Bilsin ana torpaq, eşitsin Vətən... 

 

İkinci Dünya müharibəsində tək 600 mindən çox həmvətənimizin deyil, mədəniyyətimiz, incəsənətimiz də döyüşüb

 

”Ana vətən çağırır” - Böyük Vətən müharibəsi illərinin bu məşhur şüarına o zaman bütün ölkə tapınmışdı. Hamı Vətənin müdafiəsi, azadlığı üçün çalışırdı. İncəsənət adamları da öz cəbhələrində səfərbər olaraq ön və arxa cəbhəyə kömək edirdilər.  Alman faşizminin  Sovet İttifaqına qəfil basqını hamı kimi onların da qarşısına böyük məsuliyyət qoymuşdu. Belə ki, Böyük Vətən müharibəsinin qəhrəmanlıq pafosu onların yaradıcılığında ön plana keçir.

 

 

Vətənə mahnı gərəkdir

 

Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan bəstəkarları müdafiə mövzusunda 400-dən artıq kütləvi mahnı, marş və xor mahnısı bəstələyirlər. Azərbaycan musiqisi vətənpərvərlik hissi ilə dolu yeni əsərlərlə zənginləşir. Bütün respublikanı əhatə edən yüksək vətənpərvərlik hissi Azərbaycan bəstəkarlarının yaradıcılığında da öz ifadəsini tapır. Vətənə sədaqətlə xidmət, çəbhədə  döyüşçülərin, arxada fəhlə və kolxozçuların misilsiz qəhrəmanlığı faşist Almaniyası ilə müharibə illərində Azərbaycan bəstəkarlarının yaratdığı vokal və instrumental əsərlərin əsas mövzusuna çevrilir.

Beləliklə,  Azərbaycan musiqisi müharibənin ilk günlərindən  xalqı Vətənin müdafiəsinə səfərbərliyə alan qüdrətli vasitəyə çevrilir.

Müharibənin çətin günlərində istər cəbhədə, istərsə də arxada böyük bir vüsətlə səslənən mahnılarımızda xalqımızın şanlı mübarizəsi, düşmənə nifrəti, Vətənə olan böyük məhəbbət hissləri tərənnüm edilirdi.

Qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış operalarda, simfoniyalarda öz əksini tapır. Müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.

 

 

“Vətən” operası

 

Müharibə illərində Azərbaycanın şəhər və rayonlarındakı Dövlət teatrlarının yaradıcılıq həyatının əsasını döyüşçülər, cəbhə bölgələrindəki əsgərlər qarşısında çıxışlar təşkil edirdi. Müharibənin ilk günlərindən  Akademik Dram Teatrı,  Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Rus Dram Teatrının artistlərindən ibarət müştərək briqadalar yaradılır. Onlar çağırış məntəqələrində, hərbi hissələrdə, cəbhə yollarında döyüşçülərə xidmət göstərirdilər. 1 avqust 1941-ci il tarixli "Ədəbiyyat qəzeti" cəbhə briqadalarından bəhs edərək yazmışdı: "Cəbhələrə xidmət kimi əhəmiyyətli bir işdə xalq artistləri Mərziyə Davudova, Ələsgər Ələkbərov, Qurban Primov, əməkdar artistlər B.Şəkinskaya, P.Əfqanlı, O.Kabiçeva və b. fəal iştirak edirdilər".

Bir müddət sonra bu görkəmli artistlərin daxil olduqları bədii cəbhə briqadaları yaradılir. Müharibəni ilk aylarında Azərbaycan teatrlarının aktyorlarına müharibəyə getməmək imkanı verən bron ayrılmırdı. Odur ki, aktyorlardan bir çoxu ön cəbhədə vuruşurdu. Həsənağa Salayev, Atamoğlan Rzayev, Kamil Qubuşov, Hüseynağa Sadıxov, Süleyman Ələsgərov, Yusif Vəliyev, Georgi Sıqankov, Ələddin Abbasov və b. yaralanıb yenidən teatra qayıtmışdılar. Respublikamızın müxtəlif teatrlarında fəaliyyət göstərən bəzi istedadlı gənc aktyorlar döyüş meydanlarında həlak oldular.

Bu illər Azərbaycan teatrının tarixinə humanizm, qəhrəmanlıq və vətənpərvərlik əhval-ruhiyyəsi ilə zəngin və gərgin dövr kimi daxil olub. Müharibə milli teatr sənətimizdə köklü dəyişikliklər etməklə yanaşı, onun inkişafına müəyyən təkan verdi. Akademik Dram Teatrın repertuarında müharibə başladıqdan bir neçə ay sonra faşist işğalçılarına qarşı mübarizədən bəhs edən pyeslər yer tutdu.

1941-42-ci il mövsümünə teatr K.Simonovun dövrün ən vacib, ən ümdə məsələlərinə cavab verən "Bizim şəhərli oğlan" pyesinin tamaşası ilə başladı. Bu, faşist işğalçılarına qarşı xalqın ümumi həyəcanını, nifrətini açıq-aydın göstərən ilk tamaşa idi. Mürəkkəb və məsuliyyətli dövrünü yaşayan teatrın qarşısında repertuarı sahmana salmaq, vətənpərvərlik ruhlu əsərləri səhnəyə qoymaq kimii vacib məsələlər dururdu. Teatr 1941-ci il noyabrın 6-da S.Vurğunun "Fərhad və Şirin" əsərini tamaşaçılara göstərdi.

