Təcili Tibbi Yardım xidmətində 1 il işləmək 3 il ömürə bərabərdir 

 

47 ildir Təcili Tibbi Yardım xidmətində çalışan Saniyə Rəhimova: “Sovet dövründə tıxac olmurdu, yollar boş idi. Amma getməyə maşın tapmırdıq. İndi hər şey var, yol yoxdur”

“Təcili Tibbi Yardım xidmətində çalışanların işi minaxantaranların işinə bərabərdir və hər an nə baş verəcəyi bəlli olmaz. Burada 1 il işləmək 3 il ömürə bərabərdir. Ona görə də 47 illik iş təcrübəsi olan Saniyə xanımın 120-dən cox yaşı var”. Bu sözləri Bakı Şəhər 8 saylı Köməkçi Təcili Tibbi Yardım stansiyasının baş həkimi Nazim Hümmətov stansiyanın səyyar həkimi, səhiyyə əlaçısı, müxtəlif illərin fəxri fərman və diplomları ilə təltif edilən ali dərəcəli həkim Saniyə Rəhimova haqqında deyir. Bu illər ərzində iş başında yaşadıqları barədə isə Saniyə xanımın özü danışır:

 

 

KİMİSİ QAPINI AÇIB QƏBUL EDİR, KİMİSİ SÖYÜŞLƏ YOLA SALIRDI

 

-Təcili tibbi yardım xidmətində işləmək istəyən şəxs ilk növbədə hansı xüsusiyyətlərə malik olmalıdır?

-Amerikada təcili tibbi yardım xidmətinə işə qəbul edilərkən bir neçə parametrə diqqət yetirilir. Testlə insanın zərərçəkənə, ehtiyacı, ağrısı olan adama, iztirab çəkənə yardım etmək istəyi, səmimiliyinin olub-olmaması yoxlanılır. Əgər bu istək, meyil, həvəs daxildən gəlirsə, onu işə qəbul edirlər. Yəni bu sahədə çalışanın ilk növbədə bu istəyi olmalıdır. Təcili yardım xidmətində işləmək çox təhlükəli, ağır, mürəkkəb, eyni zamanda da çox maraqlı işdir. Burada işləyən şəxs təcrübəli, çevik, həm də hər şeyə dözümlü olmalıdır. Təcili yardım strateji obyektdir. Biz həmişə müxtəlif xasiyyətli, hətta təhlükəli insanlarla qarşılaşırıq. Təhlükə bizim özümüz üçün də qaçılmaz olur. Təcavüzlərə də tez-tez təsadüf edilir. Ona görə də təcili tibbi yardım sahəsində çalışan şəxsin sinir sistemi möhkəm, savadı isə güclü olmalıdır. Çünki əsas iş 5-10 dəqiqə içərisində xəstənin taleyini həll etmək, xəstəliyi üzə çıxarıb düzgün diaqnoz qoymaq, ona vaxtında yardım göstərib xəstəxanaya çatdırmaqdır. Belə bir şəraitdə yalnız möhkəm xarakterə malik adamlar uzun müddət işləyə bilir. Dözümsüzlər gedir, dözümlülər isə qalır. Ümumiyyətlə, 60-70-ci illərdə təcili yardım xidmətində işləmək çox çətin idi. Gün ərzində 500-600 çağırış  olurdu. Maşınlarsa çatışmırdı. “Volqa”, “Zim” kimi xərəksiz maşınlardan istifadə edirdik. Ən dəhşətlisi o idi ki, “Samosval 51” kimi üstüaçıq yük maşınları ilə işləyirdik. Maşınların da hamısı sınıq-salxaq idi. 2-3 saatlarla gecikmə ilə 5-6 çağırışa gedirdik. Kimisi qapını açıb qəbul edir, kimisi söyüşlə yola salırdı. Bu maşınlarla şəhərin küçələrindən keçib xəstəyə yardım göstərmək çox çətin idi. O vaxtlar təcili yardım xidməti ancaq mərkəzdə – Bakıxanov-42-də  yerləşirdi. Hər gün biz bir briqada Artyoma gedib işləyirdik. İşimiz çox qaynar idi. Bir sutka işləyir, bir sutka evdə olurduq. Həkim çatışmayanda işə çağırılırdıq. Hadisələr baş verəndə orada çağırılmadan hamımız iştirak edirdik. Sonradan çağırışların çoxluğuna görə 19 köməkçi yardım stansiyası yaradıldı. Amma yenə də maşınların olmaması, təchizat, xəstə yanına gecikmə ilə çatmaq məsələsində vəziyyət olduğu kimi qalırdı. Bütün təhlükələrə və çətinliklərə baxmayaraq, mən öz sənətimi, işimi çox sevirəm. Təcili yardım xidmətindən kənara çıxmaq üçün çoxlu şanslarım olub. Amma işimi sevdiyim üçün bu sahədən ayrılmamışam. 38 il təkər üstündə olmuşam. O müddətdə uşaq intensiv terapiyasında işləmişəm. Sonra məsul həkim, böyük həkim və s. kimi çalışmışam.

