Bitki xammalımızdan hələ də düzgün istifadə edə bilmirik 

 

Dərman, boyaq bitkilərinin istehsalatda tətbiqi ləngiyir

 

Qida maddələrində təbii elementlərin kimya sənayesinin hesabına daha ucuz başa gələn sünilərlə əvəzlənməsi bu gün müalicəsi mümkün olmayan xəstəliklərin yaranmasında xüsusi rol oynayır. Belə ki, təbii qida maddələrinin müxtəlif kimyəvi tərkiblərlə emalı nəticəsində onların müxtəlif hissələrində olan faydalı maddələr itib-batır, orqanizm həmin vitaminləri rəngarəng ekstraktlar, konservlər, tozlar və emal olunmuş başqa tərkiblərdən ala bilmir.

Biologiya elmləri doktoru, professor Mais Qasımov ölkənin iqlim-torpaq şəraitinin müxtəlifliyi sayəsində floramızın tərkibində yeyinti məhsullarında əlavə qatqı kimi xüsusi rol oynayan ədviyyat bitkilərinə geniş təsadüf olunduğunu deyir. Ətirli ədviyyat bitkilərindən tərxun, əvəlik, mərzə, dağnanəsi, dazayağı, çaşır, sabahgülü, cırhovuç, sarıkök, cirə, dağkeşnişi, acı bolu, tikanlı kəvər, əncinar, mələkotu, uşqun, baldırğan, ardıc, sumaq, pərpərən, qatran xəşənbül, səda, xiyar otu, nar, gülümbahar, sarıçiçək və s. göstərmək olar. Əlavə edildiyi məhsulların dad və keyfiyyətini yaxşılaşdıran bu ədviyyatlar onların tərkibini insan orqanizmi üçün vacib sayılan bioloji fəal maddələrlə zənginləşdirir, uzun müddət xarab olmadan saxlanılmasına kömək edir.

 

Diqqətsiz qalan opunsiya

 

Tərkibi bioloji aktiv maddələrlə zəngin digər bitki kaktus fəsiləsinin nümayəndəsi olan opunsiya növləridir ki, onlardan da Azərbaycanda yaşıllaşdırmadan başqa, xalq təsərrüfatının heç bir sahəsində istifadə edilmir. Amma öz vətənində - Kanadadan Halapaqos adasına qədər ərazilərdə onun meyvələrindən ilin bir neçə ayı qida kimi istifadə edilir, 100 tonlarla meyvə məhsulundan bazara göndərilməklə qazanc əldə edilir. M.Qasımov deyir ki, opunsiya əkilən hər hektar sahədən 4-5 ilində 55-70 tona qədər meyvə məhsulu toplamaq olur ki, bundan da tərkibi antosianlarla zəngin olan 20-25 tondan artıq təbii boyaq konsentratı alınır: ”Opunsiyanın növləri öz meyvələrinin xarici görünüşləri, müxtəlif rəng və çalarlara malik olması, dad və şirin tamlarına görə bağ-bağçalarımızda mədəni halda əkib becərilən alma, gavalı meyvələri ilə rəqabət apara bilər. Tədqiqatlarımızla dünyada ilk dəfə olaraq opunsiya meyvələrindən yüksək keyfiyyətli, təbii qırmızı rəngli boyaq maddəsi almışıq. O, insan orqanizmi üçün bir sıra sağalmaz xəstəliklər törədən "amarant" süni boyağını müvəfəqiyyətlə əvəz edib, yeyinti-sənayesi müəssisələrində tətbiq edilə bilər". Opunsiya meyvələrindən boyaq maddələrinin alınması sadə və ucuz başa gəlməklə iqtisadi cəhətdən çox sərfəlidir. Sabahgülü bitkisinin də sort və formalarının, çiçəklərinin tərkibi insan sağlamlığı üçün çox qiymətli karotinoid və flavonoid maddələri ilə zəngindir. 40 il ərzində sabahgülü bitkisini 20-dən artıq sort və formalarının respublikanın müxtəlif rayonlarında əkib becərdiklərini söyləyən M.Qasımov hər hektar sahədən 7800 kq-dan 8600 kq-a qədər quru çiçək xammalı tədarük etməyə nail olduqlarını deyir: "Sonra sabahgülünün çiçəklərindən 1 kq-a qədər narıncı-qırmızıya çalan karotinoid tərkibli boyaq maddəsi alıb Bakının karamel, biskvit fabriklərində qənnadı və karamel məmulatlarının, marqarin zavodunda marqarin və kərə yağlarının boyanmasında, Xırdalanda spirtsiz içkilər zavodunda limonad, sirop, likör içkilərində, dondurma məmulatlarında sınaqdan keçirib maraqlı nəticələr əldə etdik". Belə ki, tədqiqatlar karotinoidlə boyanmış qənnadı, biskvit, çörək-bulka, pendir və kərə məhsullarının zövq oxşayan əla keyfiyyətli sarı rəngdə boyanması ilə yanaşı, onların həm də bu yolla uzun müddət xarab olmadan saxlanılmasının mümkünlüyünü üzə çıxarıb: ”Karotinoid, flavonoid və antosian birləşmələri ilə zəngin olan yeni boyaq maddəsi ilə aşxana və restoranlarda hazırlanan müxtəlif xörəkləri, piti və plov növlərini parlaq sarı rəngdən tutmuş zəfərani rəngə qədər boyamaq olar. Karotinoid birləşmələri ilə zəngin olan pastadan kolbasa istehsalında, tibb sahəsində dərman preparatlarının hazırlanmasında, ətriyyat, kosmetika, şampunların istehsalı, eləcə də sabunbişirmə sənayesində də istifadə etmək mümkündür. Amma hazırda qida məhsullarında zəhərli boyaq maddələrindən istifadə olunur”. Dünyanın əksər ölkələrində 1 kq karotinoid maddəsi almaq üçün 15 ton kök, 18 ton pomidor və 20 ton balqabaq lazım gəlir. Bu məhsullar isə insan qidasını təşkil etdiyi üçün iqtisadi cəhətdən əlverişli deyil: "Halbuki ilk dəfə bizim öyrənib elmə gətirdiyimiz qeyri - ərzaq bitkisi olan sabahgülünün 500 kq quru çiçəyindən 1 kq-dan artıq karotinoid və 10 kq-larla flavonoid maddələri almaq mümkündür. Biz ekoloji cəhətdən təmiz olan boyaq maddələri ilə nəinki respublikanın yeyinti müəssisələrini təmin edər, həmçinin onları xarici ölkələrə ixrac edib milyon dollarlarla ölkəmizə gəlir də gətirə bilərik".

