Hansı universitetlər Bakıdan
köçürüləcək?
Ekspertlərin fikrincə, köçürülmə
prosesi tədricən baş verməlidir. Bakı ətrafında
ali məktəblərin korpusları tikilməli və tələbələr
tədricən ora köçürülməlidir
Havaların get-gedə istiləşməsi, ictimai nəqliyyatdakı sıxlıq, yollarda hər gün üzləşdiyimiz tıxaclar yaşamımızı az qala dözülməz edir. Gündəlik qayğılarımıza qarışan bu cür problemlər təəssüf ki, nəinki həllini tapmır, əksinə get-gedə dərinləşir. Elə təkcə səhər tezdən işə gələndə və ya axşam evə yollananda bu gərgin mənzərəni yaşamaq kifayətdir. Günorta saatları da istisna deyil. Bir sözlə, günün müəyyən saatlarında ictimai nəqliyyatdan istifadə əsil əzaba çevrilir. İstifadə etdiyimiz nəqliyyatda salonun istidən boğulan havası, bir-birinə qarışan qoxular, çantalardan pulqabıların, mobil telefonların çırpışdırılması və s. əsəblərimizi tarıma çəkir. Ancaq problem barədə danışılsa da həlli çözülmür ki, çözülmür.
Bəziləri şəhər ərazisində yerləşən zavod və fabriklərin, inzibati binaların, müxtəlif obyektlərin və s. paytaxtdan kənarlara köçürüləcəyi təqdirdə problemin həll olunacağını düşünür. Eləcə də paytaxtdakı əhali sıxlığından söhbət düşən kimi hami şəhərdə tələbələrin çoxluğundan şikayətlənir. Dərhal da universitetlərin şəhərin kənarına köçürülməsi və tələbə şəhərciklərinin yaranması ideyası gündəmə gəlir.
Xarici ölkələrin təcrübəsi
Gündəmə olan
problemin həlli yolları barədə mülahizələr
irəli sürən mütəxəssislər də bildirirlər
ki, Abşeron yarımadasında Azərbaycan əhalisinin az qala tən yarısı yaşayır və
universitetlərin əksəriyyətinin şəhərin mərkəzində
yerləşməsi isə əhali
sıxlığını daha da artırır. Üstəlik
bu təhsil ocaqlarında təhsil alan tələbələrin
müəyyən bir qismi şəxsi avtomobillərdə hərəkət
edir və bu da şəhərdə tıxacların yaranmasına
səbəb olur. Xüsusən səhər, günorta və
axşam saatlarında tələbə kütləsi ictimai nəqliyyatda
böyük tıxacların yaranmasına gətirib
çıxarır.
Qeyd edək ki, universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Heç uzağa getməyək, qonşu Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ekspertlər hesab edirlər ki, gələcəkdə ali məktəblərin şəhərin mərkəzindən kənara köçürülməsi baş versə, onda tələbələrin hərtərəfli rahatlıq və şəraitini təmin edəcək şəhərciklərin salınması da reallaşa bilər.
Şəhərin kənarı,
yoxsa mərkəz?
Problemə münasibətini
bildirən təhsil naziri Misir Mərdanov jurnalistlərə
açıqlamasında ali məktəblərin
şəhərdən kənara köçürülməsinin
ideyadan başqa bir şey olmadığını bildirib:
“Hazırda bu barədə bir söz deyə bilmərəm. Bu
gün universitetlərin hamısını köçürmək
qeyri-mümkündür. Hər hansı bir universitet
üçün şəhər ətrafında yer
ayrılmasına və universitetlərin həmin ərazilərə
köçürülməsinə müsbət baxıram,
ancaq bu yerlər hazır olduqdan sonra mümkün olar. Hələ
bu məsələ ilə bağlı konkret bir söz demək
olmaz. Çünki nəzərdə tutulan planlar hələ
söz-söhbət səviyyəsindədir”. Təhsil naziri
onu da bildirib ki, hazırda şəhərin kənarında
universitetlər üçün nə yer müəyyənləşib,
nə də hansı universitetlərin hara
köçürüləcəyi barədə konkret fikir
var: “Buna görə də mən əsası olmayan məlumatlar
verməklə ictimaiyyəti çaşdırmaq istəmirəm”.