 

 

14 YAŞLI OĞLANIN FACİƏSİ

 

-47 illik iş təcrübənizdə yaddaşınızda iz buraxan ən gülməli və ən qəmli hadisə nə olub?  

- İşlədiyim müddətdə çox hadisələrlə üzləşmişəm. Onları yadıma salanda həmişə kövrəlirəm. Amma ən dəhşətlisi 14 yaşlı oğlanla bağlıdır. Bunu həmişə ürək ağrısı ilə deyirəm, o hadisəni heç cür yadımdan çıxara bilmirəm. Qarabağ müharibəsi başlanan ərəfələrdə Qasım İsmayılov 130-da akademik Əlizadənin nəvəsi, 14 yaşlı oğlan uşağının əlində əl qumbarası partlamışdı. Çağırış yerinə gələndə çox dəhşətə gəldim. Hadisə ikinci mərtəbədəydi. Uşaq evdə tək olduğundan qapı da bağlı idi. Onların qapısından xərəyi çıxarmaq qeyri-mümkün idi. Xəstəni mələfə ilə xərəyə bağladım. Qonşuların köməkliyi ilə onu yan üstə dal qapıdan çıxardıq. Mənzərə gözlərimin qabağından getmir. Uşağın döş qəfəsi yox idi, qarın boşluğu partlamışdı. Bir əli biləkdən amputasiya olmuşdu. O biri qolu isə çiyindən yox idi. Ürək açıq döş qəfəsində çabalayırdı. Onu təcili yardım stansiyasına gətirdim. Stansiyanın cərrahiyyə şöbəsində xahiş etdim ki, “mənim sinir sistemim möhkəmdir. İcazə verin, mən də əməliyyatda iştirak edim”. Əməliyyat 2-3 saat çəkdi. Amma uşaq tələf oldu. Bir hadisə də çox yadımda qalıb. Mən Salyan Hərbi Kazarmasının qabağında yaşayıram. 20 Yanvar hadisələri baş verəndə evdə idim. Gülləbaran, hay-küy səslərini eşidəndə qeyri-iradi olaraq evdən çıxdım. Bizimlə qonşu binada 26 yaşlı Əfqanıstanda əlil olan cavan oğlan yaşayırdı. O da pəncərədən səsə çıxmışdı. Gözümün qabağında boş güllə onun boğazından keçib boynundan çıxdı. Qonşulardan birinin maşınına qoyub onu təcili yardıma apardım. Amma çatdıra bilmədik, yarı yolda keçindi. Həmişə elə bilirəm ki, oğlan yenə də pəncərədə dayanıb. Yenə də həmin günlərdə Mətbuat prospektində “Ovçular Evi”nin yanından bir yaralı aparırdıq. Küçələrdə atışma idi. Sürücüyə dedim ki, xəstə ağırdır, saxlama, sür. Sürəndə güllə atdılar, sürücünü ayağından yaraladılar. Köməyə gələnlərlə birgə onları xəstəxanaya çatdırdıq.

-Bəs gülməlı situasiyaya düşmüsünüz?

-Gülməli vəziyyət isə narkomanlarla bağlı olurdu. 60-70-ci illərdə həqiqətən də narkomanların sayı çox idi. Onlar özlərinə narkotik vurdurmaq üçün müxtəlif adlar altında tez-tez çağırış edərdilər. Hamımız bilirdik ki, getdiyimiz ailədə narkoman var. Narkotik tələb edərdilər. Bu zaman dava düşürdü. Məsələn, yalandan deyirdilər ki, filan yerim ağrıyır, mənə narkotik vur. Bəzilərimiz gülə-gülə çıxırdıq ki, pediatrda narkotik nə gəzir?

