“Yalnız Nobel mükafatı
almağım qalır”
Çingiz Abdullayev: “27 ildir ki, yaradıcılıqla məşğulam
və 24-25 milyon kitabım çıxıb. Elə ölkə
yoxdur ki, orada mənim oxucularım olmasın”
Müsahibimiz Azərbaycanın Xalq
yazıçısı Çingiz Abdullayevdir
- Çingiz müəllim, müasir Azərbaycan oxucusu detektiv janra daha çox maraq göstərir. Bunun səbəbi nədir?
-
Görünür, bu janrda artıq yaxşı kitablar nəşr
olunur. Slavyan Universiteti
Dünya Ədəbiyyatından kitablar çap etməyə
başlayıb. Azərbaycan dilində dünya ədəbiyyatı
demək olar ki, nəşr olunmur. Nə macəra, nə
fantastika, nə də detektiv nəşr olunur. Mən 1971, 72,
73-cü illərdə nələri nəşr etməyimizi nəzərdən
keçirirəm, dəhşətə gəlirəm. Azərbaycanda
Safronov, Popov və s. nəşr edilib. Bizim
qonşularımız olan gürcülər Balzakı, Folkneri
tərcümə edirdilər, Biz isə Safronovla Popovu.
Görünür, indiki maraq elə bu səbəbdəndir.
Amma bütün dünyada, hər yerdə bu janrı həmişə
gənclər oxuyublar. Biz tez-tez işlədirik ki,
qloballaşma gedir. Axı biz də dünyanın bir hissəsiyik.
Övladlarımız dünyaya çıxırlar, xarici dilləri
öyrənirlər.
GƏNCLƏR MÜTALİƏ ETMƏK İSTƏYİRLƏR.
AMMA NƏYI?..
- Yəqin elə bu səbəbdəndir
ki, bu marağı nəzərə alan bəzi müəlliflər
detektiv janra müraciət edirlər. Lakin həmin əsərlərin
əksəriyyəti adi kriminal hadisələri təsvir etməkdən
uzağa getmir. Yalnız oxucu diqqətini cəlb etməklə
məşhurlaşmaq istəyini ön plana çəkən
yazarlar var.
- Bilirsinizmi, gənclər
mütaliə etmək istəyirlər. Amma nəyi oxusunlar? Bu
sahədə boşluq var. Azərbaycan dilində heç nə
yoxdur axı, belə şeylər də bu səbəbdən
yaranır.
- Siz əsərlərinizi
birbaşa kompyuterdə yığırsınız.
Çoxlarımız isə bu fikirdəyik ki, bədii fikir əl
ilə yazılmalıdır.
- Mən əsərlərimi
komryuterdə yazıram və buna öyrəşmişəm.
Elə adam var ki, məsələn, şahzadə Diananın nənəsi
(o, İngiltərədə tanınmış
yazıçı idi) nə kompyuterlə, nə də əli
ilə yazırdı. Sadəcə, öz əsərlərini
diktafona danışırdı və sonra onu çap edirdilər.
Onun əsərləri dünyanın bir çox dillərinə
onun kitabları tərcümə olunurdu. O, melodramatik romanlar
yazırdı. Bu, yazıçının yazı
üslubundan asılıdır. Mən kompyuterlə işləməyə
vərdiş etmişəm.
DRONQO ƏSLİNDƏ KİMDİR?
- Siz «İnsan ovu» adlı məşhur
əsərinizdə Dronqonu (səhv etmirəmsə, onun
familiyası burada Saundersdir) çox çətinliklərlə
üzləşdirmisiniz. Sizcə, bu onun taleyidir, yoxsa, sizin
uydurmanız?
- Mən deyərdim ki, bu onun
taleyidir. Bu qəhrəman o qədər şöhrətlənib
ki, hətta, mənim eşitdiyimə görə, onun
adını övladına vermək istəyənlər də
olub. Bu gözəl ad - quş adıdır. Bəlkə də
artıq zamanıdır ki, mən onun azərbaycanlı
olduğunu və adını elan edim. Lakin məndən
xahiş edirlər ki, hələ tələsməyim. Yəni,
hələ vaxtı deyil. Dronqo mənim bir çox
kitablarımda özünü artıq azərbaycanlı kimi
büruzə verir. Hətta mən onun azərbaycanlı
adını da tapmışam. Amma bunu hələ sizə deməyəcəyəm.
Çox adam, mənim öz oğlum da bunun hələlik bir
sirr olaraq qalmasını arzu edirlər.
- Siz bu adı haradan
götürmüsünüz?
