«Plagiat elmi oğurluqdur»
Gövhər Baxşəliyeva: «Başqa bir müəllifin
adını göstərmədən onun elmi işindən,
monoqrafiyasından istifadə edib özününkü kimi təqdim
etmək elmi etikaya tamamilə ziddir»
Azərbaycan şərqşünaslığı
dərin tarixi köklərə malikdir. Onun təşəkkülü
və inkişafı, islam sivilizasiyası, türk
dünyası, Yaxın və Orta Şərq ölkələrinin
mədəniyyəti ilə sıx əlaqədə olan Azərbaycan
mədəniyyətinin tarixi təkamülü ilə
bağlı olub. Şərqşünaslıq
İnstitutunun mövcud olduğu illər ərzində
Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu
region xalqlarının ictimai-mədəni inkişafı və
Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələri
institut əməkdaşları tərəfindən tədqiq
edilib.
Hal-hazırda instituta rəhbərlik edən filologiya elmləri doktoru professor Gövhər Baxşəliyeva qəzetimizə müsahibəsində elm ocağının bugünkü fəaliyyət istiqamətləri barədə danışıb.
Yeni üfüqlər
- Ölkəmizdə şərqşünaslıq elminin tarixi ənənələri var. Bəs müasir dövrdə Şərqin öyrənilməsi sahəsində vəziyyət nə yerdədir?
- Azərbaycanda Şərqin öyrənilməsinin böyük tarixi ənənəsi olsa da və oraya hələ XIX yüzildə A.Bakıxanov, M.F.Axundov, Mirzə Kazım bəy, M.S.topçubaşov kimi böyük alim və mütəfəkkirlər öz imzalarını qoysalar da, onun sistemli şəkildə tədqiqinə ötən əsrin 50-ci illərindən başlanılıb. Belə ki, institutda aparılan elmi araşdırmaların tematikası, xüsusilə Şərq ölkələrinin müasir ictimai-siyasi və ideoloji problemləri ilə bağlı bir sıra mövzular Sovet İttifaqının Şərq siyasətinin həyata keçirilməsinə xidmət edib. Belə ki, ölkəmiz müstəqillik əldə edənə qədər respublikamızda şərqşünaslıq elmi bütövlükdə keçmiş sovet şərqşünaslığının tərkib hissəsi kimi inkişaf edib. Bununla bərabər, dərin elmi araşdırmalar, yüksək hazırlıqlı kadr potensialı hesabına Azərbaycan şərqşünaslıq elmi keçmiş ittifaqda aparıcı yerlərdən birini tutub. Azərbaycanın öz istiqlaliyyətini bərpa etməsi və müstəqil respublikanın yaranması institutun önündə yeni üfüqlər açdı və qarşısında yeni vəzifələr qoydu. Müstəqillik dönəmində institutun elmi fəaliyyət dairəsi daha da genişlənib, bir sıra yeni istiqamətlər müəyyənləşdirilib.
- İnstitutun elmi istiqamətləri barədə nə deyə bilərsinuiz?
- İnstitutda elmi istiqamətlər çərçivəsində işlər əsasən iki yolla aparılır: şərqşünaslıq elminin əsasını təşkil edən Şərq tarixinin, mədəniyyətinin, bədii təfəkkür tərzinin, ictimai və fəlsəfi fikirlərinin ən vacib və aktual aspektlərini öyrənən fundamental tədqiqatların aparılması və geniş oxucu kütləsini maraqlandıran elmi-populyar əsərlərin, eləcə də cari dövr üçün siyasi və ictimai əhəmiyyəti olan və elmi proqnozlar verən təhlili-informatik məlumatların yazılması istiqamətində. Ümumiyyətlə, institutun ayrı-ayrı şöbələrində aparılan tədqiqat işlərinin hər biri müasir dünyada gedən qlobal proseslərin mahiyyətinin anlaşmasında, problemlərin köklərinin üzə çıxmasında və dövlətimizin strateji maraqlarına xidmət edən xarici siyasət kursunun müəyyənləşməsində xüsusi önəm daşıyır. Azərbaycan şərqşünaslıq elmi həmişə Yaxın və Orta Şərqin siyasətini, iqtisadiyyatını, mədəniyyətini, tarixini, ədəbiyyatını əlahiddə və yaxud ümumdünya proseslərindən təcrid olunmuş şəkildə deyil, Şərq-Qərb sivilizasiyalarının müqayisəsində və ənənələrin sintezində tədqiq edərək, bu gün bütün siyasi güclərin vurğuladığı qütblərarası dialoqun yaranmasına zəmin hazırlamağa çalışıb.
