"Məni buraxmırlar. Deyirlər
ki, hələ vaxtı
çatmayıb”
Hər yerə
səs salan tamaşaların müəllifi
və Azərbaycanın
ilk qadın rejissoru haqqında nə bir kitab, nə
də böyük məqalələr yazılıb
Hətta bu gün, teatr
kollektivlərinin tanınmış qadın rəhbərlərinin
dünyaya səs saldığı bir vaxtda belə, rejissor sənəti
yenə də faktiki olaraq qadın sənəti hesab olunmur.
Amma hələ yarım əsr bundan əvvəl Gülcahan
Güləhmədova-Martınova Teatr İnstitutunun rejissorluq
fakültəsini bitirib Səməd Vurğun adına Rus Dram
Teatrına gələndə bizim ölkədə bu, heç
kəsin yuxusuna gəlməzdi. Ancaq çox təəssüf
ki, hər yerə səs salan tamaşaların müəllifi
və Azərbaycanın ilk qadın rejissoru haqqında nə
bir kitab, nə də böyük məqalələr
yazılıb. Düzdür, o, Xalq artisti, Dövlət
mükafatı laureatı, Musiqi Akademiyasının
professorudur. Bəlkə də diqqətdən kənarda
qalmasının səbəbkarı özüdür. O,
heç vaxt telekadra düşməyi, mətbuat
konfransları keçirməyi xoşlamır. Öz işini
görərək sakitcə həyat sürür. Deyir ki, belə
həyat onun üçün daha xoşdur. 85
yaşını qeyd edən Gülcahan xanımın ürəyində
yaş xofu da yoxdur.
Həyat və sənət məktəbi
- İlk qadın teatr
rejissoru kimi sizi necə qəbul elədilər?
- Xoşbəxtlikdən
gənclik illərimdə
tale mənim qarşıma
Ədil İsgəndərov,
Mehdi Məmmədov, Rza Təhmasib, Cəfər Cəfərov,
Məhərrəm Həşimov
və başqa böyük ustadları çıxarıb. Necə deyərlər, xəmirimiz
beləcə yoğrulub kündələndi. Bu gün malik
olduğum çox şeyi o sənətkarlardan öyrənmişəm.
Onlar özləri də bilmədən işlərini mənə
etibar edirdilər. O sənətkarlar teatra səmimi münasibəti,
kamilliyə doğru sarsılmaz cəhdləri, zəhmətkeşlik
və maddi dəyərlərdən imtina kimi qaydaları mənə
ötürürdülər. Yaşa dolduqca ağır, amma
şərəfli həyat və sənət məktəbi
keçdim.
1952-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsini bitirdim. Müəllimim Mehdi Məmmədov idi. İndi də onun mənə bağışladığı
Qorçakovun "Stanislavskinin
rejissorluq dərsləri"
kitabını saxlayıram.
Bu mənim stolüstü
kitabımdır. İnstitutu qurtaranda
təyinatımı Rus
Dram Teatrına aldım.
Orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi görkəmli rejissorlarla işləməyə başladım.
Deyə bilmərəm ki, məni böyük məhəbbətlə qəbul
elədilər. İnstitutu fərqlənmə diplomu ilə bitirib teatra gəlsəm də, 5 il
assistentlik elədim. Daxil olduğum kollektivdə repertuara, tamaşanın qoyuluşunun "keyfiyyətinə"
və başqa bu kimi şeylərə
yüksək tələbkarlıq
diqtə edən ənənələr hökm
sürürdü. İşdən kənarda qalmaq mənimçün ağır
olsa da, haqqımda "vaxtını
əbəs sərf edir" deyirdilər.
Aktyorlar məşqdən
gedəndə: "Bu qız
bizə nə verəcək?" - deyə narazılıqlarını
gizlətmirdilər. Mən belə
tənəli sözləri
çox eşidir və dözürdüm.
Amma bütün bunlara baxmayaraq, bu, əsl həyat və ustalıq məktəbi idi.
- Bəs
sizi nə vaxt tanımağa başladılar?
- Mənim
assistentliyim düz 5 il uzandı.
O vaxta qədər müstəqil tamaşa hazırlaya bilmədim. İlk dəfə rejissor kimi quruluş verdiyim Viktor Rozevin "Şadlıq sorağında"
tamaşası oldu.
Hər şey də həmin gündən başlandı:
anşlaqlar, güllər,
pərəstişkarlar, bir
sözlə, uğurlar...