- Bu, ad dediyim kimi, quş
adıdır və mən onu İndoneziyada görmüşəm.
Ondan elə xoşum gəlib ki, adını götürərək,
əsərlərimdə istifadə etmişəm.
- Yəqin döyüşkən
quşdur…
- Bəli, həm də
heç nədən və heç bir quşdan qorxmayan bir
quşdur. Öz səsi ilə o biri quşların səsini
çıxarır.
BELƏ DEYƏNLƏR OLUR Kİ, BİZ
ÇİNGİZ ABDULLAYEV ADLI YAZIÇI TANIMIRIQ
- Çingiz müəllim, tənqid
olunmusunuzmu?
- Məni hal-hazırda da tənqid
edirlər. Hətta belə deyənlər olur ki, biz
Çingiz Abdullayev adlı yazıçı
tanımırıq. Mən isə bunu təbəssümlə
qarşılayıram. Tənqid həqiqi olmayanda, qərəzli,
təhqirə bənzər bir şey olanda əlbəttə,
gülüş doğurur. Hər şey göz
qabağındadır. Mənim nəyisə sübut etməyimə
ehtiyac varmı? 27 ildir ki, mən yaradıcılıqla məşğulam
və 24-25 milyon kitabım çıxıb. Elə ölkə
yoxdur ki, orada mənim oxucularım olmasın. Belə tənqid
əlbəttə, gülməlidir. Yalnız Nobel
mükafatı almağım qalır. Azərbaycanın ədabiyyatı
tarixində ən gənc yazıçı kimi, 46
yaşında ilk Xalq yazıçısı olmaq mənə
nəsib olub. Azərbaycanda ən böyük
mükafatları - Frankfurt, Leypsiq, Qran-pri
mükafatlarını mən almışam. Mən 140
romanın müəllifiyəm. Elə bir Azərbaycan
yazıçısı tanımıram ki, 14 roman
yazmış olsun. Mən yenə deyirəm, tənqid
yaxşıdır, mən bunu maraqla oxuyuram. Amma daha
yaxşısı odur ki, burada təhqirə yer verilməsin.
- Qarabağ hadisələrindən
bəhs edən bir sıra əsərlərinizdə göstərirsiniz
ki, Qarabağ narkomafiyanın iyrənc məqsədlərinin
qurbanı olub. Axı, bu, tarixən belə deyildi…
- Təbii ki, tarixən belə
deyil. Bütün bunlar bizim qonşularımızın əməlləridir.
Lakin orada sərhədlər açıqdır. Açıq
sərhəddən təbii ki, narkotik də daşıyarlar,
başqa mallar da keçirərlər. Bunu bizim hamımız
bilirik. Bu, belə də olmalıdır. Nəzarətsizlik
baxımından əlbəttə, belə məqsədlər
üçün də istifadə edilir.
BELƏ BİR FİKRƏ DÜŞMÜŞƏM
Kİ, BİR MÜSTƏNTİQ AZƏRBAYCANLI QADIN OBRAZINI
YARADIM
- Siz əsərlərinizdə
qadın qəhrəmanlarınızı cəsur, fədakar,
eyni zamanda, füsunkar bir xanım olaraq təsvir edirsiniz. Məsələn,
Marina Çernışeva kimi. Bəs ömrünün
çoxunu çətin əməliyyatları yerinə yetirməyə
həsr edən qadında əslində səmimilik,
ülvilik, əsil qadın zərifliyi ola bilərmi? Adama elə
gəlir ki, onlar çox kobud, qəddar olmalıdırlar. Yeri
gəlmişkən, belə qadınları mətbəxdə
də görmək olmaz.
- Əlbəttə, mən
sizinlə razıyam. Lakin mən «Quba kapriççosu»,
«Payız madriqalı» əsərlərimdə sırf azərbaycanlı
qadınlarını da təsvir etmişəm. Burada Azərbaycan
qadınlarının fikirləri, davranışları öz
əksini tapıb. Mən əlbəttə, sizinlə
razıyam ki, digər ölkələrin qadınları
mentalitet baxımından bizim qadınlara bənzəmirlər.
Ümumiyyətlə, belə bir fikrə düşmüşəm
ki, bir müstəntiq azərbaycanlı qadın
obrazını yaradım. Onun simasında bizim ənənələrimizi
yaşadan bir xanım obrazını təsvir edim. O, işi ilə
yanaşı, evdə xörək bişirsin,
övladlarına baxsın. Ancaq bu çətin işdir.
