Əcaib arzu
Qəlbimə bir əcaib arzu dolmuşdu. Mən builki Yeni il
gecəsini çöldə,
küçədə, şəhərin
mərkəzində, nə
isə axırı ki, açıq havada keçirtmək istəyirdim. Bilmirdim, haradan gəlmişdi bu fikir ağlıma,
amma gəlmişdi. Bəlkə keçən
il əlimdə bir qədəh portağal şirəsi atəşfəşanlığa pəncərədə tamaşa
etdiyimdənmi, birdən
birə mən də o qələbəlik
arasında olmaq içimdən keçirtmişdim,
amma mənə açıq havaya çıxmaq olmazdı, həkim belə demişdi, möhkəm soyuqdəyməm vardı.
Ona görə bu ilki bayramı
keçən ilki bütün xəstəliklərin
acığına açıq
havada keçirmək
istəyirdim. Odur ki, tələsik şam yeməyimizi yeyib, şəhərə
getmək istəyirdim.
Amma həyat yoldaşım narazılığını
bildirdi. Mən də o ki var,
qadın məxluqatına
xas bütün şirin dilləri işə salıb, onu yola gətirməyə
çalışdım. O, mən gözlədiyimdən
tez təslim oldu. Bəlkə də razılaşmayacağı
halda, mənim mısmırığımı yer süpürəcəyini
əvvəlcədən göz altına alıb, yeni il gecəsini
belə “üzlə” qarşılamaq istəmədi.
Uşaq kimi sevinirdim. Amma bir şərti vardı. 1 saata gedib qayıdasıydıq.
Tezcənə razılaşdım.
Təki getmək olsun. Qayıtmağa sonra baxarıq. Sevincək maşına minib, şəhərin mərkəzinə, daha doğrusu, Bulvara tərəf yollandıq. Aman Allah, evdə oturmuşuq, elə bilirik hamı evdədir, bayıra çıxırsan görürsən
hamı küçədədir.
Bakı elə bil yeni il
gecəsi çox içib, keflənmiş,
sonra da içdiyini, yediyini Bulvara adam şəklində
qusmuşdu. Qusulmuş
adamlarla dolu idi, bulvar, azneft
meydanı, sahil metrosu ətraf. Çoxu da qara paltarlı, qara gödəkçə,
qara palto, qara şubalar, elə bil hamı
“Qara geyimli adamlar” filmindən tökülmüşdülər. Bəzi cavan-cuvanın başındakı şaxta
baba papağı olmasaydı, bayram əhval ruhiyyəsi heç nədən hiss olunmurdu. Hətta Azadlıq meydanındakı
bəzədilmiş yolka
da bayram təəssüratı vermirdi.
Ümumiyyətlə, builki
yeni il elə
bil tez gəldi,
il tez qurtardı,
adamlar köhnə ildən doymayıb, onu buraxmaq istəmirdilər.
Hamıda bayram həvəsi yox, sadəcə bu günü də birtəhər başa vurmaq həvəsi görünürdü. Əvvəllər
anamdan eşitmişdim
ki, Sovet vaxtlarında dekabrın birindən başlayaraq insanlar bir-birlərini yeni il bayramı
ilə təbrik edirmişlər. Mən ayın 30-u olmasına baxmayaraq belə, çox az insanın
bir-birlərilə bayramlaşdığını
gördüm. Bəlkə
bu bayramların çoxluğundandır, Qurban
bayramı, Novruz bayramı, 8 mart, 9 may, 28 may, 26 iyun,
müstəqillik, konstitusiya,
gül bayramı hələ bir bayraq bayramı da əlavə olundu. Hətta bir iş yoldaşımın
digərinin bayramını
təbrik edəndə
“hansı bayramımı
təbrik edirsən”, deyə soruşduğunun şahidi olmuşam. Yəni insanlar bayramların sayını
itirib, ona görə də bayramlar gözdən düşüb. Elə Yeni il kimi.
Nə isə,
birtəhər bulvara çatdıq. Bu il bulvarda yeni il
ilə əlaqədar
buz meydançası düzəltmişdilər. Sahəsi
kiçik olsa da, sürüşməyə
imkan olmadı. Elə bilərsiniz, növbəyə görə,
əsla, sürüşməyə
növbə deyil, tamaşa etməyə növbə var idi. Deməli, meydançada 3-4 nəfər
yeniyetmə qızlar sürüşürdü. 200-ə yaxın adam da meydança boyu dövrə vurub, onlara tamaşa
edir, hər onlar büdrəyib yıxılanda da alqış səsləri,
“oha, aha, maşallah, bərəkallah” kimi nidalar göyə yüksəlirdi. Uzaqdan bir səsləri eşidəndə elə bilmişdim ki, çox gözəl sürüşənlər var,
yəqin 3 qat havada salto vuran
insanları belə alqışlayırlar, amma
yox, bura Azərbaycandır, xaricdə
3 qat salto vuranları, burda isə yıxılanları
sürəkli alqışlayırlar.
