Azadlıq arzularının carçısı 

 

AzərTAc-ın baş direktoru Aslan Aslanov: “Respublikanın ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, AzərTAc-ın xəbərlərində müntəzəm olaraq öz əksini tapmasın”

 

Hazırda hər gün AzərTAc-ın internet saytına dünya üzrə 10-12 min giriş olur. Aparıcı dövlətlərin milli informasiya agentlikləri AzərTAc-la əməkdaşlığa böyük maraq göstərirlər. Agentliyimizin hazırda Türkiyənin, Rusiyanın, İtaliyanın, Rumıniyanın, İranın, Bolqarıstanın, Çinin, Qazaxıstanın, Ukraynanın, Koreya Respublikasının, Küveytin, Macarıstanın, İndoneziyanın, Serbiyanın, Misirin, Albaniyanın, Latviyanın, Belarusun, Moldovanın, İordaniyanın, Monqolustanın, Qırğızıstanın, Tacikistanın milli informasiya agentlikləri ilə əməkdaşlıq müqavilələri vardır

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 yaşı tamam olur.  Ötən 90 ildə AzərTAc mürəkkəb, eyni zamanda şərəfli bir yol keçib. Bu xidmətə ən layiqli qiyməti ümummilli lider Heydər Əliyev verib: "AzərTAc fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularının carçısına çevrilmişdir". Agentliyin təkcə adının 7 dəfə dəyişdirilməsinin -  AzərTAc,  AzQafROSTA, AzərTA, ZaqTA, yenidən AzərTA, daha sonra Azərinform, nəhayət, AzərTAc - özü keçilmiş tarixi yolun mürəkkəbliyini təsdiq edən faktlardan biridir. 

AzərTAc-ın baş direktoru Aslan Aslanovla müsahibəmiz də agentliyin keçdiyi şərəfli yol barədədir:

- AzərTAc-ın keçdiyi tarixi yolu necə xarakterizə edərdiniz?

- Şərqdə ilk xəbər agentliklərindən biri olan AzərTAc-ın yaranması bilavasitə Xalq Cümhuriyyəti hökumətinin adı ilə bağlıdır. 1919-cu il martın 3-də Xalq Cümhuriyyəti hökumətinin - Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olunub. Lakin məlum olmayan səbəblər üzündən agentlik həmin tarixdə fəaliyyətə başlamayıb. 1920-ci il fevralın 2-də hökumətin növbəti iclasında Azərbaycan Teleqraf Acanslığının ştatlarının layihəsi və əsasnaməsinin müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınıb.

Nəhayət, 1920-ci il martın 2-də "Azərbaycan" qəzetində ilk dəfə olaraq "AzərTAc" imzası ilə xəbərlər dərc olunub. Lakin agentlik cəmi iki aya yaxın fəaliyyət göstərə bildi. Bolşevik Rusiyasının işğalı nəticəsində 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra AzərTAc Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı kimi fəaliyyətini davam etdirib. Bölgələrdən göndərilən xəbərlər istisna olmaqla, AzərTAc qalan bütün informasiyaları ROSTA-dan alırdı. ROSTA-nın Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsinin - AzQafROSTA-nın işi təkcə Bakı ilə məhdudlaşmır, respublikanın digər şəhərlərində də (Gəncə, Şuşa, Lənkəran və s.) qurumun bölmə və məntəqələri fəaliyyət göstərirdi.

1922-ci ildə SSRİ-nin təşkilindən sonra digər respublikaların informasiya agentlikləri kimi, AzərTA da əslində Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialına çevrilmişdi. Zaqafqaziya Federasiyası yarandıqdan sonra 1923-cü ilin martında üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1936-cı ildə isə Azərbaycan Teleqraf Agentliyi yenidən AzərTA adı ilə fəaliyyətini bərpa etdi. Agentliyin fəaliyyətinin heç də az əhəmiyyətli olmayan tərəfi, əlbəttə ki, AzərTA müxbirlərinin işi idi. Onlar gecəni gündüzə qataraq Azərbaycanın salnaməsini yaradırdılar.  

