Bizdə nə çatmır? 

 

Nə üçün Azərbaycan musiqiçilərinin - müğənnilər, bəstəkarlar, ifaçıların nüfuzu ölkəmizin sərhədlərini aşa bilmir? Nə üçün onların sorağı, Biləcəridən o tərəfdə eşidilmir?

 

Musiqi mədəniyyəti tarixini müxtəlif baxışlardan işıqlandırmaq mümkündür. Bu baxımdan hər hansı müstəqil janrın təkamülü, bəstəkarlıq və ifaçılıq məktəbinin inkişafını, müəyyən üslubu və bədii cərəyanı izləyib Azərbaycan musiqi sənətinin gözəl ənənələri ilə bağlı qürur dolusu yazılar yazmaq olar. Çünki ölkəmizi dünyada tanıdan Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev və b. kimi dünya şöhrətli bəstəkarlarımız olub. Bu gün barmaqla sayılası qədər də olsa yenə elə sənətkarlarımız var. Elə təkcə “Məhəbbət əfsanəsi” baleti dünyanın 60-dan çox ölkəsində səhnəyə qoyulan Arif Məlikovun adını çəkmək kifayətdir. Bundan başqa, Rusiyanın hələ də Azərbaycanla bölə bilmədiyi Müslüm Maqomayev kimi müğənnimiz olub. Rəşid Behbudov, Zeynəb Xanlarova, Vaqif Mustafazadə kimi müğənnilərimiz zamanında ölkəmizi dünyanın ən əlçatmaz və ayaqdəyməz yerlərində tanıtmağa nail olublar.

Təəssüf ki, Azərbaycan musiqi nəsillərinin bu tarixçəsi XX əsrlə məhdudlaşıb. O mənada ki, yeni nəslin içindən nə o cür dahi bəstəkarlar, nə də adı dilləri dolaşan dünya şöhrətli ifaçılar çıxıb.

Əlbəttə, onda zaman başqa idi. Yəni onda ciddi sənətkarların ciddiyyəti sayəsində sənətə yalnız istedadı olanlar gəlirdi. Onda musiqi ifaçılarına tələblər çox sərt idi. Hər yerindən duranı efirə buraxmırdılar. Onda hər mızıltıya mahnı və ya musiqi demirdilər. Çünki onda sənətə əsil sənətkarlar qiymət verirdi. Onda xalq musiqisinə xal salanların ayağı səhnəyə həsrət qalırdı. Böyük səhnəyə yollar uzun-uzadı öyrənmə proseslərindən, yüksək səhnə mədəniyyətindən keçirdi. Və bu ciddi sınaqdan keçmək hər kəsə müyəssər olmurdu. Onda müğənnilər səhnədə soyunduqca soyunmaq yarışına qoşulmurdu. O vaxtlar sənətə, insanlara əsl xidmətdən danışılırdı, populyarlığa can atmaqdan yox.

 

Cavabsız suallar

 

Nə üçün Azərbaycan musiqiçilərinin - müğənnilər, bəstəkarlar, ifaçıların nüfuzu ölkəmizin sərhədlərini aşa bilmir? Nə üçün onların sorağı, Biləcəridən o tərəfdə eşidilmir? Nə üçün heç bir müğənni və ifaçımız dünyanın ən ünlü musiqi mükafatlarına sahib çıxmağı bacarmır? Düzdür, müxtəlif caz festivallarında Salman Qəmbərov, İsfar Sarabski və ya Şahin Növrəsli uğurla çıxış edərək mükafat qazana biliblər. İş ondadır ki, ölkəmizi Qərbdə keçirilən bu yönlü festivallarda yalnız caz və opera ifaçıları təmsil edir. Əlbəttə, Alim Qasımov nümunəsini də danmaq olmaz. Xanəndə dünyanın hər yerində muğam konsertləri verir, milli musiqimizin tanınmasına və sevilməsinə nail olur. Ancaq nə qədər fikirləşirəmsə, milli musiqimizi təbliğ edən digər bir müğənninin ölkəmizə qazandırdığı ünlü bir mükafatı xatırlaya bilmirəm. Hərçənd hansı xanəndəni dindirirsən, okeanın o tayında və ya Avropa şəhərlərində konsert verdiyini söyləyir. Qayıdandan sonra da “konsertimiz anşlaqla keçdi, zalda adam əlindən tərpənmək olmurdu” deyə ağızdolusu müsahibələr verir. Amma sonradan məlum olur kim, onların konsertlərini izləyən elə getdikləri ölkədə yaşayan soydaşlarımızdır. Elə xaricə konsertlər də onların dəvəti ilə gerçəkləşir. Başa düşmək olmur, kimlərinsə qəribçiliyini ovundurmaq və ya nəşələndirmək üçün keçirilən konsertlər nə vaxtdan Azərbaycanın adına yazılan uğur sayılıb?

