Ali Məhkəmədə baxılan işlərin sayı artıb 

 

Ali Məhkəmənin sədri Ramiz Rzayev ədalət mühakiməsində müsbətə doğru irəliləyişlərin olduğunu açıqladı

 

«2009-cu ildə Ali Məhkəmədə baxılan işlərin sayı əvvəlki ilə nisbətən 10 faiz artıb». Bu barədə martın 2-də keçirdiyi mətbuat konfransında Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verdi. Onun sözlərinə görə, 2009-cu ildə Ali Məhkəmənin kollegiyalarında və plenumunda cəmi 4862 işə baxılıb.

2008-ci illə müqayisədə keçən il Ali Məhkəmədə baxılan mülki işlər 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər 28,9 faiz artıb. Cinayət xarakterli (7,7 faiz) və hərbi xarakterli işlər (13,4 faiz) isə artıb. R.Rzayev qeyd etdi ki, keçən il ümumilikdə respublikanın birinci instansiya məhkəmələrində 14014 cinayət işinə baxılıb. Məhkəmələr 14496 nəfəri müxtəlif cəzalara məhkum edib, 21 nəfərə isə bəraət verilib. 2008-ci ilə nisbətən keçən il birinci instansiya məhkəmələri tərəfindən məhkum edilənlərin sayı 1080 nəfər artıb. Məhkum edilənlərin 2291 nəfəri haqqında işə apelyasiya şikayəti və protesti əsasında müvafiq apelyasiya məhkəmələri tərəfindən baxılıb ki, bu da birinci instansiya məhkəmələri tərəfindən məhkum edilənlərin cəmi 15,8 faizini təşkil edir. Ali Məhkəmədə isə apelyasiya məhkəmələrində baxılmış işlərin cəmi 38,5 faizinə baxılıb. Ali Məhkəmənin sədri dedi ki, bütün bunlar ədalət mühakiməsində müsbətə doğru irəliləyişlərin olduğunu göstərir.  

 

AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİ AZƏRBAYCANLA BAĞLI 7 İŞƏ BAXIB

 

Jurnalistlərin suallarını cavablandıran R.Rzayev bildirdi ki, 2009-cu ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 7 işə baxıb. Bu işlərin hamısında vətəndaşların xeyrinə qərar çıxarılıb. Artıq Azərbaycan hökuməti qüvvəyə minmiş 3 qərarın icrasını həyata keçirib. Məhkəmənin qətnaməsində nəzərdə tutulan tələblər yerinə yetirilib. Digər 4 qətnamə də qüvvəyə mindikdən sonra dərhal icra olunacaq. R.Rzayev əlavə etdi ki, Azərbaycan 2002-ci ildə Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına daxil olduqdan sonra ölkəmizlə bağlı 26 işə baxılıb. Bu işlərin 23-də vətəndaşların xeyrinə qərar çıxarılıb. Çıxarılan qərarların hamısı icra olunub. Ali Məhkəmənin sədri Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməməsi ilə bağlı iddiaların heç bir əsası olmadığını da bildirdi. Onun sözlərinə görə, əgər belə olarsa, Azərbaycanı çox ciddi sanksiyalar gözləyə bilər. Buna görə də Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qətnamələrə uyğun təzminatlar qəpiyinədək vətəndaşlara ödənilir. Əgər Avropa Məhkəməsi məhkəmə prosedurlarında səhvlər olduğunu müəyyənləşdirirsə, həmin işə dərhal yenidən baxılır. Əgər qərar məhkəmə qərarlarının icrasının ləngiməsi ilə bağlı olursa, vətəndaşlara bununla bağlı kompensasiya ödənilir. R.Rzayev dedi ki, son illər Avropa İnsan Haqları Məhkəməsində böyük problemlər yaranıb. Buna səbəb icraatdakı işlərin çox olması, baxılma prosedurunun isə ağırlığıdır. Məsələn, keçən il məhkəmə 35460 müraciətə qarşı cəmi 2395 işə baxıb. Hazırda Avropa Məhkəməsinin icraatında 119000 baxılmamış iş var. Bütün bunları nəzərə alan Avropa Şurası Nazirlər Komitəsi işələrə baxılma prosedurunun sadələşdirilməsi ilə bağlı islahatlara start verib. İslahatlar nəticəsində işə baxan hakimlərin sayının azaldılması və s. nəzərdə tutulur.  