Daha sonra "Mariya Stüart", "Antogina", "Sən həmişə mənimləsən",
"Varşava melodiyası",
"13-cü sədr" və
bir çox başqa tamaşa yarandı. Demək olar ki, hamısı bir yerdə 70-dən artıq
tamaşaya quruluş verdim. Ən əsası o idi
ki bizim çox ağıllı və ziyalı tamaşaçılarımız var idi. Onlar bizə çoxlu məktub yazır, telefon zəngləri edir, tamaşadan sonra qapının ağzında gözləyirdilər.
Biz onlardan gizlənmirdik.
Əksinə, onlarla görüşürdük.
Bütün tamaşalarımı qastrola aparırdılar.
Biz bütün ittifaqı gəzirdik və tamaşa hazırlamaq üçün
mənim arxamca gəlirdilər. Hazırladığım tamaşalarda görkəmli
sovet aktyorları
Angelina Stepanova, Vera Mareskaya,
Rostislav Plyatt, ikolay Plotnikov və başqaları oynayırdı.
Rozov, Safronov, Abdullin, Braginski bizə öz pyeslərini təklif edirdilər. Vaxt vardı ki,
hətta mən bir qədər uğurlardan sehrlənmiş
kimiydim. Teatrda rejissorun həyatını
asan adlandırmaq olmaz - repertuar siyasəti, rəqabət,
yaradıcı iztirablar,
qərarların münasib
həlli yolları, vəziyyət sıxanda, qarmaqarışıqlıq düşəndə
yorucu məşqlər
və bir anda adama elə
gəlir ki, hər şey məhv oldu - bütün bu mənəvi enerji itkiləri bəlkə yalnız kosmonavtlara məlum ola bilər, o da yalnız fövqəladə
hallarda. Amma möcüzədir! Həllolunmaz görünən münaqişələr
sonunda sevinc göz yaşları ilə nəticələnir
ki, bunu da yalnız yaradıcı, ziyalı adamlarda görmək olar. Bilirsinizmi, yaradıcı adamlar
elə insanlardır ki, öz daxili
mənlərindən imtina
etməyə məcbur
olur, özgənin maskasını geyinib başqa adamın adından səhnə ilə birbaşa ünsiyyətə girir, öz çətinlikləri
və əhval-ruhiyyələrini
kənara qoyaraq tamaşaçıların ağıl
və qəlblərinə
yiyələnirlər. Heç təəccüblü deyil
ki, bu adamlar
tamaşanın ərsəyə
gəlməsi prosesində
lal-dinməz, özündənrazı
cizgilər göstərir,
ərköyünlük edirlər.
Hər halda sonunda yenə
də vəziyyətin
sahibi rejissor olmalıdır.
Oğurlanan 18 il
- Hal-hazırda
çalışdığınız
Opera Studiyası sizin üçün rejissorluğu
əvəz edə bilirmi?
- Bura mənim ikinci evimdir. Ancaq teatrı əvəz
edə bilmir. Teatr tamam başqa aləmdir. Bütün truppanı, artistləri,
hətta kütləvi
səhnələrə çıxanları,
səhnə işçilərini,
bilet paylayanları və b. adbaad xatırlayıram. Onların çoxu
teatrda qocalıb və dünyadan köçüblər. Biz
çox böyük ailə idik.
- Bəs
siz niyə belə bir ailədən
ayrılıb teatrdan getdiniz?
- Bu, çox
böyük münaqişə
üzündən baş
verdi. Hansı ki, belə
şey mənim həyatımda ilk və yeganə hadisə
idi. "Janrın" bütün xüsusiyyətlərinə
uyğun olaraq satınalma, şantaj, səhnə arxası
satqınlıq və başqa üsullardan istifadə olunurdu.
Mən sarsıldım və ərizə yazıb getdim. Mənim
bu addımım ədalət, yaradıcılıq
azadlığı, tamah və yalan əleyhinə
atılmış bir şücaət idi. İnsanlar çox
zəifdir. Onlardan mənim əleyhimə istifadə edirdilər.
Düzdür, sonradan qayıtmağımı təklif etdilər.
Amma mənim fikrimcə, getmisənsə, birdəfəlik getməlisən.
Onlar mənim həyatımın 18 ilini oğurladılar.
- İndi teatra qayıtmaq istərdinizmi?
