“Azərbaycan jurnalistikası daha böyük vəzifələrin öhdəsindən gəlməyə məhkumdur” 

 

Müstəqil Jurnalistlər Liqasının sədri Xalid Niyazov hesab edir ki, Azərbaycan dövləti həmişə mətbuatın inkişafına dəstək verməyə çalışıb

 

Qarşıdan milli mətbuatımızın 135 illik yubileyi gəlir. Bütün mətbuat bu önəmli bayrama hazırlaşır. Bayram ərəfəsində mətbuatın durumu bir daha gözdən keçirilir. Əldə olunan nailiyyətlər, mövcud problemlər gündəmə gətirilir. Biz də mətbuatımızın mövcud durumu ilə bağlı suallarımızı Müstəqil Jurnalistlər Liqasının sədri Xalid Niyazova ünvanladıq.

- 135 illik yubiley ərəfəsində mətbuatımızın mövcud durumunu necə qiymətləndirirsiniz?

- Mətbuat ümumilikdə götürəndə cəmiyyətin bir seqmentidir. Rəsmi şəkildə deyirik ki, Azərbaycan mətbuatının əsası 1875-ci ilin 12-də «Əkinçi» qəzetinin nəşrə başlaması ilə qoyulub. Amma mən belə hesab edirəm ki, söz yaranan vaxtdan mətbuat mövcud olub. Bu gün Azərbaycanda mətbuatın vəziyyətini normal qiymətləndirmək olar. Nəzərə almaq lazımdır ki, biz hamımız ötən illərin şinelindən çıxıb gəlmişik. Mətbuatımızın 80-ci illərdəki, 90-cı illərdəki vəziyyətini də görmüşük. Mən hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Azərbaycan mətbuatında da bir səliqə-səhman yarandı. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan mətbuatı müstəqilliyini də qazandı. 2000-ci ildən sonra Azərbaycan mətbuatının vəziyyəti daha da yaxşılaşdı. Prezident İlham Əliyevin hakimiyyəti illərində mətbuatımız yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Cənab prezident doğurdan da mətbuata yüksək qiymət verir. Yalnız onun kimi müasir, yeni siyasi düşüncə tərzinə malik siyasətçilər belə edə bilərlər. Diqqət yetirsək görərik ki, dövlət dövləti və dövlət başçısını haqsız yerə tənqid edən mətbuat orqanlarına da kömək göstərir. Bu əsl tolerantlıq, demokratlıqdır.

Azərbaycan mətbuatının mövcud durumundan danışarkən təşkilatlanma istiqamətində atılan addımlar da yaddan çıxarılmamalıdır. Bu yerdə Mətbuat Şurasının yaradılmasını xüsusi qeyd edərdim. Bu qurum bütün mətbuat orqanlarını bir yerə toplayan, ümumi hərəkət strategiyasını müəyyənləşdirən təsisat oldu. Bundan əlavə, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da qeyd olunmalıdır. Bu fond fəaliyyətə başladığı qısa müddət ərzində doğurdan da böyük işlər görüb.

- Bilirsiniz ki, bu günlərdə ölkə prezidenti mətbuatın 135 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

- Azərbaycan dövləti həmişə mətbuatın inkişafına dəstək verməyə çalışıb. Bir neçə dəfə ümummilli lider tərəfindən mətbuatın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı fərman və sərəncamlar verilib. Belə bir sərəncam mətbuatın 130 illik yubileyi ərəfəsində də verilmişdi. Budəfəki sərəncamda mənim diqqətimi cəlb edən bir sıra məqamlar oldu. Məsələn, sərəncamda qeyd olunur ki, mətbuatın imkanları Azərbaycan dövlətinin artan imkanları ilə uzlaşdırılmalıdır. Bu, çox mühüm məsələdir. Bu o deməkdir ki, Azərbaycan dövlətinin imkanları artdıqca milli mətbuatın inkişafına yardımlar da artırılacaq. Digər tərəfdən, sərəncamda qeyd olunur ki, jurnalistlərin dövlət orqanları ilə səmərəli əməkdaşlığının, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması üçün münbit şərait yaradılmalıdır. Bu, çox maraqlı yanaşmadır. Hər bir jurnalist öz peşəkarlığının qayğısına qalmalıdır. Amma sərəncamda göstərilib ki, dövlət də jurnalistlərin peşəkarlığının artırılması üçün öz yardım əlini uzadacaq.

