Azərbaycanın kifayət qədər hərbi potensialı var 

 

Həmsədrlər Ermənistan rəsmi Bakının səbrinin sonsuz olmayacağını anlamalıdırlar

 

Azərbaycanda ordu quruculuğu prosesi sistemli şəkildə uzun müddətdir aparılır. Bu işin əsası 1994-cü ilin mayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs elan olunandan sonra başlayıb. O vaxt ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində çoxşaxəli islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdı. Orduya çağırış, fərarilik halları ilə bağlı problemlər aradan qaldırıldı. Həmin ildən etibarən davamlı şəkildə Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.

Ölkə rəhbərliyi ötən illər ərzində ordu üçün savadlı, ixtisaslı kadrların hazırlanması işinə də geniş diqqət ayırmağa başladı. Ölkədəki hərbi məktəblərin maddi-texniki bazası gücləndirildi. Hazırda Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi fəaliyyətdədir. 2001-ci ildən etibarən Azərbaycan Ali Hərbi Məktəbi ordunun müasir standartlara uyğun proqram əsasında hazırlanmış zabitlərlə təmin edir.

Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə başladı. 2003-cü ildən etibarən ölkə iqtisadiyyatının inkişafı ordu quruculuğu sahəsində də özünü göstərməyə başladı. Dövlət ildən-ilə hərbi xərcləri artırmaqla bu sahənin əsas prioritetlərindən olduğunu əyani şəkildə nümayiş etdirdi. Bu illər ərzində ordunun döyüş qabiliyyəti artırıldı, maddi-texniki bazası gücləndirildi, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Təsadüfü deyil ki, son 5-6 ildə Azərbaycanın hərbi xərcləri 10 dəfədən çox artıb. Hazırda Azərbaycanın hərbi xərcləri 2 milyard dollara çatıb ki, bu da torpaqlarımızı işğal edən Ermənistanın təxminən ümumi büdcəsinə bərabərdir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına da yol açıb. Ötən illər ərzində orduya ayrılan pulların böyük bir hissəsi yeni texnikaların, təyyarələrin, ən müasir silahların alınmasına yönəldilib. Paralel olaraq Azərbaycanda müdafiə sənayesinin inkişafına da təkan verilib. Ölkə prezidentinin tapşırığı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Azərbaycan hərbi təyinatlı məhsulların istehsalına başlayıb. Son illər ərzində dövlət büdcəsinin vəsaitləri hesabına müdafiə sənayesi kompleksinə daxil olan çoxsaylı zavodlar istifadəyə verilib.

Təbii ki, Azərbaycan bütün bunları öz torpaqlarının işğaldan azad edilməsi üçün edir. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 18 ildir davam edən danışıqlar prosesi heç bir nəticə vermir. Belə olan halda Azərbaycan öz torpaqlarını hərbi yolla da olsa, qaytarmaq məcburiyyətindədir. Bunun üçün isə güclü orduya böyük ehtiyac var. Düzdür, bəzən beynəlxalq qurumlar Azərbaycanın ordu quruculuğu sahəsinə böyük miqdarda vəsait ayırmasından narahatlıqlarını ifadə edirlər. Amma onlar unudurlar ki, Azərbaycan bunu regionda hərbi hegemonluq üçün deyil, öz ərazi bütövlüyünün bərpası üçün edir. Prezident İlham Əliyevin dediyi kimi, nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, bu siyasət davam etdiriləcək. Ölkəmizin gəlirləri artdıqca, hərbi sferaya ayırmaların həcmi də artırılacaq. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda Azərbaycanın mövqelərini gücləndirəcək. 18 ildir davam edən danışıqlar əyani şəkildə göstərdi ki, Ermənistan konkret təzyiq olmadan öz mövqelərindən geri çəkilmək niyyətində deyil. Təəssüf ki, danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri işğalçılıq siyasətindən geri çəkilmək üçün Ermənistana heç bir təzyiq göstərmirlər. Beynəlxalq təşkilatların – BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi haqlı qərarlar isə kağız üzərində qalır. Dünya gücləri bu qərarların icrasına təsir etmək istəmirlər. NATO hər dəfə bu məsələ qaldırılanda münaqişənin həlli ilə bağlı prosesin ATƏT-in Minsk qrupunun səlahiyyətləri çərçivəsində olduğunu deyərək məsuliyyəti boynundan atır. ABŞ işğalçı dövlətə təsir göstərmək əvəzinə, onu iflasdan qurtarmaq üçün Ermənistan-Türkiyə sərhədlərinin açılmasına çalışır, hətta bunun üçün həm Bakıya, həm də Ankaraya təzyiq göstərir. Fransa üzdə birtərəflilik nümayiş etdirsə də, Ermənistana heç bir təzyiq göstərmir. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, Ermənistanı silahlandırmaqda davam edir. Belə olan halda yeganə ümid Azərbaycan Ordusuna qalır. Prezident İlham Əliyevin bu günlərdə Müdafiə Nazirliyindəki müşavirədə dediyi kimi, Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizm yoxdur. Azərbaycanın ərazi bütövlüyü də heç vaxt müzakirə mövzusu olmayacaq. Artıq bu sözlərin arxasında durmaq üçün Azərbaycanın kifayət qədər hərbi potensialı var. Azərbaycan Silahlı Qüvvələri hazırda işğalçı Ermənistanın bütün nöqtələrinə sarsıdıcı zərbələr vurmaq potensialına malikdir. Azərbaycan rəhbərliyi yalnız regionda sülh naminə danışıqların davam etdirilməsinə razılıq verərək sülh prosesinə sadiqlik nümayiş etdirir. Ancaq vasitəçilər və Ermənistan da bunun sonsuz olmayacağını anlamalıdırlar.

 

 

F.Abasoğlu

 

Kaspi. -2010. – 4 may. – S.4.