Dövlət büdcəsinin gəlirləri artırılır 

 

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 300 milyon manat ayrılır

 

Azərbaycanın 2010-cu il üçün təsdiqlənmiş dövlət büdcəsinin gəlirləri artırılır. Bu barədə Milli Məclisin iqtisadi siyasət və aqrar siyasət komitələrinin iyunun 16-da keçirilən birgə iclasında 2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsinin müzakirəsi zamanı məlumat verildi.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, layihə Milli Məclisə prezident İlham Əliyevin imzası ilə göndərilib: "Dövlət büdcəsində dəyişikliyə səbəb olan iki amil var. 2010-cu ilin büdcəsində neftin baza qiyməti 45 ABŞ dolları götürülüb. 2010-cu ilin 5 ayı ərzində dünya bazarında bu qiymət 75 dollardan aşağı düşməyib. İkincisi, bir sıra ölkələrdə olduğu kimi, bizim ölkədə də təbii fəlakət baş verib. Təbii fəlakətdən zərər çəkən insanlara yardım göstərilməsi üçün əlavə vəsaitin ayrılmasına ehtiyac var".

Maliyyə naziri Samir Şərifov məlumat verdi. O qeyd etdi ki, dövlət büdcəsinin gəlirləri 1 milyard 490 milyon manat, xərcləri isə 1 miyard 11 milyon manat artırılacaq. Bununla da dövlət büdcəsinin gəlirləri 11 505 milyon manata, xərcləri isə 12 275,3 milyon manata çatdırılacaq. Gəlirlərin artımının 490 milyon manatı Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq.

Təklif olunan əlavə gəlir hesabına dövlət büdcəsinin kəsiri 770,3 milyon manatadək azaldılacaq. Nəticədə dövlət büdcəsinin kəsiri gözlənilən ümumi daxili məhsulun 2,5 faizin təşkil edəcək ki, bu da təsdiq olunmuş büdcə kəsirindən 1,6 faiz azdır. Büdcədə 1 barel neft 60 manat hesablanacaq. Nazir dedi ki, təhlillər nəticəsində müəyyən olunub ki, 2010-cu il dövlət və icmal büdcələri hesablanarkən neftin 1 barelinin 45 dollardan 60 dollara çatdırılması 2010-cu il dövlət büdcəsinin gəlirlərinin əlavə olaraq 490 milyon manat, Dövlət Neft Fondunun gəlirlərinin isə 2 milyard 700 milyon manat artmasına əsas verir. Buna görə də, büdcədə neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi təklif olunub. Nazir əlavə etdi ki, hazırda dünya neft bazarlarında Azərbaycan üçün münbit şərait mövcuddur. Yəni neftin qiyməti bizim təklif etdiyimiz göstəricidən də xeyli yüksəkdir. "Bu baxımdan hesab edirik ki, neftin qiymətinin 60 dollara çatdırılması dövlət büdcəsinin əlavə gəlirlərinin yaradılması üçün məqbuldur" - deyə nazir vurğuladı. O əlavə etdi ki, büdcədəki artımlardan təbii fəlakətin aradan qaldırılmasına 300 milyon manat ayrılması nəzərdə tutulur. Nazirin sözlərinə görə, ölkədə təbii fəlakətin nəticələrinin aradılması üçün yaradılmış Dövlət Komissiyası fəaliyyətində ilk növbədə təxirəsalınmaz tədbirlər həyata keçirib. Hazırda isə dövlət başçısının sərəncamına uyğun olaraq təbii fəlakətdən ziyan çəkmiş rayonların iqtisadiyyatına, nəqliyyat, enerji, rabitə, sosial və digər infrastrukturlarına dəymiş ziyanın qiymətləndirilməsi prosesi başlanıb. S.Şərifovun sözlərinə görə, həmin bölgələrdə əhaliyə maddi köməklik məsələləri də nəzərdən keçirilir. Bu prosesin həyata keçirilməsi üçün əlavə vəsaitə ehtiyac olduğunu deyən nazir qeyd etdi ki, bu səbəbdən də 2010-cu ilin dövlət büdcəsinin gəlir və xərc hissəsinə əlavələr edilir.

S.Şərifov əlavə etdi ki, dürüstləşmədən sonra sosial xərclər 99,3 milyon manat, elm, təhsil mədəniyyət, incəsənət, səhiyyə, informasiya və bədən tərbiyəsi xərcləri 14,5 milyon manat artırılacaq. 608,5 milyon manat əsaslı xərcin 65,7 faizinin, yəni 400 milyon manatın isə müdafiə və təhlükəsizlik məsələlərinə ayrılması planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılması və təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlərdən olaraq qalır. "Ölkəmizin yerləşdiyi bölgədə geosiyasi vəziyyəti nəzərə alsaq, bu, çox vacib istiqamətdir" - deyə S.Şərifov vurğuladı.

Hesablama Palatasının sədri Heydər Əsədov çıxışında dövlət büdcəsinə təklif edilən dəyişikləri müsbət qiymətləndirdiyini dedi. Onun sözlərinə görə, dövlət büdcəsinin dürüstləşdirilməsi üçün zəruri şərait yaradılıb. H.Əsədov dedi ki, xarici və daxili borcların aşağı salınması hesabına büdcə kəsirinin 480 milyon manat aşağı salınması müsbət amil kimi dəyərləndirilməlidir.

Müzakirələrdə çıxış edən millət vəkili Vahid Əhmədov təklif etdi ki, büdcəyə əlavə edilmiş vəsaitlərdən yalnız Kür və Araz çaylarının törətdiyi fəlakətlərin yox, digər bölgələrdə də baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün də istifadə olunmalıdır. Onun sözlərinə görə, Quba rayonunda 219 ev tam yararsız vəziyyətdədir. Həmin evlərin sakinləri yaxınlarının evlərində məskunlaşıblar. Millət vəkili dedi ki, həm sürüşmə, həm də çayların daşması bu rayonda xeyli problemlər yaradıb: "Təbii fəlakət baş verən zaman bəzi nazirlər gəlib hadisə yerlərinə baxsa da, vəziyyət olduğu kimi qalıb. Ona görə də, bu ilin dövlət büdcəsindən həmin yerlərə vəsait ayrılmalıdır".

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olundu.

 

 

İlham Quliyev 

 

Kaspi. -2010. – 17 iyun. -  S.4.