“Atamın əsərlərindəki
işıqlı kədər onun daxili aləmindən xəbər
verirdi”
Əzizə Mustafazadə: “İnsanları hiss etməyim
ən böyük bədbəxtçiliyimdir”
Dünya şöhrətli
cazmen Əzizə Mustafazadənin APA-ya eksklüziv müsahibəsini
ixtisarla təqdim edirik.
Uzun illərdir Almaniyada
yaşayan, ifası ilə bütün dünyanı ayağa
qaldıran həmyerlimiz Əzizə Mustafazadə gərgin səfər
qrafikinə baxmayaraq, atasının 70 illik yubileyi ərəfəsində
APA-ya eksklüziv müsahibə verib. Adətən xaricdə mətbuat
nümayəndələri ilə görüşünü,
müsahibə və reportajlarının
hazırlanmasını maddiyyat qarşılığında
edən caz ifaçısı Azərbaycana olan sevgisini təmənnasız
müsahibə verməklə bir daha sübut edib. Onunla
söhbət əsnasında Azərbaycan musiqisinə
şöhrət qazandıran simalardan birinin nə dərəcədə
sadə olduğunun bir daha şahidi olduq. Foto çəkilişlərinə
icazə verməyən Əzizə Mustafazadə bunun səbəblərini
belə açıqlayıb: “İstəmirəm ki, məni
sonsuz məhəbbətlə sevən, musiqimi başa
düşən səmimi və dəyərli
tamaşaçılarım məni formada olmadığım
vaxt görsün”.
- Sizi Bakı ilə çox şey bağlayır. Mətbuata açıqlama verməsəniz də, hər il atanızın məzarını ziyarət etmək üçün şəhərimizə gəldiyinizdən xəbərdarıq. Bakıya etdiyiniz gizli səfərlərdə kiminlə görüşürsünüz?
- Mütəmadi olaraq Fərhad dayı adlandırdığım Fərhad Bədəlbəyli, Nuru Əhmədovla, eləcə də ailəmizə yaxın olan bir neçə insanla görüşürəm. Düzdür, Bakıda çox tanışım yoxdur. Amma qəlbən mənə yaxın olanları heç zaman yaddan çıxarmıram.
- Vaxtilə Vaqif Mustafazadə yaradıcılığı birmənalı qarşılanmayıb. Hətta onu qəbul etməyənlər də çoxluq təşkil edib. Atanızla oxşar hadisələrin şahidi olduğunuz məqamlar da var ki, bunlardan biri də məhz sizin özünüzün də bir vaxtlar qəbul olunmamağınızdır...
- Əsl qəhrəman döyüşdə həlak olur. Onun qiymətini gec də olsa, xalq verir. Necə deyərlər, “heç olmamasındansa, gec olması məsləhətdir”. Dahi Vaqifi hər zaman xalqı sevirdi. Nə etməli ki, taleyi onunla bir az sərt davrandı. Amma qismən də olsa, o, layiq olduğu yeri tutub. Qəlbi əsl sənətlə döyünən yenilikçi insanları çox zaman vaxtında dəyərləndirib qəbul etmək istəmirlər. Amma buna baxmayaraq, yaradıcı insan sınmır. Atamın səhnədə dünyasını dəyişməsi də təsadüfi deyil. Tarix boyu qeyri-adi istedadı olan yaradıcılara birmənalı münasibət göstərməyiblər. Dünya şöhrətli Bax, Motsart, Şopen öz dövrünün qəbul olunmazlarından idi. Belə insanlar hər zaman əzab çəkiblər. Hətta onlar bu səbəbdən də dünyadan tez köçürlər. Bütün bunlara baxmayaraq, yenə də xalqa təşəkkür etmək lazımdır, çünki xalq hər zaman sənətkarı sevərək qiymətləndirib, qiymətləndirir, qiymətləndirəcək