Yazıçı necə
yazsın ki...
Mövzu çoxdur, sadəcə istedadlı qələmə
ehtiyac var. Bu gün cəmiyyətin tələbi daha çox
dinamik təfəkkürədir
Ümumdünya
Yazıçılar Günü (Yazıçının
Ümumdünya Sülh Günü) –
yazıçıların peşə bayramıdır. Bizim
günlərdə, bir sıra ölkələrdə bu bayram
sadəcə, “Yazıçı günü” adlanır və
bir növ daha çox fərqlənmiş ədibləri təbrik
etmək və mükafatlandırmaq üçün
münasib gün kimi qeyd olunur.
Biz də ölkəmizin bir
neçə tanınmış yazıçısı ilə
əlaqə saxlayaraq ümumən Azərbaycanda
yazıçıların problemləri,
yazdıqlarının cəmiyyətdə necə
qarşılanması, yazıçının cəmiyyətdəki
nüfuzu və mövqeyi ilə maraqlanmaq istədik. Kifayət
qədər tanınmış simaların fərqli və
hardasa üst-üstə düşən fikirləri
bugünkü ədəbiyyatımızın real mənzərəsinə
güzgü tutmaq baxımından da önəmlidir.
YAZIÇININ VƏZİYYƏTİ
Yazıçı Natiq Rəsulzadəyə
görə, bu gün yazıçıların vəziyyəti
də, nüfuzu da müxtəlifdir. Onun fikrincə,
yazıçının vəziyyəti onun
yazılarının nə qədər maraqlı olmasından
asılıdır. "Yazıçı var, səviyyəsi
yüksək olan oxucular üçün yazır. Təbii ki,
elə yazıçıların vəziyyəti elə də
yaxşı deyil. Onların kitabları kütləvi şəkildə
alınmır. Yazıçı var ki, tələb olunan və
oxunan janrda yazır. Məsələn, detektiv, fantastik janrda
yazan yazıçıların kitabları alınır və
böyük həvəslə oxunur. Yazıçı
yazıçıdan fərqli olduğu kimi, kitab da kitaba bənzəmir.
Kitab var ki, bir dəfə oxunub tullanır, onu rəfə
qoymurlar. Amma elə kitablar da var ki, o vaxtaşırı oxunur
və kitab rəfini bəzəyir. Bu kitabın səviyyəsindən,
içindəki fikirlərin dərinliyindən
asılıdır. Biz nə üçün Dostoyevskini,
Tolstoyu, Mirzə Cəlili dönə-dönə oxuyuruq? Nəsri
yaşadan əsərin içindəki personajlar, qəhrəmanlardır.
Elitar yazıçı kitablarını düşünən
oxucu üçün buraxır. Bu, bütün dünyada belədir".
OXUCULARIN BÖYÜK ƏKSƏRİYYƏTİ
KİTABDAN UZAQLAŞARAQ İNTERNETƏ ÜZ TUTUB
Yazıçının cəmiyyətdəki
nüfuz və mövqeyinə gəlincə, N.Rəsulzadə
bildirib ki, bu, yazıçının kitablarının oxucu tərəfindən
alınıb oxunmasından asıldır. Belə ki,
yazıçı cəmiyyətin düşənən
beynidir. O, cəmiyyəti öz arxasınca aparmalıdır. "Mən
güman edirəm ki, bu, belə də olacaq. İndi internet
dövrüdür. Texnikanın inkişafı təbiidir.
Oxucuların böyük əksəriyyəti kitabdan
uzaqlaşaraq internetə üz tutub. Bu, Avropa ölkələrində
də, Amerikada da belə olub. Amma sonradan onlar yenidən kitaba
qayıdıblar". N.Rəsulzadənin fikrincə,
yazıçının nüfuzunun aşağı
düşməsi müvəqqəti haldır. Yəni bu
proses bütün ölkələrdə baş verib. "Oxucu
yenidən bizim arxamızca gələcək və onların
sayı çoxalacaq. Çünki insanın həyatında
kitabın tamam ayrı yeri var". Yazıçı bu
gün nəşrin də problem olduğunu bildirib. Onun fikrincə,
peşəkar yazıçı üçün yazmaq çətin
deyil, ancaq nəşr olunmaq çətinliyi var: "Bilirsiniz
ki, nəşr problemi tam dəyişib. Naşirlər pul,
sponsor tələb edir. Bizdə isə elə zəmanədir
ki, oxucu kütləsi azalıb. Ona görə də, hər
hansı bir kitab nəşrə xərclənən pulları
güclə çıxarır və ya çıxara
bilmir". N.Rəsulzadənin bildirdiyinə görə,
Moskvada ciddi kitablar 5-10 min, detektivlər isə hətta 100-150
min tirajla çıxır və bu kitablar öz xərclərini
ödəyir. Azərbaycanda isə 5 min tiraj fantastik
sayılır.