- İnstitutun hansı ölkələrin elmi mərkəzləri ilə sıx əlaqəsi var?
- İnstitutun hazırda Türkiyə, Almaniya, Hollandiya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası və s. ölkələrinin universitet və elmi mərkəzləri, habelə Türk Tarix Qurumu ilə sıx elmi əlaqələri var.
Həmçinin institut YUNESKO-nun dəstəyi ilə fəaliyyət göstərən Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun Azərbaycan üzrə əlaqələndiricisidir.
İnstitut əməkdaşları
Azərbaycan şərqşünaslığını bir
çox beynəlxalq konqres, konfrans və simpoziumlarda, o
cümlədən, şərqşünasların Beynəlxalq
konfranslarında Türk Tarix Qurumunun konqreslərində təmsil
edib, bir sıra ölkələrdə keçirilən şərqşünaslığın
müxtəlif problemlərinə həsr edilmiş konfrans və
simpoziumlarda iştirak ediblər.
İnstitutunun beynəlxalq əlaqələri xarici ölkələrin elmi müəssisə rəhbərləri ilə görüşlərin keçirilməsi, xarici ölkələrə elmi ezamiyyətlər, xarici elmi nəşrlərdə məqalələrin dərc edilməsi və s. formalarda həyata keçirilir.
- Perspektivdə Şərqşünaslıq İnstitutu Şərqin öyrənilməsi sahəsində elmi ictimaiyyətə nə kimi töhfələr verəcək?
- Ənənəvi olaraq institutumuzda uzun illər ərəb Şərqi, İran və Türkiyə öyrənilmişdir. Bu gün institutda aparılan tədqiqatların coğrafi hüdudları genişləndirilir. Kollektivimiz gözəl dərk edir ki, Yaxın və Orta Şərq ölkələri ilə yanaşı, bu gün biz Mərkəzi Asiya, Uzaq Şərq, Cənub-Şərq, Çin və digər Şərq ölkələrini də öyrənməliyik. Artıq bu istiqamətdə müəyyən işlər görülüb. Bir sözlə, Şərqşünaslıq İnstitutu bu gün müstəqil Azərbaycanın milli və dövlət maraqlarına xidmət edən zəruri bir elmi-tədqiqat mərkəzi olmaqla yeni dövr tələblərilə ayaqlaşan inkişaf mərhələsinə qədəm qoyub.
Elmdə varislik
- Bu
yaxınlarda AMEA
institutlarında plagiat dissertasiyaların olması barədə
faktlar açıqlandı. Bir alim kimi bu cür problemə münasibətinizi bilmək istərdim.
- Plagiat dissertasiya işi ola
bilməz. Bu ifadənin özü qeyri-səhihdir.
Bu və ya digər dissertasiyada plagiata yol verilə
bilər. Plagiat elmi oğurluqdur. Başqa bir müəllifin adını göstərmədən
onun elmi işindən, monoqrafiyasından istifadə edib
özününkü kimi təqdim etmək elmi etikaya tamamilə
ziddir. Bu, elmi-tədqiqat işlərində böyük
qüsur hesab olunur.
- Elmdə «Atalar və
oğullar» estafetinə necə baxırsınız?
Yaşlı nəsil yerini cavan nəslə vermək istəyirmi?
-Elm sahəsi çox
genişdir. Bu sahədə fədakarcasına məşğul olmaq istəyən
adam üçün həmişə yer var. Elmdə heç
də tələb olunmur ki, kimsə öz yerini
başqasına versin. Sadəcə hər bir alim savadlı bir
gənci görəndə çox sevinir ki, onların işi
özləri ilə bitməyəcək,
davamçıları olacaq. Elmdə varislik böyük məsələdir.
Əsl alimlər də ömür boyu can atırlar ki, layiqli
varislər yetişdirsinlər.
- Siz fəaliyyətinizə
millət vəkili kimi daha çox önəm verirsiniz, yoxsa
alim kimi?
- Mən 1977-ci ildən elm
sahəsində çalışıram. Bu institut mənim
formalaşmağımda, bir alim kimi yetişməyimdə,
ümumiyyətlə, həyatımda böyük rol
oynayıb. Məndə məsuliyyət hissi həmişə
güclü olub. Əgər istənilən işi öz
üzərimə götürmüşəmsə, tam yerinə
yetirməliyəm.
- Seçicilərinizin
problemlərini həmişə həll edə bilirsinizmi?