- Mətbuatımızın əsas problemi kimi hansı amili xarakterizə edərdiniz?

- Mən hesab edirəm ki, bu gün Azərbaycan mətbuatı üçün ən birinci məsələ peşəkarlıqdır. Mətbuatımızın inkişafı üçün peşəkarlıq bir nömrəli məsələ olmalıdır. Digər məsələ mətbuatın iqtisadi müstəqilliyidir. Amma bu da peşəkarlıqla bağlı olan məsələdir. Qəzet nə qədər peşəkardırsa, öz istehsalını daha çox sata bilir. Yəni qəzet nə qədər maraqlı olsa o qədər də çox alınır. Bu da dolayısıyla mətbuatın iqtisadi problemlərinin həlli deməkdir.

- Mətbuatımızın əsas problemlərindən biri kimi jurnalistlərin sosial vəziyyətinin o qədər də ürəkaçan olmaması göstərilir. Bəzən bu səbəbdən peşəkarlar mətbuatdan getmək məcburiyyətində qalırlar.

- Bu, doğurdan da mətbuatımız üçün çox ağrılı məsələdir. Bu gün jurnalistlər cəmiyyətin ən zəif müdafiə olunan sosial təbəqəsinə çevriliblər. Bu gün elə bir jurnalist göstərmək çətindir ki, qəzetdə işləyə-işləyə minimum məişət rahatlığını təmin etsin. Jurnalistlərin ən böyük sosial problemi isə təbii ki, mənzil problemi ilə bağlıdır. Bu problem bütün kəskinliyi ilə jurnalistlərin qarşısında dayanıb. Özü də jurnalistikada çalışanların bir çoxunun yaşı 30-u keçib. Hətta yaşı 40-50-ni keçmiş insanlar da var. Bu insanlar ailə başçısıdırlar. Onlar nəinki özlərinin, övladlarının da mənzil problemini həll etməlidirlər. Amma nə ilə? Jurnalistin əməyinin məhsulu yazdıqlarıdır. Amma bunların heç biri məişət tələbatlarını əvəz etmir. Ona görə də mən hesab edirəm ki, dövlət jurnalistlərin mənzil probleminin həllinə töhfə verməlidir. Məsələn, xarici ölkələrdə olduğu kimi, dövlət tərəfindən jurnalistlər üçün ev tikilməli, evin dəyəri isə 20-25 il ərzində ödənilməlidir. Hesab edirəm ki, jurnalistlərə bu güzəştlər edilməlidir. Bu gün bəzi jurnalist təşkilatları problemin həlli üçün torpaq ayrılması təşəbbüsü ilə çıxış edirlər. Bu məqsədlə ayrıca kooperativ də yaradılıb. Amma tutaq ki, dövlət torpağı verdi, jurnalistlər özləri üçün ev tikə biləcəklərmi? Təbii ki, bu da problem olacaq. Ona görə də deyirəm ki, bu məsələdə jurnalistlərə dövlətin köməyi lazımdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, halbuki jurnalistlər çox ağır işlə məşğuldurlar. Bilirsiniz, jurnalistin işi təkcə xəbər çatdırmaqdan ibarət deyil. Bu gün Azərbaycan jurnalistikası daha böyük vəzifələrin öhdəsindən gəlməyə məhkumdur. Bu da ölkədəki inkişaf tendensiyası ilə bağlıdır. Amma bir qisim insanlar da var ki, mətbuata pul kisəsi kimi baxırlar. Əslində onlar jurnalist deyillər, mətbuata nəyinsə xatirinə gəliblər. Ciddi mətbuatda qalanlar isə sırf peşəkar jurnalistlərdir.

- Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra dövlətin mediaya dəstəyi artıb. Fondun gələcək fəaliyyətini necə görürsünüz?

