15 İyun olmasaydı, nə Azərbaycan, nə də
suveren dövlət olacaqdı
Eldar İbrahimov: «Heydər Əliyev ideyaları
işığında müstəqil Azərbaycanın
Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək
zirvələr fəth edəcəyinə əminik»
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,
- Eldar müəllim,
hazırda bütün respublika ərazisində 15 İyun Milli
Qurtuluş Günü münasibətilə silsilə tədbirlər
keçirilir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin
ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq
xilaskarlıq missiyasını yerinə yetirməsi
xalqımız tərəfindən dövlətimizin
qurtuluşu kimi hər il qeyd olunur. Həmin hadisələrin canlı şahidi olaraq o
dövrü necə xarakterizə edərdiniz?
- Bilirsiniz ki, 1992-ci ildə
AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi
və bu hakimiyyət atdıqları addımlarla qısa
zamanda xalqın inamını tamamilə itirmişdi. Bununla belə, səhv siyasət yürüdənlər
hakimiyyətdən əl çəkmək istəmirdilər.
1993-cü ilin yayında baş verənləri
isə xalqın taleyi ilə oynayan səriştəsiz,
qabiliyyətsiz hakimiyyətin dövləti təhlükəyə
atması kimi dəyərləndirmək olar. Ulu Öndər Heydər Əliyev Bakıya iyunun 9-da
gəldi, iyunun 13-də Gəncəyə getdi, orda baş verənləri
öz gözləri ilə gördü və dəqiq vəziyyəti
müəyyənləşdirdi. Heydər Əliyev
15 iyunda Azərbaycanı xaosdan, anarxiyadan, müharibədən,
qardaş qırğınından, vətəndaş
müharibəsindən, dövlət çevrilişlərindən
qurtardı. 4 iyun Gəncə hadisələrindən
danışarkən bir məsələ qeyd olunmalıdır
ki, özlərinin qəhrəman etdikləri Surət
Hüseynov həmin hakimiyyətin axırına
çıxdı. AXC-Müsavat
cütlüyünün siyasi səriştəsizliyi vətəndaş
müharibəsinə gətirib çıxarmışdı.
Heydər Əliyev dövlətçilik
ustadı idi, müdrik insan idi, Azərbaycana əminamanlığı
gətirdi. Ulu Öndər Heydər Əliyev
dünyada böyük nüfuza sahib idi və xalqın
sevgisini qazanmışdı. Ona görə
də həmin hakimiyyət Heydər Əliyevi qəbul etmək
istəmirdi və 1992-ci ilin 24 oktyabrında onlar
Naxçıvanda dövlət çevrilişinə cəhd
etdilər. Naxçıvanda Daxili İşlər
Nazirliyinin binasını, televiziyanı zəbt etdilər,
televiziya ilə camaata müraciət etmək istəyirdilər.
Baxmayaraq ki, Xalq Cəbhəsinin üzvləri
bütün yolları bağlamışdılar, amma Heydər
Əliyevi müdafiə etmək üçün bütün
kəndlərdən camaat gəlmişdi. Xalq
Heydər Əliyevə sevgisini Onun ətrafında sıx birləşməklə,
müdafiə etməklə göstərdi. Ulu Öndər Heydər Əliyevi hakimiyyətə
xalqın sevgisi, iradəsi gətirmişdi. O zaman hakimiyyətdə
olan bəzən bu bayrama başqa cür yanaşır, deyirlər
ki, nədən qurtulduq. Tam məsuliyyətimlə
deyirəm ki, məhz onlar Surət Hüseynovun dar
ağacından qurtuldular. Ulu öndər
Heydər Əliyev hakimiyyətə gəlməklə
AXC-Müsavat hakimiyyətinin rəhbərlərini
S.Hüseynovun dar ağacından xilas etdi. Buna
görə onlar bütün həyatı boyu Heydər Əliyevə
borcludurlar.
1997-ci ilin 17
iyununda 15 iyunun Milli Qurtuluş günü kimi qeyd olunması təklifini
parlamentdə mən irəli sürmüşəm. 45 millət vəkili
də çıxış edərək mənim təklifimi
dəstəkləyib. Beləliklə də,
Azərbaycan tarixinə qızıl hərflərlə
yazılan 15 iyun tarixi həyatımıza Milli Qurtuluş
Günü bayramı kimi daxil olub. Mənim
üçün bundan əziz bayram yoxdur. Çünki
15 İyun olmasaydı, nə Azərbaycan, nə də suveren
dövlət olacaqdı.
- 15 iyun tarixinin Azərbaycanın,
dövlətçiliyimizin tarixindəki yeri və rolu
haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın tarixinə
Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15
iyun günü onu qiymətləndirənlər, dərindən
dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin
çətin, ağrılı günlərin dəhşətlərini
yaşayan, hadisələri gözləri ilə görən
insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda
ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın
inkişafında, müstəqilliyində, gələcəyində
müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa
olan bir insandır - Heydər Əliyev. Tale
elə gətirmişdir ki, 1992-1993-cü illər, müstəqilliyimizin
ilk illərinə təsadüf etsə də, ölkəmizin
müasir tarixinə hərc-mərclik,
özbaşınalıq, avantürist eksperimentlər
dövrü kimi daxil olmuşdur. Bütün
bunlar isə həmin dövrlərdə yeni
yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə
malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi
görmək imkanlarından məhrum olan, adi vəziyyətdən
belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin
rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.
O dövrkü iqtidarın səbatsızlığı
ucbatından xalqın milli arzuları puça çıxmaq
təhlükəsi ilə üz-üzə
qalmışdı. Bu dövrdə bütün
ölkə vətəndaşlarının nəzəri Azərbaycanın
dövlət müstəqilliyi üçün böyük
xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi.