“BUDAPEŞTDƏ MƏNİM KİMİ YAZIÇI
MİLYONÇU OLAR”
Xarici ölkələrdə
yaşayan yazıçıların yaşam tərzi ilə
müqayisəyə gəlincə, N.Rəsulzadə fikrini
faktla izah edib: “Bir neçə il bundan əvvəl Macarıstandan
bir dostum və tərcüməçim Bakıya qonaq gəlmişdi.
Onlar mənim kitab rəflərimə baxaraq müəllifim
olduğum əsərlərlə və evimlə tanış
oldular. 32 kitabımı saydıqdan sonra bildirdilər ki,
Budapeştdə bu qədər kitab və ssenari müəllifi
olan milyonçu olur". N.Rəsulzadə Azərbaycan
yazıçılarının vəziyyətindəki mürəkkəbliyi
həm də keçmiş sovet dövrü ilə əlaqələndirib:
"O ölkələrdə onları heç kəs 70 il
geri salmayıb. Onlar məntiqlə, demokratiya ilə necə
var, elə də inkişaf ediblər. Orada ciddi ədəbiyyat
müəllifləri detektiv yazanlardan aşağı səviyyədə
yaşasalar da, bizimlə müqayisədə daha yaxşı
yaşayıblar. Çünki kinostudiyalar da onların
kitablarını alıb. Sovet dövründə bizim
işimizə təbliğat işi kimi baxıblar. Ömrümüzün
böyük bir hissəsini o eybəcər cəmiyyətdə
keçirmişik. Avropa ölkələri isə çox
sağlam cəmiyyətdə yaşayıblar. Ona görə
biz onlara çatmalıyıq".
GÖZƏL YAZIÇILARIN ÇOXU DA 37-Cİ İLDƏN
O YANDA QALDI
Yazıçı-publisist
Akif Əli yazıçılığı ən gözəl
peşə adlandıraraq bildirib ki, hər kəs kimi o da,
uşaqlıqdan dünyanın böyük
yazıçılarının əsərlərini oxuya-oxuya
böyüyüb. Və həmin gözəl əsərlər
mənəviyyatını, tərbiyəsini
formalaşdırmaqla yanaşı onu qələmə
bağlayıb: “Dünya klassikası həmişə
hamımızı cəlb edib. Mən də o ruhda
böyüyərək yazıçılığa meyl
etmişəm. Azərbaycanda da klassik ədəbiyyatımız
var və bu gün də onların çoxu yaşayır. Sovet
dövründə yazıçılıq da ideoloji tələblərə
uyğunlaşdırıldı. Yazıçılar elə
bil ki, bir dam altda, bir təşkilatda birləşdirildi.
Dövlətin, partiyanın sifarişi ilə əsərlər
yazılmağa başladı. Gözəl
yazıçıların çoxu da 37-ci ildən o yanda
qaldı. Azərbaycanda müxtəlif problemli
yazıçı mühiti yarandı. İstedadlı
yazıçılar da vardı, istedadsızlar da. İdeoloji
sifariş olduğuna görə istedadsızlar
çığıra-çığıra
istedadlıları əzir, arxa plana çəkirdi”. A.Əlinin
fikrincə, ona görə də bugünkü müstəqillik
dövründə bütün klassik ədəbiyyatımızı
birmənalı şəkildə qəbul etmək olmaz. Azadlığımıza,
müstəqlilliyimizə uyğun olaraq onların ən dəyərliləri
seçilib gənc nəslə təqdim olunmalı və cəmiyyətdə
atmosfer də bu istiqamətdə formalaşmalıdır. “Bu
gün cəmiyyət başqa cürdür. Əvvəlki
dövrdə olduğu kimi yazıçı işinə
çox aludəçilik də yoxdur. Baxmayaraq ki,
yazıçı, şair adını alanlar, ciblərində
vəsiqə gəzdirənlər bəlkə də minlərlədir.