 

HƏBS-QƏTİMKAN TƏDBİRİNİN SEÇİLMƏSİYLƏ BAĞLI ACINACAQLI FAKTLAR MEYDANA ÇIXIB

 

R.Rzayev dedi ki, vətəndaşlar barəsində həbs-qətimkan tədbirinin seçilməsinin prokurorluq orqanlarından alınıb məhkəmələrə verilməsi bir sıra problemlər yaradıb. Əslində bu qərarın verilməsinə səbəb insan hüquq və azadlıqlarının daha yaxşı qorunması olub. Amma gözlənilənlərin əksinə olaraq bu sahədə ciddi problemlər meydana çıxıb. Ali Məhkəmənin Bakı və Sumqayıtda apardığı araşdırmalar nəticəsində bununla bağlı acınacaqlı faktlar məlum olub. R.Rzayev qeyd etdi ki, əslində həbs-qətimkan tədbiri vətəndaşlar haqqında çıxarılan ən son qərar olmalıdır. Məhkəmələr buna qədər vətəndaşların girov müqabilində azadlığa buraxılması, ev dustağı edilməsi, başqa yerə getməməsi ilə bağlı öhdəlik götürməsi barədə də qərar qəbul edə bilərlər. «Araşdırmalar nəticəsində müəyyənləşdirdik ki, bizim məhkəmələrimiz daha çox həbs-qətimkan tədbirinə meyil edirlər» – deyə R.Rzayev vurğuladı. O qeyd etdi ki, əslində həbs qərarı o zaman verilə bilər ki, təqsirləndirilən şəxs cəmiyyət üçün çox böyük təhlükə yaratsın. Amma bu təhlükənin mövcudluğu da mülahizə əsasında olmamalıdır. Bununla bağlı məhkəmənin əlində konkret səbəblər cəmləşməlidir.

R.Rzayev dedi ki, Ali Məhkəmədəki müzakirələrdən sonra ciddi səhvlərə yol vermiş 15 hakimlə bağlı Məhkəmə Hüquq Şurasına müraciət edilib. Məhkəmə Hüquq Şurası müraciət edilən hakimlərdən 3-nün səlahiyyətinə vaxtından əvvəl xitam verib. Digər hakimlərə isə töhmət verilib. Onlardan bəziləri aşağı vəzifələrə keçirilib. Bu addımlardan sonra qeyd olunan məsələ ilə bağlı irəliləyişlər müşahidə olunur. Bir çox hallarda məhkəmələr vətəndaşlar haqqında həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətləri təmin etmirlər. Ali Məhkəmənin müraciətindən sonra istintaq və prokurorluq orqanları da imkan daxilində bu məsələlərdə ehtiyatlı davranmağa çalışırlar.  

 

HAKİM QITLIĞI HƏLƏ DƏ QALIR

 

R.Rzayev onu da qeyd etdi ki, son illər Azərbaycanın hakim korpusu xeyli genişləndirilsə də, yenə də ölkədə hakimlərin sayı azdır. Hazırda ölkədə 455 hakim şatatı mövcuddur. Bu hakimlər il ərzində 96 min işə baxırlar. Bu isə hakimlərin iş yükünün xeyli çox olmasına gətirib çıxarır. Xüsusilə də Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə çalışan hakimlərin iş yükü xeyli ağırdır. Son illər hakim korpusuna 157 ştat əlavə olunsa da, iş yükünün ağırlığı hələ də qalır. Yaxın vaxtlarda hakimliyə qəbulla bağlı imtahanları uğurla başa vuran 80 gənc hakimin də işə başlaması nəzərdə tutulur. «Amma 80 hakimin işə cəlb olunmasından sonra da iş yükü ağır olaraq qalacaq» – deyə R.Rzayev vurğuladı.  