Nazirin sözlərinə görə, universitetlərin köçürülməsi şəhərin kənarında onlar üçün yeni tədris binalarının tikildikdən sonra dəqiqləşəcək. Bununla belə, təhsil nazirinin fikrincə, universitetlərin şəhərin kənarına köçürülməsi özlüyündə yaxşı ideyadır: “Bir tərəfdən, ali məktəblərin inkişafı üçün geniş imkanlar yaranacaq. Digər tərəfdən isə şəhərin mərkəzində sıxlıq azalacaq. Dünyanın inkişaf etmiş ölkələrin hamısında ali təhsil müəssisələri şəhərin kənarında yerləşir. Bizdə də belə olması lazımdır”.
Bakı şəhərinin Baş Planında təhsil müəssisələrinin köçürülməsi məsələsini qaldıran tanınmış memar Emil Axundovun fikrincə, universitetlərin Bakının nisbətən ətraf ərazilərinə köçürülməsi reallaşsa bu, hamının ürəyincə olar: “Amma bunun üçün külli miqdarda vəsait lazımdır. Bu məsələ indinin işi deyil. Köçürülmə prosesi tədricən baş verməlidir. Bakı ətrafında ali məktəblərin korpusları tikilməli və tələbələr tədricən ora köçürülməlidir”. E.Axundovun sözlərinə görə, bu bir qədər gec qaldırılmış məsələdir. Belə ki, məsələni özəl ali məktəblər yeni yarananda həll etmək lazım idi. Düşünürəm ki, Bakı ətrafı rayonlarda geniş torpaq sahələri ayırıb orada Avropa standartlarına uyğun universitet şəhərcikləri salmaq olar". Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev universitetlərin köçürülməsini dəstəkləsə də yaranacaq problemləri də diqqətə çatdırıb: “Mən bunu müsbət qarşılayıram, amma bir neçə məsələ var ki, bu nəzərə alınmalıdır. Məsələn, tələbələr harada yaşayacaq? Onların imkanı çatacaqmı hər gün kənar rayona gedib-gəlsin? Müəllimlərin durumu buna imkan verirmi? Belə suallar açıq qaldıqca universitetləri şəhərdən kənara köçürmək olmaz. İlk növbədə sosial məsələlər öz həllini tapmalıdır".
Hansı ali məktəblər
köçsün?
Azərbaycan Müəllimlər
İnstitutunun rektoru Aqiyə Naxçıvanlının
fikrincə, ümumiyyətlə ali təhsil
mərkəzləri kənarda yerləşməlidir. “Ancaq
bütün universitetlərin şəhərdən kənara
köçürülməsinə ehtiyac yoxdur. O universitetləri
köçürmək lazımdır ki, onlar şəhərin
mərkəzində tıxacların yaranmasına səbəb
olur, gediş-gəlişi çətinləşdirir. Elə
universitetlər var ki, onların həyətləri, sahəsi,
bağ-baxçası yoxdur. Həmin universitetlərin şəhərin
mərkəzində olmasının heç bir əhəmiyyəti
yoxdur. Bəzi institutların, maşın saxlamaq, tələbələrin
hərəkəti üçün yol problemi var. Şəraiti
olmayan ali təhsil ocaqlarının şəhər kənarında
ayrıca bir şəhərcikdə yerləşdirilməsi
daha məqsədəuyğun olardı”. A.Naxçıvanlı
onu da bildirdi ki, ali təhsil ocaqlarının şəhər
kənarında yerləşdirilməsi ideyasının rəhbərlik
etdiyi instituta aidiyyəti yoxdur: «Bizim institut şəhərin
mərkəzində yerləşmir. İnstitutumuzun ətrafı
bağlıdır. İçərisində kompleks tipli
yataqxana, yeməkxana, qiraət zalı, muzey, idman zalı var. Biz
heç kəsə mane olmuruq. Ona görə də bu cür
şəraiti olmayan universitetləri mərkəzdə saxlamaq
lazım deyil». A.Naxçıvanlının sözlərinə
görə, problemin həlli o qədər də çətin
deyil. Belə ki, şəhərdən kənarda boş sahələr
çoxdur. «Böyük sahələrdə yerlər
ayırıb binalar tikmək olar. Dünyanın böyük
ölkələrində universitetlər şəhərdən
kənarda yerləşir. Tələbələr uzun məsafələri
qət edərək oxumağa gedirlər. İnstitut tələbənin
yanına deyil, tələbə instituta getməlidir».
