Əli Həsənov:
“Bir məmurun həyatı bir dövlətin güzgüsüdür
”
“Hesab edirəm ki, gücüm çatan, imkanım yetən çərçivədə
dövlətimə, millətimə,
respublikama, liderimə,
prezidentimə və siyasi məktəbində formalaşdığım ümummilli
liderimiz Heydər Əliyevə xidmət göstərmişəm”
Martın 10-da 50 yaşı
tamam olan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov “Media forum” saytının
suallarını cavablandırıb.
Moskva Dövlət
Universitetinin məzunu olan Əli Həsənov tarix elmləri
doktoru, professordur. Prezident Administrasiyasında 1995-ci ildən
çalışır. 1996-cı ildən ictimai-siyasi
şöbəyə rəhbərlik edir. Martın 9-da dövlət
başçısı İlham Əliyevin
imzaladığı sərəncamla 1-ci dərəcəli “Vətənə
xidmətə görə” ordeni ilə təltif olunub.
- 50 ilk yubiley
yaşıdır. Dönüb arxaya baxanda nə
xatırlayırsınız?
- Arxada Azərbaycan dövlətinin
sınağa çəkildiyi kəşməkəşli
90-cı illər var, 1993-95-ci illərin hadisələri var. Hətta
1996-cı ilin ortalarına qədər Azərbaycan dövləti
çətin bir təhlükə dövrünü
yaşayırdı. Hər tərəfdən Azərbaycanın
üzərinə yeriyirdilər, iqtisadi, siyasi, sosial cəhətdən
tam böhrana düçar olunmuşduq. Ölkə daxilində
idarəedilməz bir mühit mövcud idi, cinayətkarlıq,
cəzasızlıq mühitində də meydan sulayan qüvvələr
var idi.
Mən o dövrü
yaşamışam. Ümummilli lider Heydər Əliyevin iradəsinə
söykənərək, onun ətrafında,
komandasının bir üzvü kimi Azərbaycan dövlətinin
keşiyində dayanmışıq və var
gücümüzlə, bütün iradəmizlə, həyatımızla
bu dövlət, dövlətçilik uğrunda mübarizə
aparmışıq.
Mənim yadımda qalan o
dövrün ən çətin günləri - 1994-cü
ilin oktyabr, 1995-ci ilin mart hadisələridir və onlar ətrafında
baş verən proseslərdir. “Əsrin müqaviləsi”nin
imzalanması dövründə - 1994-cü ilin sentyabr ayı ərzində
edilən çevriliş cəhdlərini, Heydər Əliyevə
qarşı sui-qəsdləri yaşamışıq. Belə
çətin günləri adlamışıq.
1996-cı ildən Heydər Əliyevin
dövlət quruculuğu prosesi başlayır. İctimai-siyasi
həyatda sabitlik yaradılması, dövlət quruculuğu
prosesinin bütün məqamları, anları mənim
gözlərimin qarşısında keçib. Daxili siyasətlə
məşğul olan bir məmur kimi Heydər Əliyevin daxili
siyasəti, dövlətçiliyin möhkəmləndirilməsi,
hüquqi dövlət quruculuğu prosesləri, qanunların
yeniləşdirilməsi, konstitusiyanın qəbulu, Azərbaycanın
bütün qanunvericilik fəaliyyətinin bu konstitusiyaya uyğunlaşdırılması,
yeni parlament seçkiləri, dövlət idarəçilik
sisteminin təkmilləşdirilməsi və dövlət idarəçiliyinin
müasir Avropa standartları səviyyəsinə gətirilməsi,
1998-ci ilin prezident seçkiləri, prezident seçkilərindən
sonrakı dövrdə Azərbaycanın daxili ictimai-siyasi həyatında
baş verən proseslərin hamısı mənim həyatımdan
keçib, 15 illik fəaliyyətimin ayrılmaz tərkib hissəsi
olub.
Sonrakı illərdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və bunun ətrafında
Heydər Əliyevin apardığı fəaliyyət gəlir.
