“Yaxşı at çapmasam da, yaxşı futbol oynamışam...” 

 

Nuşirəvan Məhərrəmli: “Azərbaycanda ilk repetitor müəllimlərdən biri olmuşam”

 

Lent.az-ın “Persona” rubrikasının qonağı Milli Televiziya və Radio Şurasının sədri, tarix elmləri namizədi Nuşirəvan Məhərrəmlidir. (Müsahibəni ixtisarla təqdim edirik-red.)

- İnsan 50 yaşda özünü necə hiss edir?

- 50 yaş insan həyatında xüsusi, keçmişə nəzər salmağa fürsət verən bir dövrdür. İnsanlar uşaqlıq, gənclik dövrü yaşayırlar. İnsan nə qədər ki, uşaqlıq, gənclik dövründədir, həyatın mənasını kifayət qədər anlamır, həyatdakı məsuliyyətini çox az başa düşür. Ancaq 50 yaşına çatanda insanın çiyinlərinə həddən artıq məsuliyyət hissi gəlib düşür. “Həyatda nə etmək lazımdır?”, “nə edə bilib?”, “nə etmək istəyir?” suallarına cavab vermək üçün bir fürsət yaranır.

- Vəzifə 50 yaşlı insanın həyatında hansı rolu oynayır?

- Ümumiyyətlə, insan həyatda hər hansı bir mərhələyə, müəyyən bir vəzifəyə gəlib çatırsa, deməli, onun müəyyən üstünlükləri var. Bunu məntiqi baxımdan deyirəm, təbii ki, başqa faktlar da olur. İnsana vəzifə məsuliyyəti verilibsə, onun məsuliyyət hissi daha ağır olur. İnsan az-çox tanınırsa, ictimai fiqura çevrilirsə, dövlət məsuliyyətini müəyyən bir sahədə öz üzərinə götürürsə, təbii ki, onun yükləri daha ağır olur. Amma çox təəssüf ki, məmur anlayışı insanlarda həqiqi anlamını tapmır. Əslində, məmur çox böyük anlayışdır. O, dövlətin bütün yükünü öz çiynində çəkən bir təbəqədir. Çox təəssüf ki, indi məmur adı gələn kimi o saat fikirləşirlər ki, büdcədən maliyyələşən, əziyyət çəkməyən, başqaları hesabına yaşayan bir fərddir. Amma çox təəssüf ki, həmin insanlar başa düşmürlər ki, həmin vəzifədə kimsə olmalıdır.

- Müşahidələrinizə və duyumunuza görə cəmiyyətdə sizə baxış necədir?

- Bunu başqalarından soruşsaydınız, daha yaxşı olardı. İnsanlar fərqlidirlər. Mən hesab edirəm ki, 50 yaşımda mən həyatda alnı açıq, üzü ağam. Allahımdan arzu edirəm ki, bu fürsəti həmişə mənə versin ki, alnıaçıq gəzim, heç kəsin qabağında gözükölgəli olmayım.

- Bakı Dövlət Universitetinin tarix fakültəsinə sənəd verməyinizi, tarixçi olmağınızı nə şərtləndirib? Valideynlərinizin, yoxsa özünüzün istəyiniz olub?

- 8-ci sinifdə oxuyarkən tarix fənninə daha çox üstünlük verməyə başladıq. Məqsədim hüquq fakültəsinə daxil olmaq idi. Amma o zaman hüquq fakültəsinə daxil olmaq üçün müəyyən qaydalar vardı. Bu qaydalardan biri o idi ki, hüquq fakültəsinə daxil olanların valideynləri yüksək vəzifədə çalışa bilməzdilər, onlar daha çox fəhlə-kəndli ailəsinə mənsub olmalı idilər. Atam həmin dövrdə kolxozda baş mühasib işləyirdi. Sənədlərimi hüquq fakültəsinə qəbul etmədilər. Məcbur olub, sənədlərimi tarix fakültəsinə verdim. Amma təəssüflənmirəm. Çünki tarix fakültəsində əldə etdiklərimlə öyünə bilərəm. Bakı Dövlət Universitetində oxudum, sonra Moskva Dövlət Universitetinin tarix fakültəsinə köçürüldük. Orda da əlavə 2 il oxudum və sonra da aspiranturaya qəbul oldum, elmlər namizədi dərəcəsini aldım. Bu illər ərzində əldə etdiklərimə görə təəssüflənmirəm, əksinə, öyünürəm.

- Suallarımızın istiqamətini bir az dəyişək. Hansı mühitdə böyümüsünüz?

- Kənd mühitində böyümüşəm. Atam İmişlinin Muradxanlı kəndinin kolxozunda müxtəlif vəzifələrdə, hesabdar, böyük hesabdar, baş mühasib, baş aqronom, aqronom, təftiş komissiyasının sədri vəzifələrində çalışıb. Universitetə sənəd verdiyim vaxt baş mühasib idi. Mən sırf kənd həyatı yaşamışam. Həm də mənim həyatım digər insanların həyatından fərqlənməyən bir həyat olub. Kənddə başqa uşaqlar kimi pambıq tarlalarında çalışmışıq, ot yığımında fəal surətdə iştirak etmişik. Hamı necə, biz də elə, ciddi fərqlənməmişik.