Ancaq əsl istedadlı yazıçı azdır. Bu, belə
də olmalıdır. Çünki yazıçılıq
yeni ideya, yeni təfəkkür deməkdir. Yazıçılıq
cəmiyyətə hansısa bir məsul söz bildirməkdir.
Ona görə də ciddi bir işi ancaq istedadı,
bacarığı, qabiliyyəti olanlar edə bilər”.
MÖVZU ÇOXDUR, SADƏCƏ İSTEDADLI QƏLƏMƏ
EHTİYAC VAR
A.Əlinin fikrincə istedad
zövq məsələsidir və dünya klassik ədəbiyyatının
verdiyi nümunələr əsasında o zövqün də
bir optimal səviyyəsi var. Belə ki, yalnız bu nümunələrin
fövqünə qalxan, ona yaxınlaşan əsərlərə
istedadlı demək olar. “Oxucu istedadlı
yazıçının əsərini həvəslə
oxuyur. Mövzu çoxdur, sadəcə istedadlı qələmə
ehtiyac var. Bu gün cəmiyyətin tələbi daha çox
dinamik təfəkkürədir. Bir vaxtlar informasiya
texnologiyaları bu qədər inkişaf etməmişdi. Onda
insanlar uzun-uzadı romanlar, poemalar oxumaq həvəsində
idi. İndi insanlar o qədər informasiya bolluğundadır
ki, artıq onlara hansısa təbiət gözəlliyinin mədhi
lazım deyil. Artıq insanın öz qəlbinin içərisinin
vəsfi lazımdır”. A.Əlinin fikrincə, bu gün
milyonlarla tiraja ehtiyac yoxdur. Yazı yazmaq sənəti hər
şeydən əvvəl başa düşənlər və
yazıçının özü üçün
lazımdır. Yazıçı yalnız səviyyəli
oxucu üçün yazmalıdır və yazılanları
da səviyyəli oxucuların oxuması kifayətdir. A.Əli
hesab edir ki, Azərbaycanda oxucu səviyyəsi yaxşıdır.
Belə ki, yaxşı kitab verəndə oxucu onu oxuyur.
Yazıçıların
bugünkü yaşamına toxunan A.Əli bildirib ki,
bütün yazıçıların yaxşı
yaşadığını demək olmaz. Onun fikrincə,
yalnız yazıçı əməyi ilə yaşayanlar az
ola bilər. Belə ki, bütün dünya ölkələrində
yazıçılıqla məşğul olanların paralel
olaraq dolanışıq üçün başqa işləri
də var. A.Əlinin fikrincə, dövlət
yazıçılara yardım etməyə, onların sosial
müdafiəsinin keşiyində durmağa
çalışır. "Əsas məsələ odur ki,
dövlətin yardımı aşağı səviyyələrdə
necə bölünür. Bu, artıq orada problem yarada bilər".
BƏS YAZIÇININ ŞƏXSİYYƏTİ?..
A.Əli
yazıçının cəmiyyətdəki nüfuzunu da hər
kəsin özünün qazandığı nüfuzla əlaqələndirib.