 

 

HEÇ KİM BİZƏ YOL VERMİR

 

- Çağırış zamanı neçə dəqiqəyə hazırlaşırsınız?

- Biz həmişə hazır vəziyyətdəyik. Şükürlər olsun ki, indi vəziyyət tamam dəyişib. Dispetçer çağırış gələn kimi qəbul edir, xəstənin vəziyyətini, çağrılma səbəbini çağırış vərəqəsinə yazır. Vərəqə yazılmazdan əvvəl briqadanı çağırır. Briqada da hazır vəziyyətdədir. Çünki hər kəs öz növbəsini gözləyir. Bir-iki dəqiqə ərzində maşın stansiyadan çıxır.

- Əksər ölkələrdə təcili yardım maşınlarının sərbəst hərəkəti üçün yollarda xüsusi xətlər mövcuddur. Azərbaycanda isə bu prinsip gözlənilmir. Bu, yollarda hərəkətinizə mane olmur?

- Bayaq danışdığım uşağın xəstəxanaya çatdırılmasını misal çəkim. «Nizami» metrosunun arxasından təcili yardım xəstəxanasına qədər cəmi 3-4 dəqiqəlik yoldur. Amma bu yolu getməyə biz gecikirdik. Maşının qapısını açıb əl-qolla qışqırırdım ki, bizə yol versinlər. Axırda məcbur olub qayçı ilə paltarımdan bir parça kəsib, əlimlə yelləməyə başladım. İndi də sürücülərlə bağlı vəziyyət çox çətindir. Heç kim yol vermir. Digər tərəfdən, siqnal versən də, tıxacda dayanan qabaq maşınlar yol açılması üçün hara getsinlər? Belə hallarda gecikmə olur. Başqa ölkələrdə fövqəladə, polis, təcili yardım xidmətləri üçün xətlər olsa da, bizdə bu, yoxdur. Tıxacdan xəstələrin evinə gedə bilməməyimizi nə üçün bizim gecikməyimiz kimi qəbul edək? Biz vaxtında çıxırıq. Xəstənin evinə zəng edirik ki, tıxacdayıq, gələ bilmirik. Sovet dövründə tıxac yox idi, yollar boş idi. Amma getməyə maşın yox idi. İndi isə hər şey var, yol yoxdur.

- Gecikmələriniz cox olur?

- 3-5 dəqiqə gecikmə hesab edilmir. Ümumiyyətlə, təxirəsalınmaz və təcili yardım xidmətlər üçün gecikmənin hesablanması fərqlidir. Təxirəsalınmaz yardım üçün 2 saat ərzində getmək olar, amma bizdə burada da gecikmə olmur.

- Gün ərzində neçə dəfə çağırışa gedirsiniz?

- Sovet vaxtlarında 500-600 çağırış olurdu. Gün ərzində 25-30 çağırışa gedərdik. İndi isə gecə-gündüz 50-90 çağırış olur. İş saatımız 12 saatdır. Bu müddət ərzində isə 6-8 çağırışa gedirik.

-Yalançı çağırışlar olur?

- Yalançı çağırışlar qabaqlar həqiqətən də həddindən artıq çox olurdu. Uşaqlarla bağlı çağırışlarda yalan az, amma böyüklərlə bağlı çox olurdu. Gedirdik, ətrafdakılardan təcili yardımın kimin çağırdığını soruşanda “burada xəstə yoxdur” deyirdilər. Hal-hazırda belə çağırışların sayı azalıb.

-Hansı mövsümdə çağırışlar artır?

-Çağırışlar qrip epidemiyaları olan zaman, mövsüm dəyişəndə çoxalır.

 

 

ŞƏHƏRDƏ ELƏ BİR QAPI OLMAYIB Kİ, ORA GETMƏMİŞ OLUM

 

-Sizcə, təxminən 47 il ərzində neçə ünvanda olmusunuz?

- Şəhərdə elə bir qapı olmayıb ki, ora getməmiş olum. Hal-hazırda bütün ünvanları məndən soruşurlar. Getdiyim qapının rənginə qədər hər şey yadımdadır.