Çünki müstəntiq olmaqla nəyisə itirirsən.
Hər halda, mən belə bir obraz barəsində
düşünürəm.
- Hansı milli xörəyi
xoşlayırsınız? Məsələn, mənzilinizin
astanasında məhz hansı xörəyin qoxusunu duymaq istərdiniz?
- Mən Bakı xörəklərini
xoşlayıram. Anam bakılıdır, həyat
yoldaşım da bakılıdır. Yəqin mən
bakılı qadınların əhatəsində olduğuma
görədir ki, Bakı yeməklərinə
üstünlük verirəm. Mən fransız, ispan, çin,
italyan mətbəxlərinə yaxşı bələdəm.
Amma ən çox Bakı xörəklərini sevirəm.
Qutab, düşbərə, xəngəl mənim daha çox
sevdiyim yeməklərdir. Mən dəvə ətindən də,
göyərti və balqabaqla da qutab yemişəm. Amma daha
çox qoyun ətindən hazırlanan qutabı
xoşlayıram.
HƏR BİR İNSANIN QƏLBİNDƏ
KİÇİK BİR QƏBİRİSTANLIQ VAR
- Ananızın, yoxsa həyat
yoldaşınızın bişirdiyi yeməkləri
xoşlayırsınız?
- Anamın bişirdiklərinə
üstünlük verirəm. Anamın 86 yaşı var. O
zamanlar, Novruz bayramına o qədər də yaxşı
baxılmadığı vaxtlarda bu bayram ərəfəsində
görülən hazırlıq işləri, bişirilən
şirniyyatlar mənim yadımda qalıb. Hər şey anadan
gəlir, incəsənəti, musiqini sevməyim də, həyata,
mədəniyyətə baxışım da, mətbəxə
münasibətim də məhz anadangəlmədir. Təbii
ki, bu baxımdan anamın bişirdikləri mənim daha
çox xoşuma gəlməlidir. Elə vaxtlar olur ki,
anamı narahat edirəm. İstəyirəm ki, mənə
xörək bişirsin… Evimdə həyat
yoldaşımın, aşpazın, anamın evində
aşpazın olmasına baxmayaraq, uşaq kimi ondan xörək
bişirməsini istəyirəm…
- Bəs qızınız
necə, sizin üçün nəsə bişirib
hazırlayıbmı?
- Yox, qızımın 21
yaşı var. Bu illərin son dörd ilini isə İngiltərədə
yaşayır. Orada təhsil alır. O, əlbəttə, mənə
xörək hazırlaya bilməz. Ancaq oraya gedəndə
çay, yumurta və bu kimi şeylərə məni qonaq
edir. Onun ümumiyyətlə, xörək bişirməsi hələ
qarşıdadır.
- Taleyə
inanırsınızmı?
- Yox, çox da inanmıram.
Belə düşünürəm ki, hər şey adamın
özündən asılıdır. Bəzi məqamlarda əlbəttə,
tale məsələsi də var. Ümumiyyətlə isə mən
həyatıma görə Allahıma çox minnətdaram. Mənim
üçün ən ağır məqam atamın
dünyadan köçməsi olub. Mənə elə gəlir
ki, bu sözləri söyləyərkən, çoxları məni
düzgün başa düşməz. Mən o zaman fikirləşirdim
ki, həyatımda bundan ağır məqam ola bilməz. Bu,
faciə idi. Amma dost-tanış gəlib-gedərkən
söhbətlər olurdu. Biri atasını 14 yaşında,
digəri ondan da kiçik yaşlarında itirdiyini söyləyirdi.
Bəziləri isə atasını heç görmədiyini
deyirdi. Onun müharibəyə gedib
qayıtmadığını, heç iyini belə
duymadığını danışanlar da oldu. Onda başa düşdüm
ki, 50 yaşımadək atam mənim yanımda olub. Bu,
böyük xoşbəxtlik idi. Mənim Xalq
yazıçısı olmağımı görmək də
atama qismət olub. O, Azərbaycanda yeganə ata idi ki, oğlu
Azərbaycanın Xalq yazıçısı adına layiq
görülmüşdü və bunu görmək ona nəsib
olmuşdu. Atam vəfat edəndə yaşı 80-i
keçmişdi. Daha nə olmalı idi ki… Ölümə
yaxşı deməzlər. Amma bu xoşbəxt bir
ömrün sonu idi. Mənə deyirlər ki, onu sən
özün gözə gətirdin. Çünki mən
deyirdim ki, 50 yaşım var və ata-anam sağdır. Məni
qınasalar da, bu etirafı etməli idim. Etiraf etmirəmsə,
demək, bunu başa düşmürəm. Bunu inkar edirəm.