- Müharıbənin qanlı-qadalı illəri AzərTA-nın fəaliyyətinə hansı təsiri göstərib?

- Müharibənin, demək olar, ilk günlərindən AzərTA-nın hərbi müxbirləri bilavasitə döyüşlərin getdiyi ön cəbhədən hazırladıqları reportajları agentliyə göndərirdilər. Qələmini silaha çevirərək, Azərbaycan Teleqraf Agentliyinin vəsiqəsi ilə qanlı-qadalı cəbhə yollarında irəliləyənlər arasında Rəsul Rza, Qılman Musayev, İsmayıl Hüseynov, Abbas Zamanov, Cəmşid Əmirov, Nüsrət Bağırov, Mixail Pleskaçevski kimi adlı-sanlı nümayəndələri də var idi.

AzərTA respublika nəşrlərini cəbhə xəbərləri ilə təmin etməklə bərabər, arxa cəbhədəki insanların qəhrəmanlığı, onların Qələbə naminə fədakar əməyi haqqında cəbhə üçün informasiyalar da yayırdı. Müharibədən sonrakı illərdə iqtisadi, ictimai-siyasi, mədəni həyatdakı quruculuq işləri yenidən AzərTA-nın materiallarının başlıca mövzusu idi.  

- AzərTAc-ın tarixi adı yenidən necə oldu ki, bərpa edildi?

- Azərbaycan dövlət müstəqilliyini elan etdikdən bir qədər sonra, 1992-ci il dekabrın 18-də Azərinformun tarixi adı bərpa olundu və o, Azərbaycan Teleqraf Agentliyi - AzərTAc adlandırıldı. Lakin Azərbaycanın o vaxtkı səriştəsiz və bacarıqsız rəhbərliyi agentliyin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması barədə düşünmədi. Halbuki zaman agentliyin işinin yeni dövrün tələblərinə cavab verən maddi-texniki baza əsasında və dünya standartları səviyyəsində qurulmasını və təkmilləşdirilməsini tələb edirdi. Bunun üçün isə, ilk növbədə, maliyyə vəsaiti lazım idi. Lakin həmin dövrdə büdcə vəsaitindən əslində məhrum edilən AzərTAc ağır günlərini yaşamağa məcbur olmuşdu.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidi ilə yenidən respublikanın siyasi rəhbərliyinə qayıdışı Azərbaycanı xilas etdi, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. 1995-ci il martın 3-də Prezident Heydər Əliyev Azərbaycan Teleqraf Agentliyinin yenidən təşkil edilməsi haqqında fərman imzaladı. Həmin fərmanla agentliyin tarixi adı saxlanılmaqla ona dövlət informasiya orqanı statusu verilərək, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi yaradıldı. AzərTAc-ın maliyyə çətinliklərini nəzərə alaraq, onun əsasən dövlət büdcəsindən maliyyələşdirilməsi müəyyən edildi.

1996-cı il iyunun 29-da isə "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) işinin yaxşılaşdırılması haqqında" Prezidentin sərəncamı verildi və onun icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olundu. Həmin qərarla işin spesifik xüsusiyyətləri nəzərə alınmaqla AzərTAc-ın maddi-texniki bazası yaxşılaşdırıldı, onun fəaliyyətini gücləndirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirildi, agentliyin tarixində ilk dəfə olaraq ABŞ, İran, Almaniya, Fransa, Türkiyə, Tiflis, Moskva və Daşkənddə müxbir məntəqələri açıldı, xarici dillərdə xəbər hazırlayan və yayan baş redaksiya yaradıldı.  

- AzərTAc-ın xəbərlərinin əsas mövzusunu necə müəyənləşdirirsiniz?