A.Naxçıvanlı bəzi universitetlərin
ayrı-ayrı rayonlarda yerləşməsinin tərəfdarı olduğunu da
vurğuladı.
Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov bir çox universitetlərin şəhər kənarına köçürülməsini məqbul saysa da Mədəniyyət və İncəsənət Universitetinin köçürülməsinin mümkünsüzlüyünü bildirdi: “İncəsənət təmayüllü ali məktəblərin şəhər kənarına köçürülməsi düzgün deyil. Çünki incəsənət müəssisələrinin hamısı şəhərin mərkəzində yerləşir. Tələbələrin məşq yerləri, yaradıcılıq prosesləri ancaq teatr və kino-teatrların binalarında gedir. Həmin binalar isə şəhərin mərkəzində yerləşir. Ona görə də bu tip ali məktəblərin şəhərin mərkəzində qalması zəruri məsələdir».
Yaxşı olar ki...
Xəzər
Universitetinin prorektoru Rafiq Əhmədov qeyd etdi ki, Amerikada və
dünyanın başqa böyük ölkələrində
universitetlər şəhərdə də, şəhərdən
kənarda da yerləşir. Onun fikrincə, şəhərdə
universitetlər üçün şəhərcik yaratmaq
çətindir. “Yaxşı olar ki, universitetlər universitet
şəhərciyində yerləşsin. Dünyanın bir
çox ölkələrində universitetlərin şəhər
kənarında ayrı-ayrı fakültələri, binaları,
yataqxanaları, sosial obyektləri var. Bu, tələbələrin
yaxşı təhsil alması üçün olduqca
mühüm bir amildir. Şəhərdə isə həmin
universitetin müxtəlif obyektləri şəhərin
müxtəlif yerlərində yerləşir. Bu da həmin
obyektlər arasında operativ əlaqələrin yaranmasına
çətinlik yaradır”. R.Əhmədovun
fikrincə, Qafqaz Universiteti gələcəkdə şəhərdən
kənarda yerləşəcək təhsil ocaqları
üçün əsil nümunədir. “Onun bütün
strukturları böyük bir ərazidə yerləşib. Ona
görə də universitetlərin bir çox nöqteyi-nəzərdən
şəhərdən kənarda yerləşdirilməsi məqsədəuyğun
sayıla bilər”. R.Əhmədov universitetlərin
köçürülməsinin çətinliyini də
istisna etmir: “Bu, hər təhsil
ocağının xüsusiyyətindən, mənsub olduğu
sahədən asılıdır: Əgər onun sahəsi
imkan verirsə, onun müxtəlif strukturlarını yerləşdirmək
mümkün olsun, bu o qədər də çətin deyil.
Ancaq elə universitetlər var ki, onların yalnız şəhərin
mərkəzində bir binası var. Onun ayrı-ayrı
strukturlarını ətrafında yerləşdirmək
çətindir. Məsələn, təsəvvür edək
ki, İqtisad Universitetinin bir binası Nərimanov rayonun ucqar bir ərazisində
yerləşir. Bu binalar arasında böyük çətinlik
yarada bilər”. R.Əhmədovun fikrincə, hər hansı
universitetin köçürülməsi hər bir institutun
imkanları və inkişaf perspektivindən
asılıdır.
Mütəxəssislər təhsil müəssisələrinin köçürülməsindən yaranacaq problemlərin həllini tapacağı təqdirdə yaxşı nəticələr verəcəyini birmənalı şəkildə qeyd edirlər: “Yalnız bu yolla əhalinin sıxlığının və tıxacların qarşısını almaq olar. Xaricdən yaxşı nümunələri götürmək lazımdır”.
Təranə Məhərrəmova
Kaspi. – 2010. – 11 iyun. – S.8.