Onun fikrincə, cəmiyyətdə məhz
yazıçıların məhv edilməsinə
ünvanlanan bir fikir yoxdur. Cəmiyyət ancaq özünü
ləyaqətlə aparan, özünün mənəviyyatı
ilə nümunə ola bilən yazıçıya hörmət
edir: "Cəmiyyət görəndə ki,
yazıçı bədii əsərində ona yüksək
mənəvi keyfiyyətlərdən, dəyərlərdən
moizə oxuyur, amma özü həyatda ən miskin, ən rəzil
işlərə baş qoşan adamdır, onda əlbəttə
onun əsərini oxumayacaq və yaxud o, adi bir məmurluq
işini yerinə yetirə bilməyib, idarədən qovulursa,
ancaq şeirlər yazaraq ona gözəl ideyalar sırımaq
istəyirsə, əlbəttə, onu heç kəs qəbul
etməyəcək". A.Əli hesab edir ki,
yazıçının şəxsiyyəti ilə
yaradıcılığı bir-birini tamamlamalıdır. Necə
ki, klassik yazıçılar həm də gözəl şəxsiyyət
olublar. "Onlarda miskinlik, alçaqlıq, intriqa olmayıb. Amma
biz bunları bu gün müşahidə edirik. Ona görə
də oxucu bu cür yazıçıların əsərlərini
ələ alanda bir kənara tullayır. Əgər
yazıçının xarakteri ilə yazdığı əsərlər
uzlaşarsa, o, dərhal oxucu cəlb edəcək. Oxucu
yaxşı əsərə qiymət verir".
MÜDAFİƏSİZ TƏBƏQƏ
“Ulduz” jurnalının
redaktoru, dramaturq Elçin Hüseynbəyli
bütövlükdə Azərbaycan yazıçılarını
sosial baxımdan müdafiəsiz təbəqə
adlandırıb. Onun fikrincə, dövlət
yazıçılara maddi baxımdan köməklik etsə də,
bu, yetərli deyil. “Yazıçıları ələbaxımlılığa
öyrətməkdənsə, onlar üçün şərait
yaratmaq lazımdır. Bu şərait isə kitab
bazarının təşkil olunmasından ibarətdir. Bu
gün təəssüf ki, Azərbaycanda kitab satış
şəbəkəsi demək olar ki, fəaliyyət göstərmir.
Yalnız Bakıda barmaqla sayılası kitab mağazaları
var”. E.Hüseynbəylinin fikrincə mənzilsizlik, işsizlik
də yazıçıların əsas problemidir. “Mən
müəyyən mənada özümü dolandıra bilirəm.
Ancaq çox istərdim ki, bütövlükdə
yazıçıların sosial vəziyyətini
yaxşılaşdıran bir addım atılsın”.
YAZIÇININ NÜFUZU
E.Hüseynbəyli cəmiyyətin
kitaba marağının azalmasını bütün
dünyada klassik anlamda sənətini ölümünün başlaması
ilə əlaqələndirib. “İnformasiya texnologiya vasitələrinin
inkişafı ədəbiyyatı
sıxışdırmaqdadır. Cəmiyyətdə dəyərlər
dəyişdiyi kimi ədəbiyyata, sənətə
baxış da dəyişib. Bu baxımdan
düşünürəm ki, klassik ədəbiyyatın
ölməsi prosesi başlayıb. Bu proses bütün
dünyada gedir və eyni zamanda, Azərbaycana da təsir edir. Ədəbiyyatı
ayaq üstə saxlamaq üçün həm dövlət, həm
də ayrı-ayrı fərdlər və ya qurumlar səviyyəsində
cəhdlər olunur. Mənim fikrimcə, bu prosesi ləngitmək
olsa da, qarşısını almaq mümkün deyil”.
E.Hüseynbəyli
yazıçının cəmiyyətdə nüfuz və
mövqeyinə də toxunaraq bildirib ki, əvvəlki illərə
nisbətən bu, xeyli zəifləyib. “Sovet dövründə
yazıçının ictimai rəyə təsiri çox
güclü idi. İndi isə şou-biznes aləminin
iştirakçılarının ictimai rəyə təsiri
yazıçıların ictimai rəyə təsirindən
qat-qat artıqdır. Bu da müğənnilik institutunun dəbdə
olması və təbliğindən asılıdır. Bu
gün yazıçılar təbliğ olunmur, kitab da dəbdə
deyil. 300-500 tirajla kitabı çıxan
yazıçının ictimai rəyə hansı təsiri
ola bilər?” E.Hüseynbəylinin fikrincə, “Mədəniyyət”
adlı kanalın açılması baş verən proseslərə
müsbət mənada təsir edə bilər. Onun fikrincə,
bəlkə bu yolla yazıçıların ölməkdə
olan nüfuzunu, eyni zamanda ədəbiyyatın ölüm
prosesinin qarşısını almaq olar!
Məhərrəmova Təranə
Kaspi. -2010. – 4 mart. – S.9.