"Azərbaycanda təhsil orta
səviyyədədir"
Hamlet İsaxanlı: “Saxta danışan, çirkin
düşünən insanlara rast gələndə adam məyus
olur. Biz də inqilabçı olmadığımız
üçün belə vəziyyətdə ya şeir, ya da
esse yazmaqla təsəlli tapmaq olur”
O, riyaziyyatçı alim
olmaqla yanaşı, humanitar və sosial elmlərin bir çox
sahələrində yazdığı elmi tədqiqat işlərinin,
poetik və bədii publisistik əsərlərin müəllifi
kimi tanınır. Xəzər Universitetinin təsisçisi və
rektoru Hamlet İsaxanlının keçid iqtisadiyyatı
yaşayan ölkələrin təhsil sistemində islahatlara
dair baxışları, nəzəri və praktik işləri
təhsil xadimlərinin, hökumət nümayəndələrinin,
siyasətçilərin və ictimaiyyətin fikir və
işinə təsir göstərib.
Qəzetimizə müsahibəsində
H.İsaxanlı təkcə həm bir alim, həm də bir vətəndaş
kimi təhsil sisteminin uğur və problemləri ilə
yanaşı, ümumən cəmiyyətdə onu
düşündürən və narahat edən məsələlərə
münasibətini bildirib.
TƏMİZ MÜHİT
- Rəhbərlik etdiyiniz
universitet qeyri-dövlət ali təhsil müəssisələri
arasında hansı mövqeyə malikdir?
- Mənim reklamdan heç
vaxt xoşum gəlmir. Əslində hər hansı bir insan və
ya təşkilat haqqında rəyləri qıraqdan
soruşmaq lazımdır. Amma mahiyyəti izah edə bilərəm:
Xəzər Universitetinin yaranmasının bir sıra səbəbləri
var ki, o, öz missiyasını yerinə yetirməyə
çalışır və digərlərindən bununla fərqlənir.
Biz dünya ilə səsləşən, müasir bir ali məktəb
qurmağa çalışdıq. İlk növbədə
çalışdıq ki, dünyanın aparıcı
universitetlərində tələbələr hansı fənni
oxuyursa, müəllimlər hansı fənndən dərs
verirlərsə onlara bənzəsin. Harvardda, Oksvordda, məsələn,
kimya dərsində uşaqlar nəyi öyrənirlərsə,
biz də onu öyrədək. Amma əgər uşaq qabiliyyətlidirsə,
sonra öz istedadı hesabına o ali məktəbdəki
uşaqla yarışa da, nəhayət təhsilinin
ardını orda davam da etdirə bilər. Bunun
üçün universitetin tədris dilini ingilis dili etməyə
çalışdıq. Bütövlükdə mütəxəssis
yetişdirmək üçün tədris
planlarımızı da həmin universitetlərin təcrübəsi
əsasında qurduq. Heç burdakı tədris planlarına
dönüb baxmadıq. Daha bir ideya mümkün qədər
uşaqlara seçmə imkanları verməyə
çalışmağımızdan ibarət oldu. Hər tələbənin
faktiki olaraq öz trayektoriyası olmalıdır – dünyada
belə qəbul olunub. Xəzər Universiteti bununla da fərqləndi.
Ən mühüm amillərdən biri burda
tapşırığın, rüşvət
anlayışının olmamasıdır. Əgər təhsil
ocağında belə şeylər oldusa, orda heç bir
keyfiyyətdən danışmaq olmaz. Rektor, müəllim
daxil olmaqla bu təhsil ocağında saxtakarlıq etmək,
qiymət dəyişdirmək, bir tələbəni
tapşırmaq və s. mümkün deyil. Artıq mühit elə
qurulub ki, kənardan dəvət olunan bir müəllim gəlib
nəyə isə cəhd eləsə, mühit onu qəbul eləmir.
- Universitetin başqa dövlətlərin
ali məktəbləri ilə əməkdaşlığı
hansı səviyyədədir?
