Habil Əliyev: "Oxusunlar, amma oxuyan xasiyyətində olmasınlar" 

 

“Son vaxtlar bəzi telekanallar musiqi sahəsində özbaşınalığa yol verir, sənətdə qabiliyyəti olmayanları reklam edir, musiqiyə zərbə vururlar”.

Bu sözləri Milli.Az xəbər portalına müsahibəsində xalq artisti, kaman ustası Habil Əliyev bildirib.

Xalq artistinin sözlərinə görə, sadə xalq televizorda gördüyünə inanır. "Biz sənət adamları sənətə mikroskopla baxırıq orada mikrobları tez-tez görürük. Adi dinləyicilər isə tez-tez səhv edirlər. Telekanalları da başa düşürəm, bilərm niyə onları reklam edirlər. Amma onlarda başa düşməlidir ki, bununla musiqiyə zərbə vururlar. Bu mənada içimdə bir narahatçılıq var. Bu ki, dövlət işi deyil, özəl sahədir. İnşallah, vaxt keçdikcə dinləyicinin səviyyəsi qalxar"- deyə o bildirib.

Xalq artisti şəxsən özünün hansı xanəndələri dinləməsinə aydınlıq gətirib. "Köhnələrdən heç kimi dinləmirəm. Məndən olsa onlar gərək heç oxumasınlar. Çünki oxuduqlarını da  gözdən-qulaqdan salırlar. Cavanlar isə hələ kamilləşməlidir. Hər halda cavanlardan xoşladığım xanəndələr var. Babəki, Ehtiramı çox sevirəm. İlkin var, o, mənim xoşuma gəlir. Oxusunlar, amma oxuyan xasiyyətində olmasınlar. Oxuyanların heç vaxt ifaçılarla arası olmayıb. Amma unutmasınlar ki, oxuyanlar öləndə onları çox vaxt çalanlar basdırıb" - Habil Əliyev belə dedi.

İndiyə qədər müxtəlif sənətkarların ifasında səslənən 15-ə qədər mahnının müəllifi olduğunu bildirən kaman ustası deyib ki, bir vaxtlar bəstəkar olmaq istəyirmiş. "Bəstəkarlığa çox böyük həvəsim vardı. Konservatoriyaya girmək istəyirdim, Rəhmətlik Süleyman Ələsgərov dedi ki, ay Habil, sən yaxşı kamança çalırsan, get bu işlə məşğul ol, qoy mahnını da bəstəkarlar yazsın. Mən qulaq asdım sonra gördüm ki, düz deyir. 15-ə yaxın mahnı yazmışam, amma mahnılarım səs-küy deyil, musiqidir. Başqaları səs-küy salıb, adını konsert qoyurlar" - o, qeyd edib.

Xalq artisti onu da vurğulayıb ki, bu mahnılardan heç birini həyat yoldaşına həsr etməyib. "Mahnını o adama həsr edərsən ki, ona həsrət qalasan, arzulayasan. Şərqiyyə xanım isə hər gün yanımdadır. İnsanın yarısı deyirlər e, doğrudan da Şərqiyyə xanım məmin yarımdır, mənə o baxıb, hər əziyyətimi çəkib"- deyə kamança ustadımız bildirib.

 

 

Leyla

 

Kaspi. -2010. – 3 mart. –S.16.