də... Ailəmin qarşılaşdığı anlaşılmazlığa gəlincə, onu deyə bilərəm ki, çətin olsa da, biz mübarizə aparmağı bacardıq. Bu gün atam cismən həyatda yoxdur, amma onun ruhunu verdiyi əsərlər qəlblərdə yaşayır. Mənə elə gəlir ki, hələ uzun müddət yaşayacaq da... Atamın əsərlərindəki işıqlı kədər onun daxili aləmindən xəbər verirdi. Mən sevinirəm ki, Azərbaycan xalqı Vaqif Mustafazadə dühasını dəyərləndirməyi bacarır. Təsadüfi deyil ki, dahi Heydər Əliyev də atamın yaradıcılığını hər zaman diqqət mərkəzində saxlayıb və boşuna “bu gözəl İçərişəhər oğlanına yaşıl işıq!” sözlərini deməyib. Onun sözlərindən sonra atama diqqət-qayğı artmağa başladı. O zaman gənc olan İlham Əliyev də atamın əsərlərini dinləyib, hətta indi də dinləyir. Atamın sənətinə maraq olmasaydı, ölkə başçısı onun yubileyini dövlət səviyyəsində keçirməsi ilə bağlı müvafiq qurumlara göstəriş verməzdi.
- Sizin Azərbaycanı məhz sənətinizin qəbul olunmadığına görə tərk etməyiniz də sirr deyil. Artıq uzun müddət keçib, yenidən Azərbaycana qayıdıb, Vətəndə yaşayıb-yaratmaq fikriniz varmı?
- Əgər mən Azərbaycana qayıdıb, burda yaşayıb-yaratsam, Vətənimin mədəniyyəti və musiqisi üçün daha az iş görə bilərəm. Hər şeyə real baxmaq lazımdır. Təsəvvür edin ki, xarici ölkələrdəki konsertlərim üçün hazırlıq, uzun məsafələri qət etmək nə qədər çətindir. Buna ən azından çox vaxt sərf olunacaq. Azərbaycandan Avropaya təyyarə ilə ən azı beş saat uçmaq lazımdır. Bu çətinliklərə hansı orqanizm tab gətirə bilər? Hər zaman ortaq məxrəcə gəlib, balans tapmaq lazımdır ki, qürbətdə yaşamağım ürəyimi ağrıtmasın. Ona görə də vaxtaşırı Bakıya gəlirəm. Günəşli Bakıda hər gün, hər səhər oyanıb Xəzər dənizinə baxmaq məni arzum olsa da, milli mədəniyyətimizin inkişafı naminə bu arzumdan imtina etmək məcburiyyətindəyəm. Lakin milli mədəniyyəti ölkə-ölkə daşımaq lazımdır. Rəssamları başa düşmək olar, onlar yaratdığı peyzajları digər ölkələrdə sərgiləyirlər. Musiqidə isə hər şey tam fərqlidir. Musiqiçilər o insanlardır ki, ölkəsinin mədəniyyətinə, iri miqyasda təmsil etmək üçün ölkəsindən kənarda yaşamalıdır. Azərbaycan musiqisini dünyaya tanıtmaq istəməsəydim, bəlkə də daima Vətənimdə yaşayıb, sıravi pedaqoq olardım. Bu da mənim üçün bir istiqamətli, cansıxıcı və darıxdırıcıdır. Düşünürəm ki, yaradıcı insan bir yerdə dayanmamalıdır. O, hər zaman axtarışda olmalıdır. Atam sağ olsaydı, mənim Azərbaycanda çalışmamağımı çox dəstəkləyərdi. Çünki o da milli musiqimizin dünyaya inteqrasiyasının tərəfdarı idi.
- Bəs bu günü atanızla birgə qeyd etmək, eyni səhnəni bölüşmək istəyərdiniz?
