Şuşanın ardınca Dağlıq Qarabağ tamamilə işğal olundu 

 

İlhami Fətəliyev: «Ermənilər hesab edirdilər ki, Şuşa onların əlində qalmayacaq, ona görə də şəhəri yerlə-yeksan edib yandırmışdılar»

 

On səkkiz il bundan öncə Ermənistan silahlı qüvvələri Azərbaycanın dilbər güşəsi olan Şuşanı işğal etdilər. Nəticədə 1992-ci il mayın 8-də Azərbaycanın musiqi, mədəniyyət ocağı olan Şuşa şəhəri dünyanın bəzi aparıcı dövlətlərinin məzlum xalq kimi tanıdıqları, əslində nəinki xalqımıza, bütün insanlığa qarşı terror siyasəti həyata keçirən məkrli ermənilər tərəfindən işğal olundu.

 Təsdiq olunan məlumatlara görə, düşmən ordusunun Şuşaya hücum planı 1992-ci il martın 21-nə planlaşdırılsa da, Xankəndindəki ermənilərin təhlükəsizliyi təmin olunmadığından əməliyyat təxirə salınır: ya aprelin 24-ü - ermənilərin qondarma soyqırımı günü, ya da uzağı 9 may - faşizm üzərində qələbə günü ermənilərin quldur dəstələri genişmiqyaslı hücuma keçməli idilər. İşğal nəticəsində 289 kvadrat kilometr ərazi təcavüzə məruz qaldı, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı, tibb məktəktəbləri, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, avtobaza, Şuşa sanitoriyası, 2 kinoteatr, 3 muzey, turist bazası, Şərq Musiqi Alətləri Fabriki və s. mədəni və inzibati binalar dağıdılıb. 100 nəfərdən çox insan qətlə yetirilib, 121 nəfər itkin düşüb. Onlardan 43 nəfəri ermənilər tərəfindən əsir götürülüb, işğal olunmuş Dağlıq Qarabağda və Ermənistanda saxlanılır... Beləliklə, 18 ildir ki, Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşasızıq. O dövrdə baş verənlərin canlı şahidi, Şuşanı sonuncu tərk edənlərin sırasında olan İlhami Fətəliyevin sözlərinə görə, 18 ilin həsrəti şuşalıları doğma şəhərləri üçün yamanca darıxdırıb. Qeyd edək ki, 1949-cu ildə Şuşada doğulan İlhami müəllim indiki Azərbaycan Texniki Universitetinin tikinti fakültəsini bitirib. Şəhər işğal olunan günə qədər Şuşa Tarixi Memarlıq Abidələri İdarəsinin rəisi olub.

-İlhami müəllim, necə oldu ki, ermənilər alınmaz qala hesab edilən Şuşanın asanlıqla, özü də bir günün içində işğal etdilər?

- Ermənilərin Şuşaya yiyələnmək planı çoxdan var idi. Mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirirlər. Şəhərin alınması ilə bağlı çox güclü hazırlıq işləri görən ermənilər bunun üçün bütün güclərini səfərbər etmişdilər. Şuşaya «Svadba v qorax» adlı hücum planı hazırlanır. Həmin plana görə, Ermənistan Silahlı Qüvvələri ən peşəkar zabitlərin rəhbərliyi altında mayın 8-də Şuşa üzərinə 11 minlik qoşunla hücuma keçdilər. Özü də bu işdə onlara rus qoşunları çox böyük kömək göstərdilər. O zaman Xankəndində olan rus polkunun da bu işdə böyük rolu oldu. Belə ki, hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib. Bizə qarşı istifadə olunan bütün zirehli texnika həmin polkun idi. Şəhəri atəşə tutan zirehli texnika da oradan gətirilmişdi. Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunmuşdu. Mayın 7-dən etibarən şəhər kütləvi şəkildə artilleriya zərbələrinə tutulur. Bu, mayın 8-si səhər saat 6-ya kimi davam etdi. Mayın 8-də isə səhərə erkən hücum başladı. Düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum etdi. Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tadevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib. Hücum Xankəndi və bir də topxana meşəsi ətrafındakı erməni kəndlərindən başladı. Həmin ərazidən biz güclü atəşə məruz qaldıq. Əsasən BMP-lərdən, «Qrad» qurğularından Şuşa güclü atəşə tutuldu. Şəhərin bir neçə yerində güclü yanğınlar başladı. Lakin camaatın köməkliyi ilə həmin yanğınlar söndürüldü. Mən özüm də həmin yanğınların söndürülməsində iştirak etmişəm. Yanğının o biri evlərə keçməməsi üçün əlimizdən gələni etdik. Ermənilər hücuma keçəndə biz müdafiə olunmaq üçün nə silah var idi götürdük.

-Bəs şəhər hərbiçilərimiz tərəfindən müdafiə olunmurdu?

-Amma etiraf edim ki, biz tərəfdə başıpozuqluq var idi. Tam bir yerdən idarə olunmurduq. Baxmayaraq ki, o dövrdə Şuşada müəyyən qədər hərbçi var idi. Müdafiə Nazirliyinin və ayrı-ayrı strukturları, eləcə də, Xalq Cəbhəsinin, Etibar Məmmədovun batalyonları var idi. Eləcə də orada Daxili İşlər Nazirliyinin müəyyən hissələri də var idi. Lakin onlar adi polis işçiləri idi. Yəni hazırlıq görməmişdilər. Bunları bir-biri ilə uzlaşdıran, komanda altında yığan elə bir rəhbərlik də yox idi. Ermənilərin hücumu zamanı bizim tərəfdə bir az pərənlik başlamışdı. Amma Şuşa müdafiə olunurdu. Lakin sonradan şəhər güclü atəşə məruz qaldı. Şəhərdə yanğınlar başladı. Axşam saat 8 radələrində bizə xəbər verildi ki, Şuşaya kömək gəlir. Bizim aviasiya vertolyotlarla ermənilərə qarşı hücuma keçəcək. Lakin bu baş vermədi. Düzdür, bir az bombardman oldu və atılan raketlərin bir qismi bizim ərazimizə düşdü. Axşam saat 8 radələrində isə Ağdamdan qalxan helikopterimiz səhvən mövqelərimizi bombardman etdi. Onu da qeyd edim ki, Şuşa şəhərində 23 min əhalidən cəmi 8 mini qalmışdı.