Hamı Heydər Əliyevin Naxçıvanda
başladığı milli qurtuluş savaşının zəfər
yürüşünü səbirsizliklə gözləyirdi.
Hadisələrin bu fonunda xarici havadarları tərəfindən
himayə olunan separatçı qüvvələr cənubda
“Talış-Muğan Respublikası” elan etməyə səy
göstərirdilər. Şimalda da bu
cür qüvvələrin fəallığına təkan
verilirdi. Ölkədə vətəndaş
müharibəsinin başlanması və respublikanın
parçalanması təhlükəsinin artması xalqın və
müstəqil Azərbaycan dövlətinin gələcəyini
sual altına qoymuşdu. Bu
çıxılmaz vəziyyətdə Azərbaycan
xalqının gözü Naxçıvana, yeganə ümid
yeri olan Heydər Əliyevə dikilmişdi. Ölkənin hər yerində izdihamlı mitinqlər
keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan
Respublikasında rəhbərliyə gətirilməsi tələb
olunurdu. Ehtimallar, ümidlər
özünü doğrultdu və Heydər Əliyev
qayıtdı. Bu qayıdış Azərbaycan
dövlətini, müstəqilliyini, xalqımızın
qürurunu, tarixini, bu gününü özünə
qaytardı.
- O zaman Ulu Öndər Heydər
Əliyevin Azərbaycanda nüfuzunun gündən-günə
artmasından həm bəzi daxili qüvvələr, həm də
xarici qüvvələr narahat olurdu. 1992-ci ilin
oktyabr ayında Naxçıvanda dövlət
çevrilişi cəhdlərinin bu məsələ ilə
bağlı olduğu nə dərəcədə realdır?
- Əlbəttə,
o vaxtkı AXC – Müsavat cütlüyü Heydər Əliyevin
nüfuzundan qorxurdu. Ona görə də, o zamankı hakimiyyətin
silahlı qüvvələri 1992-ci il
oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə,
Heydər Əliyevi tutduğu vəzifədən devirməyə
cəhd göstərdilər. Lakin xalq öz
böyük oğlunu müdafiə etdi, onunla birlikdə
olduğunu bir daha sübuta yetirdi. İlk
dövlət çevrilişinə cəhdin
qarşısı alındı. Bu artıq
Heydər Əliyev - xalq birliyinin sarsılmaz olduğunun əyani
sübutu idi. Bu birlik Heydər Əliyevi
Bakıya gətirdi. Ulu Öndərin
Bakıya gəlişi respublika əhalisində gələcəyə
böyük ümidlər yaratdı.
- 1993-cü il
iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan
parlamentinin sədri seçildi. Xalqın tələbi
ilə hakimiyyətə bu qayıdışın dövlətçiliyimiz
üçün önəmi nədən ibarətdir?
- Bu hadisənin misilsiz
faydası oldu. Bu tarixi qayıdış,
sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin
və millətimizin qurtuluşu oldu. Heydər
Əliyevin hakimiyyətə tarixi qayıdışından
sonra ölkədəki AXC-Müsavat cütlüyündən
miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya
xəritəsindən silinməsi xülyası qısa zamanda
aradan qaldırıldı. Bir sözlə,
Ulu öndərin Naxçıvanda başladığı
milli qurtuluş savaşının əsl zəfər
yürüşü başlandı. Tezliklə
separatçıların respublikanı parçalamaq kimi məkrli
niyyətlərinə layiqli cavablar verildi. Ordu
quruculuğu sahəsində mühüm işlər
görüldü. Cəbhədə atəşkəs
elan olundu. Dövlət çevrilişi cəhdlərinin
və terror aktlarının qarşısı alındı.
Heç də təsadüfi deyil ki, sonralar
xalqın müxtəlif təbəqələrinin nümayəndələri
Milli Məclisə müraciət edərək öz istək
və arzularının nəzərə alınmasını və
bu günün Azərbaycan xalqının milli qurtuluş
günü elan edilməsini tələb edirdilər. Nəticədə insanların bu arzusu
reallığa çevrildi.
- Eldar müəllim, Milli
Qurtuluş Günü Azərbaycanın gələcəyi
baxımından nə kimi tarixi əhəmiyyətə
malikdir?
- Tarixin, dövrün,
zamanın yazıları, əsrlərlə silinməyən,
daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol
yoldaşı, bələdçisidir. Zamanı,
bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən,
əbədiləşdirən isə qüdrətli,
müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi,
bəşəriyyət isə azad, firavan həyatı
üçün belə insanlara, şəxsiyyətlərə
borcludur. Bu günün fövqündən
baxanda Azərbaycanın gələcəyi işıqlı və
firavan görünür. Çünki
müstəqil Azərbaycanın idarəçilik
sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab
İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin
rəhbərliyi dövründə Azərbaycan Respublikası
misli görünməmiş sosial-iqtisadi inkişafa nail
olmuş, regionda lider ölkə statusunu qazanmışdır.
Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində özünəməxsus xüsusi
yeri olan önəmli bir ölkədir. Ölkəmizdə
çox uğurla həyata keçirilən iqtisadi siyasətin
nəticəsidir ki, dünyada tüğyan edən qlobal
böhran Azərbaycana təsir göstərə bilmir və
başqa ölkələrdən fərqli olaraq
respublikamızda dinamik artım davam edir, böyük maliyyə
tutumlu layihələr həyata keçirilir, investisiya
qoyuluşu genişlənir, əhalinin sosial rifah halı
yaxşılaşır. Biz Heydər Əliyev
ideyaları işığında müstəqil Azərbaycanın
Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək
zirvələr fəth edəcəyinə əminik.
Kaspi. – 2010. – 12-14 iyun. –S.5.