 

Üzvi turşuların "fabrik"i - yabanı bitkilər

 

M.Qasımovun sözlərinə görə, insan gün ərzində 300-350 qram tərəvəz qəbul etməlidir: ”Ölkədən  746 növ yabanı-yeməli tərəvəz bitkisi yayılıb və ümumi floranın 17 faizini təşkil edir. İldə 100 tonlarla təbiətin bizə verdiyi yaşıl tərəvəz xammalından toplayıb müxtəlif qida məhsulları, məsələn un, yarma, konserv məhsulları, tərkibi ekoiloji cəhətdən təmiz şirələr hazırlayıb öz əhalimizi təmin etməklə yanaşı, onları xaricə ixrac edib çoxlu qazanc əldə etmək olar. Yabanı - yeməli tərəvəz bitkiləri isə bir çox vitaminlərin, əsasən də mineral maddələr, üzvi turşuların "fabrik"idir, desək, səhv etmərik. Onlarda olan vitaminlər -S, P, karotin, V qrupu, E, K, U, eləcə də antosianlar, qlükozidlər, flavonoidlər və s. maddələr mübadiləsini tənzimləyir, orqanizmi hərtərəfli yaxşılaşdırır. Dəridəki xoşagəlməz iylərin qarşısını alır, xarici mühitin zərərli təsirinə qarşı orqanizmin müqavimətini artırır". Yabanı yeməli ot bitkilərinin tərkibindəki pektin və sellüloza bağırsaq əzələlərinin yığılıb-açılmasını və boşalmasını da asanlaşdırır ki, nəticədə mədəaltı vəzinin işi yüngülləşir, bağırsaq, xərçəng, vitamin çatışmazlığı, diabet, qanazlığı, stress və s. xəstəliklərin yaranma təhlükəsi azalır: ”Qidanın tərkibində kifayət qədər sellüloza olması sidikdə kalsiumun miqdarını azaldır. Bu isə sidik ifrazı orqanlarında daş əmələ gəlməsinin qarşısını alır. Pektin maddəsinin olması orqanizmdə toplanan tullantıların-şlakların tənzimlənməsini təmin edir. Yabanı tərəvəzin tərkibindəki mineral maddələr turşu-qələvi tarazlığının saxlanılmasında böyük rol oynayır. Yabanı tərəvəz bədəndəki artıq mayeni orqanizmdən çıxaran və su - duz mübadiləsini normallaşdıran kalium elementi ilə zəngindir ki, bu element də ürək əzələsinin işini yaxşılaşdırır”. Yabanı yeməli ot bitkiləri asan mənimsənilən mikroelementlərin (dəmir, mis, manqan, kobalt, xrom və s.) də mənbəyidir. Xarici alimlərin tədqiqatları bu bitkilərinin şirəsindən, yaşıl kütləsindən mütəmadi istifadə edən insanlarda mədə xərçəngi 50 faiz azaldığını da göstərir. M.Qasımov deyir ki, floramızın tərkibində - çaşır, ciriş, qulançar (mərəsöyüd), kəcəvər, ayısoğanı, gicitkən, yemlik, keçisaqqalı, cincilim, qırxbuğum, əvəlik, qaraçörəkotu, baldırğan, yolotu, mələkotu, poruq, qatran, acı bolu, quşəppəyi, pərpərən, amarant (pencər), sirkən yeralması, qıjı, şüvərən, şaxduran, yonca, turşəng, iyli tərə, zəncirotu, mayasarmaşığı və s. kimi 500 növdən artıq yabanı yeməli tərəvəz bitkiləri yayılıb: ”Ən çox meşəliklərimizdə bitən mayasarmaşığı da böyük ehtiyata malik əvəzsiz xammaldır. Ondan pivə, çörək, bulka sənayesində geniş istifadə etmək mümkündür. Respublika ərazisində 4500-ə qədər sforlu və ali bitkilər də yayılıb. Onların içərisində dərman əhəmiyyətli, boyaq təbiətli, aşı xüsusiyyətli, efir yağlı, bəzək üçün yararlı, lif verən, nektar bitkiləri kimi zəngin fitosinozlar yayılıb. Amma təbiətin bizə bağışladığı bu bitki xammalından düzgün istifadə edə bilmirik”. Belə ki, bu sahədə geniş elmi-tədqiqatlar aparılsa da, onun istehsalatda tətbiqi hələ də ləngiyir: “Elmi ixtiralara fikir verilmir, alimlərə diqqət-qayğı göstərilmir. Bu işlərər biganə yanaşılır”.