- Belə demək mümkünsə, tərəkəmə həyatını yaşamısınız.

- Bəli. Bizim nəsil tərəkəmə nəslindəndir. Məndən böyük qardaşım bu işlərlə məşğul olub. Amma sırf o həyat tərzi ilə bağlı məndə heç bir şey yoxdur. Mən kəndin özündə qalırdım. Bəzən bizim kolxoz yaylağa gedirdi, mən isə çox az halda yaylağa getmişəm.

- Deməli, at çapmağa, gəzməyə meyliniz olmayıb?

- Gəzməyə meylim var. Öyünə bilmərəm ki, yaxşı at çapıram, amma kənd həyatında futbol, voleybol oynamışıq. İdman yarışlarında fəal olmuşam. Mən özüm yaxşı futbolçu olmuşam. Ona görə də futbol oynamayan insanların həddən artıq futbol azarkeşi olmaları məndə təəccüb doğurur. Futbol oynamaya-oynamaya futbolçunun özündən də daha çox azarkeşlik edirlər.

- Azərbaycan, yoxsa xarici ölkələrin komandalarına azarkeşlik edirsiniz?

- Hansı ölkənin komandası olmaq fərq etməz, sadəcə, çox yaxşı oyun nümayiş etdirsin. Təəssüf ki, hazırda Azərbaycanda futbol o qədər yaxşı inkişaf etməyib. Baxmayaraq ki, bu sahə son zamanlar güclənib, bu sahəyə diqqət də artıb. Dünya futbolunda əvvəllər İngiltərə komandaları yaxşı oyun nümayiş etdirirdilər, amma son dövrlərdə İspaniya komandaları daha önə keçiblər. Təbii ki, kim daha yaxşı futbol nümayiş etdirirlərsə, ona baxırıq. Bu gün ən yaxşı oyun nümayiş etdirən komanda “Barselona”dır.

- O da “İnter” maneəsinə ilişib...

- Ola bilsin. Amma hələlik “Barselona”dır. Əvvəllər “Mançester Yunayted”, “Çelsi” yaxşı oyun nümayiş etdirirdi. Bəzən “Liverpul”, “Real” özünü göstərirdi. Amma hazırda öndə olan “Barselona”dır.

- Maraqlıdır, yaxşı futbol oynadığınız halda niyə futbolçu olmağa cəhd göstərməmisiniz?

- O zaman bizim kənd həyatında elə bir mühit də yox idi. Mənim kimi fikir söyləyənlər yüzlərlə, minlərlədir. Futbol uşaqlıq həyatının ən maraqlı əyləncəsi idi. Kənd həyatı şəhər həyatından fərqlənir, insanların boş vaxtlarını doldurmaq imkanları məhdud idi. Biz daha çox futbol oynayırdıq.

- Yeri gəlmişkən, aspiranturanı Moskvada oxuyub, elmlər namizədi dərəcəsi almısınız. Böyük bir imperiyanın paytaxtı, elm, təhsil mərkəzi olan Moskvadan niyə geri döndünüz? Axı namizədlik müdafiə edən, müəyyən uğur qazanan insanlar adətən belə böyük mərkəzlərdə qalmağa, yaşamağa çalışırlar?

- Moskvada heç bir problem yox idi, əksinə, mənim üçün çox gözəl şərait yaranmışdı. Ev, iş problemi də yox idi. Elmi rəhbərim həm Moskva Dövlət Universitetinin həm dekanı, həm də Tarix İnstitutunda çalışırdı. Sadəcə, biz elə dövrə düşdük ki... 1985-ci ildə yenidənqurma prosesi başlayırdı. Yenidənqurmanın müsbət tərəfləri ilə yanaşı, eyni zamanda milli zəmində çox tərəfləri də oldu. Millətlərin bir-birinə münasibəti tamamilə dəyişmişdi. Moskva mühitində yaşamağa normal insanlar, ziyalılar tab gətirə bilmirdilər. Avtobusda birisi əlini uzadıb “siz nəyə görə burada yaşayırsınız?” deyəndə bu, insana çox təsir edirdi. Artıq 1990-cı illərdə bu, pik nöqtəsinə gəlib çatmışdı. Həmin dövrdə də düşünürdük ki, niyə insanlarımız ali təhsil alıb orada da qalmalıdır, niyə vətənə qayıtmalı deyillər?! Ümumiyyətlə, mən vətənə bağlıyam, milli məsələlərdə təəssübkeşliyim daha çoxdur.

 - Bakı Dövlət Universitetində müəllim kimi çalışdığınız dövr də qarışıq bir dövr olub. O dövrü necə başa vurdunuz?

