Bu bahar ümidli olmadı
Həmişə zarafatcıl, səmimi, mehriban insan olan
Telman Adıgözəlovun qəfil ölümünə
inanmaq çətindi
"Əsl sənətkarın
yeri əbədiyyətdir" deyirlər. Əbədiyyətə
qovuşmaq üçünsə fitri istedad, bir də sənətini
candan artıq sevmək, əzizləmək, onun yolunda
bütün əzablara qatlaşmaq, məhrumiyyətlərə
dözə-dözə yaşamaq və yaratmaq gərəkdir.
İstedadıyla həmişə narahat, daim axtarışda
olan Xalq artisti Telman Adıgözəlov da belə sənətkarlardan
idi.
Həmişə
zarafatcıl, səmimi, mehriban insan olan Telman Adıgözəlovun
qəfil ölümünə inanmaq çətindi. Dost-tanışları,
ailə üzvləri, həmkarları, nəhayət minlərlə
onu sevən tamaşaçılar bu qəfil ölümə
inana bilmirlər.
Hələ dünənə
qədər həyatı qədər sevdiyi teatrda həvəslə
səhnəyə qatılardı. Bəzən ürəyinin
kövrəkliyinə sərtlik qatıb roldan-rola girərdi. Hələ dünənə qədər
oynadığı hər tamaşadan sonra səhnəyə
al-əlvan gül dəstələri səpilər,
ünvanına deyilən xoş sözlərdən qanadlanar,
ürəyi köksünə darlıq edərdi. Sənətə
və insanlara olan sevgisinə görə də bu gün hamı onun haqqında
keçmiş zamanda danışmağa çətinlik
çəkir. Təkcə deyirlər ki, nə yaxşı,
bu etibarsız dünyada köçünü çəkib
gedən sənətkarlardan sonra onların etibarlı sənəti,
bir də ömürlərinin davamı olan, yaddaşlardan
silinməyəcək xatirələri yaşayır.
Yaddaqalan rollar qalereyası
Telman Adıgözəlovun
bir insan olaraq özü kimi sadə və maraqlı tərcümeyi-halı
var. Telman Adıgözəlov
1953-cü il iyulun 17-də Balakən rayonunda doğulub.
1975-ci ildə Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun dram və kino
aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik
Milli Dram Teatrında fəaliyyətə
başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar oynayıb. «Dəli
yığıncağı»nda Zəncirvuran, »Xurşidbanu Natəvan»da
Daşdəmir, «Mahnı dağlarda qaldı»da Rəhman,
«Maqbet»də Flins, «Közərən
ocaqlar»da Xanəhməd, «İblis»də Şeypurçu,
«Vaqif»də Təlxək, «Nişanlı qız»da
Çeşməkli kişi, «Ah
Paris…Paris!..»də Əhməd, «Mənim sevimli dəlim»də
Professor və s. obrazlar qalareyası aktyorun səhnə
bacarığından və istadadından söz
açır. Aktyor həmçinin “Azərbaycanfilm”
kinostudiyasında istehsal olunan «Nəsimi»,
«Üzü küləyə», «Mən dəniz sahilində
böyümüşəm» kimi filmlərdə yaddaqalan rollar
oynayıb.
Hər şey olduğu kimi
Telman Adıgözəlov
haqqında çox danışmaq, çox yazmaq olar. Peşəkar
aktyorluğundan tutmuş, xarakterindəki ciddi yumora qədər.
Heç şübhəsiz, bu, mərhumun sənət
dostları, onunla işləyən aktyor və rejissorların
üzərinə düşən bir missiya, son insani borcdur. Belə
vida sözləri ilə çox güman ki, qəzet səhifələrində,
televiziya ekranlarında tanış olacaqsınız. Mənsə
iki il bundan əvvəl onunla müsahibəmin bəzi məqamlarını
yenidən gündəmə gətirmək istədim. Onu bir
daha olduğu kimi canlandırmaq naminə. Çünki
adına xatirə deyilən elə bir nəsnə var ki,
sahibini ölməyə qoymaz, daim cavan, daim canlı saxlar xatirələrdə.
