“Muğam bütün musiqilərin köküdür” 

 

Bəyimxanim Mirzəyeva: «Mən muğam oxuyanda bu dünyadan ayrılıram. Öz ifamı bildiyim kimi auditoriyaya çatdırmaq istəyirəm» 

 

Sevincimiz sinəmizə darlıq edəndə, qəlbimiz qüssədən, gözlərimiz həsrətdən  göynəyəndə bir nisgillimi, lirikmi, şuxmu nəğməyə ehtiyac duyuruq. Həmin an əhvalımıza şərik olan, bizi tənhalıq möhnətindən, təklik sınağından  qurtaran musiqiçilərə, xanəndələrə  minnətdar olmaq istəyirik. Qəlbimizə, ruhumuza  rahatlıq gətirən mahnıları, muğamları onun da ifasında dinləməyə adət etmişik. Səsini eşidən kimi istər-istəməz deyirik: xanəndə Bəyimxanim Mirzəyevadı - Xəzər telekanalının “İncilər” verilişi ilə “Kaspi”nin birgə layihəsinin növbəti qonağı.

 

İstedadlı uşaq

 

- Musiqiyə həvəsim uşaq yaşlarından yaranıb. İlk dəfə səsimi anam kəşf etmişdi. O, mənə körpə yaşlarımda layla çalar, layla qurtaran kimi mən ağlayırdım. Anam efirdə səslənən muğam saatlarını çox xoşlayırdı. Mənsə həmin ifaları eşidib evin hansısa bir  küncündə sıxılıb ağlayardım. Mən də əlimi ürəyimin üstünə qoyub: “söndür-söndür, mənə nəsə olur” deyirdim. Anam uşaq həvəsi ilə oxuduğum mahnıları eşidib məni bəstəkar Əfsər Cavanşirovun yanına apardı. Əfsər müəllim mənim ifamı eşidən kimi çox sevindi və “Bu qız ancaq solist olacaq» – deyə bildirdi. 1993-cü ildə Əfsər müəllim məni ilk dəfə solist kimi Azərbaycan Televiziyasına çıxartdı. Onda mənim 4 yaşım vardı. “Nargilə” mahnısını oxudum. Mən uşaq mahnılarını sevmirdim, yalnız böyüklər üçün yazılan mahnıları xoşlayırdım.

1995-ci ildə respublika üzrə istedadlı uşaqların müsabiqəsi keçirilirdi. Həmin müsabiqədə bir çox musiqi məktəblərinin istedadlı uşaqları iştirak edirdi. Məni də bağçadan o müsabiqəyə göndərdilər. Müsabiqədə oxuduğum «Anamın səsi» mahnısı ilə birinci yerə layiq görüldüm. Daha sonra «Pöhrə - 97» müsabiqəsi, «Kainat» muğam müsabiqəsinə qatıldım. Həmin müsabiqələrdə də, «Qran-pri» və başqa müxtəlif dərəcəli mükafatlar qazandım. Görkəmli xanəndə Əlibaba Məmmədovla rəhmətlik İslam Rzayev dedilər ki, bu, istedadlı uşaqdır, onun daha hər hansı müsabiqəyə qatılmasının mənası yoxdur. Ustad xanəndələr musiqi üzrə təhsil almağım üçün məsləhətlərini verdilər. Mən Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olaraq görkəmli xanəndə Ağaxan Abdullayevdən dərs aldım. Amma onu da deyim ki, ondan əvvəl Uşaq Filarmoniyasında ilk muğam müəllimim Zabit Nəbizadə olub. Bülbül adına məktəbi bitirdikdən sonra Milli Konservatoriyaya daxil oldum. Hazırda üçüncü kurs tələbəsiyəm. Səsdən Ağaxan Abdullayevdən,  pedaqoji təcrübədən isə Alim Qasımovdan dərs alıram.

- Sizcə muğam ifaçılığında nəzəri biliklərin rolu nə qədərdir? Axı deyirlər yaxşı səs, gözəl ifa Allah vergisidir.

- Musiqinin bütün janrları üzrə təhsil vacibdir. Ən azından dünya səhnəsinə çıxanda qarşına not qoyulanda anlayışın olur. Bir də nəzəri biliklərlə təcrübi biliklərin vəhdəti daha yaxşı nəticə verir.

 

İkinci həyat

 

- Siz  uşaq yaşlarından dövlət tədbirlərində oxuyursunuz. Çox sənət adamlarının can atdığı, arzusunda olduğu bu mühüm tədbirlərə ilk dəfə necə dəvət almısınız?