Mən hesab edirəm ki, çox xoşbəxt idim və buna
görə Allahıma minnətdar olmalıyam.
Təbiətin qanunu belədir
ki, insan anadan olandan üzü bəri itirə-itirə gəlir.
Mən hesab edirəm ki, hər bir insanın qəlbində
kiçik bir qəbiristanlıq var. Yalnız ona məxsus olan
və heç kəsi oraya buraxmadığı qəbiristanlıq.
İtirdiyi insanları, əzizlərini, sevdiyi qadını və
ya kişini orada “dəfn edir”. Vikinqlər deyir ki, ən
böyük xoşbəxtlik odur ki, öləndə əlində
silahın olsun və səni övladların dəfn etsin.
İndi mən başa düşürəm ki, bu doğrudan
da, böyük xoşbəxtlikdir. Səni məhz
övladların dəfn etsin. Mənim əsərlərimin
birində bir fikir var və onu indi səsləndirmək istərdim:
“Uşaqlara məhəbbət yeganə dindir ki, burada ateizm
olmur”.
İNSAN ÖMRÜNÜ TƏKBAŞINA YAŞAYIR
- Özünüzlə
hansı məqamlarda tək qalırsınız? Siz axı,
daim işdə, səfərlərdə olursunuz.
- Bu baxımdan belədir.
Buna baxmayaraq deyim ki, insan bu dünyaya tək gəlir, tək də
getməlidir. Ailənin, övladın yanında olmasına
baxmayaraq, nə qədər başqaları ilə ünsiyyətdə
olsan da, insan daim təkdir. Təbiət bizi belə yaradıb.
İnsan ömrünü təkbaşına yaşayır.
İnsanın həyat yoldaşını, ərini və ya
arvadını sevməsi, onu arzulaması onun xoşbəxtliyidir.
Bununla belə, insan təkdir. Necə deyərlər,
müdriklər təklikdə darıxmazlar. Boş
vaxtlarımda mütaliə etməyi və ya öz əsərlərimlə
məşğul olmağı sevirəm və
özümü heç zaman tək-tənha hesab etmirəm.
Amma mənə elə gəlir ki, ünsiyyətdə
olduğumdan daha çox təklikdə oluram.
MƏN SOLÇUYAM...
- Dünyanın siyasiləşməsi
və iqtisadi maraqların artması insanı məhv etmirmi?
Çıxış yolu nədədir?
- Bəli, məhv edir. Biz
kapitalizmin ən pis cəhətlərini
götürmüşük. Pul varsa, sən
ağıllısan, uğurlusan. Amma əgər pulun yoxdursa,
deməli, axmaqsan. Bəlkə də ziyalı olmağa ehtiyac
yoxdur. Görünür, pul qazanmaq intellektlə bağlı
deyil. Xaricdə bu bağlılıq var. Bizdə isə belə
deyil. Çox təəssüf ki, bunu övladlarımız
da dərk edirlər. Onlar başa düşürlər ki, sənin
uğurun biliyinlə, savadınla, səviyyənlə deyil,
pulunla ölçülür. Təbii ki, bizim cəmiyyət
çox korlanıb. Lakin mən solçuyam və inanıram
ki, gec-tez sosial ədalət bərpa olunmalıdır. Mən
buna inanıram. Yalnız pul cəmiyyətə hakim ola bilməz.
- XXI əsrin ədəbiyyatını
necə görürsünüz?
- Bu bir qədər çətin
məsələdir. Görünür, burada da dəyişiklik
baş verməlidir. Çünki 19-cu, 20-ci əsrdə olan
imkanlar artıq 21-ci əsrdə yoxdur. Bu suala tam cavab verə
bilməsəm də, çətinlikləri hiss edirəm. Bəlkə
də kitablar qalmayacaq. Hətta post-modernstlər də gedəcək.
Elektron cihazlar mövcud olacaq. Orada yüz kitabı yerləşdirmək
mümkündür. Buna görə ədəbiyyat da dəyişikliyə
məruz qalacaq. Çox təəssüf. Amma bununla belə,
inanıram ki, kitablar da, bizim klassik romanlarımız da qalacaq.
Ümid edirəm ki, min ildən sonra belə Nizamini də,
Füzulini də, Nəsimini də, Tolstoyu da, Dostoyevskini də
oxuya biləcəyik.
Əliqızı Zeynəb
Kaspi. -2010. – 10 mart. – S.8.