən də bu fərqlilikdir.
Mən o şeirlərdən özüm üçün
çox şeylər öyrənirəm. Fəxr edirəm ki,
elə bir insanın şeirlərinə mahnı yazıram.
-Yeri gəlmişkən,
Sona xanımın sözlərinə yazdığınız
son mahnılarınız – Bəyimxanımın oxuduğu
«Yollara yağış yağır», Namiq Qaraçuxurlunun
ifasında «Qəmli qadın» mahnıları demək olar ki,
hitə çevrilib. Bu lirik mahnılardan süzülən kədər
də sizə yaxındır?
- Hər bir insanda məhəbbət
hissləri var. Bu hisslər olmasa heç nə yazmaq olmaz. Təbii
ki, bu sözlər qəlbimə yaxın olmasa, məni tutmasa,
onlara mahnı yaza bilmərəm. Qaldı ki, bu
mahnıların ifaçılarına, bəzən elə
olub ki, bir mahnını 5 müğənni oxuyub, ancaq
xoşumuz gəlməyib. Məsələn, «Yollara
yağış yağır»ı 4-5 müğənni oxuyub.
Demirəm ki, həmin müğənnilər pis ifa ediblər,
sadəcə Bəyimxanım Mirzəyevanın ifasında bu
mahnı bizə daha xoş gəldi. Daha sonra Rəqsanə, Mətanət
İsgəndərli oxudu. Onların hər birinin öz dəsti-xətti
var. «Tənha ağac» mahnısını Xalq artisti İlhamə
Quliyeva oxudu. Həmçinin Sona xanımın sözlərinə
«Köhnə dostlarım» mahnısını Cavanşir Məmmədovla
Firuzə İbadova uğurlu ifa ediblər.
- İlhamə xanım
hər mahnını bəyənib oxuyan müğənni
deyil. Onun sənətdə öz «kaprizləri» var. Sizinlə
işbirliyinə necə razı oldu?
- Hərdən mənə
deyirlər ki, sənin mahnılarının efirdə
yayılmasına, tanınmasının səbəbkarı Sona
xanımdır. Düzdür, Sona xanım gözəl alim və
insandır. Ancaq mən yaza bilməsəm heç bir reklam,
heç bir kömək məni irəli apara bilməz. İnsan
özü-özünü istedadı ilə təqdim etməlidir.
İlhamə xanımın ifasına gəlincə, o, bu
mahnını ona görə oxuyub ki, həyatından bəhs
edir. Əgər mahnının sözlərini qəlbinə
yaxın bilməsəydi, oxumazdı.
Müxtəlif zövqlər
- Bəstəkar
Aygün Səmədzadə həmişə deyir ki, mahnılarımın ən
yaxşı ifaçısı elə özüməm. Bəs
sizin belə bir fikriniz yoxdurmu?
- Bəzən mənə
də deyirlər ki, öz mahnılarını oxu. Mən
heç vaxt müğənni kimi səhnəyə
çıxa bilmərəm. Mən öz
mahnılarımı o zaman oxuyuram ki, müğənni qulaq
assın. Ancaq səhnəyə çıxmaq haqda düşünmürəm.
Bilirəm ki, məndə bu qabiliyyət yoxdur. Bir balaca səsin
olması o demək deyil ki, səhnəyə müğənni
kimi çıxasan. İnsan öz yolunu müəyyənləşdirməyi
bacarmalıdır.
- Deyirsiniz ki, bir bəstəkar
kimi yolunuzu müəyyənləşdirmisiniz. Bəs “bəstəkar”
sözünün sizin üçün hansı məsuliyyəti
var? Belə deyim, bəstəkar adını üzərinizə
götürməkdən ehtiyat etmirsinizmi?
- Mən hələ
özümə bəstəkar demirəm. Çünki mən
hələ özümü təsdiq etməmişəm. Ancaq
əminəm ki, özümü təsdiq edəcəyəm.
- Gənc bəstəkarlar
arasında rəqabət varmı?
- Rəqabət
çoxdur. Məsələn, son vaxtlar yazdığım
mahnıların çox səsləndiyini, özünə
auditoriya topladığını görən bəzi bəstəkarlardan
«gəl, birlikdə işləyək» təklifini alıram. Ancaq
sağlam rəqabətdən danışmaq olmaz. Adamın
arxasınca danışanlar, ayağının altını
qazanlar, mahnısına dodaq büzənlər, bəyənməyənlər,
öndə görmək istəməyənlər və s.
çoxdur. Mən belə şeylərə fikir vermirəm.
Ümumiyyətlə, qalmaqalı sevmirəm, öz işimi
görürəm. Mənim üçün
tanınmış insanların, özümə müəllim
seçdiyim şəxslərin fikri daha maraqlıdır.
- Auditoriyanın
zövqünü necə müəyyənləşdirmisiniz?
İnsanlar ən çox hansı musiqiyə qulaq
asmağı sevirlər?
- Zövqlər müxtəlifdir.