- Bu fondun yaradılmasına görə bütün jurnalistlər cənab prezidentə minnətdardırlar. Sevindirici haldır ki, fond da qısa müddət ərzində təkmil bir iş formulu ortaya qoya bildi. Qeyd etdiyimiz kimi, jurnalistin gözünü dikdiyi bir məvacibidir, bir də qonorarı. Amma fond yaranandan sonra sıravi jurnalistlərin maddi durumunun yaxşılaşdırılmasına təkan verən çoxsaylı fərdi müsabiqələr keçirib. Hətta bu işə müxtəlif nazirliklər də cəlb olunub. Məlum olduğu kimi, bir qədər əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən müsabiqəyə yekun vuruldu. İndi də Təhsil Nazirliyi ilə birgə müsabiqə elan edilib. Bütün bunlar çalışqan, zəhmətkeş, bacarıqlı, qələmi olan jurnalistlərin əlavə qazanc etməsinə yönəlib. Prezidentin imzaladığı sərəncamda qeyd olunduğu kimi dövlətin imkanları artdıqca fonda ayrılan vəsaitlərin həcmi də artacaq.

- Son vaxtlar gündəmdə olan məsələlərdən biri də “reket jurnalistikası”na qarşı mübarizədir. Bu istiqamətdə xeyli addımlar atılsa da, problem hələ də aktuallığını qoruyur. “Reket qəzetlər”lə mübarizənin daha da kəskinləşdirilməsi üçün hansı addımlar atılmalıdır?

- Azərbaycandakı bütün ciddi və peşəkar qəzetlər həmişə bu problemi gündəmə gətirməyə çalışıblar. Çox sevindirici haldır ki, Mətbuat Şurası da bu problemin həllinə xüsusi diqqət yetirir. Özü də şura yaranandan dərhal sonra bu problemin həllinə girişmədi. Şura özü oturuşdu, fəaliyyətini təkmilləşdirdi və bundan sonra konkret fəaliyyətə keçdi. Mətbuat Şurası gördü ki, bəziləri sözü bazara çeviriblər. Nəticədə ciddi mübarizə tədbirlərinə start verildi. Bilirsiniz, çoxları jurnalistikaya çörəkli peşə kimi baxırlar. Düzdür, qəzet çörəkli peşədir, amma peşəkarlıq baxımından. Biz bu işə qəlbimizi və canımızı qoyuruq. Amma qeyri-ciddi mətbuat orqanlarında çalışanlar, bizdən olmayanlar jurnalist deyillər. Onlar qəzetçiliyə qara niyyətlə, ancaq şəxsi problemlərini həll etmək üçün gəliblər. Bütün bunlar mətbuatda ciddi bir qarmaqarışıqlıq, dərəbəylik yaradıb. Bu baxımdan mən Mətbuat Şurasının “reket jurnalistikası”na qarşı mübarizəsini təqdir edirəm. Burada məqsəd mətbuatımızı söz düşmənlərindən təmizləməkdir. “Reket jurnalistlər” nə qədər az olsalar, ciddi jurnalistlərin cəmiyyətdəki rolu və hörməti artar. Bir vaxtlar jurnalist ən hörmətli peşə sahibi idi. Amma zəmanənin gərdişi həqiqi jurnalistləri dost-tanış yanında xar edir. Ölkədə bazar iqtisadiyyatı öz yerini möhkəmləndirdikcə özünə yer tapa bilməyən müəllimlər, həkimlər, cahil hüquqşünaslar, makinaçılar, sürücülər əllərində vəsiqə, qoltuqlarına qovluq alıb idarə, təşkilat, bazar-dükan qoymayaraq yüngül qazanc dalınca düşdülər. Bu, həqiqi jurnalistikanı xeyli hörmətdən saldı. Ona görə də “reket jurnalistlər”ə qarşı mübarizəyə hər bir ciddi jurnalist qoşulmalıdır. Artıq aparılan iş öz bəhrəsini verməkdədir.

- Yubiley ərəfəsində mətbuatımızın gələcəyi ilə bağlı düşüncələriniz də maraqlı olardı.

- Mətbuatın gələcəyi cəmiyyətin gələcəyidir. Allaha şükür, bizim cəmiyyətin gələcəyi ilə bağlı bütün düşüncələr optimistdir. Cəmiyyət güclü və sağlam olacaqsa, mətbuat da güclü və sağlam olacaq. Digər tərəfdən, dövlət ildən-ilə mətbuata qayğısını artıracaq. Allaha şükür ki, jurnalistikanın inkişafı üçün çox mükəmməl qanunvericilik bazası yaratmışıq. İndi sadəcə bizə işləmək qalır.

 

 

İlham Quliyev

 

Kaspi. -2010. – 18 iyun. – S.4.