- Hər zaman çıxış etdiyim səhnələrdə Vaqifi ruhən yanımda hiss edirəm. Ancaq bu günü cismən onunla birgə keçirmək üçün hər şeyimi verərdim. Hətta qazandığım uğurların üstündən xətt çəkməyə belə razıyam. Təki o, Vaqif Mustafazadə ucalığının tamaşaçılar tərəfindən bu cür böyük və səmimi sevgi ilə qəbul olunduğunun şahidi olardı.
- Avropadan Azərbaycanın siyasi, mədəni həyatı necə görünür? Ümumiyyətlə, ölkədə gedən son hadisələrdən xəbərdarsınız?
- Hər şeydən xəbərdaram desəm, bu, düzgün olmaz. Buna ən azından vaxtım çatmır, amma tez-tez internetdə Azərbaycanla bağlı məlumatları diqqət mərkəzində saxlamağa çalışıram. Bir faktı da gizlətmək lazım deyil ki, Azərbaycanın mədəni həyatı hər zaman qaynayır.
- Musiqi ilə məşğul olan bacınız Lalə Mustafazadə ilə əlaqələriniz varmı?
- Açığı desəm, yox. Onu çox axtarmağıma baxmayaraq, cəhdlərim boşa çıxıb. Lalə ilə bağlı heç bir məlumatım yoxdur. Amma əminəm ki, onun hər işi qaydasındadır. Allahdan bacıma işlərinin hər zaman qaydasında olmasını arzulayıram.
- Ananıza çox bağlısınız. Bəlkə də bu səbəbdən yeganə prodüseriniz məhz ananızdır. Onunla çiyin-çiyinə çalışmaq ətrafınızdakılara inamsızlıqdan irəli gəlir?
- Bu sualı atama verin... O da hər zaman anamla birgə olardı, bütün işlərini onunla birgə görərdi. Mənə elə gəlir ki, sənət adamını, xüsusilə də musiqiçini musiqidən başı çıxan musiqiçidən başqa heç kim anlaya bilməz. Ətrafa inamsızlıq da az rol oynamır. Səni başa düşən, musiqi dünyanla tanış olan valideyn heç vaxt satmaz. Bu yerə çatmağımda anam Eliza xanımın əməyi əvəzsizdir. Hələ gənclik illərimdə məşq edəndə o mənə dəstək verirdi. Məşq sözünü xoşlamıram və notla ifanın əleyhinəyəm. İmprovizə mənim üçün hər şeydir. Bəlkə də bu səbəbdən Bakıda təhsil aldığım vaxt Baxın əsərlərini olduğu kimi deyil, improvizələrlə ifa edirdim. Bu “yalanımı” mənimlə birgə təhsil alan tələbələrə özünəməxsus tərzdə təqdim edirdim. Onları aldadaraq mən də Baxın heç bir yerdə ifa olunmamış nadir əsərlərinin olduğunu deyirdim. Yarı zarafat, yarı ciddi bu müqəddəs yalanım mənim notla deyil, improvizələrlə ifama vasitəçi oldu. Mənim insanları hiss etməyim ən böyük bədbəxtçiliyimdir. Bəzən gülərək insana elə zərbə vurarlar ki, bu, uzun müddət onun yadından çıxa bilməz. Gül dəstəsinin içərisində adama bıçaqla zərbə də endirə bilərlər. Bəlkə də o səbəbdən dibçəkdəki gülləri sevirəm. Gülləri qırmağa heyfim gəlir. Onların da yaşamaq haqqı var.
- Bəs, atanızı necə xatırlayırsınız?
- O mənə “düşbərə göz Əzizə xanım” deyərdi. Vaqif əsl azərbaycanlı idi. Onun daxili aləmi, dünyagörüşü bunu deməyə imkan verir. Atamı hamı sevirdi, onun sənətinə olan sevgi tək Azərbaycanda deyil, keçmiş sovetlər məkanında - Ukrayna, Ermənistan, Rusiya, Gürcüstanda da xüsusi ilə diqqət çəkirdi. Biz hamımız öz ölkəmizi sevirik. Əgər musiqimizin özümüzdən başqa ermənilərə, ruslara, gürcülərə və digər xalqların nümayəndələrinə sevdirə biliriksə, bu, yalnız bizim uğurumuzdur. Xoşbəxtəm ki, atam Vaqifi hamının sevimlisi kimi xatırlayıram. O, sönməz bir günəş idi.