- Biz beynəlxalq əlaqələr
şəbəkəsi qurmuşuq. Bir ucu Amerikaya, bir ucu Yaponiyaya
gedib çıxan, Avrasiya məkanını, Afrikanın
şimalını əhatə edən əməkdaşlıq
proqramlarımız var. İstənilən qabiliyyətli tələbə
bir yerə getmək istəyəndə onu göndərə
bilirik. Bu smestr çoxlu tələbə və müəllimlərimiz
xaricə gedib. Dünyanın hər
yerindən də bizdə tələbələr oxuyur.
- Tələbələr
universiteti bitirdikdən sonra iş tapmaq çətinliyi ilə
üzləşirlərmi?
- Bilirsiniz ki, nə dövlət,
nə də özəl müəssisələr işlə təminatı
öz üzərlərinə götürmür. Bu, tələbənin
öz işidir. Tələbə səviyyəli mütəxəssis
kimi yetişsə özünə iş tapacaq. Bununla bərabər,
universitetlər bu işə təkan verməyi də öz
üzərlərinə götürürlər.
Çünki universitetin məhsulu onun məzunlarıdır.
Onlar nə qədər yaxşı işlə təmin
olunurlar, nə qədər yüksək vəzifə
tuturlarsa, bu, universitetin gücünün birinci göstəricisidir.
Biz ilk dəfə Azərbaycanda amerikalıların və
ingilislərin köməyi ilə peşə məşğulluq
mərkəzini qurduq. Tələbələr burada oxuya-oxuya,
yuxarı kursa çatanda iş verən şirkətlərlə
əlaqə qururuq. Şirkətlərin özlərinin də
qabiliyyətli məzunları işə götürmək
marağı var. İxtisasdan da çox şey
asılıdır. Hətta, dünyanın ən yaxşı
universitetlərində də ixtisasdan asılı olaraq işədüzəlmə
və əmək haqqı alma şansı fərqli olur.
İqtisadiyyat, menicment, biznes ixtisasları üzrə bitirənlərə
ehtiyac duyulur. Bizim ekonomika-menecment fakültəsinin məzunları
nəinki dərhal işlə təmin olunur, hətta
yuxarı kurs tələbələri işləyirlər. Bu tələbələrin
kompyuter, ingilis dili bilikləri yüksək səviyyədədir.
Beynəlxalq şirkətlər də belə işçilər
axtarırlar. Bu gün məzunlarımız dünyanın hər
yerində işləyir.
ƏN BÖYÜK BƏLA
- Dediklərinizə görə,
ümumi təhsil məkanında təhsil keyfiyyəti və
müəllimlərin saflığı ilə fərqlənən
bir ada yarada bilmisiniz. Amma təcrübəli bir mütəxəssis
kimi Azərbaycanda bütövlükdə təhsilin səviyyəsi
barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Təhsilin ortalama səviyyəsi
deyilən anlayış yoxdur. Çünki təhsil orta məktəb,
daha sonra ali məktəb tərəfindən verilir. Onların
metodologiyası, ideologiyası, səviyyəsi necədirsə,
təhsilləri də o cürdür. Bu, təhsil müəssisələrinin
səviyyəsi ilə ölçülür. Deyim ki,
çox yüksəkdir, bunu qəti deyə bilmərəm. Azərbaycanda
elə bir adam yoxdur ki, “bizdə təhsil çox yüksək
səviyyədədir” deyə bilsin. Hesab edirəm ki, Azərbaycanda
təhsil orta səviyyədədir. Əlbəttə, xeyli
yeniləşmələr var. Məsələn, məktəblərin
fiziki və maddi vəziyyəti xeyli yaxşılaşıb.
Amma tapşırıq, rüşvət sistemi tam aradan
qalxmayıb. Ən böyük bəla da bunu hesab edirəm. Təhsil
mühitinin saflaşması ən böyük problemlərdən
biridir. Digər problem isə təhsil işçilərinin
maddi vəziyyətinin yaxşılaşdırılması ilə
bağlıdır. Ali məktəb müəllimi bir neçə
yerdə işləyəndə tədrisinin keyfiyyəti də
aşağı düşür. Təhsil sahəsində
Avropaya inteqrasiya etməyə çalışırıq.