- Moskvadan yenicə gəlmiş insan, gənc ailə... Bakı Dövlət Universitetində əməkhaqqı çox aşağı idi. Yaqub Mahmudovun rəhbərlik etdiyi kafedrada işləyirdik, dərs deyirdik, həm də “Altay xalqları” jurnalında çalışırdıq. Eyni zamanda, mən o zaman Azərbaycanda ilk repetitor müəllimlərdən biri olmuşam, şagirdləri ali məktəbə hazırlayırdıq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının eksperti qismində çalışmışam, Müxtəlif yollarla müqəddəs müəllim adını qorumaq, bu vəzifənin öhdəsindən gəlmək üçün belə çabalayırdıq. Hesab edirdim ki, əsl müəllim o çətin dövrdə müəllim adını qoruyub saxlamalıdır. Yoxsa normal dövrdə yüksək maaş alan müəllimlərin əksəriyyəti üçün bu adı saxlamaq elə problem olmazdı. Ən çətin dövrdə müqəddəs müəllim adını qorumaq hər adama müyəssər olmaz. Mən çox şərəflə deyirəm ki, mən buna nail ola bildim.

- Bir çox tarix müəllimlərinin içərisində məhz sizin Prezident Aparatına getməyinizi nə şərtləndirib?

- Təbii ki, insanlar həmişə bir yerdə durmurlar. Bu və ya digər yollarla işlərini dəyişirlər. 1996-cı ildə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məni dəvət etdi. Əli Həsənovla Moskvada bir yerdə aspiranturada oxumuşuq. Əli Həsənovdan aldığım dəvəti qəbul etdim və Prezident Aparatında işləməyə başladım.

- Deməli, Əli Həsənovla dost olmusunuz?

- Həm Bakıda, həm Moskvada eyni fakültədə, eyni qrupda oxumuşuq. Hətta ixtisasımız da eyni idi. Moskva Dövlət Universitetində SSRİ tarixi kafedrasında bir yerdə aspiranturanı oxumuşuq.

- Müəllim kimi çalışdığınız dövrdə ailə həyatınızda hansı çətinliklər oldu?

- Yuxarıda da qeyd etdiyim kimi, Moskvadan 1992-ci ilin əvvəlində gəldim. Bakı Dövlət Universitetinin Tarix fakültəsində müəllim kimi işə düzəldim. O zaman Əhmədlidə “Gənc mütəxəssislər evi” deyilən bir yataqxana vardı, o yataqxanada 1 otaqla təmin olundum. Ailə həyatımız belə başladı, çox çətin bir dövr idi. Ailənin bütün yükü mənim çiynimə düşürdü. Həm də əvvəllər Bakıda yaşamamış, Moskvada yaşamış və ailə üçün zəruri olan bazanı yaratmamış bir insan üçün çətin idi. 1992-ci ildən 1996-cı ilə kimi bu proses davam etdi. O dövrdə hadisələrin canlı şahidləri olduq və o çətinlikləri birgə çəkdik. Burada hər hansı şücaət göstərməyə ehtiyac da yoxdur. Bütün insanlar kimi biz də o dövrü keçirdik.

- Həmin dövrdə çətinliklər həyat yoldaşınızı narazı salmadı ki?

- Həyat yoldaşım kiminlə həyat qurduğunu gözəl anlayırdı. Xırda çətinliklər hər bir ailədə olur. Hər bir insan istər ki, daha yaxşı yaşasın, daha yaxşı təmin olunsun. Bu, normal bir istəkdir.

- Prezident Aparatına gəldiniz, hazırda mühüm bir quruma rəhbərlik edirsiniz. Vəzifələr insanların dostlarının sayını, səmimiyyətini artırır, yoxsa azaldır?

- Tək vəzifənin deyil, həyatın özünün də qanunauyğunluqları, qəribəlikləri də var. Əgər vəzifədə normal insan çalışırsa, vəzifəsindən asılı olmayaraq onun dostları yenə həmin dostlar olaraq qalır. Təbii ki, vəzifədə olan insanın yeni, başqa insanlarla münasibətləri artır, əlaqələri daha da genişlənir. Bu fakt var. Amma dost anlayışı adi bir anlayış deyil. Dost ya bir olar, ya iki. Dostları insan tələbəlik illərində qazanır, əsgərlik dövründə, orta məktəb illərində də qazana bilər. Dostu hərə bir cür anlayır, amma bir daha deyirəm ki, dost ya bir olar, ya iki.

- Nuşirəvan müəllimin övladları onun arzu və istəklərini nə dərəcədə doğruldub?

- Mənim 3 övladım, 2 qızım, bir oğlum var. Böyük qızım artıq institutda ikinci kursda oxuyur, ailəlidir. Digər qızım 10-cu sinfidədir. Oğlum isə kiçikdir, ikinci sinfə gedir. Təbii ki, onlar mənim istədiklərimi gələcəkdə göstərəcəklər. Amma indiyə qədərki dövrdə mən onlardan razıyam. Hesab edirəm ki, məktəbdə elmə, biliyə maraqları, savadları, həyata baxışları ilə normal bir vətəndaş kimi formalaşırlar.

 

 

Ramiz Mikayıloğlu 

 

Kaspi. -2010. – 5 may. – S.9.