Analıq davranışı
hissiyyatı böhran həddindədir
Tədqiqatçılar son illər qadının
böhran həddində olan bu funksiyasının - analıq
davranışının dəyişilməsini sosial vəziyyətlə
əlaqələndirirlər
Evlənmək
üçün VVAQ bürosuna ərizə verən şəxslər
arasında aparılan sosioloji sorğuda iştirak edənlərin
88-89 faizi 2-3 və daha çox uşaq
arzuladıqlarını göstərib, lakin bir neçə
il sonra sosioloqlar həmin ailələrdə birdən artıq
uşağın olmadığını aşkarlayıb. Gənc
ər-arvadların bununla bağlı göstərdikləri 15
səbəb (mənzil çatışmazlığı,
maddi çətinlik, işsizlik və s.) bu gün də eyni
ilə qalır.
Digər səbəblər qismində
qadının intellektual cəhətdən öz ərindən
geri qalmaq istəməməsi, ictimai həyatda iştirak edib
şöhrət qazanmaq arzuları və s. göstərilir.
Ailədə çox uşağın olmasını istəməməyin
ən ciddi səbəblərindən biri isə boşanma
ehtimalıdır. Hazırda boşanma məsələsinə
münasibət 40-50 il bundan əvvəlkinə nisbətən
çox dəyişib və hətta bir-birini çox sevən
ər-arvadlar da boşanmanın mümkün ola biləcəyini
inkar etmirlər. Belə ailələrdə uşaqların
taleyi də çox vaxt sual altında qalır.
Şübhəsiz ki,
bütün uşaqsız ailələr uşaqlı ailələrə
nisbətən az xoşbəxtdirlər. Uşaqlar ilk növbədə
ailənin möhkəm, şən olması üçün
lazımdır. Uşaqlar valideynlərin tərbiyəçi
kimi atalıq və analıq imkanlarının və hisslərinin
meydana çıxmasına səbəb olur. Valideynlər
özlərinin ən yaxşı xüsusiyyətlərini
övladlarında davam etdirə bilirlər. Digər tərəfdən,
uşaqlı ailələrdə valideynlər qocalıq
dövründə tək-tənha qalmaqdan qorxmurlar. Uşaqlar
həm də nəslin davamıdır.
Onlara sevgi,
qayğıkeşlik hissləri insanı bütün
ömrü boyu müşayiət edir.
Əsl analıq hissiyyatı
Moskva Elmi Psixi
Sağlamlıq Mərkəzi əməkdaşlarının
apardıqları tədqiqatlar nəticəsində analıq
davranışı və bu davranışın 4
yaşına qədər körpələrə təsirini
formalaşdırmaq sahəsində əldə edilən nəticələr
həyəcan doğurur. Tədqiqatlar nəticəsində
yalnız 3-4 faiz anaların hərəkətini əsl
analıq hissiyyatı ilə bağlamağın
mümkünlüyü məlum olub. Tədqiqatçılar
son illər qadının böhran həddində olan bu
funksiyasının - analıq davranışının dəyişilməsini
sosial vəziyyətlə əlaqələndirirlər. Belə
ki, bu gün uşaqlara qarşı baş verən
zorakılıq halları, onların atılması və s.
deməyə əsas verir ki, cəmiyyət böhran
dövrünü yaşayır, onun gələcəyi təhlükə
altındadır.
Rus tədqiqatçıları
hamilə və südəmər körpəsi olan
qadınlarla apardıqları sorğu nəticəsində
analıq davranışının əsasən dörd
növünü müəyyən ediblər. Onlardan hər
biri körpənin psixi və fiziki
sağlamlığının formalaşmasına yönəlib:
I növ analar körpəyə sakit, xeyirxahlıqla
yanaşır, öz həyatını onun ehtiyaclarına həsr
edir və uşaqda mərhəmət hissi, insanlara, həyata
inam aşılayır. II növ analar körpənin ətraf
aləmlə əlaqələrini məhdudlaşdırır.