- Müstəqil Azərbaycanın həyatının bütün sahələrində baş verən köklü dəyişikliklər AzərTAc-ın xəbərlərinin əsas mövzusudur. Demokratik vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən, özünün zəngin təbii resurslarını dünyaya açan və Avropanın enerji təhlükəsizliyinə töhfəsini əsirgəməyən ölkəmizin bütün bu sahələrdəki uğurları barədə informasiyalar AzərTAc-ın kanalları ilə təkcə respublika daxilində deyil, həm də xaricdə geniş yayılır. Yeri gəlmişkən, hazırda agentlik gün ərzində Azərbaycan, rus və ingilis dillərində orta hesabla 450 min işarədən çox informasiya və 40-50 fotoinformasiya buraxır.

Respublikanın ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, AzərTAc-ın xəbərlərində müntəzəm olaraq öz əksini tapmasın. Mövzular, janrlar, coğrafiya dəyişir, yalnız bir prinsip - hazırlanan informasiyanın əzəli və əbədi prinsipi dəyişməz qalır. Bu, faktların geniş ictimai əhəmiyyəti, doğru-düzgünlüyü, dəqiqliyi və xəbərlərin operativliyidir.  

- AzərTAc-ın beynəlxalq əlaqələri, dünya informasiya məkanına inteqrasiyası barədə nə deyə bilərsiniz?

- Hazırda AzərTAc-ın xarici ölkələrdə, respublikanın bölgələrində 20 müxbir məntəqəsi fəaliyyət göstərir. Xarici məmləkətlərdəki müxbirlərimiz təkcə həmin ölkələrin deyil, region dövlətlərinin də həyatında baş verən yenilikləri operativ surətdə Azərbaycan oxucusuna çatdırmağa səy göstərirlər. Biz çalışırıq ki, bu iş birtərəfli istiqamətdə getməsin. Xaricdəki müxbirlərimiz həm də Azərbaycan haqqında ən önəmli informasiyaları çalışdıqları ölkələrin yerli informasiya agentlikləri vasitəsilə əcnəbi oxuculara çatdırırlar.

Hazırda hər gün AzərTAc-ın internet saytına dünya üzrə 10-12 min giriş olur. Aparıcı dövlətlərin milli informasiya agentlikləri AzərTAc-la əməkdaşlığa böyük maraq göstərirlər. Agentliyimizin hazırda Türkiyənin, Rusiyanın, İtaliyanın, Rumıniyanın, İranın, Bolqarıstanın, Çinin, Qazaxıstanın, Ukraynanın, Koreya Respublikasının, Küveytin, Macarıstanın, İndoneziyanın, Serbiyanın, Misirin, Albaniyanın, Latviyanın, Belarusun, Moldovanın, İordaniyanın, Monqolustanın, Qırğızıstanın, Tacikistanın milli informasiya agentlikləri ilə əməkdaşlıq müqavilələri vardır.

Bundan əlavə, AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. 2004-cü ilin sentyabrında AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü olub. Bunun sayəsində AzərTAc-ın informasiyaları OANA-nın xüsusi saytında yerləşdirilir və onlardan təşkilatın üzvü olan digər 32 ölkənin 39 informasiya agentliyi istifadə edir. 2007-ci il dekabrın 12-də isə OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən iclasında AzərTAc bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin idarə heyətinin üzvü seçilib. 2008-ci ildən AzərTAc Asiya Xəbər Agentlikləri Konsorsiumunun ("AsiaPulse") üzvüdür. AzərTAc-ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilməsi agentliyimizin həyatında ən mühüm hadisələrdən biri kimi qiymətləndirilməlidir. Beləliklə, agentliyimiz postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra EANA-ya qəbul edilmiş üçüncü informasiya agentliyi və həmin təşkilatın sayca 31-ci üzvü olub.

Müstəqil Azərbaycanın rəsmi informasiya agentliyinin dünya informasiya məkanına çıxması, Azərbaycan reallıqlarının yayılma coğrafiyasının genişləndirilməsi ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. İndi tam məsuliyyətlə deyə bilərik ki, ümummilli liderin bu arzusu da reallığa çevrilib.

 

 

Məhərrəmova Təranə

 

Kaspi. -2010. – 2 mart. – S.8.