Bütün bu fəaliyyətin öyrənilməsi, təhlili,
proqnozlaşdırılması, ermənilərin məqsədləri
və dünyada apardıqları anti-Azərbaycan təbliğatı,
ona qarşı tədbirlərin görülməsi, Azərbaycan
diasporunun təşkilatlandırılması və onun Azərbaycan
dövlətçiliyi ətrafında birləşdirilməsi
və bundan irəli gələn məsələlərin
hamısında iştirak etmişəm. Düşünürəm
ki, bacardığım qədər, qabiliyyətimin imkan
verdiyi dərəcədə dövlətimizə, millətimizə
xidmət göstərmişəm. Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasi xəttin reallaşdırılması, həyata
keçirilməsi üçün bütün
imkanlarımdan istifadə etmişəm.
Sonrakı -
üçüncü mərhələ Azərbaycan dövlətinin
inkişafı dövrüdür. 2000-ci ildən başlayaraq
neft müqavilələrinin, dövlətçiliyin bəhrə
verdiyi, Azərbaycan dövlətinin regionda yavaş-yavaş liderə
çevrildiyi, dünya siyasi xəritəsində özünəməxsus
yer tutduğu bir məqamda, əlbəttə, mən də rəhbərlik
etdiyim strukturun funksiyasını buna
uyğunlaşdırmışam, adaptasiya etdirmişəm və
cəmiyyət həyatının, vətəndaş cəmiyyəti
quruculuğu, demokratik dövlət quruculuğu, siyasi
plüralist cəmiyyətin yaradılması, bu istiqamətdə
Azərbaycanın beynəlxalq imicinin
formalaşdırılması, dünyada Azərbaycanın təqdim
və onun maraqlarının təbliğ olunması sahəsində
müəyyən işlər görmüşük.
2003-cü ildən Azərbaycanda
hərəkətli proseslər başladı, ümummilli
liderimiz Heydər Əliyev vəfat etdi. Həmin dövr eyni
zamanda 2003-cü ilin prezident seçkiləri, cənab
İlham Əliyevin prezident seçilməsi və ondan
sonrakı inkişaf dövrüdür. Bu dövrdə də
mən rəhbərlik etdiyim strukturla birlikdə idarəçiliyə
uyğunlaşmışıq, özümüzü,
quruluşumuzu və rəhbərlik etdiyim sahənin
bütün fəaliyyətini yeni idarəçilik sisteminə
adaptasiya etdirmişik və fəaliyyət göstərmişik.
15 ildir ki, Azərbaycan
dövlətinə bilavasitə bir məmur kimi xidmət
göstərirəm. Ondan əvvəl təxminən 5 il Heydər
Əliyevin ətrafında olmuşam və Yeni Azərbaycan
Partiyasının quruculuğunda iştirak etmişəm. Hesab
edirəm ki, gücüm çatan, imkanım yetən çərçivədə
dövlətimə, millətimə, respublikama, liderimə,
prezidentimə və siyasi məktəbində formalaşdığım
ümummilli liderimiz Heydər Əliyevə xidmət göstərmişəm.
Bu xidmətimin müqabilində cənab prezident dünən məni
1-ci dərəcəli “Vətənə xidmətə görə"
ordeni ilə təltif edib. Əlbəttə, bu məni daha da
ruhlandırır, bunu mənim bu illərdəki fəaliyyətimə
verilən qiymət kimi yüksək dəyərləndirirəm.
Bu məni gələcək fəaliyyətlərə bir
növ sövq edir. Bunu mən özümə və fəaliyyətimə
verilən avans kimi dəyərləndirirəm və hesab edirəm
ki, gələcəkdə bu ada layiq olmaq üçün var
gücümlə çalışacam.
- Sizin tərcümeyi-halınıza
baxanda məlum olur ki, 35 yaşınızdan Prezident
Adminstrasiyasında yüksək post tutmusunuz. Eyni zamanda elmlər
doktoru, professorsunuz. Bu tərcümeyi-halınızın
görünən tərəfidir, həyatınızda
uğursuzluqlar necə, olubmu?