Qəhrəmanlıq pafosu, vətənpərvərlik istiqaməti ilə seçilən bu əsər sonradan Dövlət mükafatına layiq görüldü. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür.

Müharibə illərində  Opera Teatrının repertuarı - ”Vətən”, ”Xosrov və Şirin” operaları, xalq melosu əsasında yazılmış ”Qız qalası” ilk milli baleti və başqa əsərlərlə zənginləşir.

Dövlət mükafatına layiq görülmüş «Vətən» operası Sovet İttifaqında Böyük Vətən müharibəsi mövzusuna həsr olunan ilk opera kimi musiqi tarixinə düşüb.

 

 

Sən ki son nəfəsdə Vətəni andın...

 

Müharibənin başlaması ilə S.Vurğunun ədəbi yaradıcılığında yeni bir mərhələ başlayır: müharibə illəri. Müharibənin başlandığı gün Səməd Vurğunun yazdığı:

 

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən də bu gündən

 

-misraları şairin xalq və vətən qarşısında andı idi. Bu misralar təkcə şairin deyil, bütün Azərbaycan poeziyasının müharibə dövründəki yaradıcılıq devizinə çevrilir.

Bu dövrdə şairin qələmə aldığı bütün əsərləri vətənpərvərlik, qəhrəmənlıq, mübarizlik ruhunda yazılıb. “Ananın öyüdu”, “Şəfqət bacısı, “Qoca qəhrəmanın dedikləri” və s. bu mövzuda yazılmış şerlərdəndir. Şair müharibədə Azərbaycan xalqının oynadığı boyuk rolu bir daha göstərmək üçün vətən övladlarına şeirlər tərənnüm edir, onların adlarını əbədiləşdiridi. “Azərbaycan balasi”, “İgid şahin”, “”Partizan Babaş”, “ Adsiz qəhrəman”, Mənə belə söylədilər və s. şeirlərində S.Vurğun qəhrəman Azerbaycan döyüşçülərinin obrazlarını yaratmışdı.

Deyilənlərə görə, bir gün cəbhədən gələnlər şairə xəbər gətirirler ki, bir Azərbaycan övladı son nəfəsinde onun “ Azərbaycan” şerinden bir bənd deyərək qürbət ölkədə dünyasını dəyişib. Bu hadisədən çox təsirlənən şair “Mənə belə söylədiler” şerini yazır:

 

Sən ki, son nəfəsdə Vətəni andın,

Çayların axını dayandı bir an.

Sən ki, eşq oduna mərdanə yandın,

Simanı görürəm mən alovlardan.

 

Müharıbənin ağır illərində S.Vurğun təkcə yaradıcılıqla məşğul olmur, həmçinin ictimai fəaliyyet göstərir: cəbhə xətlərine gedib doyüşçülər qarşısında çıxış edir, xalqımızı düşmən uzərində qələbəyə ruhlandırırdı.

S.Vurğun müharibə illərində 60-dan artıq şeir, bir neçə poema, o cümlədən «Bakının dastanı» yazmışdı.  Onun yazdığı «Ukrayna partizanlarına» şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılırdı.

1943-cü ildə Amerikada keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı «Ananın öyüdü» şeiri çox yüksək qiymətləndirilir və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbiçilər arasında yayılir. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Fizuli adına Ziyalılar evi yaranır.

Müharibə illərində İ.Əfəndiyev, Əbülhəsən, Mir Cəlal, M.Hüseyn, Ə.Vəliyev, S.Rəhimov, Ə.Məmmədxanlı, Y.Əzimzadə və digər yazıçıların  yaradıcılığı da əsasən düşmənə nifrət mövzularına köklənir.  Ə.Vəliyevin «Məhək daşı», Əbülhəsənin «Görüş yeri», Mir Cəlalın «Vətən yaraları», Ə.Məmmədxanlının «Ulduz», «Buz heykəl» və s. əsərlərdə vətənə sonsuz məhəbbət, qələbəyə inam, ön cəbhə ilə arxa cəbhənin sıx əlaqəsi məhərətlə təsvir olunub.