Hər kəs qəlbinə yatan, könlünə yaxın
olan mahnılara qulaq asır. Məsələn, «Yollara
yağış yağır» mahnısına daha çox qulaq
asırlar. Ancaq elə insanlar da var ki, Bəyimxanım Mirzəyevanın
ifasında «Köhnə görüş yeri» mahnısına
üstünlük verirlər.
- Elə müğənni
olubmu, sizin mahnınızı oxumaqdan imtina etsin?
- Olub, əlbəttə.
Mahnı yazılıb, müğənni tanış olandan
sonra özünə yaxın, səs imkanlarına uyğun
hesab edirsə, oxuyur. Yox əgər ifa edə bilməyəcəyini
bilirsə, imtina edir.
- Elə müğənni
var ki, arzunuz onunla işləməkdir, ancaq hələ bu məqsədə
çatmamısınız?
- Həmişə arzum
o olub ki, mahnılarımı iki müğənni oxusun. Onlardan
biri İlhamə Quliyevə, digəri isə Zeynəb
Xanlarovadır. Artıq İlhamə xanım mahnımı
oxuyub. Çox istərdim ki, Zeynəb Xanlarova da oxusun. Elə
bir planımız da var ki, Zeynəb xanıma mahnı təqdim
edək. İnşallah, bu arzuma da çataram.
-Bugünkü
şou-biznes haqqında fikirlərinizi eşitmək maraqlı
olardı. Sizcə bu aləmə qatılmaq
yaxşıdır, yoxsa kənardan söz demək?
- Şou-biznes aləmindən kənarda
qalmaq daha yaxşı olardı. Bizdə müğənnilərin
əksəriyyəti oxuduğu mahnıları bilmir,
mahnının düzgün seçimini aparmağı bacarmırlar.
Mən bu gün o qədər tanınmıram. Yəni ətrafımda
reklam qura bilməmişəm. Müğənnilər
mahnısını oxuduğu bəstəkarların
adlarını da reklam edirlər: «Filankəsdən filan qiymətə
mahnı aldım, filankəsin mahnısını oxudum...» Ancaq
onlar bilməlidirlər ki, müğənni mahnını
oxuyur, bəstəkarı oxutmur. Bəstəkarı tərifləmək
olar, ancaq «mən Gövhər Həsənzadənin və ya
Eldar Mansurovun mahnısını oxuyuram” deyə onun adından
istifadə etmək lazım deyil. Elə 20 yaşlı gənc
var ki, gözəl mahnılar yazır, ancaq «uşaqdır» deyib
onun qarşısında maneələr yaradırlar. Mən də
vaxtilə bu cür maneələri görüb sənətdən
uzaqlaşmaq istəyirdim. O adamlara təşəkkür etmək
istəyirəm ki, onlar məni bu fikrimdən
uzaqlaşdırdılar, məni ruhlandırdılar. Mahnımı
satırdılar, öz adlarına çıxırdılar.
Ancaq mən əhəmiyyət vermirdim. Bu sənətdə
müəyyən qısqanclıqların, yaşlı nəslin
cavan nəslə münasibətini görüb bezirdim. Məsələn,
deyirdilər ki, bəstəkarın mütləq musiqi təhsili
olmalıdır. Ancaq Ələkbər Tağıyevin musiqi təhsili
olmasa da, o, çox gözəl bəstəkar olub. O, bu
gün də dillərdən düşməyən mahnılar
yazıb. Bəstəkarlıq Allah vergisidir. Gözəl
mahnılar bir anda yaranır. Mahnı yazmaq üçün
insanın duyğusu, musiqi duyumu, düşüncəsi, qəlbi
olmalıdır.
- Bəs yaşlı bəstəkarların
qınağından nəticə çıxararaq bəstəkarlıq
təhsili almaq fikriniz varmı?
- Əlbəttə, belə
bir fikrim var. Ya Azərbaycanda, ya da başqa bir ölkədə
musiqi təhsilimi təkmilləşdirmək haqqında
düşünürəm. İnsan həyatda son mənzilə
qədər öyrənməlidir.
Mahnılar – məhəbbətdir
- Bu yaxınlarda “Avrovizion”
müsabiqəsi keçirildi. Nəticələr ədalətli
idimi?
- Sözün
açığı, mən bu yarışmaya o qədər
maraq göstərmədim. Mənə elə gəlir ki, biz
orda gərək öz milliliyimizlə təmsil olunaydıq. Elə
bir geyim və ifa tərzi ilə həmin müsabiqədə
təmsil olunmaq düz deyil. Məncə biz milli musiqimiz, milli
ifa tərzimizlə daha böyük uğur qazana bilərdik.
- Sonuncu sualım. Mahnı
sizin üçün nə deməkdir?
- Mahnı mənim
üçün həyat, məhəbbət deməkdir. Mahnı
həm də ən böyük düşməndir. Həyatda
nə varsa, mahnılarda var.
Təranə Məhərrəmova
Kaspi. – 2010. – 5-7 iyun. – S.8.