Neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi göz qabağındadır” 

 

Rövnəq Abdullayev: “Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası milli iqtisadiyyatın dirçəlişinin əsasını təşkil edir”

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Yeni Azərbaycan Partiyasının saytına müsahibəsini ixtisarla təqdim edirik.

- Rövnəq müəllim, ilk olaraq istəyirik ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının dövlətimiz və xalqımız üçün əhəmiyyəti barədə fikirlərinizi bildirəsiniz…

- Bu barədə danışarkən, ilk növbədə qeyd etmək lazımdır ki, hazırda əldə etdiyimiz bütün uğurlarımızın başlanğıcı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qalibiyyətli neft strategiyası ilə qoyulmuşdur. Ötən illər ərzində yeni neft strategiyasının prinsipləri əsasında transmilli şirkətlərlə ümumilikdə 26 saziş imzalanmışdır. Bu gün 14 Hasilatın Pay Bölgüsü Sazişi üzrə dünyanın 14 ölkəsini təmsil edən 24 neft şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu müqavilələrin hər biri Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir. 2002-ci il sentyabrın 20-də Azərbaycanın neft nəqli sisteminin şah damarı sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası qoyulmuş, 2006-cı ildə isə kəmər istismara verilmişdir və o vaxtdan indiyədək Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və davamlı ixrac olunmasında əvəzedilməz rol oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, “İndi bütün dünya üçün aydındır və hamı bunu etiraf edir ki, Bakı-Tbilisi-Ceyhanın əsas memarı Azərbaycandır. Daha doğrusu, Heydər Əliyevdir. Onun neft strategiyasıdır.”

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Heydər Əliyevin neft strategiyası çərçivəsində iri neft şirkətlərinin ARDNŞ-lə apardıqları müştərək tədqiqatlar, kəşfiyyat-axtarış işləri nəticəsində bir sıra yeni neft və qaz yataqları üzə çıxarılmışdır. Bunlardan biri də “Şahdəniz” yatağıdır. “Şahdəniz” dünya dənizlərində indiyədək aşkarlanıb istismara verilmiş ən böyük qaz-kondensat yatağıdır. “Şahdəniz” qazının Avropaya nəqli məqsədi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası reallaşmışdır. Beləliklə, böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası təkcə Azərbaycanı deyil, Gürcüstanı, Xəzəryanı ölkələri də Avropanın maraq dairəsinə daxil etmişdir.

- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin enerji resurslarının diversifikasiyası ilə bağlı həyata keçirdiyi siyasət dərinləşməkdədir. Bu siyasət ölkəmizin enerji bazarında mövqeyinin yüksəlməsi üçün hansı yeniliklər vəd edir?

- Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün beynəlxalq tribunalarda çıxışlarında, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələrində dəfələrlə bəyan edib ki, ölkə iqtisadiyyatının inkişafına nail olmaq üçün zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan enerji resurslarının nəqlində diversifikasiya siyasətini genişləndirməyə üstünlük verir. Avropanın enerji təminatı üçün nəzərdə tutulan layihələr istehlakçı və tranzit dövlətlərinin Avropaya inteqrasiya olunmasında böyük əhəmiyyət daşıyır. Bu gün Xəzər hövzəsində, Mərkəzi Asiyada hasil edilən karbohidrogenlərin Avropaya çatdırılmasına yönəldilən layihələr olduqca aktualdır. Həm zəngin karbohidrogen ehtiyatları, həm də əlverişli coğrafi imkanlarına görə bu layihələrdə Azərbaycana aparıcı rol ayrılmışdır. Doğrudur, bu gün Azərbaycanın 7 neft-qaz ixrac boru kəməri fəaliyyət göstərir və bu kəmərlər vasitəsi ilə ölkəmizdə hasil olunan karbohidrogenlər dünya bazarlarına təhlükəsiz nəql edilir. Lakin dünyada, xüsusilə Avropada enerjiyə olan tələbatın durmadan artması Azərbaycanı yeni-yeni ixrac marşrutları variantlarını nəzərdən keçirməyə sövq edir və bu istiqamətdə ölkəmiz öz potensialına tam arxayındır.

- Sizcə, uğurlu neft strategiyası iqtisadi inkişafın Azərbaycan modelinin formalaşmasında nə dərəcədə rol oynayır?