 

Hər il 100 min dollarlarla itirilən qazanc

 

Azərbaycanda 1800 növdən artıq müalicəvi əhəmiyyətli dərman bitkisi də yayılıb və ümumi floramızın 40 faizini təşkil edir: ”Floramızda yayılan dərman bitkilərinin bir çoxunun ehtiyatı böyük olduğundan Azərbaycanın dərman bitkilərinə olan ehtiyacını ödəməklə yanaşı, onların bir çoxunu başqa ölkələrə ixrac edib külli miqdarda valyuta əldə edə bilərik. İtburnu, yemişan, kəklikotu, adaçayı, qırxbuğum, qatıqquyruğu, boymadərən, bədrənc, gicitkən, gülxətmi, palıd, söyüd, nar, əvəlik, andız, qaraqınıq, yarpız, dağ nanəsi və s. kimi ehtiyatı bol olan bitkilərindən hələ də dərman preparatları kimi istifadə edə bilmirik”. Bu gün xaricə yalnız şirin biyan ixrac olunur ki, bununla da əsasən xüsusi adamlar məşğuldur: ”Əgər Azərbaycan alimlərinin şirin biyanın kökündən faydalı maddələrin alınması üçün hazırladıqları yeni texnoloji üsul əsasında şirin biyan xammalı ilə işləyən zavod tikilib başa çatdırılsaydı, dövlət hər il 100 min dollarlarla gəlir əldə edərdi”.

 

Bitkilər xalçaçılığın şan-şöhrətini də “soldurub”

 