Bizim qəbul imtahanları sistemi nəinki mükəmməl
deyil, çox böyük qüsurları var. Bu, ailələrə,
uşaqlara çox böyük stress yaradır. Məsələn,
uşaq bioloq olmaq istəyir, amma bu ixtisasla yanaşı, digər
ixtisasları da yazır. Başqa ixtisas üzrə qəbul
olunursa həvəssiz oxuyur. Amma dünya sistemi fərqlidir. Bu
sahədə güclü addımlar atılmalıdır.
HİSSLƏRİN HARMONİYASI
- Siz riyaziyyatçı alimsiniz, amma bədii yaradıcılıqla da məşğul olursunuz. Bu harmoniyanı necə yarada bilmisiniz?
- Çox insanlar var ki, bir neçə sahə ilə məşğul ola bilirlər. Burada təəccüblü heç nə yoxdur. Düşünürəm ki, bu insanın düşüncə tərzi ilə, öz hisslərini ifadə etməsi ilə bağlıdır. Riyaziyyatla şeir və ya musiqi arasında elə də böyük fərq yoxdur. Çünki bunların hamısı intuisiya tələb edir. Hamısının içində məntiq var və hamısı gözəllik axtarışındadır. Riyaziyyatın qeyri-adi gözəlliyini təəssüf ki, yalnız riyaziyyatçılar görə bilir. Amma musiqini, şeiri hamı rahat başa düşür. Şeir, mahnı insanın içində yaranan hisslərdir. Bu hisslər müxtəlif cür üzə çıxa bilər və hər adamda eyni səviyyədə olmur. Məndə riyaziyyata da, ədəbiyyata da sevgi uşaqlıqdan olub. Hətta bir-birləri ilə rəqabət də aparıblar. Amma məsləhət oldu ki, mən riyaziyyatçı olum. Xoşbəxtəm ki, riyaziyyatçı oldum və dünyanın riyaziyyatçı kimi gəzdim. Dünyanı riyaziyyatçı kimi dərk elədim. Amma elə şeylər var ki, onu riyaziyyatla ifadə edə bilməzsən. Riyaziyyatda təbiətin gözəlliyini riyazi dillə, şeirdə isə poetik dillə təsvir edirsən.
Şeirlərim aktyorların ifasında söyləndi, bəstəkarlar mahnılar yazdı. Çap olunması üçün israr edənlər də oldu. Mən də müəyyən mənada risk elədim. Başqa sahənin aliminin şeirlərini çap etdirməsini insanlar yaxşı qarşılamaya bilərdi. Ona görə də bir az ehtiyat edirdim. Şükür Allaha, pis qarşılanmadı! Xoşa gələn rəylər oldu. Elə oldu ki, şeirlərim Çində, Rusiyada, İranda, Gürcüstanda tərcümə olunaraq çap olundu.
AZAD İNSANIN DÜŞÜNCƏSİ
- “Bu da bir həyatdır”
kitabınızda “Əbədiyyət varmı?”, “Varsa nədir
o?”, “Nədir həyat?”, “Kim kimi yaratdı?” suallarını
qoymusunuz. Bu suallara riyazi hesablamalarla cavab
axtarırsınız, yoxsa poeziyanın gücü ilə?
- İnsan sualı dərrakə
ilə verir. Dünyanın müəmmalarını, sirlərini
hərtərəfli düşünür. Suallara cavabı əlbəttə,
poetik ifadə edirsən. Amma poetik ifadənin içində fəlsəfə
var. Fəlsəfi fikir olan şeir çox yaşayır. “Kimi
kim yaratdı?” sualını verərkən deyirəm ki, “Nənəm
mənim dünyamı öncə yaratdı”. Sonra da öz
ağlımla dünyanı dərk elədim. Sonra da deyirəm
ki, bütün hadisələri qiymətləndirən baş
hakim zamandır. Bu sualların doğru cavabını zaman deyəcək.