 

Saxta vətənpərvərlik

 

Dünyanın hər ölkəsində, hətta hər şəhərində belə müxtəlif musiqi festivalları və müsabiqələr keçirilir. Aralarında nüfuzlu olanları da var, orta və aşağı səviyyəliləri də. Yuxarıda qeyd etdiyim kimi, daha çox belə yarışmalara opera və caz ifaçıları qatılır. Onlar da ortabab səviyyədə. Bir neçə müğənni ilə söhbətimdə nüfuzlu festivallara gedə bilməmələrini maliyyə çətinliyi ilə əlaqələndiriblər. Onu da bildiriblər ki, özlərinin də elə imkanları yoxdur ki, heç olmasa öz hesablarına xaricə gedə bilsinlər.

Qaldı ki, bizim gecə-gündüz efirdən düşməyən şou-biznes təmsilçilərinə onların müsabiqələr haqqında ümumiyyətlə anlamı yoxdur. Aralarında “Yurmala” və ya “Yalta” kimi sovet ölkələri çərçivəsində keçirilən müsabiqələrdə iştirak edənlər olsa da dünya miqyaslı müsabiqələrdən söhbət gedə bilməz. İş ondadır ki, onlar da çox vaxt bu yönlü sualların cavabını maliyyə ilə bağlayırlar. Amma bizim müğənnilərin pul qıtlığı yoxdur, desəm məncə səhv etmərəm. O mənada ki, el şənliklərində bir günə 5-10 min civarında pul qazanan müğənninin gileyi ola bilməz. Ona görə də dövlət vəsait ayırmasa belə, ölkəyə başucalığı gətirmək istəyən sənətçi öz vəsaiti hesabına olsa da hər hansı müsabiqəyə və ya festivala qatıla bilər. Əlbəttə, əgər istəsə... Necə ki, İran kinosunu dirçəltmək üçün evini, maşının satıb film çəkərək festivallarda uğur qazanan rejissorlar var. Vətənpərvərlikdən boş-boş danışmaqdansa, heç olmasa onlardan nümunə götürmək olar.

Məsələn, ölkəni tanıdan kino festivallarına qatılmaqdansa, indiyə qədər sanballı bir film çəkib ortaya çıxara bilməyən rejissor Əbdül Mahmudbəyov az qala meyxananın YUNESKO-nun maddi-mənəvi sərvətlər siyahısına daxil olması üçün canfəşanlıq göstərir. “Namərd qonşularımız bu sənəti də bizdən oğurlayacaq, ona sahib çıxacaqlar” - deyə bu sənətə qətiyyən dəxli olmayan rejissor həyəcan təbili çalır. Təəssüf ki, bizdə səntçilərin vətənpərvərliyi bu kimi cəhdlərdən o yana keçmir.

Müğənnilərin ölkə daxilində keçirdikləri konsert də özünüreklam aksiyasından başqa bir şey deyil. Məsələn, Röya bir dəfə “Xaricdən gəlib bizim kassadan pul qazanırlar, sonra da min hoqqadan çıxırlar. Niyə mən eləməyim?” deyə bildirib. Ona görə inanmaq çətindir ki, içi Röyaqarışıq bizim müğənnilərdən kimsə reklamsız bir işə qol qoysun.

