Biz Qələbəni özümüzünkü özgələrininki hesab etmirik 

 

Faşizm üzərində qələbənin 65 illiyi ilə bağlı MDB dövlət başçıları bəyanat yayıb

 

«İnterfaks»ın yaydığı məlumata görə, Birlik dövlətlərinin xalqlarına və dünya ictimaiyyətinə edilən müraciətdə deyilir: “2010-cu il mayın 9-da Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin xalqları 1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 65-ci ildönümünü qeyd edirlər. Gərginliyinə və amansızlığına görə misli görünməmiş bu müharibədə çoxmillətli sovet xalqı və Sovet İttifaqının Silahlı Qüvvələri öz Vətənlərinin azadlığını və müstəqilliyini qoruyub-saxlayıb, dünyanın bir sıra ölkələrini faşizm əsarətindən xilas ediblər”. MDB İcraiyyə Komitəsinin rəsmi saytında yerləşdirilən müraciətdə o da deyilir ki, xalqlarımız ön və arxa cəbhələrdə fədakarlıq və kütləvi qəhrəmanlıq, vətənpərvərlik və beynəlmiləlçilik, misilsiz dözüm nümayiş etdiriblər. Bunlarsız qalib gəlmək mümkün olmazdı.

MDB dövlət başçıları Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş insanların xatirəsini ehtiramla yad etməyə, döyüşçülərin məzarlarının, memorial komplekslərin, abidələrin və heykəllərin, həmçinin partizanların, o vaxt gizli fəaliyyət göstərən könüllülərin, faşist düşərgələrində olmuş məhbusların məzarlarının qorunmasına və lazımi vəziyyətdə saxlanılmasına daim qayğı göstərməyə, Böyük Vətən müharibəsi illərində faşist işğalçılarının qətlə yetirdiyi döyüşçülərin və mülki vətəndaşların məzarlarının axtarışı ilə bağlı işləri fəallaşdırmağa çağırırlar: “Biz Qələbəni özümüzünkü və özgələrininki hesab etmirik, nasizmə müqavimət göstərənlərin mərdliyinə həmişə hörmətimizi bildiririk. Antihitler koalisiyası üzrə müttəfiqlərimizin Qələbəyə töhfəsini, onların bizə köməyini xatırlayırıq. Lakin ən geniş miqyaslı və nəticə etibarilə əsas hadisələr sovet - alman cəbhəsində baş verib. Müharibə illərində bizim ölkələr on milyonlarla vətəndaşını itirib. Döyüş meydanlarında həlak olanlar arasında bütün millətlərin nümayəndələri vardı”.

Yeri gəlmişkən, Moskvaya təşrif buyuracaq dünya liderlərinin sayı artmaqda davam edir. Artıq Çin Xalq Respublikasının sədri Xu Tsinztao da təsdiq edib ki, Moskvada keçiriləcək tədbirlərə qatılacaq. Az əvvəl isə Almaniya kansleri Angela Merkel, Çexiya prezidenti Vaslav Klaus, Fransa prezidenti Nikola Sarkrozi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Bolqarıstan prezidenti Georgi Pırvanov, Tacikistan prezidenti İmomali Rahmon, Serbiya prezidenti Boris Tadiç, Azərbaycan prezidenti İlham Əliyev, İtaliyanın baş naziri Silvio Berlsukoni və digərləri tədbirə qatılacaqlarını bəyan ediblər. 

Ağ evin rəhbəri Barak Obamanın isə hansı səbəbdən tədbirə qatılmadığı bəlli deyil.

 

 

Azər Nuriyev

 

Kaspi. -2010. – 5 may. – S.5.