- “Ağlıma görə
heç vaxt zərər çəkməmişəm, amma
hisslərimə görə ziyan çəkmişəm” - bu
sizin sözlərinizdir. Hisslərinizin sizə gətirdiyi
ziyan nə olub?
- İnsanların müxtəlif
tipləri olur. Diplomatik, siyasi tiplər var ki, onlar
danışıqlarında həddən artıq ehtiyatlıdırlar.
Həmişə xeyri olan şeyləri
danışmağı hesablayırlar ki, bu onların
karyerasına get-gedə təsir eləsin. Mənim tipim isə
tamam başqadır – azad, sərbəst, yaradıcı
insanın düşündüyüdür. Mən istənilən
məclisdə öz düşündüyümü deyirəm.
Bu, bir dəstə adamların xoşuna gəlirsə, bəzi
adamların xoşuna gəlmir. Çünki bu, onların dəyərlərinə
toxunan şeylər ortaya qoyur. Siyasi düşünən adam
isə o sözü həmin məclisdə deməz. Və ya
bir məclisdə bir adamı tərifləyirlər. Mən
onda susuram. Diplomatik düşünən adam “hamı təriflədi,
mən də deməsəm yaxşı olmaz”- deyə o da tərif
deyir. Bu, diplomatik ağılla deyil, insanın hisləridir.
İnsanı insan edən onun hissləridir, tək ağıl
deyil.
YAŞAMAĞIN ÇƏTİNLİYİ
- “Yaşamaqdır bu
dünyada ən ağır iş” - bunu da siz
yazmısınız. Yaşamağı sizin üçün
çətinə çevirən nədir ki?
- Bir filosof deyərdi ki, “Mən
ölümdən qəti qorxmuram. Nə qədər ki, mən
sağam ölüm yoxdur”. İnsanlar ölümün
varlığını qəbul edirlər. Amma insan həyatı
boyu mübarizədə olur. Bu zaman insan tək özündən
deyil, ətrafdakılardan asılı olur. Bu mübarizədə
bəzən insanlar haqqı tapdalayırlar. Haqqı nahaqqa
qurban verirlər. Ona görə də yaşamaq çox
ağır işdir.
- Bir vətəndaş kimi
bu gün sizi cəmiyyətdə ən çox narahat edən
nədir?
- Saxtakarlıq… Həyatda
olan bütün faciələrin, fəlakətlərin
kökündə saxta düşüncələr durur. Təəssüf
ki, buna çox rast gəlinir. Bəlkə mən
saxtakarlığa ona görə az rast gəlirəm ki, burda
özümüzə fərqli bir dünya
yaratmışıq. Və özümüzü bu dünyada
yaxşı hiss edirik. Bununla bərabər, hər səviyyədə
insanla təmasda oluruq. Saxta danışan, çirkin
düşünən insanlara rast gələndə adam məyus
olur. Biz də inqilabçı olmadığımız
üçün belə vəziyyətdə ya şeir, ya da
esse yazmaqla təsəlli tapmaq olur.
- Qarşıdan Novruz
bayramı gəlir. Bayramın sizə bəxş etdiyi hisslər…
- Novruz bayramı kənddə
doğulub böyüyən adam kimi çox sevdiyim
bayramdır. İlk növbədə yəqin ki, tonqala görə.
Bu, uşaq vaxtı mənə qeyri-adi
görünürdü. Digər tərəfdən, bu, təbiətin
dəyişməsidir. Yazın gəlməsini duyğu
adamları həmişə qeyri-adi qarşılayırlar. Mən
bu il Novruz bayramını İngiltərədə keçirəcəyəm.
Səmənini götürüb orada yaşayan
uşaqlarımızın yanına gedəcəyik.
Məhərrəmova Təranə
Kaspi. – 2010. – 13-15 mart. – S.12.