- Dünyaca məşhur Əzizə Mustafazadənin nəyi çatışmır?
- Hərdən ətrafdakıların məni insani baxımdan anlamaması məni sıxır. Buna baxmayaraq, xroniki olaraq həyatımda atam çatışmır. Amma digər tərəfdən atam mənim daxilimdədir. İkili hiss mənə yaşamağa, yaratmağa stimul verir.
- Caz qəlbin hayqırtısıdır. Qəlbinizdən gələn musiqilər nə rəngdədir?
- Düzdür, caz azadlıq hayqırtısı, qəlbin azadlıq səsidir. Mən azad nəfəs almağı sevirəm. Azadlıq eşqi ilə yaratdığım musiqilər tünd çəhrayı, göy, sarı, ağ, mavi, qırmızı, yaşıl rəngdədir. Bir növ Azərbaycanımızın bayrağını xatırladır.
- Barmağınızda nişan üzüyü gördük. Bəlkə şəxsi həyatınızla bizi tanış edəsiniz...
- Mənə məxsus olan və heç kimin daxil olmasını istəmədiyim şəxsi həyatımla bağlı heç kimə açıqlama vermirəm. Düşünürəm ki, məni düzgün başa düşərsiniz.
- Eşitmişik ki, hər ölkəyə konsert təklifini qəbul etmirsiniz. Belə bir məlumat da eşitmişik ki, Siz Ermənistana da konsert təklifi almısınız və bu təklifdən imtina etmisiniz...
- İlk öncə mənim konsert təkliflərimlə menecerlərim məşğul olur. Mən onu danmıram ki, ifamı Ermənistanda bəyənirlər və hətta müxtəlif ölkələrdə verdiyim konsertlərimdə ermənilər də iştirak edirlər. Bu barədə təklif haqqında məlumatım yoxdur. Ümumiyyətlə, konsert təklifi aldığım zaman ölkə məsafə baxımından çox vaxt aparırsa, üzrlü səbəblərdən müəyyən işim çıxırsa, eyni zamanda ölkənin iqlimi məni razı salmırsa, o zaman səfərdən imtina etmək məcburiyyətində qalıram.
- İllər keçir, ancaq Əzizə Mustafazadənin zahiri görünüşü dəyişilməz olaraq qalır. Bu illər Sizin görünüşünüzə toxunmur, yoxsa bunun üçün xüsusi nələrəsə əl atırsınız?
- Əgər
siz bunu bu cür görürsünüzsə, mənim
başqa söz deməyim yersizdir. Maralı fakt
açıqlamaq istəyərdim. Xarici səfərlərimin
birində “Qladiator” filminin bəstəkarının anası
ilə görüşdüm. 83 yaşında olan bu xanıma
50-dən artıq yaş vermək mümkün deyildi. Onu “mavi
qızılgül” adlandırdım və heyrətimi gizlədə
bilməyib ondan cavan qalmasının səbəbini
soruşdum. O isə mənə bildirdi ki, insanın cavan
qalması onun cavan ürəyə sahib olmasından
asılıdır. Müdrik qadının uşaq qəlbinə
sahib olması və illər ötdükcə özünəinam
formalaşdırmasının bir səbəbi də vardı.
O da həmin qadının gün boyu musiqiyə qulaq asması
idi. Musiqidən doğan həyat eşqi hətta onun tək
yaşamasını belə ört-basdır etmişdi. Fikrimcə,
ruhən cavan qalmaq üçün güclü yumor hissi də
az rol oynamır. Həqiqətdən doğan təbəssüm
dünyanı xilas edəcək.
Kaspi. -2010. – 17 mart. –S.12.