Yoldaşım sürüşmək
istəyirdi. Bu mənzərəni
görəndən sonra
fikrindən vaz keçdi. Mən isə zarafat salıb, dedim: “Nə olar sürüş,
yıxıl, qoy sənə də əl çalsınlar, sən də özünü əsl ulduz kimi hiss elə”. O, da mənə sakitcə “başqa vaxt” deyib, oradan uzaqlaşdıq.
Fikirləşdik, bəlkə
bir az uşaqlığımızı
yada salıb, karusellərdə yellənək.
Bizim istədiyimiz daha əyləncəli karusellər Dəniz vağzalına tərəfə
yaxın idi. 1 saata piyada ora
çatdıq. İnsan
axını üstümüzə
gəlirdi. Onları yara-yara keçmək vaxt aparırdı. Birtəhər də olsa, bu yolu
qət etdik. Amma yenə arzumuz ürəyimizdə
qaldı. Hər karuselin qarşısında
30-40 nəfərdən ibarət
uzun növbə vardı. Bu insanın olan- qalan həvəsini
də öldürürdü.
Fikirləşdik, heç
olmasa, şəkil çəkdirək, yaxşı
ki, bu planımız
heç olmasa, asanlıqla başa gəldi. Yenə maşınımızın saxlandığı
yerə tərəf üz tutduq. Başqa əlacımız
yox idi, gəzmək planlarımı
tamamilə korlanmışdı.
Əməlli başlı
pərt olmuşdum. Mən çöldə baram keçirməyi bu cür təsəvvür
etmirdim. Hava soyuq, adamları yara-yara keçməkdən
yorğun, çəkmələrim
də bir tərəfdən məni
sıxırdı. Qrup
halında gəzən
avaraların hələ
adamların ayaqlarının
altına atıb, partlatdıqları zəhrimarları
demirəm. Diksinməkdən
əsl çildağlıq
olmuşdum. Amma cınqırımı da çıxarmırdım. Çünki
yoldaşım onsuz da gəlməyə razı deyildi. Yoxsa yenə başlayacaqdı, məşhur
monolqunu: “ Axı mən sənə demişdim”.
Birdən dayandım,
yoldaşımdan saatın
neçə olduğunu
soruşdum. Saat 12-ni vuranda mütləq gülümsəməliyik, yoxsa
bütün ili qaş-qabaqlı keçirdərik.
Bunu elə əminliklə söylədim
ki, özüm də inandım. Amma saatını taxmağı unutmuşdu,
telefonu isə sönmüşdü. Yaxşı
ki, qarşıda saatı göstərən
qüllə görsəndi.
Anidən. Və saat düz 23.59. Və gözlənilən,
gözlənilməyən – 00:00 - Bulvara bir neçə saniyəlik sükut çökdü. Doğrudan
da dərin sükut, hətta saatın saniyələri belə getmirdi. Və başladı, qışqırıq səsləri,
bu insanların guya ki, sevinc
nidaları idi. Mən isə yoldaşımla üzbəüz
dayanıb, sadəcə
gülümsəyirdik. Sadəcə
təbəssüm. İlk
tanış olduğumuz
gündəki kimi. Mənsə, bu arada vəziyyətdən istifadə edib, saysız-hesabsız arzular
siyahısını tez-tez
sadalayırdım, bu olsun, o olsun, o birisi olsun. Həmişəki
kimi qadının arzuları bitmək bilmir, həmişə deyirdim, sevəcəyim insanı tapım, dünyada heç nə istəməyəcəm,
amma yalan imiş, onu tapdım da, ailə də qurdum, amma istəklərim
nəinki azalmadı, hətta artdı da.
Axır ki, maşına çatıb,
evə tərəf üz tutduq. Çox yorulmuşdum. Digərlərini bilmirəm,
mən yeni ili əcaib arzuma çatmaqla keçmişdim. Bu boyda həngamədən sonra...
Əmin idim ki, bütün arzularıma da belə çatacam.
Yenə də sarsılmaz qadın optimizmi...
Eminli Günel
Kaspi. -2010. – 11 mart. – S.13.