 

Olmayan rəqabət

 

Dərd ondadır ki, müsabiqə və festivallar barədə musiqiçilər arasında ümumiyyətlə, rəqabət anlayışı yoxdur. Təkcə “Evrovizion” müsabiqəsindən başqa. Amma əvəzində efir məkanımız eksperimentlər üçün əla sınaq meydanına çevrilib. Kim səsini yoxlamaq istəyirsə, kimin “ulduz” olmağa və reklama ehtiyacı varsa və ya hansısa müğənni digəriylə münasibətini aydınlaşdırmaq istəyirsə... buyura bilər! Bu rinqdə sənət adlı nəsnədən başqa hər nə desən var. Teleefir toy meydanına dönüb. Əl-qol götürüb oynayan kim, azqala küçə söyüşləri ilə bir-birlərini təhqir edən kim... Verilişlərin əksəriyyəti də müğənnilərin özlərini reklama hesablanan süni qalmaqalları və şəxsi həyatlarına həsr olunur. Çox nadir hallarda onların yaradıcılıqlarına toxunulur. Səbəb də göstərilir ki, şou-biznes əhlinin şəxsi həyatları publika üçün daha maraqlıdır, nəinki hansısa disk və ya albomlarının işıq üzü görməsi. Nəticədə millətimiz artıq bu müğənniləri az qala özündən də yaxşı tanıyır.

Ümumiyyətlə, çağdaş müğənnilərin əksəriyyəti Azərbaycan milli musiqisini təsnifləyən xüsusiyyətlərdən məhrumdur. Çox da ki, özlərini elə göstərmək istəyirlər. Hər şey imic xatirinə yapma, qondarmadır. Onların hər biri şou-biznesin özlərinin də anlamadığı qanunlarına tabe olmaq, yeni imicdə gündəmdə qalmaq, başqa həmkarlarından fərqlənmək, “soyunmaqla” daha çox gəncləri cəlb eləmək, populyarlıq qazanmaq şüarını özünə bayraq etməklə şou-biznesin köləsinə çevrilənlərdir. Təəssüf ki, müasir musiqi aləmimizi təsnifləyən də onlardır: gecə-gündüz yaşadıqları villaları, istirahət etdikləri məkanı, bahalı avtomobilləri reklam etdirən və yeri gələndə sənətdən ağız dolusu danışan və bir-birlərini bəyənməyən “ulduzlar...” – “qızıl şlyagerlər”, “madonnalar”, “primadonnalar”, daha nə bilim kimlər...

Bəli, artıq hər gün televiziya kanallarında yayımlanan “maqazin” verilişlərinə, müğənnilərin öz ətraflarında yaratdıqları süni qalmaqallara, söz-söhbətlərə, “daha gizli mətləblər qalmayacaq” - deyə anonsu eşidilən şit verilişlərə baxmaq hamını təngə gətirib. Telekanallar da sanki rəqabət adı altında səviyyəsizlik yarışına qoşulublar. Bu tip verilişlərin içərisində səviyyəlisinə rast gəlmək qeyri-mümkündür. Artıq gözlər eynilikdən yorulub - qəzet səhifələrindən də eyni simalar boylanır, efirdən də. Ha deyilsin ki, şəxsi həyatı gündəmə gətirməklə sevilmək olmaz, sənətlə, yeni yaradıcılıq layihələri ilə gündəmə gəlmək lazımdır, xeyri yoxdur... Nəticədə bu gün Azərbaycan incəsənəti dedikdə göz önünə intriqalar, süni qalmaqallar, yüngül bazar musiqiləri və s. kimi şablonlar gəlir. Amma Azərbaycan mədəniyyəti, incəsənəti çox yüksək anlamdır. Onun arxasında dahi Üzeyir bəydən üzü bəri gələrək çağdaş dövrümüzün barmaqla sayılan nadir sənətkarları dayanır. Onlar meydanı bu ucuz müğənnilərə əmanət etməyiblər. Amma bunu efir məkanı edib.

 

 

Məhərrəmova Təranə

 

Kaspi. -2010. – 18 mart. – S.12.