-Şuşanı necə tərk etdiniz?

-  Düşmən qarşısında müqavimət göstərmək getdikcə çətinləşirdi. Sonradan belə bir söhbət oldu ki, əhali yavaş-yavaş Şuşanı tərk etsin. Artıq ermənilər müəyyən yerlərdən bizim müdafiəni yarıb Şuşaya girməyə başlamışdılar. Saat 9 radələrində Şuşanı tərk eləyəndə erməni müəyyən yerlərdən şəhərə daxil olmağa müvəffəq olmuşdu. Qüvvələr nisbəti çox böyük fərqlə onların xeyrinə idi və belə bir şəraitdə Şuşa işğal olundu.

- İlham müəllim, şəhərin xəyanət nəticəsində işğal olunduğu fikrini qəbul edirsinizmi?

- Mən Şuşanı sonuncu tərk edənlərdən biri olmuşam. Mən deməzdim ki, Şuşa tam şəkildə xəyanətin qurbanı olub. Xəyanət deyəndə Şuşa açıq-saçıq alver predmeti olmayıb. Sadəcə demək istərdim ki, əgər bir işi bacarmırsansa, onu gərək boynuna götürməyəsən. Xəyanət bax bu idi. Müdafiə işləri naşı adamların əlində olduğu üçün Şuşa əldən getdi. O vaxtlar dövlət tərəfindən də müdafiə taktikası seçilmədi. Həmin dövrdə heç bir yüksək rütbəli hərbçi orada tapılmadı. Onlar Şuşaya gəlməli, xalqı bir yerə toplamalı, bütün respublikanı ora cəlb etməli idilər. Bilinməli idi ki, bu şəhər elə-belə şəhər deyil. Məhz Şuşanın ardınca Dağlıq Qarabağ tamamilə işğal olundu. Sonrakı işğallar da elə məhz Şuşadan sonra başladı. Laçın, Kəlbəcər əldən getdi. Yeri gəlmişkən qeyd edim ki, Şuşanın işğalından sonra ermənilərdə bir ruh yüksəkliyi yarandı. Bizim əhalidə isə əksinə, ruh düşkünlüyü başladı. Ona görə də Şuşa gərək yaxşı müdafiə olunaydı. Bunu da kim etməli idi? Əlbəttə ki, dövlət. Hərbi hazırlığı olmayan əhali düşmən qarşısında nə edə bilərdi?

- 2007-ci ildə ziyalılardan ibarət heyətin tərkibində Dağlıq Qarabağa səfər etdiniz. İşğal altında olan doğma Şuşaya səfər etmək sizdə hansı təəssüratları oyatdı?

   -Məndə ümid vardı ki, nə vaxtsa Şuşaya gedəsi olsam, azad olunmuş Şuşaya gedərəm. Heç vaxt Şuşaya bu cür səfər etməyi fikirləşməmişdim... Şuşanı əvvəlki dövrlə müqayisədə çox fərqli gördüm. Ermənilər şəhəri işğal edəndən sonra tarixi memarlıq abidələrinin hamısını vəhşicəsinə dağıdıblar. Onlar hesab edirdilər ki, Şuşa onların əlində qalmayacaq və buna görə də şəhəri yerlə-yeksan edib yandırmışdılar. Şuşaya girəndə hiss etdim ki, hardasa bir xarabaya gəlmişik. Natəvanın evi, mədəniyyət evi, dəlləkxana, karvansara təmiz yanıb. Saatlı məscidi yanıb, Molla Pənah Vaqifin mədrəsəsi məhz bu məsciddə olub, mehmanxana isə ölü vəziyyətdə idi. Gəldik Torpaq meydana. Bülbülün ev muzeyinə döndük. Muzey dağıdılmış halda idi. Qapı yox, pəncərə yox. İçəridə Bülbülün gipsdən büstünü qoymuşduq, ona o qədər güllə vurublar ki, burnu qırılıb, dəlik-deşik olub, eybəcər hala salınıb. Muzeyə baxanda proqram çərçivəsindən çıxıb Hacı Qulunun malikanəsinə tərəf döndüm. 60-70 metr yoldur. Gördüm ki, Hacı Qulu nə gəzir, hamısı yanıb. Şəhərin işğalı zamanı və sonrakı illərdə erməni tərəfi Şuşada Azərbaycanı xatırladan hər hansı bir iz qoymamaq üçün məqsədyönlü şəkildə qədim tarixi və mədəni abidələri məhv edib.

-Şuşaya səfər etmək təklifini necə qarşıladınız?

-Çox gözəl. İndi də mənə desələr Şuşaya getmək lazımdır, böyük məmnuniyyətlə gedərəm. Çünki ora mənim doğma vətənimdir, yurdumdur. Gözlərimlə görmək istəyirəm ki, orada vəziyyət necədir. Hesab edirəm ki, Azərbaycan xalqı toparlanıb müharibə yolu ilə o torpaqları almalıdır. Şuşanın bu gün düşmən əlində olması ən böyük utanc yerimdir. 

 

 

Azər Nuriyev

 

Kaspi. -2010. – 8-11 may. – S.5.