- Yox... Ona görə yox ki, o teatr pisdir, başqadır, mənim deyil. Mənim ondan incikliyim yoxdur. Teatr mənimçün çox böyük xoşbəxtlik olub. Sonra mənim çoxlu işə başım qarışıb. Yenə əvvəlki kimi peşman olmuşam, sevmişəm, sevilmişəm. Çox istedadlı şagirdlərim olub. Həmişə böyük müəllimlərimin mənə öyrətdiklərini onlara öyrətməyə çalışmışam, onlarla fəxr eləmişəm. İndi teatrda əvvəlki səviyyəli tamaşalar yoxdur, şou xarakterli tamaşalar qoyulur. Özünün yaşlı sənətkarları olmadan teatr mövcud ola bilməz. Ənənəsiz də teatr sifətini itirər.
- Yenə də sizi əvvəlki kimi küçədə tanıyırlarmı?
- İndi məni görəndə o vaxtları xatırlayır, o illərin teatrını yada salırlar. Mən 30 il teatrda işləmişəm. Mənim tamaşalarım oynananda teatr titrəyirdi. "Otello", "Mariya Tüdor", "Sən həmişə mənimləsən" tamaşalarını səhnələşdirmişəm. İndi nə barədə danışırlar? Ancaq şou... O vaxt tamam başqa idi. Bu tamaşalardan, aktyorlardan sonra teatra qayıtmaq istəmirəm. O mənimçün artıq özgə teatrdır. Daha mənim teatrım deyil. Həmçinin "Azdrama" da əvvəlki teatr deyil. Çünki artıq o teatrların heç birində əvvəlki repertuar, rejissura və aktyorlar yoxdur. O vaxtlar necə rejissorlar, aktyorlar vardı! Mehdi Məmmədov, Rza Təhmasib, Sidqi Ruhulla, Mirzəağa Əliyev, Barat Şəkinskaya, Hökumə Qurbanova, Fatma Qədri... İndi bu insanlar hanı? Onları əvəz edənlər varmı? Onda teatra münasibət başqa idi. İndi teatrda qəpiyə görə tamaşalar qoyulur. Mən 69 rubl maaş alırdım. Bütün müəlliflər istəyirdilər ki, əsərlərini mən səhnələşdirim. Onda yaradıcılıq ab-havası yaxşı idi. Ona görə də o barədə danışmağa dəyməz.
- Teatrdan uzaqlaşdığınız gün hansı hissləri keçirdiniz?
- 1982-ci ildə teatrdan uzaqlaşdım. Çölə çıxanda məni teatrın ətrafında gözləyirdilər. Məni dövrəyə alıb dərhal Opera Studiyasına gətirdilər. Məni rektor qarşıladı və bura götürdülər. Bu günə qədər bir dəqiqə də boş oturmamışam. İstedadlı tələbələrim var. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinə verdiyim televiziya quruluşundan sonra teatr səmasında yeni ulduzumuz - Məlahət Abbasova parladı. Opera Studiyasında da istedadlı, ümidverən tələbələrim çoxdur. Sevinirəm ki, onlar böyük uğurlar qazanıblar. Dinara Əliyeva hal-hazırda Moskvada Böyük Teatrda çalışır. Əvəz Abdullayev, Fərid Əliyev, Səbinə Əsədova, Afaq Abasova, Leyla Dadaşova müəyyən uğurlara imza atıblar. Hər ad günümdə - iyunun 23-də onlar mənə dünyanın hansı ölkəsində olsalar da zəng edirlər. Bu, mənimçün hər şeyə dəyər. Hiss edirəm ki, boş yerə çalışmamışam.
- Bu gün Opera Studiyasında ümumi vəziyyət necədir, hansı çətinliklər var?
- Səhnəmiz
yoxdur. Bu baxımdan vəziyyət
çox çətindir. Ümid edirik ki, bu problem həllini tapacaq.
Nostalji
- 85 illik ömür yolu... Bu
rəqəm sizin üçün nə deməkdir?
- Doğrusu, bu haqda fikirləşmirəm,
heç vaxtım da yoxdur. Mən güzgüyə baxmıram
ki, yaşım yada düşsün.
- İşinizdə ötən
illərin nostaljisi çoxdurmu?
- Bəhram Bağırov «Köhnə Bakı» adlı kitab yazır. Mən də o kitaba yazı yazmışam. İçimdə o qədər nostaljilər var ki... Tramvayın yoxluğu, küçələrdə skamyaların olmaması... Balkonlarda bir adam görmürəm. Elə bil burada insanlar yaşamır. Əvvəllər insanlar balkonlarda yığışır, gülür, musiqi çalırdılar. İndi isə belə şeylər yoxdur.
- Sənətdən ayrılmaq barədə düşünürsünüzmü?
- Məni buraxmırlar. Deyirlər ki, hələ vaxtı çatmayıb.
Təranə Məhərrəmova
Kaspi. -2010. – 23 iyun. – S.14.