- 90-cı illərdə  indiki Heydər Əliyev Sarayında muğam konsertləri təşkil olunurdu. Belə konsertlərin birində mənim ifamı bəyənib adımı dövlət konsertinə salmışdılar. 1996-cı ildə dövlət tədbirinin birində mən,  Qəndab Quliyeva, Ağaxan Abdullayev və rəhmətlik Səfa Qəhrəmanovla birlikdə “Heyratı” ritmik muğamını oxuduq. İfamız çox maraqla qarşılandı. Ümummilli lider Heydər Əliyev konsertdən sonra pərdə arxasına keçərək bizimlə görüşdü və “Bu qızı nəzarətdə saxlayın” – deyə mənə qayğı göstərilməsi üçün tapşırıq verdi. O gündən başlayaraq Azərbaycanda və ölkəmizdən kənarda keçirilən bütün dövlət tədbirlərində iştirak etməyə başladım. Demək olar ki, bu ilə qədər xarici ölkələrə səfərlərim davam edib.

- Artıq kifayət qədər tanındığınız halda Respublika Muğam müsabiqəsinə qatılmağınızda məqsəd nə idi?

- “Spase” televiziyasında müsabiqənin anonsları gedəndə əvvəlcə tərəddüd elədim. Fikirləşirdim ki, onsuz da lazımı qədər SMS toplaya bilməyəcəyəm. Ancaq sonradan sənədlərin qəbul müddəti uzadılanda özümü sınamaq qərarına gəldim. Həmçinin  münsiflər heyətinin görkəmli xanəndələrdən ibarət olması məni ruhlandırdı. İlk muğam müsabiqəsi olduğundan rəqabət böyük idi. Birinci və ikinci turlardan keçib finala düşdüm. Ancaq yarışmanın dördüncü həftəsi lazım olan səs faizini toplaya bilmədiyim üçün müsabiqədən kənarlaşdırıldım. Bu, münsiflər heyətinin də narazılığına səbəb oldu. Əslində o qədər də təsirlənmədim, çünki belə də gözləyirdim.  “Space” telekanalının qarşısında canlı yayımı izləyən çoxlu insanlar da “Bu qız istedadlıdır, müsabiqədən kənarlaşdırılmamalıdır” – deyə münsiflər heyətinə etirazlarını bildirdilər. Canlı yayıma respublikanın rayonlarından da çoxlu etiraz zəngləri olurdu. Yenidən 10 ifaçının içərisindən seçim edib məni müsabiqəyə qaytardılar. Finalda 5-ci yerə layiq görüldüm. Bu muğam müsabiqəsi sənət yolumda ikinci həyatım idi. Çünki ondan əvvəl iştirak etdiyim müsabiqələrin hamısı uşaqlıq illərinə təsadüf edirdi. Bu müsabiqə isə artıq peşəkar səhnə üçün bir növ imtahan idi. Müsabiqə özümə inamımı artırdı. Başa düşdüm ki, tamaşaçıların da sevgisini qazanmışam. Daha sonra Beynəlxalq Muğam müsabiqəsində iştirak elədim və finala qədər irəliləyə bildim. Seçilən 3 iştirakçının arasında mən də oldum. Birinciliyə isə gənc xanəndə Təyyar Bayramov layiq görüldü. Bu müsabiqə də sənət uğuru kimi yaddaşıma yazıldı.

 

Bütün musiqilərin kökü

 

- Bəzən deyirlər ki, muğamın dinləyicisi yalnız yaşlı nəsil ola bilər. Gənclərin həvəsi daha çox musiqinin başqa janrlarınadır. Auditoriyada bu fərqliliyi hiss etmisinizmi?

- Bilirsiniz ki, 2005-ci ilə qədər muğam az qala unudulmaq dərəcəsində idi. Ancaq bu gün muğama dövlət səviyyəsində qiymət verilir. Xüsusən biz gənclərin muğam ifa etməsi gənc nəslin də xoşuna gəlir. Konsertlərə müasir geyimli gənclər gəlir və həvəslə dinləyirlər. Onları görəndə bəzən mən özüm də məəttəl qalıram. Çox vaxt onlar deyirlər ki, “biz sizdən əvvəl yaşlı insanların muğam oxumasına o qədər də maraq göstərmirdik, ancaq gənclərin ifasını daha çox bəyənirik”.

- Artıq dəbə çevrilməyə başlayıb: musiqinin başqa bir janrının ifaçısı da muğam oxumaq həvəsinə düşür. Musiqidə bu qəbil amplua dəyişikliyinə necə baxırsınız?

- Təxminən kimləri nəzərdə tutduğunuzu bilirəm. Onlar muğam ifaçıları deyillər, heç oxumağı da bacarmazlar. Muğamı hər adam oxuya bilməz. Anlayışlarının olması, arada zümzümə etmələri isə pis deyil. Çünki muğam bütün musiqilərin köküdür.

Ancaq çıxıb demələri ki, “mən də muğam oxuyuram”, bu, düzgün deyil.

- Sizə dilimizi bilməyən əcnəbi tamaşaçılar qarşısında oxumaq xoşdur, yoxsa muğamı başa düşən, qiymətləndirən, bəzən də laqeydlik göstərən öz tamaşaçılarımız qarşısında?