Boyaq bitkilərinə gəlincə, qədim zamanlardan XX əsrin əvvəllərinə qədər Azərbaycanda onlardan xalçaçılıq sahəsində geniş istifadə olunub. Xüsusi xalq boyama üsulları nəticəsində solmaz və davamlı olan qırmızı, narıncı, sarı, qəhvəyi, şabalıdı, qara və s. rənglər alınıb. Bu rənglər xalça məmulatı sıradan çıxana qədər öz təravətini saxladığından Azərbaycanda istehsal olunan xalçalar əntiq sayılaraq yüksək qiymətə satılıb. Amma XX əsrin ortalarında süni boyaların kəşfi ilə əlaqədar olaraq təbii boyalar sıradan çıxıb. Belə ki, təbii boyalarla boyanma bir az vaxt tələb edir, çox enerji sərf olunur. Amma süni boyalarla 100 qram boyadan 40 kq-a qədər yun ipi boyamaq olur. Halbuki tədqiqatlar süni boyalarla boyanmış iplərin yuyulmağa, atmosferin fiziki-kimyəvi təsirinə qarşı davamsız olduğunu göstərir: ”Sabunla, xüsusi kimyəvi maddələrlə yuyulduqda, eyni zamanda, günəş qarşısına qoyulduqda bu rənglər solur və xalça öz keyfiyyətini itirir. Bu baxımdan, xalçalar həm daxili, həm dünya bazarında öz şan-şöhrətini get-gedə itirir. Bunu nəzərə alaraq, biz Azərbaycanda yayılan boyaq bitkilərini öyrənməyi öz qarşımıza məqsəd qoyduq. Apardığımız elmi-tədqiqat işləri nəticəsində topladığımız herbari materiallarını analiz edərək 3 dəfə öyrənib aşkar etdik ki, floramızın tərkibində 1500-ə qədər təbii boyaq bitkisi var. Boyaq bitkiləri ümumi floranın 33 faizini təşkil edir. Bu bitkilərin 500-nü yun ip, pambıq və ipəkdə sınaqdan keçirdik. 100-ə yaxınını da istehsalatda tətbiq etdik və təklif etdik ki, xalçalarımız bizim ixtira etdiyimiz təbii boyalarla boyanmış iplərdən istifadə edilməklə boyansın”. Amma təşəbbüskarı olmadığından bu iş geniş vüsət almadı. Ümumiyyətlə, tədqiqatlar süni boyaların ömrü qısaltdığını, xərçəng, serroz, əsəb-sinir sistemi xəstəliklərini əmələ gətidiyini göstərir. Daha çox uşaqlara təsir edən bu boyalar onların boy və zehni cəhətdən inkişafının qarşısını alır, embrionlarda uşağın inkişafına təsir göstərir. Hətta uşaq oyuncaqları müxtəlif zəhərli maddələrələ boyanır ki, bu da onların zehni cəhətdən kəm olması ilə nəticələnir. Süni boyalarla boyanmış maddələr Azərbaycan xalqının genofonduna mənfi təsir edir: ”Gələcəkdə sağlam insanların böyüməsinin qarşısını alır, uşaq süni boyalarla hazırlanmış xalçalarda yatanda allergiya verir, onunla nəfəs alanda astmatik xəstəlikləri ortaya çıxır. Ona görə də tərəfimizdən yeyinti sənayesində istifadə olunan 50-60-a qədər boyaq maddəsi tədqiq edilib. Hazırda xınanın əvəzedici olan boyaq da aşkarlamışıq. Lakin Azərbaycanda kosmetik müəssisələr olmadığından onları sınaqdan keçirmək çətinlik törədir. Tərəfimizdən ilk dəfə olaraq anfuza bitkisinin kök hissəsindən ekoloji cəhətdən təmiz, təbii boyaq maddəsi almaq üçün dünyada analoqu olmayan yeni texnoligiya işlənib, hazırlanıb”. Alınan bu qırmızı  boyaq maddəsindən yeyinti, kosmetika və tibb sahəsində istifadə etmək olar. Yenilik kimi qəbul edilən bu ixtiraya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi (SMPDA) tərəfindən  İ20060067 saylı patent verilib. SMPDA tərəfindən İ200749 saylı patent isə ilk dəfə olaraq murdarça cinslərinin növlərindən yeni texnologiya hazırlanmasına görə verilib. Yenilik kimi qəbul edilən Antraxinon tərkibli bu boyaq maddəsindən  isə xalçaçılıq, ipəkçilik və kosmetika sahəsində istifadə etmək mümkündür.

Amma bu gün bitkilərə göstərilən laqeyd münasibət nəticəsində onları toplayan qeyri-peşəkarların səriştəsizliyi üzündən ortaya yeni problem də çıxmaqdadır. Belə ki, hazırda boyaqotu, dazıotu, qaraqınıq, narbənd ağacının kökü kəsilmək üzrədir: ”Bütün dövlətlərdə xammal tədarükü görülən zaman bitkini yalnız mədəni hala keçirmək lazımdır. Çünki bütün bitkilərin ehtiyatı azalır. Məsələn, bizdə həm aşı, həm də boyaq bitkisi olan çermek var. Onun ehtiyatı çoxdur. Amma o, burada yetişməsə, onu əkmək lazımdır.  Ölkədə 836 növdən artıq aşı təbiətli bitkiyə təsadüf olunur. Aşı maddələrindən sənayenin müxtəlif sahələrində, o cümlədən gön-dəri və boyaq sənayesində geniş istifadə edilir. Bundan başqa, tibbdə bu maddələrdən bir çox çətin sağalan xəstəliklərin müalicəsində istifadə edilən yeni dərman preparatları hazırlanır. Floramızın tərkibində rast gəlinən əvəlik, yulğun, palıd, sarağan, qoz, nar, dəvəayağı, pambıq və s.-də aşı xassəli bitkilərin böyük ehtiyatı var. Bu aşı bitkiləri xammallarının əsasında kiçik zavodlar inşa edib istifadəyə versək, dövlətimizə milyon dollarlarla gəlir gələ bilər. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı çərçivəsində rayonlarda boyaq istehsalı, emalı, bitki tədarükü ilə məşğul olan sexlərin fəaliyyəti məqsədəuyğundur”.

 

 

Həqiqət  Qismətqızı

 

Kaspi. -2010. – 5 may. – S.13.