 

MƏHKƏMƏ QƏRARLARININ İCRASI İLƏ BAĞLI PROBLEM ARADAN QALDIRILIB

 

Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı problemlər aradan qaldırılıb. R.Rzayev dedi ki, bir müddət öncə bu sahədə problemlər meydana çıxıb. Xüsusilə də müxtəlif dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra edilməməsi narahatlıq yaradıb. Müxtəlif beynəlxalq təşkilatlar da bununla bağlı iradlarını bildiriblər. Məhkəmə qərarlarının icrasına məsul olan Ədliyyə Nazirliyi problemin həlli üçün Nazirlər Kabinetinə müraciət edib. Nazirlər Kabinetində baş nazirin iştirakı ilə vəziyyət müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Həmin müzakirələrdən sonra icra edilməyən məhkəmə qərarlarının reallaşdırılması ciddi nəzarətə götürülüb. Artıq icra olunmayan məhkəmə qərarlarının bir çoxu həllini tapıb. Hazırda icra olunmayan məhkəmə qərarları vətəndaşların şəxsi mülkiyyətlərindən məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin evlərdən çıxarılması ilə bağlıdır. R.Rzayev dedi ki, hələlik bu qərarların icra olunması çətindir. Çünki vətəndaşların evlərində məskunlaşan qaçqın və məcburi köçkünlərin buradan çıxarılması üçün yeni evlər tikilməlidir. Bu isə xeyli vaxt və maliyyə tələb edir.  

 

VƏKİL TƏYİN EDƏN ORQANIN YARADILMASI TƏKLİF OLUNUR

 

Ali Məhkəmə aztəminatlı ailələrdən olan təqsirləndirilən şəxslərin vəkillə təmin olunması üçün yeni dövlət qurumunun yaradılmasını təklif edir. R.Rzayev qeyd etdi ki, hazırda vəkil xidmətlərinin göstərilməsi çox bahadır. Əksər hallarda təqsirləndirilən şəxslər maddi imkanları olmadığından özlərinə səviyyəli vəkil tuta bilmirlər. Düzdür, hazırda dövlət Vəkillər Kollegiyası vasitəsilə vətəndaşları vəkillə təmin edir, amma kollegiyanın bu cür vəkillər üçün müəyyən etdiyi tariflər elə aşağı səviyyədədir ki, səviyyəli vəkilləri bu yolla müdafiə işinə cəlb etmək mümkün olmur. Son vaxtlar dövlət xətti ilə təmin olunan vəkillərin əməyinin qiymətləndirilməsi 100 faiz artırılsa da, vəziyyət yenə də düzəlməyib. Bunu nəzərə alan Ali Məhkəmə təklif edir ki, bu işlə ayrıca dövlət orqanı məşğul olsun. Həmin orqan vətəndaşın maddi vəziyyəti ilə bağlı araşdırmalar aparıb onun dövlət tərəfindən vəkillə təmin olunub-olunmamasına qərar versin. Əgər belə bir qərar verilərsə, təqsirləndirilən şəxslər dövlət hesabına səviyyəli vəkillə müqavilə bağlamaq imkanı əldə edəcəklər.  

 

ANDLILAR MƏHKƏMƏSİNİN YARADILMASI HƏLƏ TEZDİR

 

Azərbaycanda Andlılar Məhkəməsinin yaradılması hələ tezdir. R.Rzayev qeyd etdi ki, Azərbaycan qanunvericiliyi ölkənin hüquq sistemində Andlılar Məhkəməsinin olmasını nəzərdə tutur. Amma 2000-ci ildə qəbul olunan qanunvericiliyin bu bəndinin qüvvəyə minməsinə razılıq verilməyib. Çünki Azərbaycanda Andlılar Məhkəməsinin fəaliyyəti ilə bağlı birmənalı fikir yoxdur. Ölkə ictimaiyyətinin, hüquqşünasların, hüquq müdafiəçilərinin bu məsələ ilə bağlı mövqeləri haçalanır. R.Rzayev dedi ki, o özü Azərbaycanda Andlılar Məhkəməsinin olmasının tərəfdarı deyil. Çünki Qərbdə Andlılar Məhkəməsini bəzən küçə məhkəməsi də adlandırırlar. Belə olan halda vətəndaşlar düzgün hüquqi yardım ala bilməyəcəklər. Bundan əlavə, azərbaycanlıların bəzi milli xüsusiyyətləri də Andlılar Məhkəməsinin fəaliyyətini sual altına alır. «Mən istəyərdim ki, vətəndaşlar öz hüquqlarının müdafiəsi üçün peşəkar hakimlərə müraciət etsinlər» – deyə R.Rzayev vurğuladı.  

 

 

Quliyev  İlham

 

Kaspi. -2010. – 3 mart. – S.3.