- Mən həm öz tamaşaçılarımız, həm də əcnəbi tamaşaçılar qarşısında oxumağı xoşlayıram. Təbii ki, öz auditoriyamız musiqimizi başa düşür. Kimisini qəzəliyyat, kimisini sözlər, kimisini musiqi təəccübləndirir. Həmişə fikirləşirdim ki, əcnəbi nə bilir muğam nədir? Ancaq onlar muğama o qədər diqqətlə qulaq asırlar ki, adam özü də heyrətlənir. Yadımdadır, İsrailə səfərim zamanı bir iranlı solo konsertimdən sonra mənə yaxınlaşıb: “Bu vaxta kimi elə bilirdim ki, dünyada ən gözəl muğam İran muğamıdır. Ancaq bu gündən sonra əmin oldum ki, ən gözəl muğam Azərbaycan muğamıdır” deyə bildirdi. Əcnəbilərin belə bir heyrətini görüncə, onların milli musiqimiz haqqında xoş sözlərini eşidincə adam doğurdan da qürur duyur.

- Müəlliminiz Alim Qasımov həmişə deyir ki, mən muğam oxuyanda özümü göylərdə hiss edirəm. Bəs həmin anda siz hansı hissləri yaşayırsınız?

- Bu elə bir aləmdir ki, onu dillə təsvir eləmək mümkün deyil. Sanki 5-10 dəqiqəlik bu dünyadan ayrılıb tamam başqa bir aləmə düşürsən. Mən muğam oxuyanda çox zaman gözlərimi yumuram. Bəzi sənətçilər mənə deyirlər ki, ifa zamanı gözlərini yumma, tamaşaçıların gözlərinə bax. Deyirəm ki, bu, məndən asılı deyil. Çünki mən muğam oxuyanda bu dünyadan ayrılıram. Bu, həm də mənə zalda əyləşən bəzi laqeyd tamaşaçıları görməməyə kömək edir. Öz ifamı bildiyim kimi auditoriyaya çatdırmaq istəyirəm. 

 

Ailə və sənətin sərhədi

 

- Həmişə musiqi aləmində yaşamaq mümkündürmü?

- Təbii ki, yox. Heç kim elə düşünməsin ki, mənim hər günüm ancaq muğamdan ibarətdir. Elə günüm olur ki, muğam dinləmək istəmirəm. Ancaq lirik musiqilər eşitmək istəyirəm.

- Repertuarınızda birdən-birə lirik mahnılara keçid etməyiniz də bununla  bağlı idi?

- Mən muğamla bərabər həmişə bəstəkar mahnılarını da ifa edirdim. «Bənövşə» uşaq xorunda oxuyarkən ansamblın pianoçusu Nailə Mirməmmədli ilə yaxın münasibətim yaranmışdı. Mən onun və həyat yoldaşı Hikmət Mirməmmədlinin çox mahnılarını oxumuşam. Demək olar ki, ilk bəstəkar mahnılarını elə o vaxtdan ifa etməyə başlamışam. Daha sonra Əfsər Cavanşirovun «Qara toylar» mahnısını oxumuşam. O mənə qədər həmin mahnını ifa etmək üçün istədiyi səsi tapa bilməmişdi. Daha sonra da bir neçə bəstəkar mahnısını ifa etdim. Ən son işlərimdən biri isə Sona xanım Vəliyevanın sözlərinə Ruslan Səfəroğlunun yazdığı «Yollara yağış yağır» mahnısı oldu. Bu mahnıdan sonra bizim işbirliyimiz yarandı. Mən Sona xanımın sözlərinə onun yazdığı bir sıra silsilə mahnıları oxudum. Həmin mahnılar sevildi və həyatıma da uğur gətirdi. O mahnıları ayrıca bir albom şəklində çıxarmaq haqqında düşünürük.

- “Musiqi mənim həyatımda hansı yeri tutur?” sualını özünüzə verəndə nə cavab verirsiniz?

- Musiqi məni çox sakitləşdirir. Elə anlarım olur ki, qəhərlənib boğuluram, ancaq nə qədər istəsəm də ağlaya bilmirəm. Məsələn, Könül Xasıyevanın bir neçə ifası var ki, elə anlarımda dinləyəndə sakitləşirəm. Qəlbimə yaxın olan bir musiqi, ya da elə bir muğam olur ki, o məni sakitləşdirir, təskinlik gətirir. Həmin anlarda musiqidən başqa heç nə məni rahatlaşdıra bilməz. Digər tərəfdən, muğamın qəzəl, şeir seçimi ruhuma daha yaxın, doğmadır.

- Ənənəvi sual. Yaradıcılıq planlarınız barədə nə deyərdiniz?

-  Ailə həyatı qurduğuma görə, musiqidən tam ayrılmasam da, 

yaradıcılığımda bəzi sərhədlər olacaq. Mən bunları təbii qəbul edirəm. El şənliklərində və xarici səfərlərdə iştirak etməyəcəyəm. Bəzi seçmə konsertlərdə və verilişlərdə oxuyacağam. Həmişə demişəm ki, ailəmi sənətimə qurban vermərəm.

 

 

Təranə Məhərrəmova

 

Kaspi. – 2010. – 12-14 iyun. – S.8.