- Ümummilli Lider Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, “Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur. Bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə, qənaətlə, hər bir ölkə vətəndaşının mənafeyi naminə istifadə olunmalı, israfçılığa yol verilməməlidir”. Azərbaycan dövləti bütün iqtisadi fəaliyyətində bu konseptual fikirlərə dərin sədaqətini nümayiş etdirir. Qeyd etməliyəm ki, Azərbaycanın son illərdə əldə etdiyi böyük iqtisadi uğurların mühüm səbəblərindən biri də neft gəlirlərinin düzgün və səmərəli idarə edilməsi və bu sahədə şəffaflığın təmin olunmasıdır. İndiyədək “Əsrin müqaviləsi” və digər neft-qaz sazişləri çərçivəsində xarici şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatına 38 milyard ABŞ dollarından artıq bir məbləğdə sərmayə yatırılmışdır. Bu gün hökumətin neftdən əldə olunan gəlirləri iqtisadiyyatın digər vacib sahələrinə yönəltməsi göz qabağındadır. Qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin yaradılması, ölkədə minlərlə yeni iş yerlərinin açılması, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi iqtisadi inkişafın əsasını təşkil edir.

- Azərbaycanda yeni neft emalı müəssisələrinin tikintisi və neft-qaz kompleksinin yenidən qurulması ilə bağlı hansı tədbirlər görülür?

- ARDNŞ bu gün ölkəmizin neft məhsullarına tələbatını tam ödəməyə imkan verən emal kompleksinə malikdir. Bu kompleks həmçinin xaricə əhəmiyyətli həcmlərdə neft məhsulları ixrac etmək iqtidarındadır. Emal zavodlarımızda istehsal olunan yanacaq növləri artıq AVRO-2 standartına tam uyğunlaşdırılmışdır. Hazırda emal müəssisələrimizdə AVRO-3 standartına keçidlə bağlı zəruri təkmilləşdirmə tədbirləri həyata keçirilir. Lakin məlumdur ki, emal zavodlarında istismar edilən qurğuların böyük hissəsi artıq köhnəlmiş, fiziki və mənəvi cəhətdən “qocalmışdır”. Digər tərəfdən, ARDNŞ-nin neft emalı zavodları şəhərin içərisində yerləşir ki, bu da ekoloji nöqteyi-nəzərdən məqsədəuyğun sayıla bilməz. Hazırda ARDNŞ-də neft-qaz emalı və neft-kimya sənayesinin inkişafı üzrə dünyanın aparıcı şirkətləri ilə birlikdə konseptual təqdimatın hazırlanması üzərində gərgin iş aparılır.

- ARDNŞ xarici ölkələrdə neft və yanacaq komplekslərinin, müəssisələrin yaradılması ilə əlaqədar nə kimi proqramlar həyata keçirir?

-Qonşu Türkiyə və Gürcüstandakı layihələr barədə ictimaiyyətə vaxtaşırı məlumat verilir. Türkiyədə həyata keçirilən sərmayə proqramına əsasən, ARDNŞ “SOCAR-Turcas” alyansı tərkibində qardaş ölkənin ən iri neft-kimya müəssisəsi olan “Petkim” şirkətinin idarəçiliyini həyata keçirir. Şirkətin idarəçiliyinə veriləndən ötən müddət ərzində “Petkim” Türkiyə bazarında mövqeyini daha da gücləndirmişdir. Bu holdinq əsas etibarı ilə etilen, polietilen, polivinilxlorid, akrilonitril və s. kimi kimya məhsullarının istehsalı ilə məşğul olur. “Petkim”in xammalla fasiləsiz və etibarlı təchizatı məqsədilə ARDNŞ holdinqin nəzdində yeni neft emalı zavodunun tikintisini planlaşdırır. Artıq zavodun texniki-iqtisadi əsaslandırılması üzərində iş başa çatmışdır. Belə bir zavodun inşa olunması “Petkim”in məhsuldarlığını artırmaqla yanaşı, ARDNŞ-nin istehsal etdiyi neft məhsullarının Türkiyə bazarına daha sürətlə daxil olmasına imkan yaradacaqdır.