Narahatlıq
Həyatda bəxtə o qədər
də inanmayan aktyor sənətdə hər şeyi zəhməti
ilə qazanmışdı. Onu 30 ilə yaxın
çalışdığı, özünün doğma evi
bildiyi teatrın taleyi cox narahat edirdi. Teatra
tamaşaçı məhəbbətinin azalması, repertuar
siyasətinin düzgün qurulmaması, maraqlı əsərlərin
olmamasını... ürək ağrısı ilə dilə
gətirirdi: “Mənə elə gəlir ki, cavan aktyorun
şansı, daha doğrusu, vaxtı daha çoxdur. Yaradıcılıq
üçün ilham olmalıdır. Məncə, Səttar Bəhlulzadənin
əsərləri yalnız onun ruhunun məhsulu idi. O, bu əsərləri
ilham gələndə yaradıb. Aktyorlar da elədir. Daxili
sarsıntılar, çətin vəziyyətlər olur ki, səni
ağrıdır və hansısa bir əsərdə
onların həllini görürsən. Əsərlər
seçildikcə, bizə daxilimizdə toplananları izhar eləmək
üçün həm meydan, həm də əsər
lazımdır. Əsərlərdə seçim
olmalıdır. Dünya dramaturgiyasına da müraciət etmək
lazımdır. Həmçinin ən ümdə, milli
dramaturgiyanı gücləndirməyə ehtiyac var. Ancaq
problem eyni olduğu üçün dünya
dramaturgiyasından eyni əsərləri də götürmək
olar. Əminəm ki, bəşəriyyət eyni problemi
yaşayır. Sadəcə, dinlər, adət-ənənələr
müxtəlifdir. Bizdə milli dərketmə bir qədər
çətindir. Çünki biz kandarda oluruq. Mənə elə
gəlir ki, hər şeydən əvvəl milli şüurun
formalaşmasına xidmət etməliyik” deyə aktyor
bildirmişdi.
Telman Adıgözəlov
klassik teatr arzusu ilə yaşayırdı: “Biz italyan
kostyumunu, alman markalı maşını xoşlayırıq.
Bizə elə gəlir ki, onun-bunun dilində
danışıb, paltarını geyinsən,
yaxşıdır. Onda simasızlıq yaranır. Simaya malik
olmaq üçün güclü milli dərk, milli dramaturgiya
yazılıb, hələ yazanlar da var. Mənə elə gəlir
ki, onları səhnəyə gətirib millətin milli
şüurunun formalaşmasına çalışmaq
lazımdır. Özümüzü ona həsr eləməliyik”.
Bundan gözəl sənət varmı?
Aktyor son vaxtlar teatrda səhnələşdirilən
tamaşalarda o qədər də görünmürdü. Bununla
bağlı sualımı isə “ Yeni əsərlərdə
rol məsələsi gəlib rejissorlara dirənib. Bilirsiniz
ki, aktyor sənəti asılı sənətdir.
Görünür, mənə uyğun rolları yoxdur” deyə
cavablandırmışdı.
Aktyor hər rolunu özü
üçün hesabat və böyük sevinc
sayırdı. Deyirdi ki, əsl
sevinci tamaşanı oynayıb qurtarandan sonra - evə gedərkən
yaşayırsan. "Mən necə
oynadım, harada səhv elədim?" və s. suallara cavab
axtarırsan. Məşq prosesinin axırında obraz
alınanda dünyada ondan böyük sevinc olmur. Ona görə
aktyorlar mənən varlı, fiziki cəhətdən kasıb
olurlar. Çünki onlar üçün çox şey
lazım deyil. Bir rol almaq və yaxud alqış yetərlidir.
Amma dövr elə gəlib ki, məsələn, Amerika
aktyorları maddi cəhətdən çox zəngindirlər.