 

 

Kinomuzun vuruşları

 

Sənət adamları cəbhələr ölümlə üz-üzə gələrək müharibənin kinoxronikasını yaradirdılar. Milli kinomuz  təkcə cəbhədə deyil,  böyük çətinliklə də olsa, arxada da öz fəaliyyətini davam etdirirdi. Müharibənin ən dəhşətli illərində (1942—1944) Bakı kinostudiyasına xalq şairi Rəsul Rza rəhbərlik edib. Söz yox ki, Bakı kinostudiyasının sənətçilərinin çoxunun cəbhəyə göndərilməsi, studiya avadanlıqlarının da müharibəyə səfərbər edilməsi çox ciddi problemlər yaratmışdı. Buna baxmayaraq, Rəsul Rza studiyanı “hərəkətə” gətirə bilib. O dövrün ən əhəmiyyətli filmlərindən biri – “Bakı döyüşür” sənədli kinolenti oldu. Bu filmdə döyüşən Bakının canlı obrazı yaradılıb. Müharibə ilə bağlı bədii süjetlərdən biri – 1942-ci ildə “1 nömrəli Azərbaycan kino məcmuəsi”ndə əks olunmuşdu. Məcmuənin 2-ci novellası “Bəxtiyar” adlanırdı. 1941-ci ildə çəkilişə başlanan və böyük çətinliklə başa çatdırılan “Vətən oğlu” iki hissəli bədii-sənədli filmi isə Azərbaycanın igid oğlu Kamal Qasımova həsr olunmuşdur.

1942-ci ildə daha bir qısametrajlı film yaradıldı. “Sovqat” adlı bu film müharibənin dəhşətli günlərində arxada qəhrəmanlıq göstərən insanlar haqqında idi. Bu qısametrajlı filmlər o vaxt cəbhəyə göndərilir, əsgərlərdə yüksək əhval-ruhiyyə yaratmaq məqsədilə nümayiş olunurdu.

O dövrdə həm də “Bir ailə”, “Sualtı qayıq T-9" tammetrajlı bədii filmlər üzərində iş gedirdi.

1944-cü ildə yaradılan “Xəzər dənizçiləri” sənədli filmi isə müharibə üçün böyük strateji əhəmiyyətə malik olan Xəzər dənizinin müdafiəsində dayanmış qəhrəman oğullarımızın şücaətindən söhbət açır. Müharibə illərində çəkilmiş sənədli ekran əsərləri bir daha təsdiq edir ki, o dövrdə kino işçilərimiz arxa cəbhədə də əsl qəhrəmanlıq göstərərək çətin, çox ağır şəraitdə xalqın ruhunu qaldıran, onları döyüşə səsləyən qiymətli əsərlər yaratmağa müvəffəq olmuşlar. “Beş dəqiqəlik konsert”, “Mahnılar və şeirlər”, “Azərbaycan kolxozçusu, tank briqadası yaradaq!”, “Biz Bakını müdafiə edirik”, “416-cı”, “Vətənin qüdrətini möhkəmləndirək”, “Zaqafqaziya xalqlarının dostluğu”, “Cəbhə arxasında”, “Vətən uğrunda”, “Qayğı” və s. filmlər bu qəbildəndir.

Bu filmlərdən ən maraqlsı ağır döyüş anlarını canlandıran “416-cı” iki hissəli sənədli ekran əsəridir. Cəbhə xronikası əsasında yaradılan film Azərbaycan əsgərlərinin şücaətinin kino salnaməsinin ən layiqli səhifələrindəndir.

«Azərbaycanfilm»in də Böyük Vətən müharibəsi illərindən bəhs edən filmləri az deyil. «Uzaq sahillərdə», «Sizi dünyalar qədər sevirdim», «Bizim Cəbiş müəllim», «Tütək səsi», «Mən ki, gözəl deyildim» və s. Hər dəfə bu filmlərə baxanda təbliğ olunan ideoloji xətdən asılı olmayaraq, istər-istəməz insanda vətənpərvərlik ruhu oyanır.

 

 

Hardadır vətənpərvərlik?

 

Amma təəssüf ki son dövrlər yazılan mahnılar, əsərlər, çəkilən filmlər vətənpərvərlik hissindən uzaqdir. Amma bu gün buna daha çox ehtiyacımız var. Cüni müharıbə şəraitində yaşayırıq. Torpaqlarımız düşmən işğalındadır.  Yurd-yuvasında didərgin düşən Vətən övladlarımız var. Televiziyalar məhəbbət serialları, mənasız şou verilişlərlə insanların başını qatır.

Qarabağ müharibəsi haqqında bir-iki filmi istisna etməklə, hələ sanballı ekran əsəri çəkilməyib desək, yanılmarıq. Qeyd edək ki, sözü gedən həmin filmlərdə də Azərbaycan ordusunun qələbəsindən bəhs edən bircə süjet də yoxdur. Torpaq uğrunda aparılan bu savaşda xalqımızın neçə-neçə qeyrətli övladı əsl qəhrəmanlıq nümunəsi göstərib. Onların qəhrəmanlığını, vətənə, xalqa, topağa sevgisini əks etdirən və gələcək nəsillərə çatdıran filmlərin çəkilməsinə böyük ehtiyac var. Bu baxımdan müharibə şəraitində yaşayan ölkəmizdə bu gün daha çox sosial-məişət problemlərini əks etdirən filmlərə deyil, vətənpərvərlik ruhunda çəkilən filmlərə ehtiyac var. Həm də təkcə filmlərə deyil, həmçinin mahnılara, tamaşalara, bədii əsərlərə...

 

 

Təranə Məhərəmova

 

Kaspi. -2010. – 1-3 may. – S.12.