- Təcrübənizdə ünvanı səhv saldığınız vaxt olub?

- Xeyr, məndə olmayıb.

-Olubmu ki, çağırışa getdiyiniz ünvanda öz halınız pisləşsin?

- Halımın ən pisləşdiyi məqam bayaq danışarkən ağladığım o hadisə ilə bağlıdır. Nəyə görə ağlayıram? 14 yaşlı oğlanın tələf olmasını unuda bilmirəm. Bütün cəhdlərə baxmayaraq, zəhmətim hədər getdi. Məni yandıran odur ki, heç olmasa, uşaq sağ qalardı. Çox vaxt çağırışlarda xəstəni ümidsiz vəziyyətdə görəndə mənə çox pis təsir edir. Düzdür, hamını başa salmağa çalışırıq. Amma fikirləşirsən ki, artıq bir insanın ömrü bitir.

-Özünüz təcili tibbi yardımın xidmətindən istifadə etmisiniz?

- Xeyr, özümə lazım olmayıb. Mən təcili yardımı ancaq qonşular üçün çağırmışam.

- Elə məqam olub ki, sizdən kömək gözləyən insana yardım etməkdə aciz qalasınız?

- Acizlik çəkməmişəm. Çünki birincisi, bu, insan taleyidir. İkincisi, özüm də anayam. Mən heç vaxt uşaqlara qarşı biganə olmamışam, ola da bilmərəm. 

- İstirahət etdiyiniz yerlərdə sizdən yardım istəyənlər olub?

- Hara getsəm də, istirahətə da həmişə özümlə dərman aparıram. Dərmansız heç yerə gedə bilmərəm. Qızlarım universitetdə oxuyan zaman Qubanın Nügədi kəndində düşərgədə idilər. Hər şənbə-bazar onlara baş çəkirdik. O vaxtkı Xalq Təsərrüfatı İnstitunun düşərgəsi də onlara qonşu idi. Düşərgələrə həmişə həkim briqadası təyin olunsa da, nədənsə bu düşərgələrin heç birində həkim yox idi. Qonşu düşərgədə Vaqif adlı oğlanın 1 yaşlarında əkiz oğlanları var idi. Orada uşaqların doğum gününü qeyd edirdilər. Uşaqlar zəhərlənmişdi. Hay-küy düşdü. Bizim düşərgədən həkim axtarmağa gəldilər. Mən getdim. Uşaqları gecə ilə Qubada xəstəxanaya gətirdik. Xəstəxanada həkim tapa bilmədik. Feldşer həkimi evindən çağırıb gətirdi. Orada da uşaqlara yardım göstərdilər. Sonra uşaqların hər ikisini maşınla Qarayev xəstəxanasına gətirib təhvil verdim. Minnətdarlıq edən Vaqif əlaqə saxlamaq üçün nömrəmi götürdü. Amma xəbər gəlmədiyi üçün 2-3 gündən sonra Xalq Təsərrüfatı İnstitutuna zəng edib özüm maraqlandım. Dedilər ki, uşaqların hər ikisi tələf olub. Bu hadisə də yaddaşımdan cıxmır.

 

MƏNİ HƏMİŞƏ, HƏR DƏQİQƏ, HƏR SANİYƏ YAD EDİRLƏR

 

- Adınızı ilk dəfə eşidəndə düşündüm ki, onunla işiniz arasında bir bağlılıq var. Sizdən ümid gözləyənlərə də təcili olaraq saniyələr içində yardım etməlisiniz. Bəlkə adınız gələcək işinizi müəyyənləşdirib?

- Adım ərəb adıdır, ikinci deməkdir. Lənkəranda dünyaya gəlmişəm. Anamın ikinci övladı olmuşam. Babam Quranı açanda Saniyə gəlib. Ölməz, həmişə yaddaqalan addır. Deyirəm ki, məni həmişə, hər dəqiqə, hər saniyə yad edirlər. Hər saniyə öz adımı eşidirəm. Bununla fəxr edirəm. Düzdür, çox nadir addır, amma mənim xoşuma gəlir. Həm də işimlə birbaşa əlaqəsi olan addır.

 

 

Həqiqət Qismətqızı

 

Kaspi. -2010. – 12 mart. – S.12.