III növ - övladlarından imtina edən analar daha
çoxdur. IV növ analar isə qismən və ya tamamən
uşağın tərbiyəsindən uzaqlaşaraq onunla məşğul
olmurlar. Bir qayda olaraq belə uşaqların tərbiyəsi nənələrinə
və ya dayələrinə həvalə olunur.
Analıq hissini sözlə
ifadə eləmək mümkündürmü?
Mütəxəssislər baş
sındırır: yüz illər boyu bəşəriyyəti
canlandıran analıq hissiyyatı doğrudanmı tükənib?
Uşaq Psixi Dispanserinin psixonevropatoloqu Məmləkət
Hacıyeva bu suala belə aydınlıq gətirib: “Analıq
hissiyyatını ifadə eləmək çox çətindir.
Analıq hissi, analıq fədakarlığının əsasında
təmiz bioloji mexanizmlər durur. Bu elə bioloji hissdir ki, təkcə
insanlara deyil, bütün canlılara məxsusdur. Ana hələ
bətnində olarkən uşağı hiss edir. Əgər
ana uşağı həyata gətirmək istəyirsə, bətnindəki
uşaq da bunu hiss edir. Ana uşağın
doğulmasını istəmirsə, arzuolunmayan uşaq
dünyaya gələndən sonra ananın südünü qəbul
eləmir. Tibb elmində buna “qəbul etməmək” sindromu
deyilir”. M.Hacıyevanın fikrincə, uşaq
böyüdükcə bu sindrom ömür boyu ana ilə onun
arasında konfliktə çevrilir və nəticədə
çox vaxt uşaqlarda nevroza səbəb olur. Tibbdə bu
nevropotiya, yəni anadangəlmə nevroz adlanır. Uşaq ana
bətnində olanda ananın nevrozu uşağa keçir.
Ananın hamiləlik dövründə uşaqdan xilas olmaq istəyərkən
keçirdiyi psixoloji sarsıntılar körpəyə sirayət
edir. Belə uşaqlar doğulurlarsa, həmişə nevrozlu
xəstə olurlar. Ana hələ doğum evində körpəsini
qucağına götürərkən və ya onu bələyərkən
körpəyə olan münasibəti dərhal hiss olunur. “Bəziləri
körpəni kobudluqla bələyir, ona tərəf
baxmır. Bəzi analar bunu çox ləng və uzun müddətə
yerinə yetirir. Bəziləri uşaqla şirin
danışır, ona qayğı göstərir. Uşaq belə
davranışa dərhal reaksiya verir. Təbii ki, eyni ilə məhəbbət
çatışmazlığı münasibətlərdə
soyuqluq yaradır. Çox vaxt belə uşaqlara “doğum
travması” diaqnozu qoyulur. Səbəb isə körpənin
ana nəvazişi və qayğısı görməməsi
üzündən psixofiziki inkişafında qüsurun
yaranmasıdır”.
Psixoloqlar müəyyənləşdiriblər
ki, qarşılıqlı məhəbbət hissi analarda daha
güclüdür. Belə ki, analarda mehribançılıq
hissi çoxdur. “Bəzi analara deyəndə ki, xəstə, əlil
uşağını hər hansı sanatoriyaya və ya əlillər
evinə qoy, onlar əsəbiləşir, göz yaşı
tökürlər. Sağlam olmayan uşaqlar mehribanlıq
gördükləri halda yanlarındakı adamın dayə,
tibb bacısı və ya anaları olduğunu hiss eləmirlər.
Uşaqlar həmişə qayğı və mərhəmətə
möhtacdırlar”.
Psixoloqların fikrincə,
analıq hissinin yaranmasında tərbiyənin də rolu var.
Belə ki, bəzən bu hissiyyatın yaranması
üçün heç nə lazım deyil. Bu, instinktdir.
Analıq təkcə bioloji yox, həm də sosial
funksiyadır, onun qiyməti cəmiyyət tərəfindən
müəyyənləşdirilir. Analıq məhəbbətini
süni şəkildə formalaşdırmaq da mümkün
deyil. Məsələn, elə analar var ki, övladı olmur.