Qonşu Gürcüstandakı investisiya layihələrimizdən danışarkən ilk növbədə Kulevi Qara Dəniz Terminalını qeyd etməliyik. Sevindirici haldır ki, Terminal yüksək səviyyədə fəaliyyət göstərir. “Moody International” kimi nüfuzlu beynəlxalq şirkət tərəfindən müvafiq sertifikatlara layiq görülməsi orada menecment işinin uğurla aparılmasından xəbər verir. Bundan başqa, Gürcüstanda neft məhsullarının səmərəli satışını həyata keçirən “SOCAR Georgia Petroleum”, qonşu ölkənin indiyədək qazlaşdırılmamış bölgələrinə yeni xətlərinin çəkilməsində, əhalinin təbii qazla təminatında mühüm rol oynayan “SOCAR Georgia Gaz” kimi törəmə müəssisələrimizin fəaliyyəti də yüksək qiymətləndirilir. Bildiyiniz kimi, ARDNŞ Gürcüstanda yanacaqdoldurma stansiyalarından ibarət böyük bir şəbəkə yaratmışdır və neft məhsullarının SOCAR brendi altında reallaşdırılması istiqamətində mühüm iş aparır. “SOCAR Georgia Petroleum” MMC qonşu ölkədə müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin inşasını davam etdirir. Şirkət gələcəkdə də bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Bu il Gürcüstan ərazisində 20-dən artıq belə yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

“SOCAR Georgia Gaz” isə 3 illik investisiya proqramına uyğun olaraq, Gürcüstanın müxtəlif regionlarında 150.000 abonentin qazla təminatını həyata keçirəcəkdir. Artıq qonşu respublikanın bir sıra yaşayış məntəqələrində, o cümlədən soydaşlarımızın kompakt yaşadığı bir neçə kənddə qaz kəmərlərinin tikintisi başa çatdırılmış, iri yaşayış massivlərində qaz xətləri bərpa olunmuşdur. Bu istiqamətdə işləri davam etdirəcəyik.

Onu da bildirmək lazımdır ki, ölkəmizin sərhədləri xaricində həyata keçirdiyimiz investisiya layihələri Türkiyə və Gürcüstanla məhdudlaşmır. Səmərəli marketinq araşdırmalarının nəticəsi olaraq, bu yaxınlarda Ukraynada da yanacaqdoldurma stansiyaları şəbəkəsi qurmuşuq. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bütün bu layihələrin maliyyələşdirilməsinə ARDNŞ-nin öz vəsaitləri ilə yanaşı beynəlxalq maliyyə qurumlarının da vəsaitləri cəlb edilmişdir. Bu da Şirkətimizin etibarlı tərəfdaş kimi beynəlxalq banklarla uğurlu əməkdaşlıq aparmasına daha bir sübutdur. Son dövrlərdə ARDNŞ-nin əlverişli şərtlərlə Avropanın aparıcı banklarından əhəmiyyətli həcmlərdə maliyyə vəsaitlərinin cəlb etməsi həm də dünyada şirkətimizin işgüzar reputasiyasının, müsbət imicinin möhkəmləndirilməsinə müsbət təsir göstərmişdir. ARDNŞ-nin ötən ilin oktyabrında “Fitsh Ratings", bu günlərdə isə «Moody’s» nüfuzlu reytinq agentlikləri tərəfindən beynəlxalq reytinqlərə layiq görülməsi aparılan işlərin məntiqi nəticəsidir.

- Xəzərin ölkəmizə məxsus hissəsində yeni neft və qaz yataqlarının işlənilməsi ilə bağlı xarici şirkətlərlə birgə istismar işlərinin aparılması nəzərdə tutulurmu?

- Hazırda netçilərimiz dənizdə «Günəşli» yatağının dayazsulu hissəsində, “Neft Daşları”, “Hövsan”, “Qum adası”, “Pirallahı” yataqlarında, quruda isə “Balaxanı”, “Bibiheybət” və “Buzovna” yataqlarında müstəqil çalışırlar. Dövlət Neft Şirkəti daxili vəsaitləri hesabına “Babək”, “Əşrəfi”, “Qarabağ” kimi yataq və strukturlarda kəşfiyyat işləri aparmağı planlaşdırır. Artıq uzun fasilədən sonra “Ümid” yatağında kəşfiyyat işlərinə başlamışıq, burada qazma işləri uğurla davam etdirilir. 

 

 

Kamran

 

Kaspi. -2010. – 13-15 mart. – S.6.