- Təəssüf ki, həmişə
həll etmək mümkün deyil. Bəzən elə problemlər
olur ki, o, millət vəkilinin imkanları xaricindədir. Məsələn,
tez-tez məhkəmə işləri ilə bağlı
müraciət edirlər. İnsanların təsəvvürləri
elədir ki, «əgər millət vəkili zəng edib
tapşırarsa, onun xeyrinə həll olunacaq». Ancaq bizim məhkəmənin
işinə müdaxilə etməyə hüququmuz yoxdur. Bu,
qeyri-qanunidir. Biz onlara vəkilin tapılmasında kömək
edir, hüquqlarını başa salırıq. Mənim
deputat seçildiyim dairəyə 63 kənd daxildir. Bu dairənin
ağırlığı ondandır ki, kəndlər
arasında kifayət qədər məsafə var. Mən hər
gedişimdə 6-7 kənddə olmağa
çalışıram, amma digər kəndlər
deputatın gəlişindən xəbər tutmurlar. Hər kəndin
öz problemi var. Bir çox kəndlərdə məktəblər
xoşagəlməyən vəziyyətdədir. İçməli
və suvarma su quyuları, kənd yollarının təmiri,
işıq transformatorların dəyişdirilməsini, iş
yerləri və s. xahişlər edirlər. Bu məsələlərin
həll olunması üçün müxtəlif təşkilatlara
müraciət edirəm. Rayon mərkəzində deputat bir yol
saldıranda həmin yoldan hamı bəhrələnir. Kəndlərin
hamısında isə bunu etmək deputatın imkanı
xaricindədir. Buna yalnız məsələ qaldırmaqla nail
olmaq olar. 3-4 kənddə yol çəkdirəndə və
ya məktəb təmir etdirəndə o biri kəndlər
üçün etmək mümkün olmur. Mənim məktublarım
əsasında 30 kənddə quyu qazılıb. Ancaq digər
33 kəndə çatmayıb. Həmin kəndin camaatı “o
kənddən mənə nə?” deyə məsafə problemindən şikayətlənirlər. Amma çalışıram ki,
imkan daxilində mənə müraciət edənlərin
problemlərini həll edim.
O adam xoşbəxtdir ki...
- Siz bu yaxınlarda «Şərqdə
ilk demokratik respublika. Azərbaycan qadını» adlı
konfransda çıxış edərək müxtəlif
zaman kəsiklərində qadınların üzləşdiyi
problemlərlə bağlı çıxış etdiniz.
Müasir cəmiyyətdə qadınların
azadlığına mane olan səbəblər
hansılardır?
- Əgər hüquqi baxımdan götürsək, müasir cəmiyyətdə qadın azaddır. Qadının problemləri təbiət tərəfindən ona verilən funksiyalarla bağlıdır. Təbiət ilk növbədə qadını ana kimi yaradıb. Hər bir qadın bu funksiyanı yerinə yetirmək istəyir. Bununla əlaqədar olaraq qadın ictimai həyatdan bir qədər uzaqlaşır. Hər qadının gücü çatmır ki, o, həm ictimai həyatda, həm də ailə həyatında fəal olsun. Qadının problemləri bütün cəmiyyətin problemləridir – bəzən iş tapa bilməmək, əmək haqqının azlığı və s. iqtisadi problemlərdir. Bəzi ailələr qadının ictimai həyatda fəaliyyətinə razı olmur. Başqa ölkələrin qadınları ilə müqayisə etsək, bizim qadınlarımızın vəziyyəti heç də onlardan ağır deyil. Məsələn, Avropa üzrə ən çox döyülən qadınlar sivil ölkə hesab olunan Fransadadır. Bütün Avropada qadına qarşı zorakılıq halları baş verir.
- Azad qadın xoşbəxt qadın deməkdir?
- Mən orta məktəbdə oxuyanda «Xoşbəxtlik nə deməkdir» mövzusunda inşa yazırdıq. Mən inşada “o adam xoşbəxtdir ki, özünü xoşbəxt hesab edir” deyə yazdım. Yadımdadır ki, müəllim mənim işimi təqdir etdi. Mən insanlar tanıyıram, hər şeyləri var, amma onlar özlərini xoşbəxt hesab etmirlər, daim nədənsə narazıdırlar. İnsanda şükranlıq hissi olmalıdır. Böyük villalar heç də insana xoşbəxtlik gətirmir. Kiçik bir evdə ailənlə, övladlarınla xoşbəxt olmaq mümkündür. Əgər özüm, yaxın ətrafım salamatdırsa, Tanrı bir tikə ruzi veribsə, insan özünü xoşbəxt saymalıdır. Tanrı tərəfindən insana verilən vaxt kəsiyi insanın ən böyük sərvətidir. Ona görə də həmin vaxtı daha səmərəli, könül xoşluğu ilə başa vurmaq lazımdır.
Təranə Məhərrəmova
Kaspi. – 2010. – 9 iyun. – S.12.