Hansısa bir dahi deyib ki, incəsənət varlı
adamların sənətidir. Yəni aktyor maddi cəhətdən
o qədər təmin olunmalıdır ki, səhnədə
qaz, işıq pulunu düşünməməlidir. Beyin
hüceyrələri o qədər sərbəst
olmalıdır ki, obraz haqqında düşünə biləsən.
Maddi cəhətdən qaçhaqaç, qovhaqov aktyora təsir
eləməməlidir. Aktyorun yaxşı evi və yəqin
ki, maşını olmalıdır. Ümumiyyətlə,
aktyorun sıxıntısı az olmalıdır. İş
ondadır ki, maddi çətinliklərlə səhnəyə
çıxıb şah, milyonçu obrazı oynamaq olmur. İnsan
bu yolların hamısını keçməlidir ki, oynayanda
onun içindən çıxsın. Və yaxud padşah
oynayanda onun içindəki ruh padşah olmalıdır” – bu
sözlər aktyorun müasir teatra və aktyorların sosial
durumuna real və ürəkağrıdan baxışı
idi..
Telman Adıgözəlov sənətinə
sədaqətli idi. Bu sənətsiz yaşaya bilməyəcəyini
həmişə təkrarlayırdı. “Hərdən fikirləşirəm
ki, necə olur, adamların hamısı aktyor olmur. Bundan
gözəl sənət varmı? Bu ki ömür boyu
axtarışdır. Allah-təalanın bizə verdiyi
ömür vaxtını doldurmaq və mənalı olması
üçün yaradıcılıq olmayan yerdə necə
yaşamaq olar? Sənət zirvəsiz bir şeydir. Bu yolun
özü maraqlıdır” deyirdi aktyor.
Son şans
Bu gün aktyor
yoldaşları sənət dostları haqqında “Telman Adəgözəlov
gözəl insan idi” deyirlər. Xalq artisti Yaşar Nuri sənət
dostunun qəfil ölümündən
sarsıldığını bildirib: “İki gün əvvəl
onunla görüşmüşəm. İnanmıram...
Heç vaxt inanmaram da. Telman Adıgözəlovun heç bir
narahatlığı yox idi. Onun görəsi hələ
çox iş var idi. Telmanın deyilməmiş çox
sözü, çox zarafatı qaldı”. Xalq artisti Rasim Balayev T.
Adıgözəlovu səmimi bir insan kimi dəyərləndirərək
onun ölümünü kino və teatr sənətimiz
üçün böyük itki adlandırıb.
Telman Adıgözəlovun
özünün də İNSAN
haqqında tərifi vardı: “Həyatda bir nəfər
hamı üçün yaxşı ola bilməz. Gözəl
insan öz hisslərini idarə edən, ümumiyyətlə,
pislik eləməyən adamdır. Pisliyi
bağışlamayan, onun cavabını verən, ancaq
yaxşılıq edən adam yaxşı ola bilər. Yaxşılıq
edənin ürəyi böyükdür. Əgər bir adam
heç kəsə pislik etmək haqqında fikirləşmirsə,
mənə elə gəlir ki, o özünü cavan
saxlayır. "Səhər durub kiməsə pislik edim" -
deyə heç vaxt beynimi yormamışam. Həmişə
deyirəm ki, yaxşılıq etməyə vaxt
çatmır, bunlar pislik eləməyə vaxtı hardan
tapırlar? Mənə elə gəlir ki, insanın daxili nə
qədər xıltsız olsa, nə qədər özündə
mənfi hissləri boğub işıqlı hislərə
doğru getsə, o adam cavan qalar, qaməti bükülməz,
gözləri acıqlı olmaz. Əsas ruhdur, bədən
köynək, paltar kimi bir şeydir”.
Yadımdadır, müsahibəmizin
sonunda Telman Adıgözəlovun “cavan aktyorların
şansı” barədə fikirlərinə qayıdaraq “Bəs
sizin şansınız nə qədərdir?”- deyə verdiyim
suala “Bunu Allah bilir...” deyə cavab vermişdi.
Məhərrəmova Təranə
Kaspi. -2010. – 16 aprel. – S.13.