- Əlbəttə, hər
bir insanın həyatında yalnız inkişaf olmur, müəyyən
neqativ proseslər də, uğursuzluq da, insanı qəmgin edən
ayrı-ayrı məsələlər də olur. Bir dövlət
məmuru kimi mənim həyatım Azərbaycanın həyatı
ilə bağlı olub. Dövlətimizin sevinci bir məmur
kimi məni də sevindirib. Onun müvəffəqiyyətləri,
eyni zamanda mənim müvəffəqiyyətlərim olub, həyatımın
müvəffəqiyyətinə çevrilib. Dövlətimizin
yaşadığı, düçar olduğu problemlər,
rastlaşdığı müəyyən neqativ hallar, o
cümlədən hansısa sahədəki problemlər mənim
də problemimə çevrilib. Əlbəttə, problemsiz həyat,
insan yoxdur.
Amma mən
çalışmışam ki, həyatımda daha çox o
şeyi yadda saxlayım, onun üzərində sonrakı
inkişafı qurum ki, bunlar sözün həqiqi mənasında
insana nikbin əhval-ruhiyyə gətirir, dövləti, milləti
gələcəyə səsləyir və onun
inkişafına xidmət edir. Əlbəttə, Azərbaycan
xalqının həyatında 1993-96-cı illərin çətin
məqamları, 1996-2000-ci illər sabitləşmə
dövrü və daxili mübarizədən irəli gələn
digər məqamlar bir məmur kimi mənim fəaliyyətimə
və şəxsi həyatıma da təsir göstərib. Mən
sadəcə olaraq bunları xırdalamaq istəmirəm. Bir məmurun
həyatı bir dövlətin güzgüsüdür. Dövlətin
həyatında baş verən bütün məsələlər
eyni zamanda həmin məmurun həyatından bir
qırmızı xətlə keçir.
- 15 ildir
ki, bir struktura
rəhbərlik edirsiz,
yorulmamısız? Elə
məqamlar olubmu ki, ruhdan düşəsiniz?
- İnsanın
şəxsi həyatına
qoyulan məhdudiyyətlər
daha çox məmur deyilən təbəqəyə aiddir.
Bu sanki elə bir aparatdır ki, onun işə
salınması və
söndürülməsi bilavasitə
onu vəzifəyə
təyin edən və fəaliyyətinin meyarını, məzmununu
müəyyən edən
rəhbərdən asılı
olur. O anlamda bizim şəxsi həyatımızın olmaması,
bütün günü
və bütün həyatımızı idarəçilikdə
keçirməyimiz, cəmiyyətin
gözü qarşısında
şəffaf həyat
yaşamağımız, insanların
gözü qarşısında
bütün ictimai-siyasi,
ailə və başqa həyatı qurmağımız, fəaliyyətimizin
göz önündə
olması insanda müəyyən məhdudiyyətlər
yaradır. Amma zaman-zaman insan buna öyrəşir, özünü, həyatını
heç bundan, bu çərçivədən
kənarda təsəvvür
də etmir. İndi bizim həyatımızda yaranmış
çərçivəni mən
Azərbaycan ailəsinin
nümunəvi həyatı
hesab edirəm. Düşünürəm ki,
ən yaxşı həyat belə ola bilər. Bəlkə də bundan maraqlı həyat var, bəlkə də ayrı-ayrı şəxslərin,
iş adamlarının,
ziyalıların, yazıçıların,
şairlərin, sərbəst
adamların, elm-təhsil
adamlarının həyatı
bizimkindən daha maraqlıdır. Amma bizim üçün bir məmur olaraq çərçivəli
həyat formalaşıb
ki, bundan başqasını bilmirik
və bunu ən yaxşı həyat hesab edirik.
Ona görə
də, düşünmürəm
ki, yorulmuşuq. 50 yaş insanın fəaliyyətinin çiçəklənən
dövrüdür. Bütün
qayğılardan azad olunan, fəaliyyətinin daha məhsuldar dövrüdür. Hesab edirəm ki, mənim məhsuldar fəaliyyətim hələ
yeni başlayır və bundan sonra həm elmimizə, həm də dövlət qulluğuna mühüm tövhələr verəcəm.
- Yubileyi
kimlə qeyd etdiniz?
- Tələbə
yoldaşlarımla.
- Müxalifət
düşərgəsindən sizi təbrik edən olubmu?
- Hələ ki, yox.
Yalnız qəzetlər təbrik edib.
Əlizadə İmdad
Kaspi. -2010. -11 mart. – S.3.