Onlar körpələr evindən uşaq götürəndə
onlarda elə bir hissiyyat yaranır ki, həmin körpəni
doğma övladı kimi sevirlər. Onların arasında
doğma münasibət yaranır. Hətta xəstə
uşaqları da götürüb müalicə edərək
saxlayanlar var. Analıq hissiyyatı çox vaxt xəstə
uşağı atmağa imkan vermir.
İmtinanın səbəbi nədir?
Övladından imtina edən
analar həmişə olub. Son dövrlərdə isə bu kimi
ürəkağrıdan hallara daha çox təsadüf
olunur. Mütəxəssislər gənc anaların körpəyə
məhəbbətinin yadırğaması problemini çoxdan
araşdırırlar. Bəzilərinin fikrincə, uşaq evlərində,
internatlarda tərbiyə alan qızlar əksər hallarda ana
olmağı bacarmır və bunu özləri istəmirlər.
Onlar uşağı dünyaya gətirdikdən sonra qoyub
gedirlər. Övladdan imtinanın digər səbəblərindən
biri də qanunsuz doğulma halları ilə
bağlıdır. “Qadınlar var ki, övlad
üçün burnunun ucu göynəyir, qadınlar da var ki,
Allahın verdiyi paydan nankorcasına imtina edirlər. Bu,
çox dəhşətli və insanlığa
sığmayan bir haldır. Sağlam şüura malik olan ana
heç vaxt öz uşağından imtina etməz. Yalnız
psixi xəstə olan analar uşaqlarını atırlar və
sonradan bu heç onların yadlarına da düşmür. Bu
fikir normal instinktə malik olan analara aid deyil. Xəstə
düşüncəli analar uşaqlarını dünyaya gətirdikdən
sonra adi bir əşya kimi küçələrə, zibil
yeşiklərinə, doğum evlərinin qarşısına
və s. yerlərə atıb gedirlər. Belə daşürəkli
qadınlar dünyaya gətirdikləri körpənin
sonrakı taleyini fikirləşmirlər”.
Sonrakı peşimançılıq
Bəzi analar sonradan
ağlını başına yığıb səhvini
düzəltmək -uşağına sahib olmaq istəsə də,
artıq gec olur. Çünki atılmış uşaq
anasını çox vaxt bağışlamır. Bəzən
də əksinə olur. Uşaq onu amansızcasına atan
anasını sonradan sevə bilir. Mütəxəssislər
bunu körpə uşağın çox xeyirxah olması,
güzəştə gedə bilməsi,
bağışlamağı bacarması ilə əlaqələndirirlər.
Hətta sərt şəraitdə tərbiyə olunan
uşaqlar da valideynlərinə yaxşı münasibət
göstərirlər. Psixoloqlar bildirirlər ki,
uşaqların bağışlamadığı yeganə
şey fiziki zorakılıqdır. Əvvəlcə belə
zorakılıqla qarşılaşan uşaq ağlayır,
onda depressiya yaranır. Vaxt keçdikcə o, bu
zorakılığa cavab vermək üçün imkan
axtarır. Hətta yaşıdlarından, oyuncaqlarından
qisas alır. Əlinə fürsət düşəndə
isə onun intiqamı dəhşətli olur. “Ananın öz
səhvini düzəltməsi üçün kimsə ona
uşağını sevməyi öyrətməlidir. Əgər
uşaq arzuolunandırsa, bütün səhvləri tənzimləmək
mümkündür”.
Mütəxəssislər
bildirirlər ki, bu məsələdə cəmiyyətdən
də çox şey asılıdır. Belə ki, ananı və
analıq hissini fəxri kürsünün üzərinə
qaldırmaq vacibdir. Bu isə təkcə ayrı-ayrı şəxslərin
yox, dövlətin də problemidir. Əgər cəmiyyət
yaşamaq, sağlam, xeyirxah nəsil almaq istəyirsə, anaya
ANA olmağa və bu hissi şərəflə yerinə yetirməyə
kömək etməlidir.
Məhərrəmova Təranə
Kaspi. -2010. -10 mart. – S.12.