«Mənbə var bundan istifadə olunmalıdır» 

 

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli büdcədəki profsitin sosial problemlərin həllinə yönəldilməsini arzulayır

 

Son vaxtlar dünya bazarındakı konyuktura Azərbaycanın xeyrinə dəyişməkdədir. Neftin 1 barelinin qiyməti yavaş-yavaş 90 dollara yaxınlaşır. Hətta, yay aylarında qiymətin 100 dolları keçəcəyi ilə bağlı proqnozlar səsləndirilir. Təbii ki, bütün bunlar dövlət büdcəsində neftin 1 barelinin qiymətini 45 dollardan götürən Azərbaycanın gəlirlərini artırır. Bu isə büdcədə böyük miqdarda profsitin yaranacağı anlamına gəlir. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli ilə söhbətimizi əsasən bu mövzu üzərində qurduq:

- Sizcə indiki şəraitdə 2010-cu ilin büdcəsinə yenidən baxılmalıdırmı?

- Neftin qiyməti büdcədə nəzərdə tutulandan təxminən 2 dəfə bahadır. Hesablamalara görə, il ərzində neftin orta qiyməti 78-80 dollar arasında olacaq. Ortalama qiyməti bundan daha yüksək olması da mümkündür. 2011-ci ildə isə qiymətlər indikindən baha olacaq. Neftin qiymətinin artması büdcədə əlavə vəsaitin toplanmasına kömək edir. Hesablamalara görə, dünya bazarında neftin qiymətinin 1 dollar artması Azərbaycanın büdcəsinə illik təxminən 30-40 milyon dollar əlavə vəsaitin daxil olmasına gətirib çıxarır. İndiki şəraitdə neftin qiymətinin büdcədə nəzərdə tutulandan təxminən 2 dəfə çox olması büdcədə 1 milyard manatdan çox profsitin toplanmasına səbəb olacaq. Belə bir şəraitdə təbii ki, büdcəyə yenidən baxmaq zərurəti yaranır. Amma bizdə büdcəyə yenidən baxılmanın öz proseduru var. Qanunvericiliyə görə, büdcəyə yenidən baxılmasına Maliyyə Nazirliyi təşəbbüs göstərməlidir. Sonra Maliyyə Nazirliyi Nazirlər Kabinetinə müraciət etməlidir. Təkliflər Prezident Administrasiyasında baxıldıqdan sonra Milli Məclisə göndərilməlidir. Yəni bu, uzun bir prosedurdur. Amma neftin qiymətinin mövcud qiymətləri büdcəyə yenidən baxılmasını zəruri edir.

- Büdcədə yaranmış profsit hansı istiqamətlərə yönəlməlidir?

- Bilirsiniz ki, 2010-cu ilin büdcəsi təsdiqlənərkən ötən illərdə görünməyən həddə böyük miqdarda kəsir nəzərdə tutulub. Ola bilsin ki, büdcədə yaranmış profsit bu kəsirin azaldılmasına yönələ bilər. Ola bilər ki, hökumət buna getməsin. Dövlət büdcəsinin kəsiri əvvəlki kimi saxlanılsın, yaranmış profsit sosial məqsədlərə yönəldilsin. Təbii ki, bununla bağlı müzakirələrin aparılmasına ehtiyac var. Məlumdur ki, həm 2008-ci ilin, həm 2009-cu ilin dövlət büdcəsində büdcə təşkilatlarında çalışanların, yəni müəllimlərin, həkimlərin, elm, mədəniyyət, incəsənət işçilərinin  maaşlarının artırılması nəzərdə tutulurdu. Amma dünyada qlobal böhran başlanandan Azərbaycanın gəlirləri azaldı. Nəticədə hökumət bu planını reallaşdıra bilmədi. 2010-cu ilin dövlət büdcəsində büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması nəzərdə tutulmur. Təbii ki, 3 il dalbadal büdcədən maliyyələşən təşkilatlarda maaşların artırılmamağı yaxşı hal deyil. Nəzərə alsaq ki, bu təşkilatlarda çalışanların böyük bir hissəsinin maaşları təxminən 200 manatdır, onda vəziyyətin ağırlığı daha da aydınlaşar. Belə bir şəraitdə hökumət həmin şəxslərin həyat şəraitinin yaxşılaşdırılması üçün büdcədə yaranmış profsiti sosial məqsədlər üçün istifadə etməlidir. Yəni büdcədəki əlavə vəsait hesabına müəllimlərin, həkimlərin, elm, mədəniyyət, incəsənət sahəsində çalışanların əmək haqları artmalıdır. Digər tərəfdən, artıq neçə ildir pensiyalarda da artım qeydə alınmır. Bunu nəzərə alaraq büdcədəki profsitdən bu məqsədlə istifadə oluna bilər. Məncə bu istiqamətdə addımların atılması vacibdir. Mənbə var bundan istifadə olunmalıdır.

- Amma razılaşın ki, dünya bazarında neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərinin artması ilə yanaşı, mənfi tendensiyalar da gətirir.

- Bəli, əslində neftin qiymətinin müəyyən həddə qədər qalxması Azərbaycan üçün müsbət amildir. Qiymətlərin müəyyən həddən yuxarı qalxması isə mənfi təzadlar doğurur. Hesablamalara görə, iqtisadiyyatın indiki dövründə Azərbaycan üçün neftin ədalətli qiyməti 70-80 dollardır. Neftin bir barelinin qiymətinin 80 dollardan bir qədər yuxarı olması da ciddi fəsadlar doğurmaz. Hazırda dünyada ayrı-ayrı ölkələrin iqtisadiyyatının neftin qiymətinə reaksiyası ilə bağlı təhlillər hazırlanır. Həmin təhlillərə əsasən, neftin bir barelinin qiyməti 200 dollara da qalxsa, Çin iqtisadiyyatı buna tab gətirəcək. Amma digər ölkələrin iqtisadiyyatı bunu qaldırmaq iqtidarında deyil. Təsəvvür edin ki, 2008-ci ilin yayında neftin bir barelinin qiyməti 147 dollara çatdı, dünya iqtisadiyyatında ciddi katakalizmlər müşahidə olundu. Qlobal iqtisadi böhran başladı. Neftin qiymətinin 90 dollardan yuxarı qalxması dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərə bilər. Bunun səbəbi çox sadədir. Sirr deyil ki, Azərbaycanın əsas ixrac etdiyi məhsul neftdir. Son hesablamalara görə, Azərbaycanın xaricə çıxardığı məhsulların 92 faizi neft neft məhsullarıdır. Biz nefti satıb onun puluna ölkəyə texnologiyalar gətiririk. Neftin qiyməti baha olanda xaricdən aldığımız texnologiyaların da qiyməti bahalaşır. Çünki neftin qiymətinin baha olması xarici ölkələrdə hazır məhsulların bahalaşmasına gətirib çıxarır.

- Ən əsas problem odur ki, neftin qiyməti qalxdıqca, inflyasiya da artır. Sizcə, bu il Azərbaycanda inflyasiya neçə faiz olacaq?

- İnflyasiyaya bazardakı proseslərdən asılıdır. 2008-ci ildə bizdə inflyasiya səviyyəsi 21 faizə çatmışdır. 2009-cu ildə bu göstərici cəmi 1,5 faiz oldu. Amma bu il üçün inflyasiya bir az artacaq. Amma yenə ikirəqəmli olmayacaq. Fikrimcə, Azərbaycanda illik inflyasiya 5-6 faiz ətrafında dəyişəcək.

 

 

İlham Quliyev

 

Kaspi. -2010. – 8-11 may. – S.4.